Məhkəmə qərarları › İş №2(105)-149/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-149/2021

17.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-149/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X17, Cavabdeh2 nümayəndəsi və vəkili X8, Cavabdeh2 nümayəndəsi X27, cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X22 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4122/2019 saylı qətnaməsindən iddiaçı Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.Ə.Hüseynovanın verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4122/2019 saylı qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddiaçı Sumqayıt bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə, Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı “torpaq icarə müqaviləsinin, torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçı Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova Qəndili Ələmşah qızı apelyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 27 saylı iclasının qərarı ilə “Corat’’ bağlan ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsi vətəndaş Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmişdir. Lakin 2015-ci ildə Hüseynova Qəndili Ələmşah qızı və Cavabdeh2 arasında torpaq sahəsi ilə bağlı mübahisə yarandığından, tərəflər arasındakı bu mübahisə məhkəməyə daşınmışdır. Belə ki, həmin dövrdə məlum olmuşdur ki, Cavabdeh2 mərhum həyat yoldaşı X6 icarəsində olduğu iddia edilən “Saray bağlan” ərazisində yerləşən, sahəsi 2500 kvadrat metr olan 2336 saylı bağ torpaq sahəsi üçün onun adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən “Torpağın planı və ölçüsü” tərtib edilmişdir ki, həmin plan və ölçü əsasında mərhum X.Hacıyevə ayrıldığı iddia edilən 2336 saylı bağ torpaq sahəsinin koordinatları Sumqayıt bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli,27 saylı iclasının qərarı ilə Hüseynova Qəndili Ələmşah qızı mülkiyyətinə verilmiş “Corat” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsinin koordinatları ilə üst-üstə salınmışdır. Nəticədə artıq bir neçə ildir ki, Sumqayıt bələdiyyəsinin də cəlb olunduğu Hüseynova Qəndili Ələmşah qızı ilə mərhum X.Hacıyevin həyat yoldaşı Cavabdeh2 arasında məhkəmə çəkişmələri davam edir. Həmin məhkəmə işlərindən birinin araşdırılması zamanı təyin edilmiş müvafiq ekspertiza zamanı ekspert tərəfindən verilmiş rəydən müəyyən edilmişdir ki, 2386C və 2336 saylı bağ torpaq sahələrinin koordinatları üst-üstə düşməməklə tamamilə fərqli mövqelərdə yerləşir. Eyni zamanda mərhum X.Hacıyevin adına olduğu iddia edilən 2336 saylı bağ torpaq sahəsinin icarə müqaviləsi ilə də bağlı müəyyən faktlar müəyyən olunduğundan, Sumqayıt bələdiyyəsi həm öz hüquqlarını,həm də bələdiyyə qərarı ilə mülkiyyətinə torpaq sahəsi ayrılmış Hüseynova Qəndili Ələmşah qızının hüquqlarını qorumaq və yol verilmiş qanunsuzluqları aradan qaldırmaq məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və 2336 saylı bağ torpaq sahəsinə dair mərhum X6 adına verildiyi iddia edilən torpaq icarə müqaviləsinin və onun əsasında tərtib olunmuş “torpağın planı və ölçüsü”nün etibarsız sayılmasını tələb etməyə məqsədəuyğun saymışdır. İlk növbədə qeyd olunmalıdır ki, mərhum X20 ilə keçmiş X40 arasında “Saray bağları” massivində yerləşən,sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən xx xxxxxx 1978-ci il tarixli torpaq icarə müqaviləsinin qüvvədə olma müddəti həmin müqavilədə xx xxxxxx 1988-ci ilədək müəyyən olunmuşdur. Həmin müddət başa çatdıqdan sonra nə icarəçi müqavilənin müddətinin uzadılması ilə bağlı müraciət etmiş, nə də onun ölümündən sonra mərhum icarəçinin vərəsələri X.Hacıyevin icarəsində olduğu iddia edilən 2336 saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi ilə bağlı keçmiş X18, sonradan isə Sumqayıt bələdiyyəsinə müraciət etməmişlər. Mərhum icarəçinin həyat yoldaşı Cavabdeh2 yalnız 2014-cü ildə “torpağın planı və ölçüsü"nün tərtib edilməsi üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Halbu ki, Cavabdeh2 həyat yoldaşının vərəsəsi kimi X.Hacıyevin ölümündən, yəni xx xxxxxx 2004cü il tarixindən sonra 6 ay ərzində müvafiq dövlət orqanına müraciət edərək pay ilə bağlı icarə müqaviləsinin onunla bağlanmasını tələb etmək hüququna malik olmuşdur. Belə ki,’’Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən icarəmüddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Mülki qanunvericiliyin müəyyən etdiyi qayda varisdən 6 ay müddətində müvafiq dövlət orqanına müraciət etməklə icarə müqaviləsinin onunla bağlanmasını tələb etməsini şərtləndirir. Nəzərə alınmalıdır ki, mərhum X.X19 İdarəsi arasında bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən torpaq icarə müqaviləsinin müddəti hələ 1988-ci tarixdə bitmiş və mərhum icarəçi sağlığında belə həmin müqavilənin uzadılması ilə bağlı adı çəkilən icarə müqaviləsinin müvafiq bəndində nəzərdə tutulmuş üstünlük hüququndan istifadə etməyərək həmin müqavilənin müddətinin uzadılması itə bağlı müraciət etməmişdir. Bu səbəbdən hesab edir ki, mərhum icarəçinin vərəsələri icarə müqaviləsinin onlardan biri ilə bağlanması ilə əlaqədar hüquqlarını vaxtında reallaşdırmadıqlarına görə,’’İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən icarə haqlarının onlara keçməsi istisna olunur. Təəssüf ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən bütün bu hallar nəzərə alınmadan, torpağın kimin istifadəsində olması müəyyənləşdirilmədən əsassız olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair mərhum X.Hacıyevin adına “torpağın planı və ölçüsü” verilmişdir. Cavabdeh2 2336 saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının həyat yoldaşının ölümündən sonra ona keçməsi üçün heç bir hərəkət etməmiş, o cümlədən 2336 saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmişdir. Buna baxmayaraq Cavabdeh2 hüquqi varis kimi torpaq sahəsi üzərində icarə hüquqlarının keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etmədən özünü mülkiyyətçi hesab etməklə “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsindən tələb etmişdir. Təəssüf ki, adı çəkilən dövlət orqanı məsələyə olduqca səthi və birtərəfli yanaşma nümayiş etdirmiş, torpaq sahəsinin ərizəçinin istifadəsində olub-olmadığını araşdirmamış, onun bu cür tələblə ilə çıxış etmək hüququnu müəyyənləşdirməmiş, torpağın hüquqi statusunu aydınlaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına hər hansı sorğu vermədən tələm-tələsik ərizəyə əsassız şəkildə bələdiyyə mülkiyyətində olmuş və bələdiyyə qərarı ilə Q.Hüseynovanın mülkiyyətinə ayrılmış torpağa dair mərhum X.Hacıyevin adına sənəd vermişdir. Halbuki Cavabdeh2 iddia etdiyi torpaq sahəsindən istifadə etmədiyindən, həmin torpaq sahəsinin yerləşdiyi yeri belə tanımırdı. Adı çəkilən “torpağın planı və ölçüsü” əsasında Cavabdeh2 torpaq sahəsinin guya Sumqayıt bələdiyyəsi tərəfindən qanunsuz olaraq başqa şəxsə satıldlğını bildirmişdir. Halbuki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060) 7566/2015 saylı məhkəmə işinin gedişində məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspert qarşısında bir neçə sual,o cümlədən 2336 və 2386C saylı bağ torpaq sahələrinin sərhədlərinin və koordinatlarının müəyyən edilməsi, torpağın planı və ölçüsündə həmin ərazinin mərhum X.Hacıyevin adına göstərilməsinin mümkünlüyünün aydınlaşdırılması barədə suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2015-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 2336 və 2386C saylı bağ torpaq sahələri ərazi baxımından bir-birinə qonşu sahələr deyildir. Həmçinin, həmin rəydə 2386C saylı bağ torpaq sahəsinin yerləşdiyi əraziyə 2336 saylı bağ sahəsi ilə bağlı plan və ölçünün verilməsinin mümkün olmadığı, habelə adı çəkilən bağ sahələrinin üst-üstə düşmədiyi bildirilmişdir. Eyni zamanda, tərəfimizdən aparılmış, eləcə də məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2336 saylı bağ torpaq sahəsi “Saray bağları” ərazisində deyil,"Corat bağları" ərazisində yerləşir və Sumqayıt bələdiyyəsində saxlanılan keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin Bağ təsərrüfatı sahəsinin arxiv sənədlərində X13 adına qeydə alınmamış və həmin bağ torpaq sahəsinə dair onunla bağlanıldığı göstərilən 1680 saylı bağ torpaq icarə müqaviləsi mövcud deyildir. Belə ki,sahəsi 0,25 ha olan 2336 saylı bağ torpaq sahəsi keçmiş Sumqayıt şəhər İcraiyyə Komitəsinin X40 ilə bağlanılmış 4638 saylı,xx xxxxxxx 1968-ci il tarixli icarə müqaviləsi əsasında vətəndaş X14 istifadəsinə verilmişdir. Sonradan həmin icarə müqaviləsinin müddəti xx xxxxxx 1988-ci il tarixədək uzadılmışdır. X28 2001-ci ildə vəfat etmiş və adı çəkilən bağ sahəsi mərhum icarəçinin vərəsələrinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri nəzərə alınmaqla 2003-cü ildə keşmiş Bağ təsərrüfatı sahəsi ilə bağlanılmış müvafiq torpaq icarə müqavilələri əsasında iki yerə bölünərək sahəsi 1000 kvadrat metr olan bir hissəsi 2336 nömrəsi ilə vətəndaş X9, sahəsi 900 kvadrat metr olan digər hissəsi isə B-2336 nömrəsi ilə vətəndaş X10 icarəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinin ayrı-ayrı vətəndaşların mülkiyyətində olduğu məhkəmə araşdırmaları zamanı da sübuta yetirilmişdir.Adı çəkilən bağ torpaq sahələri ilə Sumqayıt bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 27 saylı qərarı ilə Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmiş 2386C saylı bağ torpaq sahəsi müxtəlif mövqelərdə yerləşməklə üst-üstə düşmürlər. Bütün bu hallar Sumqayıt bələdiyyəsinə əsas verir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həm özünün,həm də Hüseynova Qəndili Ələmşah qızının pozulmuş hüququnu müdafiə etsin. Bununla bağlı hesab edir ki, 2336 saylı bağ torpaq sahəsi mərhum X.Hacıyevin istifadəsinə verilmədiyindən, onun adına tərtib edilmiş torpaq icarə müqaviləsi saxta bir sənəddir. Belə ki, harada yerləşməsindən asılı olmayaraq Sumqayıt şəhəri ərazisində bağ torpaq sahələri sıra nömrəsi ilə nömrələnərək ayrılmışdır. Yəni bağ sahəsinin “Saray”,yaxud "Corat” və ya ’’Novxanı” bağları ərazisində yerləşməsindən asılı olmayaraq 2336 nömrəsi altında bağ sahəsi yalnız bir sahə ola bilərdi ki,həmin bağ sahəsi də yuxarıda qeyd olunduğu kimi ’’Corat” bağları ərazisində yerləşir və satılaraqayrı-ayrı hissələrə bölünməklə DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin əvvəlki məhkəmə prosesində məhkəməyə təqdim etdiyi xx xxxxx 2017-ci il tarixli məktuba əsasən müvafiq olaraq X1, X2, X23 mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir. Eyni ərazidə yerləşən B-2336 saylı digər bağ sahəsi isə 2003-cü ildə bağlanmış torpaq icarə müqaviləsi əsasında X10 icarəsinə verilmişdir. Sadalanan bağ torpaq sahələri hal-hazırda da adı çəkilən şəxslərin faktiki istifadəsindədir. Bununla da sübuta yetirilir ki, Cavabdeh2 özünə məxsus əmlak kimi mərhum həyat yoldaşı X15 istifadəsinə verildiyi iddia edilən Sumqayıt şəhəri Saray bağları ərazisində yerləşən sahəsi 0,25 ha olan 2336 saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş icarə müqaviləsi saxta bir sənəddir və bu sənəd əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin X15 “torpağın planı və ölçüsü’ tərtib edərək verməsi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən Sumqayıt bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ilə keçmiş X37 arasında “Saray bağlan” massivində yerləşən,sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən xx xxxxxx 1978 ci il tarixli, 1680 saylı torpaq icarə müqaviləsinin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etməyi zəruri sayır. Belə ki, Sumqayıt Bələdiyyəsinin iş materiallarında olan xx xxxx 2004cü il tarixli,27 saylı qərarının surətindən görünür ki,2336 saylı bağ sahəsi kimi Cavabdeh2 mübahisələndirdiyi 2386 saylı bağ torpaq sahəsi Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmişdir. X4 ilə keçmiş X37 arasında “Saraybağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağtorpaq sahəsinə dair bağlanıldığı iddia edilən xx xxxxxx 1978-ci il tarixli, 1680 saylı torpaq icarə müqaviləsinin müddəti xx xxxxxx 1988-ci il tarixədək müəyyən edilmiş və müqavilənin müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra X15 torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda X29 xx xxxxxx 2004-cü il tarixdə ölsə də, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi hər hansı hüquqi əsas olmadan Cavabdeh2 X15 vərəsəsi kimi tanıyaraq onun müraciəti əsasında müvafiq sənədi vermişdir. .Başqa sözlə desək, torpaq sahəsindən istifadə edilmədiyi və icarəçinin ölümündən 10 il keçdikdən sonra bağ torpaq sahəsinə dair vərəsəlik hüququ tanınmışdır ki,hesab edirik bununla da vərəsəlik hüququna dair mülki qanunvericiliyin müvafiq normaları kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən tamamilə əsassız və qanunsuz olaraq mərhum X6 “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınaraq onun adına mülkiyyət hüququna dair müvafiq reyestr çıxarışı verilmişdir. Bu zaman adı çəkilən idarə tərəfindən X4 ilə keçmiş X37 arasında “Saray bağlan” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil edən 2336 saylı bağ torpaq sahəsinə dair bağlanılmış xx xxxxxx 1978ci il tarixli torpaq icarə artıq mövcud olmaması, müqavilənin müddətinin bitməsi ilə qüvvədən düşməsi, icarəçinin vəfat etməsi və torpaqdan faktiki istifadə edilməməsi nəzərə alınmamışdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan SSR Nazirlər Sovetinin “Abşeron yarımadasında bağçılıq təsərrüfatının nizamlanması və gələcək inkişafı tədbirləri barədə” xx xxxx 1988-ci il tarixli, 195 saylı qərarı və həmin qərar əsasında Sumqayıt şəhər X38 İcraiyyə Komitəsinin “Sumqayıt şəhərində bağçılıq təsərrüfatının nizamlanması və gələcək inkişafı tədbirləri barədə” xx xxxxxxx 1988-ci il tarixli, 389 saylı qərarı qəbul edilmişdir. Həmin qərarlara əsasən Abşeron yarımadasında, o cümlədən Sumqayıt şəhərində ayrılan bağ torpaq sahəsinin ölçüsünün 1200 kvadrat metrdən artıq olmaması, əvvəllər bağlanmış bağ torpaq icarə müqavilələrinin də həmin ölçülər nəzərə alınnmaqla yenidən bağlanılması müəyyən edilmişdir. Başqa sözlə desək, qeyd olunan normativ-hüquqi aktlara əsasən mərhum X6 icarəsində olduğu iddia edilən 2336 saylı bağ torpaq sahəsinə dair bağlanılmış xx xxxxxx 1978-ci il tarixli icarə müqaviləsinin də qeyd olunantarixdən qüvvədən düşdüyü və sahəsi 1200 kvadrat metrdən artıq olmamaq şərti iləhəmin bağın bir hissəsinə dair X20 ilə yeni icarə müqaviləsinin bağlanılmalı olması müəyyənləşdirilmişdir. X3 icarə müqaviləsinin bağlanılmasından yayındığı üçün hesab edirik ki, yeni torpaq icarəsi müqaviləsi bağlamımadığına və əvvəlki icarə müqaviləsi saxta sənəd olmasa belə qüvvədən düşdüyünə görə nə onun, nə də vərəsələrinin 2336 saylı bağ torpaq sahəsinə hər hansı hüquqları qalmamışdır və mübahisələndirilən torpaq sahəsi torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyəti kimi Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu müdafiə etməyi zəruri sayır. Mübahisələndirilən torpaq sahəsi də daxil olmaqla “Saray” bağları ərazisində yerləşən 2336 saylı bağ torpaq sahəsi kimi göstərilən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətinə keçdiyi halda, hesab edirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən nə mərhum X6, nə də onun vərəsələrinin mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində Dövlət qeydiyyatından keçirilə bilməzdi. Ona ğörə də mərhum X20 ilə keçmiş X37 arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən xx xxxxxx 1978-ci il tarixli icarə müqaviləsinin saxta sənəd hesab edilərək etibarsız sayılması, onun doğurduğu hüquqi nəticələrin, o cümlədən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair mərhum X6 adına tərtib edilmiş “torpağın planı və ölçüsü”nün etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, “Saray bağları” massivində yerləşən 2336 saylı bağ torpaq sahəsi üzərində mərhum X6 və sonradan onun vərəsəsi kimi Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılaraq bununla əlaqədar verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışların ləğv edilməsi, göstərilən torpaq sahəsinə dair notarial qaydada verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və onun doğurduğu hüquqi nəticələrin etibarsız sayılması, göstərilən bağ sahəsinin 0,015 ha hissəsinə dair Sumqayıt şəhəri 4 saylı notariat kontorunda X16 ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 4Ə-66 saylı alqı-satqı müqaviləsinin etibarsız sayılaraq həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair X5 adına aparılmış dövlət qeydiyyatının və verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Sumqayıt bələdiyyəsi verdiyi apelyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10,12,25-ci maddələrinin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13,15-ci maddələrinin, Azərbaycan Respublikası MM-nin 152.1,156.1,157,241.2,337.1,337.3,337.4-cü maddələrinin, Torpaq Məcəlləsinin 47,66,109,110-cu maddələrinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1,6.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.Ə.Hüseynova apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin, Mülki Məcəllənin 141-ci maddəsinin, Torpaq Məcəlləsinin 47,149.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Sumqayıt bələdiyyəsinin nümayəndəsi N.M.Salamov və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.Ə.Hüseynovanın nümayəndəsi və vəkili F.M.Bədəlov apelyasiya şikayətlərini müdafiə edib, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili X8, Cavabdeh2 nümayəndəsi X27, cavabdeh DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X35, X39 və Tağıyeva Könül Rafiq qızı apelyasiya şikayətlərinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində sahəsi 1200 kvadrat metr olan 2386 saylı bağ torpaq sahəsi Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmişdir. Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinin 1680 saylı, xx xxxxxx 1978-ci il tarixli bağ sahələrinin uzunmüddətli icarəyə verilməsi haqqında müqaviləsinin təstiq edilmiş surətindən görünür ki, X24 Saray qəsəbəsidə yerləşən, ümumi sahəsi 0,25 ha olan 2336 saylı bağ sahəsi uzunmuddətli icarəyə verilmişdir. İş materialına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova Qəndili Ələmşah qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 2336 saylı torpaq sahəsinə dair mərhum X6 adına tərtib edilmiş torpağın planı və ölçüsü etibarsız hesab edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iş üzrə üçüncü şəxs Cavabdeh2 apelyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il, 2(102)-5403/2015 saylı qərarı ilə iddiaçı Hüseynova Qəndili Ələmşah qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Sumqayıt bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 27 nömrəli qərarı ilə Hüseynova Qəndili Ələmşah qızının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri Corat bağları ərazisində yerləçən sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə Hüseynova Qəndili Ələmşah qızı arasında alqı-satqı müqaviləsinin həmin tarixdən bağlanmış hesab olunması, qətnamənin Sumqayıt şəhəri, “Corat bağları” ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2386C saylı bağ torpaq sahəsi üzərində Hüseynova Qəndili Ələmşah qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi üçün əsas hesab edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş və Hüseynova Qəndili Ələmşah qızının Sumqayıt bələdiyyəsi və Cavabdeh2 qarşı iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 2(105)1461/16 saylı qətnaməsi ləğv edilmiş və işin apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il, 2(102)-1021/18 saylı qərarı ilə iddiaçı Hüseynova Qəndili Ələmşah qızının kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Sumqayıt bələdiyyəsinin mərhum X20 ilə keçmiş X37 arasında “Saray bağları” massivində yerləşən, sahəsi 2500 kvadrat metr təşkil etmiş 2336 saylı bağ torpaq sahəsinə dair bağlanıldığı iddia edilən xx xxxxxx 1978-ci il tarixli icarə müqaviləsinin saxta sənəd hesab edilərək onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Sumqayıt bələdiyyəsi qeyd olunan torpaq sahəsinin onun mülkiyyətində olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Mübahisə predmeti olan torpaq sahəsi 1978-ci ildə Sumqayıt Şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X21 müddətsiz icarəyə verilmişdir. Sumqayıt bələdiyyəsi tərəfindən hazırkı iddia tələbinin qaldırılması X15 adına müddətsiz icarəyə verilmiş torpaq sahəsi üzərində hüquqlarının pozulması deməkdir və bu da “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Birinci instansiya məhkəməsi xx xxxxxx 1978-ci il tarixli,1680 saylı müqavilənin etibarsız hesab edilməsi üçün yuxarıda qeyd olunan halların heç birinin mövcud olmaması göstərmişdir. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan torpaq sahəsinin bir neçə dəfə mülkiyyətçilirəni dəyişmişdir. Belə ki, ilkin olaraq həmin torpaq sahəsi X15 adına rəsmiləşdirilmiş, sonradan həmin torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Xankişi Hacıyevin arvadı Səadət Novruzovanın adına rəsmiləşdirilmiş, daha sonra Cavabdeh2 həmin torpaq sahəsinin qızı X7 bağışlamış və həmin torpaq sahəsinin bir hissəsi X5 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ə.İbrahimovun şikayəti ilə bağlı mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqısatqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilən zaman notarius hazır ki, mübahisə ilə bağlı məlumatlı olmamış, qeyd olunan bağ sahəsinin özgəninkiləşdirilməsinə hər hansı bir məhdudiyyət qoyulmamış və notarius həmin bağ sahəsi ilə bağlı notariat hərəkətlərni heç bir məneə olmadan həyata keçirmişdir. Belə olan halda Sumqayıt şəhər 4 saylı notariat kontoru tərəfindən rəsmiləşdirilmiş xx xxxxxx 2019-cu il tarixli 4Ə-66 nömrəsi ilə reyester kitabına qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Birinci instansiya məhkəməsi son nəticədə tərəflərin verdiyi izahatlardan, eləcə də iş üzrə təqdim edilən sənədlərə istinad edərək müəyyən etmişdir ki, tərəflər arasında uzun müddətdir ki, davam edən məhkəmə mübahisələrinin olmasına baxmayaraq, Sumqayıt Bələdiyyəsi tərəfindən hazır ki, mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin rəsmiləşdirilməsinə dair hər hansı bir qadağanın qoyulması ilə bağlı DƏDRX-nə heç bir müraciət olunmamışdır. Halbu ki, qeyd olunan torpaq sahəsinə dair mərhum Xankişi Hacıyevin adına mülkiyyət hüquqa dair çıxarış verilən zaman hazırkı iş üzrə tərəflərin (Sumqayıt Bələdiyyəsi o vaxt ki, məhkəmələrdə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində iştrak etmişdir) arasında Sumqayıt Şəhər Məhkəməsində məhkəmə mübahisəsi vardır. Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.Ə.Hüseynova apelyasiya şikayətlərinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olub, heç bir sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətlərinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Sumqayıt bələdiyyəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Q.Ə.Hüseynovanın apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4122/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar