Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-150/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 Xeybər oğlunun, Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 163/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas borc, 22760,5 (iyirmi iki min yeddi yüz altmış manat 50 qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 56715,01 manat borcun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilə yönəldilməsi, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilin ilkin satış qiymətinin likvid olaraq 75000 (yetmiş beş min) manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəlməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ödənilmiş 260,15 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 128,3 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas, 33514,97 (otuz üç min beş yüz on dörd manat 97 qəpik) manat faiz, 32313,40 (otuz iki min üç yüz on üç manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 388,45 (üç yüz səksən səkkiz manat 45 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31072014/112523 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2015-ci il tarixli 29102015/112523 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 34735 (otuz dörd min yeddi yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2014 tarixli ipoteka müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən məzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2021-ci il tarixli **********492 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 17 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 99482,88 (doxsan doqquz min dörd yüz səksən iki manat 88 qəpik) manat təşkil edir. Bundan 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas, 33514,97 (otuz üç min beş yüz on dörd manat 97 qəpik) manat faiz, 32313,40 (otuz iki min üç yüz on üç manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödənişdən yayınmır, sadəcə faiz borcu kimi tələb olunan məbləğ həddən artıq yüksəkdir. Onun və ailə üzlərinin öz mülkiyyətindən məhrum edilməsi ədalətsizlikdir. Ekspertiza rəyləri həqiqəti əks etdirmir. Belə ki, həmin ərazidə həmin ölçüdə olan mənzillərin qiyməti xeyli artıqdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51 A nömrəli binada yerləşən 49 saylı mənzilin likvid qiyməti 75000 manat müəyyən edilmişdir. Lakin həmin məbləğdə reallığı əks etdirmir. Belə ki, həmin ərazidə 4 otaqlı mənzillərin satış qiyməti 120000 (yüz iyirmi min) manat təşkil edir. Bu səbəbdən məhəkmədə vəsatətlə müraciət edərək Cavabdeh2 məxsus Sumqayıt şəhəri 17-ci mikrorayon 51 A saylı evin 49 saylı evin likvid dəyərinin müəyyən edilməsi üçün yenidən mütəxəssis rəyi verilməsi üçün ekspertiza təyin edilməsini xahiş etdi. Lakin məhkəmə vəsatətini araşdırmadan qətnaməni elan etdi. Buna görə də qətnaməni əsassız, ədalətsiz və qanunsuz sayır. Yuxarıda qeyd olunan əsaslara görə hesab edir ki, qətnamə qanunsuzdur. İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə3 Xeybər oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması, iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə verməsi, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməməsi, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnaməni faiz və əmlakın likvid dəyəri hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və evin satışından əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin məhkəmə qətnaməsinin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, tutma əmlaka yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin həmin əmlakdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin və digər şəxslərin həmin evdən çıxarılmaları, əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə olmuşdur. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 31072014/112523 saylı əsas kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2015-ci il tarixli 29102015/112523 saylı əlavə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə illik 23% dərəcəsi ilə 34735 manat kredit verilmiş, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də 31 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Cavabdeh apellyasiya şikayətində faiz məbləğinin artıq hesablandığını, borcun süni şəkildə şişirdildiyini qeyd etsə də, məhkəmə kollegiyası qarşısında təkrar ekspertiza keçirilməsi məsələsini qaldırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1220 saylı müvafiq rəyinə əsasən, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 29102015/112523 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 29844,81 manat, faiz borcu üzrə 22760,50 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmş faiz borcu 4265,32 manat müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə borcları qaldığı ekspert rəyi ilə bir daha öz təsdiqini tapmış və həmin rəydə məhz cavabdehin müqavilə müddəti bitənədək olan müddətə, yəni xx.xx.2019-cü il tarixə (iddiaçının müqavilə müddəti bitdikdən sonra iddia qaldırdığı nəzərə alınmaqla) faiz borcu hesablanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 739, 385.1, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin ipoteka predmetinin likvid dəyərinin mübahisələndirilməsi ilə əlaqədar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə əmlakın xx.xx.2024-cü il tarixinə bazar dəyəri 83.000 manat, likvid dəyəri 71.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, habelə hüquqda ümumi qəbul olunmuş şikayət vermiş şəxsin ziyanına dəyişmənin yolverilməzliyi (non reformatio in peius) prinsipini nəzərə alaraq belə qənaətə gəlir ki, ipoteka predmetinin likvid dəyəri olaraq mütəxəssis rəyində göstərilən məbləğ birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdən aşağı olduğundan, apellyatorun mənafeyini əsas götürərək, hazırkı mütəxəssis rəyində göstərilən məbləğdə müəyyən edilməsi məqsədəmüvafiq deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı mütəxəssis rəyinin alınması üçün Cavabdeh1 tərəfindən ödənilmiş 180 manat məbləğində pul vəsaiti apellyasiya şikayəti təmin edilmədiyindən onun özünə aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-150/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-150/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver