Məhkəmə qərarları › İş №2(105)-1483/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1483/2023

28.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1483/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələb, iddiadan imtina) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 (sonuncu məhkəmə iclasına gəlməmişlər) iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1102/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. 015 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək olmaqla üç il müddətinə bağlanmışdır.

2. 071 nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, həmin müqavilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müəyyən edilmişdir.

3. 071 nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli Sazişə əsasən, həmin sazişlə müqavilənin 4.4-cü bəndi yeni redaksiyada verilmiş, müqaviləyə 4.28-4.30-cu bəndlər əlavə edilmişdir.

4. 131 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, həmin müqavilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir.

5. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumata əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır.

6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, Cavabdeh ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 008 nömrəli əmr ilə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.

7. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumata əsasən, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

8. xx.xx.2022-ci il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildiriş elektron informasiya sistemində qeydiyyata alınmışdır.

9. xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X6 müraciət edərək onu xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən (peşədən) azad edilməsi və onunla bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsini xahiş etmişdir.

10. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2022-ci il tarixli, 146 nömrəli əmrinə əsasən, həmin əmrlə Cavabdeh tutduğu ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsindən azad edilmiş və onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən və Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hisəsində nəzərdə tutulmuş qaydaya riayət edilməklə xx.xx.2022-ci il tarixindən işçinin yazılı ərizəsi və öz təşəbbüsü ilə ləğv edilmişdir.

11. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumata əsasən, Cavabdeh ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

12. CRT/22/0314 saylı sertifikatdan görünür ki, Cavabdeh X8 və Təlim Şirkəti (LifeLong Center LLC) tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə keçirilmiş “Working at Height Level 2” təlimində iştirakı ilə əlaqədar sertifikat verilmişdir. İşdə olan X8 və Təlim Şirkəti (LifeLong Center LLC) ilə "xxxx" Şirkəti arasında tərəflər arasında qiymətlərin razılaşdırma protokolua əsasən, 12 nəfərə görə iki günlük təlimin dəyəri bir nəfərə 150 manat olmaqla, 1800 manat məbləğində müəyyən edilmişdir.

13. 03.08.2022-ci il tarixli **********26 nömrəli ödəmə qəbzinə əsasən, "xxxx" AR tərəfindən 1800 AZN məbləğində pul KVET LifeLong Center LLC-nin hesabına köçürülmüşdür.

14. 1619/22 saylı təlim sertifikatından görünür ki, Cavabdeh İNTRON PLUS şirkəti tərəfindən keçirilən “Polad trosun Maqnit Cərəyanının yayılmasının Müayinəsi” və WİNTROS proqram təminatından istifadə etməklə məlumatların təhlili kurslarında yanvar 2022-ci il tarixdə iştirakı ilə əlaqədar sertifikat verilmişdir. Həmin təlimin keçirilməsi üçün "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən bir nəfərə 1125 avro olmaqla İNTRON PLUS şikətinə 4500 avro ödəniş edilmişdir.

15. 052570012032018330 nömrəli sertifikatdan görünür ki, Cavabdeh X1 tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə keçirilən BOSİET təlimində iştirakı ilə əlaqədar sertifikat verilmişdir. Həmin təlimin keçirilməsi üçün "xxxx" MMC tərəfindən X1 Şirkətinə 1530 manat ödəniş edilmişdir.

16. SNT-UT-004 nömrəli NDT sertifikatdan görünür ki, Cavabdeh C&D Access şirkəti tərəfindən təşkil olunmuş xx.xx.2021-xx.xx.2021-ci il tarixli təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X2 İ) verilmişdir.

17. SNT-ET-003 nömrəli NDT sertifikatdan görünür ki, Cavabdeh C&D Access şirkəti tərəfindən təşkil olunmuş xx.xx.2021-xx.xx.2021-ci il tarixli təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X5 Level İ) verilmişdir.

18. SNT-ET-012 nömrəli NDT sertifikatdan görünür ki, Cavabdeh C&D Access şirkəti tərəfindən təşkil olunmuş xx.xx.2022-xx.xx.2022-ci il tarixli təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X5 Level İİ) verilmişdir.

19. NDT təlimlərə dair "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qiymət cədvəlindən görünür ki, Cavabdeh Ultrasonic (UT) dərəcə 1 kursunda iştirakına görə 128.57GBP/265.75 AZN, Eddu Current dərəcə 1 kursuna görə 192.86 GBP/398.64 AZN, Eddu Current dərəcə 2 kursuna görə 146.94 GBP/303.72 AZN ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı “ORCA OFFSHORE FZC" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 ABŞ dolları, 326.43 İngiltərə funt sterlinqi, 1125 avro, 150 manat məbləğində pul vəsaitinin, 50 manat məbləğində mediasiya prosesinə çəkilmiş xərcin və 12 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Şirkətinin AR-dakı Filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı Şirkətinin ARdakı Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə İddiaçı Şirkətinin AR-dakı Filialına müraciət edərək onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsini xahiş etmişdir. İddiaçı Şirkətinin AR-dakı Filialının xx.xx.2022-ci il tarixli, 146 nömrəli əmri ilə Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən ləğv edilmişdir. İddiaçı Şirkətinin AR-dakı Filialı Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 4.29-cu bəndinə əsaslanaraq Cavabdeh təhsili və peşəkar inkişafı üçün çəkdiyi xərcləri ondan tələb etmişdir. Cavabdeh həmin çəkilmiş xərcləri ödəməkdən imtina etmişdir. İddiaçı Şirkətinin AR-dakı Filialı tərəfindən Cavabdeh təhsili və peşəkar inkişafı üçün çəkdiyi xərclər aşağıdakı kimidir: 1. xx.xx.2020 - BOSİET - 900 USD (1530 AZN); 2. xx.xx.2021 - C&D: NDT Ultrasonic level 1 – 128.57 GBP (265.75 AZN); 3. xx.xx.2021 - C&D: NDT Eddy Current level 1 - 192.86 GBP (398.64 AZN); 4. 01.2022 - İNTRON: “X4” & “Data Analysis”- 1125 EUR (2,053.91 AZN); 5. xx.xx.2022 - KVET: “Working at Height level 2”– 150 AZN; 6. xx.xx.2022 - C&D: NDT Eddy Current level 2 – 146.94 GBP (303.72 AZN). Ümumilikdə yuxarıda qeyd edilən xərclər 4702.02 manat təşkil edir. Son haqq-hesab üzrə Cavabdeh ödənilməli olan 293.38 manat (141.94 GBP) məbləğində pul vəsaiti onun təhsili üçün çəkilmiş xərclərdən çıxılmış və hazırda Cavabdeh İddiaçı Şirkətinin AR-dakı Filialına ödəməli olduğu məbləğ 4,408.64 manat təşkil edir. Həmin məbləğ Cavabdeh tələb edilsə də, lakin o, bunu ödəməkdən imtina etmişdir. Halbuki tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.29-cu bəndinə əsasən əgər bu müqavilə işçi təşəbbüsü ilə ləğv olunarsa, işçi onun təhsili və peşəkar inkişafı üçün sərf olunmuş maddi vəsaitləri işəgötürənə tam həcmdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Yuxarıda sadalanan halların aradan qaldırılması məqsədi ilə cavabdehə müraciətlər edilmiş, o cümlədən mediasiya prosesinə dəvət edilmiş, lakin cavabdeh bu prosesdə iştirak etməmişdir. Buna görə də iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

