Məhkəmə qərarları › İş №2(105)-1500/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1500/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1500/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçının hüquqi varisi X1 nümayəndə və vəkili İddiaçı2 Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı1 Şıxəhməd qızının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-39/2014 saylı, 09 yanvar 2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 2(029)-39/2014 saylı, 09 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanındakı evdən istifadə hüququna xitam verilməsi qət edilmişdir (hakim Ələkbər Hüseynov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı1 Şıxəhməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinmə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edlib. Hazırki qətnamədən 2020-ci ilin dekabr ayında məlumatı olub. Ona bildiriblər ki, artıq həmin ünvanda qeydiyyatda deyildir. Bundan sonra polis idarəsi iİə müraciət edərək qeydiyyatdan çıxma səbəbi barədə maraqlandıqda anasının məhkəməyə müraciət etdiyini və məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxdığını öyrənmişdir. Məhkəmə iclasları barədə məlumatı olmamış, məhkəmə iclaslarına çağırılmamışdır. 2008-ci ildə ailə qurduqdan sonra Qusar şəhərində iş tapa bilmədiyi üçün Bakı və Sumqayıt şəhərlərində yaşamışdır. Sonradan qardaşı ailə qurmuş, bacısı boşandıqdan sonra həmin evdə yaşamağa başlamışdır. Ev balaca olduğundan həmin evdə yaşamamışdır. Amma ona məxsus əşyalar və həyat yoldaşının gətirdiyi cehiz əmlaklar həmin evdədir. Mübahisəli ev atası Alik Ağarəhimova məxsus olub, 2012-ci ildə atası dünyasını dəyişəndən sonra ev heç kimin adına rəsmiləşdirilməmişdir. Hazırda iddiaçı vəfat edib. Odur ki, Qusar Rayon Məhkəməsinin 2(029)-39/2014 saylı, 09 yanvar 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi X1 nümayəndə və vəkili Rzayev Elvin Rəşid oğlu göstərdi ki, mübahisəli ev ümumiyyətlə cavabdehlərin anasının, yəni hazırki iş üzrə iddiaçının mülkiyyətində olmayıb, ev atadan hazırda müvəkkili olan X1 birbaşa mülkiyyətinə keçmişdir. Hesab edir ki, hazırda təmsil etdiyi şəxs iş üzrə iddiaçının hüquqi varisi qismində işə cəlb edilməli deyildi. İddiaçı əsl iddiaçı ilə əvəz oluna bilərdi. İddia qaldırarkən iddiaçının mübahisəli mənzilə dair iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-39/2014 saylı, 09 yanvar 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-39/2014 saylı, 09 yanvar 2014-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınma Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Qusar şəhəri, Q. Məhəmməd küçəsi 52B ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X2 adında dövlət reyestrdində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X6 13.09.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Qusar rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3629 saylı, 03 oktyabr 2013-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı1 Şıxəhməd qızı, X7, X3, X4, X5 və Cavabdeh qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi Cavabdeh mübahisəli evdə qeydiyatda olsa da, həmin evdə 5 ildən çoxdur ki yaşamamasını, həmin evdən çıxaraq başqa evdə yaşamasını müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni 2009-cu ilin oktyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X6 olmuş, X6 13.09.2012-ci il tarixdə ölmüşdür. Təqdim edilmiş Azərbaycan Respublikası Daşınma Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Qusar şəhəri, Q. Məhəmməd küçəsi 52B ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 adında dövlət reyestrdində 30.11.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı1 Şıxəhməd qızı hazırki iddia ərizəsi ilə 14.10.2013-cü il tarixdə müraciət etmiş və iş üzrə mübahisələndirilən qətnamə 09 yanvar 2014-cü il tarixdə qəbul edilmişdir. İş materiallarından müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi 13.09.2012-ci il tarixə (öldüyü günədək) X2 mülkiyyətində olmuş, 30.11.2013-cü il tarixdə isə X1 adına qeydiyyata alınmışdır. Lakin mübahisəli fərdi yaşayış evi İddiaçı1 Şıxəhməd qızının mülkiyyətində olmasına dair iş materiallarında hər hansı sübut mövcud olmamışdır. Eyni zamanda iş üzrə qətnamə qəbul edilən zaman mübahisəli fərdi yaşayış evi artıq X1 adında dövlət reyestrdində qeydiyyata alınmışdır. Bununla da müəyyən edilir ki, İddiaçı1 Şıxəhməd qızı mübahisəli fərdi yaşayış evi mülkiyyətində olmadığı halda hazırki iddianı qaldırmış və mübahisəli fərdi yaşayış evi artıq X1 adında dövlət reyestrində qeydiyyata alındıqdan sonra qətnamə qəbul edilmişdir. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iddia tələbini mübahisəli evin mülkiyyətçisi X7 qaldırmalı olduğu halda iddianı İddiaçı1 Şıxəhməd qızı qaldırmışdır. Lakin iş materiallarında İddiaçı1 Şıxəhməd qızının evin mülkiyyətçisi X1 adından iddia qaldırmaq hüququnun olmasına dair hər hansı sübut (etibarnamə) mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmayan İddiaçı1 Şıxəhməd qızının hazırki iddianı qaldırmaq səlahiyyətinin olub-olmamasını araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. X13 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68) Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X13 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iddianın hüququ olmayan şəxs tərəfindən qaldırılmasını araşdırmadan iddia tələbini təmin etməklə, maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-39/2014 saylı, 09 yanvar 2014-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 386, 388, 392, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-39/2014 saylı, 09 yanvar 2014-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Şıxəhməd qızının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar