Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1493/2025 16.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinə qarşı attestasiya qərarının qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3415/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı məxsus xx.xx.2018-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinə fortepiano müəlliməsi vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı xx.xx.2025-ci il tarixdə attestasiyadan keçmiş, attestasiya vərəqəsində qeyd edilmişdir ki, tutduğu vəzifəyə uyğun deyil.
3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 50 nömrəli əmrdən görünür ki, Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr Məktəbin direktoru Şəms Əliyeva tərəfindən qəbul edilmiş və imzalanmışdır.
4. “Olimp Hospital” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı sağ dirsəkdə kontrakturanın ləğvi cərrahiyyə əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Əməliyyatdan sonra fizioterapiya reabilitasiya prosedurları müalicəsi almışdır, təkrar müayinə olunmuş və bundan sonra da 6 həftəlik fizioterapiya reabilitasiya tövsiyə olunmuşdur.
5. “Olimp Hospital” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, İddiaçı 5 ay öncə bazu sümüyünün sınığı səbəbilə cərrahi əməliyyat keçirmişdir. Sağ dirsək oynağında və əl barmaqlarında olan ağrı və hərəkət məhdudluğu səbəbilə əməliyyatdan sonrakı dövrdən hal-hazırki müddətə qədər fizioterapiya və reabilitasiya prosedurları qəbul etmişdir. Hal-hazırda klinik vəziyyəti nəzərə alınaraq təkrar cərrahi əməliyyat tövsiyə olunur.
6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-24/3-1-k-264/2025 nömrəli əmrdən görünür ki, Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsi üzrə əmək funksiyasının icrası 2025-ci ilin mayın 29-dan 3 ay müddətinə həmin məktəbin müəllimi Cavabdeh1 həvalə edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı attestasiya qərarının qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli attestasiya qərarının qanunsuz hesab edilməsi, həmin qərar əsasında qəbul edilmiş 10 aprel 2025-ci il tarixli, 50 nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbində fortopiano müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı ilə cavabdeh Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi arasında xx.xx.2018-ci tarixdə əmək müqaviləsi bağlanmış və cavabdehin həmin tarixli əmri ilə iddiaçı məktəbdə fortopiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olarkən yıxılaraq xəsarət almış, Sumqayıt Tibb Mərkəzi X12 Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etmişdir. Xəstəxananın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edən xəstələrin qeydiyyat kitabından xx.xx.2025-ci il çıxarışa əsasən 1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 12:40-da Sumqayıt Şəhər Təcili X3 təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmiş, sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, xəstəyə yardım göstərilmiş və ambulator müalicəyə göndərilmişdir. Qeyd olunan diaqnozla iddiaçıya əməliyyat göstərişi olduğundan ona, xx.xx.2024-cü il tarixdə Olimp Hospitalda sağ dirsəkdə kontrakturanın ləğvi cərrahi əməliyyatı icra edilmişdir. Bundan sonra iddiaçı 1 ay ərzində xəstəlikdə bağlı bülletendə olmuş, dekabr ayında əmək fəaliyyətinə davam etməyə başlamışdır. İşə çıxmağına baxmayaraq qolunda cərrahi müdaxilə onun fortopianoda ifa etmək qabiliyyətini müvəqqəti olaraq xeyli aşağı salmışdır. Belə ki, iddiaçıya sağ qolunda ikinci əməliyyatın da keçirilməsinin zəruri olduğu bildirilmişdir. İddiaçı hal-hazırda növbəti əməliyyatın icrası üçün tibbi prosedurlara başlamışdır. Belə ki, müalicələrini davam etdirdiyi vaxtda xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən attestasiya keçirilmiş, attestasiya nəticəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əsas götürülərək 10 aprel 2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, əmr qanunsuz olduğundan ləğv edilməli və iddiaçı tutduğu vəzifəyə bərpa edilməlidir. Belə ki, işəgötürən tərəfindən keçirilən attestasiya hazırlaşmaq üçün müəyyən vaxt, əmək və hazırkı halda qolun nahiyyəsinin də işlədilməli olduğu fiziki qüvvə (fortopianoda ifa) tələb olunur. İddiaçı iş yerində aldığı xəsarət səbəbindən ağır əməliyyatlar keçirdiyi, müvafiq müalicələr aldığı və hələ də müalicələrinin davam etdiyi dövrdə attestasiyaya hazırlaşmaq üçün kifayət qədər imkan tapmamışdır. Onun ruhi və fiziki vəziyyəti attestasiya zamanı biliklərini nümayiş etdirməyə mane olmuşdur. Qolu yenicə əməliyyatdan çıxmış və ikinci əməliyyatın keçirilməsinə göstəriş olan iddiaçının attestasiya zamanı mükəmməl fortopiano ifası nümayiş etdirməsi ağlabatan deyildir. Hesab edir ki, ağlabatan olmadığı halda, onun attestasiyaya cəlb olunması qərəzli və əsassız olmuşdur. Əməliyyat olunduğu Olimp Hospitalın müalicə həkiminin xx.xx.2025-ci il tarixli rəyində də iddiaçının əməliyyatdan sonra fizioterapiya prosedurları müalicəsi aldığı, təkrar müayinə olunması göstərilmiş və həmin tarixdən sonra da 6 həftəlik fizioterpiya reabilitasiyası tövsiyyə olunmuşdur. Buna görə də, iddiaçının həmin ərəfədə attestasiyaya cəlb edilməsini və attestasiya komissiyasının qərarını qanunsuz, əsassız, qərəzli və qeyri obyektiv hesab edir. Belə ki, qeyd olunan attestasiya qərarı ilə iddiaçının karyerasının taleyi həll olunmuş və o, əsassız olaraq tutduğu vəzifədən azad edilmişdir. Elə 10 aprel 2025-ci il tarixdə iddiaçıya əmrin surəti və son-haqq hesab təqdim olunmuş, iddiaçı isə əmrlə razılaşmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, attestasiya komissiyasının rəyinə əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin fortepiano müəlliməsi İddiaçı fəaliyyətə yararsız hesab edilmişdir. İddiaçı işdən çıxarılması ilə bağlı əmri isə məktəbin direktoru Əİiyeva Şəms Kazbek qızı vermişdir. Odur ki, iddiaçının işə bərpa olunmasına etiraz etmir, lakin komissiyanın rəyinin ləğv olunması məsələlərinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.
10. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Abşeron X6 İdarəsi Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktorudur. İddiaçı onun direktoru olduğu məktəbdə fortepiano müəlliməsi işləyir. İddiaçı işə normal gəlib-gedən, yaxşı müəllimələrdən biri olmuş və onun müəllimədən heç bir şikayəti olmamışdır. Qeyd edir ki, İddiaçı məktəbdə yıxılmış və hadisə nəticəsində qolu sınmışdır. Bundan sonra o, məzuniyyətə çıxmışdır. Daha sonra isə nazirlik tərəfindən keçirilən attestasiya imtahanının keçirilməsi ilə bağlı əvvəlcədən məktəblərə, müəllimlərə məlumat verilmişdir. İddiaçı keçirilən attestasiya imtahanında iştirak etmiş və komissiya tərəfindən yararsız olması ilə bağlı rəy verilmişdir. Belə ki, iddiaçı komissiya rəy verdikdən sonra iddiaçıya fortepianoda ləng ifa etdiyini bildirmiş və bundan sonra iddiaçı qolundakı xəsarəti komissiyaya bildirmişdir. Hesab edir ki, İddiaçı ya komissiyaya məlumat verməklə, attestasiyadan iştirak etməkdən imtina etməli yaxud iştirak edəcəyi təqdirdə isə rəy verilməzdən qabaq səhhətində yaranmış problemi komissiyaya bildirməli idi. Komissiya belə qənaətə gəlmişdir ki, iddiaçının başına gələn bu hal 66-cı maddənin təsiri dairəsinə düşmür. Belə ki, ona bildirilmişdir ki, işçi iş yerində olsa da, sırf iş başında olarkən, yəni fortepiaonoda ifa edərkən xəsarət almışdırsa, onun imtahanda iştirak etməməsi üzrlü hesab olunur. Odur ki, qeyd etdiyi kimi Günel müəllimədən heç bir narazılığı yoxdur, lakin qanunun tələbi onun istəklərindən daha üstündür. Beləliklə attestasitayadan keçməmiş müəllimlərin əmək müqaviləsinə xitam verilməlidir. Bu səbəbdən onun tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
11. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə göndərilmiş attestasiya imtahanında çəkilmiş videogörüntülərdən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin fortepiano müəlliməsi işləmiş İddiaçı attestasiya imtahanında fortepianoda ifa edərkən əllərindən rahat şəkildə istifadə etmiş və onun fortepianoda ifa etməsinə mane olan hər hansı hal aşkar edilməmişdir.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3415/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya həqiqətən sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, bununla bağlı iddiaçı əməliyyat olunmuş və reabilitasiya keçərək müalicə almışdır. Lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş diskdə olan videogörüntüdən göründüyü kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin fortepiano müəlliməsi işləmiş İddiaçı attestasiya imtahanında fortepianoda ifa edərkən əllərindən rahat şəkildə istifadə etmiş və onun fortepianoda ifa etməsinə mane olan hər hansı hal aşkar edilməmişdir. Eyni zamanda məhkəmə həmin görüntüləri sübut kimi qəbul edərək və iddiaçının attestasiya imtahanında fortepianoda əlləri vasitəsi ilə ifa etməsinə və sağlamlığına hər hansı bir maneənin olmadığını və eyni zamanda atetasiyanın keçiriliməsinə qanunvericiliyin pozulması halları aşkar edilmədiyini nəzərə alaraq, hesab edir ki, attestasiya komissiyasının qərarının ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə eyni zamanda bildirir ki, iddiaçı qolundan almış xəsarətlə əlaqədar reabilitasiya dövründə müalicəsinin tam olmaması ilə əlaqədar ambulator şəraitdə müalicə keçməklə attestasiya komissiyasına qabaqcadan xəbər vermək hüququ olmuş, lakin bunlardan istifadə etməmişdir.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 42, 64, 65, 66, 67-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işəgötürən tərəfindən keçirilən attestasiyaya hazırlaşmaq üçün müəyyən vaxt, əmək və hazırkı halda qolun nahiyyəsinin də işlədilməli olduğu fiziki qüvvə (fortopianoda ifa) tələb olunmasını, iddiaçı iş yerində aldığı xəsarət səbəbindən ağır əməliyyatlar keçirdiyini, müvafiq müalicələr aldığını və hələ də müalicələrinin davam etdiyi dövrdə attestasiyaya hazırlaşmaq üçün kifayət qədər imkan tapmamasını, onun ruhi və fiziki vəziyyətinin attestasiya zamanı biliklərini nümayiş etdirməsinə mane olmasını, qolu yenicə əməliyyatdan çıxmış və ikinci əməliyyat keçirilməsinə göstəriş olan iddiaçının attestasiya zamanı mükəmməl fortopiano ifası nümayiş etdirməsinin ağlabatan olmamasını, belə olan halda onun attestasiyaya cəlb olunmasının qərəzli və əsassız olmasını nəzərə almamışdır. Belə ki, İddiaçı ilə cavabdeh Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi arasında xx.xx.2018-ci tarixdə əmək müqaviləsi bağlanmış və cavabdehin həmin tarixli əmri ilə iddiaçı məktəbdə fortopiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olarkən yıxılaraq xəsarət almış, Sumqayıt Tibb Mərkəzi X12 Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etmişdir. Xəstəxananın təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət edən xəstələrin qeydiyyat kitabından xx.xx.2025-ci il çıxarışa əsasən 1985-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 12:40-da Sumqayıt Şəhər Təcili X3 təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə müraciət etmiş, sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, xəstəyə yardım göstərilmiş və ambulator müalicəyə göndərilmişdir. Qeyd olunan diaqnozla iddiaçıya əməliyyat göstərişi olduğundan ona xx.xx.2024-cü il tarixində Olimp Hospitalda sağ dirsəkdə kontrakturanın ləğvi cərrahi əməliyyatı icra edilmişdir. Bundan sonra iddiaçı 1 ay ərzində xəstəlikdə bağlı bülletendə olmuş, dekabr ayında əmək fəaliyyətinə davam etməyə başlamışdır. İşə çıxmasına baxmayaraq, qolundakı cərrahi müdaxilə onun fortopianoda ifa etmək qabiliyyətini müvəqqəti olaraq xeyli aşağı salmışdır. Belə ki, ona sağ qolunda ikinci əməliyyatın da keçirilməsinin zəruri olduğu bildirilmişdir. İddiaçının qoluna birinci instansiya məhkəməsində işə baxılan ərəfədə ikinci əməliyyat icra olunmuşdur. Bu halı təsdiq edən arayış iş materiallarına əlavə edilmişdir. Belə ki, müalicələrini davam etdirdiyi vaxtda xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən attestasiya keçirilmiş, attestasiya nəticəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əsas götürülərək 10 aprel 2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu hal iddiaçının hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olmuş, məhkəmə tərəfindən qeyd edilən hallara lazımi qiymət verilməmişdir. İddiaçının iş yerində xəsarət almasını, rəhbərliyin bundan xəbərdar olmasını, iki dəfə qolundan əməliyyat olmasını, hələ də reabilitasiya dövründə olmasını nəzərə almadan onun attestasiyadan keçirilməsini qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edir. Hesab edir ki, məhkəmə formal mülahizələrə əsasən qətnamə qəbul etmiş, videogörüntünü izləyərək iddiaçının qolundan rahat şəkildə istifadə etməsinə istinad etmişdir. Lakin iş materillarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışla təsdiq olunur ki, iddiaçıya təkrar cərrahi müdaxilə tövsiyyə olunmuş və həmin ayda da icra olunmuşdur. Sual olunur ki, iddiaçının qolu rahat şəkildə hərəkət edirdisə və ya qolunun hərəkəti hər hansı formada ona narahatlıq yaratmırdısa, iddiaçıya nə üçün təkrar əməliyyat icra edilməsi göstərişi olmuşdur. Bunda əlavə iddiaçının səhhətində ciddi problemlərin olduğu dövrdə mənəvi olaraq attestasiya prosesinə necə hazırlaşa bilərdi. İddiaçı qolundan almış xəsarətlə əlaqədar reablitasiya dövründə müalicəsinin tam olmaması ilə əlaqədar ambulator şəraitdə müalicə keçməklə attestasiya komissiyasına qabaqcadan xəbər vermək hüququ olmasına baxmayaraq, bunlardan istifadə etməməsi ilə bağlı məhkəmənin qənaətinə gəlincə qeyd edilməlidir ki, işəgötürən bu hallardan məlumatlı olmuş, iddiaçı dəfələrlə şifahi qaydada etirazını bildirsə də nəzərə alınmamış, onun bu vəziyyətdə attestasiyaya cəlb olunması özlüyündə qərəzli olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən X8 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 35. Əmək hüququ I.Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;
23. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
24. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
25. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
26. Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; (...)
27. Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)
28. Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.
3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
29. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. (...)
30. Maddə 66. Attestasiya olunmayan işçilər Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.
31. Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.
2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.
4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələrinə xitam verilə bilməz.
5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.
32. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
34 Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərarın və əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsindən ibarətdir.
43. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, o, xx.xx.2024-cü il tarixdə işdə olarkən yıxılaraq xəsarət almış, sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, qeyd olunana diaqnozla iddiaçıya əməliyyat göstərişi olduğundan ona, xx.xx.2024-cü il tarixində sağ dirsəkdə kontrakturanın ləğvi cərrahi əməliyyatı icra edilmişdir. Bundan sonra iddiaçı 1 ay ərzində xəstəlikdə bağlı bülletendə olmuş, dekabr ayında əmək fəaliyyətinə davam etməyə başlamışdır. Belə ki, müalicələrini davam etdirdiyi vaxtda xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən attestasiya keçirilmiş, attestasiya nəticəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əsas götürülərək xx.xx.2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
44. Məhkəmə iclasında cavabdeh Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən X8 izahatında bildirmişdir ki, iddiaçının işə bərpa olunmasını istəyir, lakin bununla bağlı yazılı razılıq təqdim edə bilmir. Əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması hissəsində iddianı qəbul edir.
45. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehlərdən biri olan Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin nümayəndələrinin etirafını iddianın təmin edilməsi istiqamətində həlledici arqmenti kimi qəbul etmir. İddiaçı tərəf Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsini cavabdeh qismində göstərmədiyini bildirsə də, iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi ərizədə cavabdeh qismində göstərilmişdir.
46. Digər tərəfdən, işdən görünür ki, Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin tabeliyində fəaliyyət göstərir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamına əsas Mədəniyyət Nazirliyinin sisteminə daxil olan adı çəkilən incəsənət məktəbində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən attestasiya komissiyasının qərarı olmuşdur.
47. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsində nəzərdə tutulmuş iddianın etiraf edilməsi cavabdehin ona qarşı iddiaçı tərəfindən irəli sürülən iddia tələbini qəbul etməsində ifadə olunur. İddianı etiraf etməklə cavabdeh iddiaçı ilə məhz onun göstərdiyi hüquq münasibətlərində olmasını təsdiq edir və könüllü olaraq prosessual müdafiədən imtina edir.
48. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim cavabdehə iddianın etiraf edilməsinin mahiyyətini izah etməli və bu hərəkətin nəticələrini ona bildirməlidir.
49. Lakin qanunvericilik bu halda da məhdudiyyətlər müəyyən etmişdir. Belə ki, məhkəmə iddianın tam etiraf edilməsinin könüllü, qanuna uyğun olduğunu və kənar şəxslərin mənafeyini pozmadığını müəyyən etdikdə qəbul edir, əks halda məhkəmə belə hərəkətləri qəbul etmir.
50. Kollegiya həmçinin hesab edir ki, mövcud iddiaya məhkəmədə baxılması cavabdehin öz əmrini ləğv və iddiaçını işinə bərpa etməyə maneə olan hal deyildir.
51. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçının şikayətində qeyd etdiyi hallar Əmək Məcəlləsinin 66-cı maddəsinin təsir dairəsinə düşmür.
52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
54. Belə ki, attestasiya komissiyasının qərarının əsaslılığı və onun keçirilmə qaydası məhkəmədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
55. Mübahisələndirilən məsələ iddiaçının attestasiyaya hazırlaşmaq üçün müəyyən vaxt, əmək və hazırkı halda qolun nahiyyəsinin də işlədilməli olduğu fiziki qüvvə (fortopianoda ifa) tələb olunmasını, iş yerində aldığı xəsarət səbəbindən ağır əməliyyatlar keçirdiyinin, müvafiq müalicələr aldığını və hələ də müalicələrinin davam etdiyi dövrdə attestasiyaya hazırlaşmaq üçün kifayət qədər imkan tapmamasının, onun ruhi və fiziki vəziyyətinin attestasiya zamanı biliklərini nümayiş etdirməsinə mane olmasının, qolu yenicə əməliyyatdan çıxmış və ikinci əməliyyat keçirilməsinə göstəriş olan iddiaçının attestasiya zamanı mükəmməl fortopiano ifası nümayiş etdirməsinin ağlabatan olmamasının, belə olan halda onun attestasiyaya cəlb olunmasının qərəzli və əsassız olmasının nəzərə alınmamasıdır.
56. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə xəsarət almış, sağ dirsək oynağının çıxıq və mil sümüyü boynunun xətti sınığı diaqnozu qoyulmuş, 5 ay sonra xx.xx.2024-cü il tarixində sağ dirsəkdə kontrakturanın ləğvi cərrahi əməliyyatı olunmuş, həmin ilin dekabr ayında işə çıxmış, attestasiya isə xx.xx.2025-ci il tarixdə keçirilmişdir.
57. Lakin iddiaçının attestasiyada iştirak etməsinə mane olan ərizədə göstərdiyi hallar barədə attestasiya komissiyasına qabaqcadan xəbər vermək imkanı olsa da, bu barədə məlumat verməmiş, əksinə attestasiyada iştirak etmiş, hətta fortepianoda da ifa etmişdir.
58. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə xx.xx.2025-ci il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının göstərdiyi dəlillər həmin əmrin ləğv edilməsi üçün əsas deyildir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir.
60. İşin hallarından həmçinin müəyyən edilmişdir ki, iddia ərizəsində iddiaçı tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsi və Abşeron Rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbi qeyd edilsə də, birinci instansiya məhkəməsində icraat zamanı məktəbin direktoru Cavabdeh1 da işdə cavabdeh qismində göstərilmişdir.
61. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
62. Göründüyü kimi birinci instansiya məhkəməsində icaat zamanı göstərilən prosessual hüquq norması pozuntusu halı baş vermiş, lakin həmin pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmamışdır.
63. Belə ki, Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
64. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
65. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Beləliklə işin araşdırılmış hallarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə düzgün olduğundan, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3415/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.