22. Cavabdeh nümayəndəsi və Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 900 ABŞ dolları, 326,43 İngiltərə funt sterlinqi, 1125 avro, 150 manat məbləğində pul vəsaitinin, 50 manat məbləğində mediasiya prosesinə çəkilmi xərcin və 12 manat dövlət rüsumunun tutularaq şirkətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini qəbul etmir, ərizəyə etiraz edərək hesab edir ki, tələb əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, ilk növbədə qeyd etmək istəyir ki, iddia ərizəsi iddiaçı qismində İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən imzalanaraq elektron qaydada məhkəməyə təqdim edilmişdir. Lakin iddia ərizəsinə nəzər yetirdikdə görünür ki, başqa bir hüquqi şəxs olan "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş əmək müqaviləsinə də istinad edilərək həmin dövrə aid cavabdehin təlim və peşəkar inkişafı üçün çəkilmiş xərclər tələb edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" MMC ayrı-ayrı hüquqi şəxslər olduğundan iddiaçının başqa hüquqi şəxsin adından hər hansı tələb irəli sürməyə hüquqi ixtiyarı yoxdur. Bundan başqa iddia ərizəsində göstərilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh ağırlıqqaldırıcı avadanlıq üzrə inspektor vəzifəsinə işə qəbul edilmişdir. Halbuki tərəflər arasında bağlanmış sözügedən müqavilədən də görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən işçi ağırlıq qaldırıcı avadanlıq üzrə inspektor peşəsinə əsas iş yeri olmaqla işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi tərəflər arasında xx.xx.2022-ci il tarixində imzalanmaqla möhürlə təsdiq edilmişdir. Ona görə də iddiaçının iddia ərizəsində tərəflər arasında əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlanması ilə bağlı istinadları əsassızdır və qeyridəqiqdir. Qeyd etmək istəyir ki, Cavabdeh əvvəlki illərdə bağladığı əmək müqaviləsinə görə müqavilədə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, yəni şirkət tərəfindən onun təlim və peşəkar inkişafı üçün çəkilmiş xərclərin əvəzi olaraq işlədiyi müəssisəyə öz töhfəsini vermişdir. İddiaçının əvvəlki illərə aid və artıq xitam verilmiş əmək müqavilələrinə istinad etməklə pul tələb etməsi həm yuxarıda qeyd etdiyi xüsusatlara görə, həm də əmək qanunvericiliyinin tələblərinə görə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5- ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yuxarıda sadaladığı dəlillərdən başqa iddiaçı Məcəllənin qeyd edilən tələbinə də riayət etmədiyindən müddəti də ötürmüşdür. Belə ki, Cavabdeh sonuncu iş yeri olan İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialındakı işindən xx.xx.2022-ci il tarixdə çıxaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin ilin fevral ayından etibarən noyabr ayınadək işlədiyi müddət ərzində onun təlim və inkişafı üçün çəkilmiş xərclərin əvəzini öz gördüyü işi ilə kifayət qədər ödəmişdir. Bunan başqa qeyd etmək istəyir ki, Mülki Məcəllənin 53.3-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun struktur bölmələrinin rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin verdiyi etibarnamə ilə şərtləndirir. Hazırki işin materiallarından isə qanunvericiliyin həmin tələbinə əməl olunub olunmadığını müəyyən etmək mümkün deyildir. Hesab edir ki, göstərilən xüsusatlara görə iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi tamamilə əsassız və qanunsuzdur. Odur ki, göstərilənlərə əsasən, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı əmək müqaviləsi üzrə öhdəliyin icrası tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1102/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 326,43 (üç yüz iyirmi altı funt sterlinq qırx üç penni) İngiltərə funt sterlinqi və 1125 (bir min yüz iyirmi beş) avro (və ya hər ikisi ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla), 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, 43,40 (qırx üç manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva)

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, müqavilənin qüvvəsi xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 4.21-ci maddəsinə əsasən işəgötürən işçinin təhsil və peşəkar inkişafı üçün maddi vəsaitlərin ödənilməsini həyata keçirə bilər. Həmin müqavilənin 4.22-ci maddəsinə əsasən əgər Müqavilə işçinin təşəbbüsü ilə ləğv olunarsa, işçi onun təhsil və peşəkar inkişafı üçün sərf olunmuş maddi vəsaitləri işəgötürənə qaytarmağı öz öhdəsinə götürür. Qeyd edilən müqavilə bağlandıqdan sonra Cavabdeh bir neçə təlimdə iştirak etmiş və təlimlərin dəyəri iddiaçı şirkət tərəfindən ödənilmişdir. Belə ki, Cavabdeh xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə C&D Access şirkəti tərəfindən təşkil olunmuş təlimdə iştirak etmiş, ona bununla bağlı sertifikat (X2 İ) verilmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə C&D Access şirkəti tərəfindən təşkil olunmuş digər təlimdə iştirak etmiş və ona sertifikat (X5 Level İ) verilmişdir. Cavabdeh sözügedən şirkət tərəfindən təşkil olunmuş xx.xx.2022-xx.xx.2022-ci il tarixli təlimdə də iştirak etmiş, ona növbəti sertifikat (X5 Level İİ) verilmişdir. Cavabdeh sözügedən təlimlərdə iştirakı ilə əlaqədar iddiaçı tərəfindən C&D Access şirkətinə müvafiq olaraq 128,57 GBP, 192,86 GBP və 146,94 GBP ödənişlər edilmişdir. İddiaçı şirkət iddia ərizəsində cavabdehin üç təlimdə iştirakına görə ödənilmiş məbləğdən (468,37 GBP) Cavabdeh son haqq-hesab üzrə ödənilməli 141,94 GBP pul məbləğinin çıxıldığını etiraf etmişdir.

25. Məhkəmə hesab etmişdit ki, cavabdehin müvafiq təlimlərdə iştirakı və cavabdehin həmin təlimlərdə iştirakı ilə əlaqədar iddiaçı şirkət tərəfindən ödənişlər edilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İş materiallarından görünür ki, tərəflər əmək münasibətlərinə daxil olarkən aralarında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqavilədə həmin müqavilənin cavabdehin (işçi) təşəbbüsü ilə ləğv olunacağı təqdirdə işçinin onun təhsil və peşəkar inkişafı üçün sərf olunmuş maddi vəsaitləri işəgötürənə qaytarmaq vəzifəsi təsbit olunmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır və təmin olunmalıdır.

26. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 900 ABŞ dolları pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş 015 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. Sözügedən müqavilənin qüvvədə olduğu müddətdə xx.xx.2020-xx.xx.2020-ci il tarixdə cavabdeh BOSİET təlimində iştirak etmişdir. İddiaçı “ORCA OFFSHORE FZC" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) başqa müstəqil hüquqi şəxs olan "xxxx" MMC (VÖEN **********) ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə əlaqədar hər hansı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn sahibi deyil. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 900 ABŞ dolları pulun tutulması hissəsində təmin edilməməlidir.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6, 421, Mülki Prosessual Məcəllənin 4.1, 14.1, 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

28. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Sumqayıt şəhərMəhkəməsinin e-2(060)-1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələbinə görə işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq işəgötürənin əsas vəzifələrindən biridir. İşəgötürən qismində iddiaçı şirkətin cavabdehin peşəkar inkişafı üçün onu təlimlərə cəlb edərək sonradan həmin xərcləri işçidən tələb etməsini qanunsuz hesab edir. ARƏmək Məcəlləsinin 12-ci maddələsinin f bəndin də göründüyü kimi işçinin peşə hazırlığına, ixtisasının artırılmasına və onun inkişafına cəlb etmək işəgötürənin vəzifəsi kimi təsbit edilmişdir.

30. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2021-ciil tarixli, 71 nömrəli müqavilənin 2.3-cü bəndindən görünür ki, müqavilə tərəflərin razılığı ilə bir il müddətinə xx.xx.2022-ciilədək bağlanmışdır. Lakinməhkəmə iddiaçı tərəfin mövqeyindən çıxış edərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış 131 saylı əmək müqaviləsi onlar arasında əvvəl bağlanmış 71 saylı müqaviləyə dəyişilikdir, yəni yeni müqavilə deyildir. Halbuki 131 saylı müqaviləyə nəzər yetirdikdə açıq-aydın görünür ki, həmin müqavilə mahiyyət etibarilə yeni əmək müqaviləsidir.

31. xx.xx.2022-ci il tarixli, 131 saylı əmək müqaviləsinin yeni müqavilə deyil, tərəflər arasında əvvəl bağlanmış xx.xx.2021-ci iltarixli, 71 nömrəli müqavilənin davamı kimi həmin müqaviləyə dəyişiklik edilməsindən ibarət olması ilə bağlı məhkəmənin mövqeyi yuxarıda sadaladığı əsaslara görə sübuta yetirilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

32. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

34. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

35. İş üzrə tərəflər yekun məhkəmə iclasına gəlməmişlər.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

37. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırkı iş üzrə iddia tələbindən imtina edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq iddiadan imtina edilməsi əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;

38. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

39. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

40. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

41. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir.

42. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

43. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

44. Maddə 384.0. və 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir;

45. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Hazırkı halda kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirib verilmiş ərizəni nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iddiadan imtinası qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1102/2023 nömrəli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir.

50. Belə ki, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir.

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının iddia tələbindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1102/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar