Məhkəmə qərarları › İş №2(105)-1498/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1498/2021

09.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1498/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılmasi tələbinə dair mülki iş üzrə Qusar rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(029)-165/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Kazımov) iddia tələbinin təmin edilməsi, Qusar rayonunun Gilahoba kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 12 dekabr 2017-ci il qeydiyyat tarixli, Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışa əsasən İddiaçı məxsus 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən buraxılması, torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulmuş, Seriya RX ******* saylı 12 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət hüququ üzrə adına rəsmiləşdirilmiş, Qusar rayonu Gilahoba kəndində yerləşən 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən buraxılması, torpaq sahəsinin onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Gilahoba kəndində yerləşən 0.47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Onun mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Seriya RX ******* saylı 12 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh xeyli müddətdir ki, daha doğrusu 2005-ci ildən həmin torpaq sahəsini qanunsuz olaraq tutumuş və onun iradəsinə zidd olaraq istifadə edir. Belə ki, o, torpaq sahəsini satmaq niyyətində olmamışdır. Cavabdeh özü ona yaxılaşaraq torpaq sahəsini satıb-satmadığını sorşmuşdur. Həmin vaxt torpaq sahəsinin sənədi, yəni çıxarışı olmamışdır. Belə ki, mübahisə edilən torpaq sahəsi onun adına vərəsəlik yolu ilə rəsmiləşdirilmişdir. Aralarındakı razılaşmaya əsasən torpaq sahəsinin çıxarışı düzəldikdən sonra cavabdeh ona 650 (altı yüz əlli) ABŞ dolları verməli idi, lakin cavabdeh aralarındakı razılaşmaya əməl etməmiş, həmçinin onun torpaq sahəsini də geri qaytarmaqdan imtina etmişdir. Cavabdehlə aralarında torpağın alqı-satqısına dair heç bir müqavilə imzalanmamışdır. Bunun nəticəsində isə o, özünə məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə edə, orada hər hansı kənd təsərrüfatı məhsulları əkib-becərə və gəlir əldə edə bilmir. Bu barədə dəfələrlə Cavabdeh bildirsə də, cavabdeh ona məxsus torpaq sahəsini könüllü qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni ətraflı araşdırmamış və nəticədə düzgün qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsini zəbt etməsinin öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 157.1, 157.2., 157.4, 157.8, Torpaq Məcəlləsinin 84, 111-ci maddəsinin birinci və ikinci bəndlərinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilərək iddia tələbi təmin edilmiş, cavabdeh həmin nəticədən narazı qalaraq apellyasiya qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. maddəsi mülkiyyət hüququnu subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ kimi müəyyənləşdirmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Qusar rayonu Gilahoba kəndində yerləşən **********4 reyestr nömrəli 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Ziyəddin oğluna məxsusdur və həmin torpaq sahəsi cavabdehin özünün apellyasiya şikayətində də qeyd etdiyi kimi bu günə kimi onun istifadəsindədir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapdığından, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2., 157.4. maddələri). Mülki Məcəllənin 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Odur ki, tərəflər arasında notarial qaydada təsdiq edilmiş müqavilə mövcud olmadığından, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində göstərdiyi (torpaq sahəsinə görə iddiaçıya 650 ABŞ dolları verdiyini və çıxarış aldıqdan sonra aralarında alqı-satqı müqaviləsinin rəsmiləşdirəcəkləri, iddiaçının ondan əlavə 4500 manat pul istədiyindən alqı-satqının baş tutmaması barədə) dəlilinə gəldikdə qeyd edir ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (Mülki Məcəllənin 390.1., 390.3-cü maddələri). Cavabdeh istinad etdiyi müqavilədə iddiaçının öhdəlik götürməsi və torpaq sahəsinin müqabilində cavabdehdən 650 ABŞ dolları məbləğində pul alması öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlilləri ilə razılaşmır və bu qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Qusar rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Qusar rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar