Məhkəmə qərarları › İş №2(105)-1492/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1492/2023

21.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1492/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(060)-1289/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, X6, 7-ci məhəllədə (Metallurq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-828/2022 nömrəli qətnaməsi ilə onlar arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 cavabdehin yanında saxlanılması, ondan uşağın saxlanması üçün cavabdehin xeyrinə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikahları pozulana kimi o, cavabdehlə birlikdə inşa etdikləri Sumqayıt şəhəri, X6, 7- ci məhəllədə (Metallurq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evində yaşamışlar. Hazırda nikahları pozulduqan sonra cavabdeh onun həmin evdə yaşamağına şərait yaratmır. Həmin ev ona məxsusdur, işıq və su sayğaclarının abonet saldolarından da göründüyü kimi həmin ünvanda yerləşən sayğaclar onun adınadır. Bu fakt onun orada yaşadığını sübuta yetirir. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(060)-1289/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı onun Sumqayıt şəhəri, X6, 7-ci məhəllədə (Metallurq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(060)-1289/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi hazırki ünvana dair "xxxx" ASC-nin və "xxxx" ASC-nin abonent kodları onun adınadır. Həmçinin birinci instansiya məhkəməsi iş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin X6 7-ci məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 17 saylı xx.xx.2023cü il tarixli arayışı da təsdiq edir ki, o, həmin sözü gedən ünvanda yaşamışdır. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatında onların həmin ünvanda birgə təsərüffatı idarə etdiklərini təsdiq etmişdir. Yeni mənzil qanunvericiliyi mənzil münasibətlərinin yaranma əsasını müəyyən edərkən, yalnız dövlət, bələdiyyə və özəl mənzil fondundan istifadə, sahiblik və sərəncam hüquqlarını nəzərdə tutmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətləri üzrə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)- 828/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 cavabdehin yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. İş materiallarında olan abonent kartından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış və iddiaçı ünvan 1 ünvanına abonent kimi qeydə alınmışdır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında müqavilə bağlanmış və iddiaçı ünvan 2 ünvanına abonent kimi qeydə alınmışdır. İş materiallarında olan X6 7-ci məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 17 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı X6, 7-ci məhəllə, ev 318-də yaşayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2010-cu ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarını 22 fevral 2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bir müddət münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-828/2022 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 cavabdehin yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə nikahları pozulana kimi birlikdə inşa etdikləri Sumqayıt şəhəri, X6, 7-ci məhəllədə (Metallurq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evində yaşadıqlarını, nikahları pozulduqan sonra cavabdehin onun həmin evdə yaşamağına şərait yaratmadığını, həmin evin ona məxsus olduğunu, işıq və su sayğaclarının onun adına olduğunu qeyd edərək evə köçürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ətrafında aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 164.1-ci madəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Əvvəla, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar hansısa maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxmış olur. İkincisi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının yaxud onunla rəsmi nikahda olmuş cavabdehin hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin inşa olunmasında keçmiş həyat yoldaşı cavabdehlə birlikdə iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən cavabdehin birinci instansiya məhkəməsində izahatından bəlli olur ki, iddiaçı ilə 2010-cu ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahlarını 2014-cü ildə rəsmiləşdirmişlər. Mübahisəli fərdi yaşayış evi tikilinədək cavabdehlə kirayədə yaşamışlar. Fərdi yaşayış evi təxminən 2013-cü ildə tikilmişdir. Belə ki, evin tikintisində atası və qardaşı iştirak etmiş, evin tikilməsinin təşkil edilməsi, xərclərin çəkilməsi onun atası və qardaşı tərəfindən həyata keçirilmişdir. Ev əvvəl bir otaq və mətbəxdən ibarət olmuş, onlar rəsmi nikaha daxil olduqları vaxt ev artıq hazır olmuşdur. İddiaçı onunla bir ailə kimi daimi bir yerdə yaşamamış, mütəmadi olaraq onu və uşağı ataraq aylarla, bəzən illərlə evə gəlməmişdir. Bir neçə il öncə iddiaçı evdə əlavə bir otaq artırmaq qərarına gəlmiş, bunun üçün o, 2 yük maşını qədər mişar daşı almış və otağın tikintisinə başlamışdır. Lakin, otağın tikintisini başa çatdırmayaraq, yenə onları tərk edərək getmişdir. İddiaçı 8 ay öncə isə evi tamamilə tərk etmişdir. İddiaçının evin tikintisinə çəkdiyi xərc yalnız 2 yük maşını qədər mişar daşından ibarətdir ki, onun pulunu iddiaçıya ödəməyə hazırdır. Üçüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı artıq cavabdehin ailə üzvü deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(060)-1289/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar