Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1480/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(060)-158/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddianın təmin edilməsi, X1 övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında əri X3 məxsus olmuşdur. İddiaçı, X5 ilə 1984-cü ilin mayında nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Hazırki evi nikah dövründə, 1988-ci ildə əldə etmiş, mənzilin əsas kirayəçisi əri olmuşdur. Sonradan həmin evi özəlləşdirmiş, əri mülkiyyətçi olmuşdur. Həmin mənzildə ailə üzvləri olaraq Əsədov Ələkbər və Cavabdeh ilə birlikdə yaşamışlar. Cavabdeh iddiaçının ögey qızıdır, yəni ərinin başqa nikahdan olan övladıdır. Amma onlar bir ailə kimi həmişə mehriban yaşamış, iddiaçı cavabdehi qızı kimi böyütmüşdür. İddiaçı cavabdehin atası ilə ailə qurduğu vaxt cavabdeh 2 aylıq körpə olmuşdur. Əri öldükdən sonra vərəsəlik qaydasında ünvan 2 ünvanında yerləşən mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Çünki həmin dövrdə Rusiyada vətəndaşlıq almaq üçün iddiaçı, əri ilə formal olaraq boşanmışdır. Lakin boşanmaya baxmayaraq ailə kimi öldüyü günədək birlikdə yaşamışlar. Həmin vaxt mənzilin vərəsəlik qaydasında cavabdehin adına qeydə alınmasında iddiaçı ona kömək etmişdir. Son vaxtlar aralarında olan münasibət pisləşmiş, cavabdeh iddiaçını mənzilə buraxmır. Həmin mənzildə iddiaçı keçmiş mülkiyyətçinin ailə üzvü kimi 1988-ci ildən bugünə kimi yaşamaqla həmin mənzildə yaşamaq hüququ əldə etmişdir, eyni zamanda iddiaçının bütün əmlakları da hazırda həmin mənzildədir. Hazırda cavabdeh mənzilə mülkiyyət hüququ əldə etməsindən istifadə edərək iddiaçını mənzilə buraxmır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bu zaman maddi normaların tələblərinə düzgün əməl etməmişdir, onun bu mənzil yeganə yaşayış yeri olduğu halda, həm AR Mənzil Məcəlləsinin, həm də AR Konstitusiyasının mənzil hüquq normasını pozaraq, onu yeganə yaşayış yerindən məhrum etmişdir ki, bu halda bu qətnamə qanuni hesab edilə bilməz. Onun mübahisəli mənzildən istifadə hüququ da mülkiyyət hüququnun bir hissəsidir və onun bu mənzilə dair sahiblik və istifadə hüquqları vardır və mülkiyyətçi olmasa da, mülkiyyətçi hüquqlarına malikdir. Məhkəmə isə qətnamə qəbul edərkən bu maddi normanın da tələblərini nəzərə almamışdır. İşə baxıb qətnamə qəbul edərkən məhkəmə prosesual normanın tələblərini pozmuşdur. Belə ki, işin hallarını, tərəflərin hansı hüquqi münasibətdə olmalarını və tətbiq edilməli olan maddi normaları düzgün müəyyən etməmişdir və işin araşdırılan və müəyyən olunan halları üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, onun bu mənzildə alınan gündən yaşayaraq istifadə hüququ qazanmağını, onun razılığıyla bu mənzilin özəlləşdirilməsini, cavabdehlə 30 ildir ailə münasibətlərində olarq ana-bala kimi bu mənzildə yaşamağını müəyyən etdiyi halda, bu barədə səhv nəticəyə gəlmiş və belə hesab etmişdir ki, o bu mənzildə yaşamır və bu mənzilə heç bir ehtiyacı yoxdur. Bu isə prosessual cəhətdən kobud səhvdir və iddianın rədd edilməsi isə maddi hüquq normalarının tələblərinə zidd olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçinin cavabdehlə hər hansı bir etibarlı ailə əlaqələri mövcud olmaması, iddiaçının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyətinin olmaması, iddiaçının mübahisəli mənzildən istifadə etmə ilə əlaqədar hüquqlarının aradan qalxması, mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən iddiaçının istifadə etməsinin hüquqi cəhətdən əsassız olması ilə əsaslandırmış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, bu nəticəni mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddiaçı Cavabdeh mərhum atası Ələkbər Əsədovla 1988-ci ildən nikaha daxil olması, mübahisəli mənzilin xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhər XDS İcrayyə Komitəsi tərəfindən 301/353 saylı order əsasında mərhum Ələkbər Əsədova verilməsi və iddiaçının həmin mənzildə köçüb yaşaması, eləcə də mənzilin xx.xx.2010-cu il tarixdə İddiaçı razılığı əsasında mərhum Ələkbər Əsədovun adına özəlləşdirilməsi, X6 Əsədova arasında olan rəsmi nikahın xx.xx.2014-cü il tarixdə pozulması və Ələkbər Əsədovun xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Şaxtı şəhərində ölməsi, bundan sonra mənzilin vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilməsi işin mübahisəsiz halıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi). "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2001-ci ilin sentyabrın 1dən sonra yarandığından, hazırki mübahisə Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi). Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci bəndinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğular vermiş, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 18 avqust 2022-ci il tarixli **********30 № sorğuya cavabda bildirilmişdir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanda yerləşən 1 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 301/353 nömrəli order, Sumqayıt şəhər 13 saylı MİS tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 600 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X2 adına qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli, **********4 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 2V-206 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasənda sözügedən mənzil Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində istifadə hüququ yarandığından və onun bu hüququ itirilmədiyindən, eləcə də iddiaçının 2021-ci ilədək həmin mənzildə yaşamasını cavabdehin etiraf etməsi, həmin mənzilin mülkiyyətçisinin dəyişilməsi iddiaçının mübahisəli mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin mənzildə istifadə hüququ yarandığından, iddia tələbi təmin edilməli, iddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzilə köçürülməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 5 ünvanında yerləşən 1 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1480/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1480/2022
31.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver