Məhkəmə qərarları › İş №2(105)-1491/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1491/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1491/2022 04.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(060)-75/2022 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(060)-75/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma, mənzilin boşaldılması və banka təhvil verilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 28/19 nömrəli evin 21 nömrəli mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 28/19 nömrəli evin 21 nömrəli mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (“Yelo Bank“ Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 28/19 nömrəli evin 21 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(060)-11305/2017 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları 12 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN “Asan 2” Mərkəzinin ******* nömrəli, 13 aprel 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından göründüyü kimi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 28/19 nömrəli evin 21 nömrəli mənzilində qeydiyyatda heç bir şəxs yoxdur. Əmlak İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan və mənzili boşaldaraq banka təhvil verməkdən imtina edirlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 14 avqust 2015-ci il tarixdə "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən 13000 ABŞ dolları nəğd kredit götürmüşdür. O, banka müraciət edərkən krediti manatla almaq niyyəti olduğunu bildirmişdi. Ona bankdan kreditin manatla veriləcəyi bildirilmiş və krediti manatla almışdır. Lakin müqaviləyə imza atandan sonra bilmişdir ki, ona verilən kredit məbləğinin valyutası ABŞ dolları ilə ifadə olunmuşdur. Həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə arasında 14 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanaraq ona məxsus olan Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 28/19 ünvanında yerləşən ümumi sahəsi 47.1 kv.m, yardımçı sahəsi 19.9 kv.m olan 2 otaqlı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Krediti götürdükdən bir müddət sonra Respublikada devalvasiya baş vermiş və dolların məzənnəsi 1.05 manat olmuşdu. Buna baxmayaraq o, çətinliklə də olsa kredit borcunu vaxtlı-vaxtında ödəmişdi. Lakin ikinci devalvasiyanın baş verməsi və dolların manata nəzərən məzənnəsinin sürətlə qalxması nəticəsində banka olan ödənişlərini etməyə çətinlik çəkmiş, vəziyyəti gündən-günə pisləşməyə başlamış, maddi çətinliklər və mənəvi sarsıntılar yaşamışdır. Bunun nəticəsində borcları gündən-günə artmış və nəticədə ödəmə qabiliyyəti tamamilə aşağı düşmüşdür. Hazırda bütün ailə onun himayəsindədir. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə arasında kredit müqaviləsi bağlandıqdan sonra banka kifayət qədər ödəniş etmişdir. Lakin bütün bu ödənişlərə baxmayaraq iddiaçı təşkilat kredit müqaviləsi üzrə əsas borcu saxlamış, faiz borcunu isə qanunsuz və əsassız olaraq dəfələrlə şişirtmişdir. İddiaçı təşkilatla aralarında bağlanılan kredit müqaviləsinin 15.1-ci bəndində qeyd olunur ki, tərəflər onların iradəsindən asılı olmayan və bu müqavilə qüvvəyə mindiyi vaxtdan baş verən zəlzələ, yanğın və digər təbii fəlakətlər, habelə müharibə, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri və yaxud digər qarşısıalınmaz qüvvə ilə bağlı hallarda bu müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə görə heç bir məsuliyyət daşımırlar. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ona aid hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11305/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə "xxxx" X3 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10.918,53 ABŞ dolları əsas, 3.818,99 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14757 ABŞ dolları 52 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv ümumi, 27.2 kv.m yaşayış, 19,9 kv.m yardımçı sahədən ibarət 28/19 nömrəli evin 21 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 5ci məhəllədə yerləşən, 2 otaqlı, 47,1 kv ümumi, 27.2 kv.m yaşayış, 19,9 kv.m yardımçı sahədən ibarət 28/19 nömrəli evin 21 nömrəli mənzilin ilkin satış qiymətinin 39.000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən cəmi 14757 ABŞ dolları 52 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh1 qaytarılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 28/19 nömrəli evin 21 nömrəli mənzili mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4388/2021 saylı, 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9638/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4388/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 5-ci məhəllə, 28/19 nömrəli evin 21 nömrəli mənzili hərracdan satılmış, iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti mənzili əldə etmiş, mənzili mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 203.3.1-ci maddəsinin mənasına görə öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınması üçün əsasdır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 9638/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçı təşkilatın mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdeh qanuni əsas olmadan mübahisəli mənzildə yaşadığından birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstədiyi dəlilləri əsassız hesab edir. İş üzrə digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(060)-75/2022 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar