Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1486/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın dəyərinin bölünməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın dəyərinin bölünməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-640/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.
2. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 anadan olmuşdur.
3. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1750/202 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 X4 himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün cəmi 120 manat olmaqla, iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə əldə etdikləri dəyəri 15000 manat olan ** BK *** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı nəqliyyat vasitəsi və dəyəri 12000 manat olan ** NM *** qeydiyyat nişanlı “Opel Astra” markalı nəqliyyat vasitələrinin ümumi dəyərinin yəni 27000 manat pulun bərabər bölünməsinin və ödənilmiş 171 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə o, xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan 2 uşaqları anadan olmuşdır. Xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. Onun cavabdehlə nikahı xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Birgə yaşadıqları dövrdə əldə etdikləri ** BK *** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı nəqliyyat vasitəsi və ** NM *** qeydiyyat nişanlı “Opel Astra” markalı nəqliyyat vasitəsi cavabdehə məxsusdur. O, həmin nəqliyyat vasitələrindən istifadə edə bilmir. Həmin avtonəqliyyat vasitələri ər-arvad arasında bölünməlidir.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-640/2023 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi qismən təmin olunaraq, ** BK *** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsinin dəyərinin (satışından əldə olunmuş vəsaitin) yarısının, yəni 6000 manat və ** NM *** qeydiyyat nişanlı “Opel Astra” minik markalı nəqliyyat vasitəsinin dəyərinin (satışdan əldə olunan vəsaitin) yarısının, yəni 4150 manat məbləğində pulun Cavabdeh alınaraq Zeynalova (Hacıyeva) Ceyran Atabala qızına ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 100 manatının Cavabdeh alınaraq İddiaçı ödənilməsi, 71 manat dövlət rüsumunun isə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 32.1, 34.1, 37.1, 37.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 78.1-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, **-BK-*** dövlət qeydiyyat nişanlı “NİSSAN X-Trail” minik markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə onun adından qeydiyyatdan çıxarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 1750/2021 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. **-BK-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə alınmış və birgə nikah dövründə də satılmışdır. Satışdan əldə edilmiş pul vəsaiti ailənin ehtiyacları üçün istifadə olunmuş və İddiaçı buna etiraz etməmiş, susmaqla razılığını bildirmiş, Cavabdehlə birlikdə satışdan əldə edilmiş 12000 manat məbləğində pul vəsaitindən birgə faydalanmışdır. Mülki və ailə qanunvericiliyinin mənasına görə birgə nikah dövründə əldə edilmiş və həmin nikah dövründə tərəflərin razılığı ilə özgəninkiləşmiş əmlakı nikah münasibəti üzrə tərəflər, nikah pozulduqdan sonra mübahisələndirilə bilməz. Məhkəmə prosessual qanunvericiliyin tələbini pozaraq iddia tələbindən kənara çıxmışdır. Belə ki, qətnamənin giriş hissəsindən və iddia ərizəsindən göründüyü kimi İddiaçı məhkəmədən birgə nikah dövründə əldə etdikləri dəyəri 15000 manat olan **-BK-*** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı nəqliyyat vasitəsi və dəyəri 12000 manat olan **- NM-*** dövlət qeydiyyat nişanlı “OPEL ASTRA” markalı nəqliyyat vasitələrinin ümumi dəyərinin yəni, 27000 manat pulun bərabər bölünməsini xahiş etmişdir, bölünmüş pulun cavabdehdən alınaraq ona verilməsini yox. Lakin məhkəmə nəqliyyat vasitələrinin ümumi dəyərinin yəni, 27000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);[19] 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.[20] 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (...)
Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. (...)
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi - ** BK *** dövlət qeydiyyat nişanlı “NİSSAN X-TRAİL” minik markalı nəqliyyat vasitəsinin dəyərinin (satışından əldə olunmuş vəsaitin) yarısının, yəni 6000 manat məbləğində pulun Cavabdeh alınaraq Zeynalova (Hacıyeva) Ceyran Atabala qızına ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1750/202 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur.
19. ** BK *** qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, mübahisəli avtomobil xx.xx.2014-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır.
20. Cavabdeh ** BK *** dövlət qeydiyyat nişanlı “Nissan” markalı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə 12000 manata X2.
21. Göründüyü kimi İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və mübahisəli Nissan markalı avtomobil tərəflərin birgə nikah dövründə yəni, 2014cü ildə əldə edilmiş və birgə nikah dövründə də satılmışdır. İddiaçı həmin avtomobilin satılmasından məlumatlı olmuş və keçən müddət ərzində avtomobilin alqı-satqısını mübahisələndirməmişdir. Həmin avtomobilin satılmasından əldə edilən məbləğ birgə nikah dövründə xərclənmişdir.
22. Digər tərəfdən, tədqiq olunmuş sənədlərdən görünür ki, ** NM *** qeydiyyat nişanlı “Opel Astra” markalı digər nəqliyyat vasitəsi həmin “Nissan” markalı avtomobilin xx.xx.2019cu il tarixdə satışından sonra xx.xx.2019-cu il tarixdə əldə edilmişdir.
23. Belə olan halda, ** BK *** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin satışından əldə edilən məbləğin tərəflər arasında bölünməsi barədə iddia tələbi əsassızdır.
24. Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
25. İddia tələbinin ** NM *** qeydiyyat nişanlı “Opel Astra” markalı nəqliyyat vasitəsinin ümumi dəyərinin tərəflər arasında bölünməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, “Opel Astra” markalı ** NM *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır və avtomobil xx.xx.2021-ci il tarixdə satılmışdır.
26. İş materiallarında olan nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh ** NM *** qeydiyyat nişanlı “Opel Astra” markalı nəqliyyat vasitəsini 8300 manata X1.
27. Göründüyü kimi, ** NM *** qeydiyyat nişanlı “Opel Astra” markalı nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə əldə edilmiş, lakin tərəflərin nikahı pozulduqdan sonra satılmışdır.
28. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər aralarında nikah müqaviləsi, o cümlədən ümumi əmlakları barədə yazılı saziş bağlamamışdırlar.
30. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan onun alqı-satqı münasibətlərinə daşınmaz əmlakla bağlı göstərişlər tətbiq edilməli olduğundan, birgə əmlak hesab edilən avtomobilin satışı zamanı iddiaçının razılığı alınmalı idi.
31. İddiaçı öz seçiminə görə əqdin etibarsızlığı tələbini irəli sürməyərək, alqı-satqı üzrə əldə edilmiş vəsaitin özünə aid olan payına mütənasib şəkildə vəsaitin cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Opel Astra” nəqliyyat vasitəsinin satışından əldə edilən məbləğ bütövlükdə cavabdeh tərəfindən əldə edildiyindən, həmin nəqliyyat vasitəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan ümümi dəyəri də tərəflər arasında bölünməlidir və cavabdeh satışdan əldə edilən məbləğin yarısını iddiaçıya verməlidir.
33. Odur ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası əsaslı hesab edir.
34. Göstərilənələrə əsasən məhkəmə kollegiysı hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 640/2023 nömrəli qətnaməsi qismən - ** BK *** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsinin dəyərinin (satışından əldə olunmuş vəsaitin) yarısının, yəni 6000 manat məbləğində pulun Cavabdeh alınaraq Zeynalova (Hacıyeva) Ceyran Atabala qızına ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-640/2023 nömrəli qətnaməsi qismən - ** BK *** dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” minik markalı nəqliyyat vasitəsinin dəyərinin (satışından əldə olunmuş vəsaitin) yarısının, yəni 6000 manat məbləğində pulun Cavabdeh alınaraq Zeynalova (Hacıyeva) Ceyran Atabala qızına ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.