Məhkəmə qərarları › İş №2(105)-1501/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1501/2024

16.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1501/2024 16.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə (Açar söz: torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-521/2018 nömrəli qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 5 saylı Xaçmaz Ərazı İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi məhkəmədə iddia qaldıraraq Şabran rayonu Xəlfələr kəndi ərazisində uzun müddət istifadəsində və faktiki mülkiyyətində olan cəm 5500 kvm. həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, onun fərdi mənzil tikintisi üçün Dəvəçi rayon İcra Hakimiyyətinin 14 mart 1992-ci il tarixli sərəncamı ilə verilmiş 1000 kv.m həyətyanı sahəsinin ətrafında uzun müddətdir ki, 4500 kv.m torpaq sahəsini də istifadə edir. Həmin 4500 kv.m torpaq sahəsi pay torpağı verilərkən ona düşən pay torpağından çıxılmışdır. Hazırda həmin torpaq sahəsində tikinti işləri aparmaq istəyir, bu məqsədlə torpaq sahəsini mülkiyyətinə keçirmək istəyir. Lakin həmin torpaq sahəsinə rəsmi sənədləri olmadığından bunu edə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Buna görə də Şabran rayonu Xəlfələr kəndi ərazisində uzun müddət istifadəsində və faktiki mülkiyyətində olan 5500 kvm. həyətyanı torpaq sahəsinə onun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

3. Ərizəyə qarşı etiraz daxil olmamışdır.

4. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-521/2018 nömrəli qətnaməsi ilə (hakim İsgəndərov Çingiz) ərizə təmin edilmiş, Şabran rayonu Xəlfələr kəndi ərazisində 5500 kv.m həyətyanı torpaq sahəsinə Ərizəçi mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 4500 kv.m torpaq sahəsi pay torpağı verilərkən ərizəçiyə düşən pay torpağından çıxılmışdır. Ərizəçi qeyd olunan daşınmaz əmlakın mülkiyyətçisi olmadığından həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək imkanı yoxdur. 5500 kv.m torpaq sahəsinin uzun müddət ərizəçinin istifadəsində və faktiki mülkiyyətində olması əsası ilə ərizə təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139, 152.1,182.4,178.1, Mülki Prosessual Məcəllənin 307, 308, 309, 311-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-521/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə torpaq sahəsinə ərizəçinin mülkiyyət hüquqlarını tanımaqla hansı hüquqmüəyyənedici sənədə əsaslandığını qətnamədə göstərməmişdir. Torpaq sahəsinin ərizəçinin adına ayrılmasına dair heç bir sənəd yoxdur və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququna malik deyildir. İlk növbədə mübahisənin ümumi və ya inzibati-iqtisadi məhkəməyə aidiyyatı, o cümlədən ərazi aidiyyatı müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələblərinə səlahiyyətli məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla, hüquqi qiymət verilməlidir. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və bununlada qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, fərdi mənzil tikintisi üçün Şabran Rayon İcra Hakimiyyətinin 14 mart 1992-ci il tarixli sərəncamı ilə verilmiş 1000 kvm həyətyanı sahəsinin ətrafında uzun müddətdir ki, 4500 kvm torpaq sahəsini də istifadə edir, orada heyvandarlıqla məşğuldur. Həmin 4500 kvm torpaq sahəsi pay torpağı verilərkən ona düşən pay torpağından çıxılmışdır. Pay torpağı uşaqları arasında bölüşdürmüş, hamısının adına çıxarış əldə etmişdir. 6 uşağı var, biri 1997-ci ildən sonra dünyaya gəldiyi üçün ona pay düşməmişdir. 1000 kvm torpaq sahəsinə çıxarış ala bilməmişdir. Hazırda əsas 1000 kv torpaq sahəsinə çıxarış əldə etmək istəyir. 1000 kvm torpaq sahəsinə münasibətdə əmr, müqavilə var, amma kötüyü yoxdur. 4500 kvm torpaq sahəsinə çıxarış almaq alınmırsa, heç olmasa 1000 kvm. torpaq sahəsinə münasibətdə çıxarış almaq istəyir. 1000 kvm. torpaq sahəsinə çıxarış əldə olunması ilə bağlı DƏDKR PHŞ-yə dəfələrlə müraciət etmiş, gözləməli olduğunu bildiriblər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qıtaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2in 5 saylı Xaçmaz Ərazı İdarəsinin və Şabran Rayonu Taxtalar Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Dəvəçi RİHB-nın 14 mart 1992-ci il tarixli əmrindən görünür ki, Bilici sovetliyi üzrə nümayəndənin 15 fevral 1992-ci il tarixli, 10 nömrəli əmrinə əsasən Ərizəçia ayrılmış 1000 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

13. Şabran rayon İH İcraiyyə Komitəsinin kommunal təsərrüfat şöbəsi ilə Ərizəçi arasında bağlanmış 08 aprel 1992-ci il tarixli müqavilənin surətindən görünür ki, Şabran rayon İH 14 mart 1992-ci il tarixli qərarına müvafiq olaraq, Dəvəçi rayonu Xəlfələr kəndi ərazisində 1000 kvm. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün müddətsiz istifadə hüququ əsasında Ərizəçi verilmişdir.

14. Şabran rayon İHB-nın Düzbilici İƏD üzrə nümayəndəlyi tərəfindən verilmiş 20 oktyabr 2011-ci il tarixli 216 saylı arayışdan görünür ki, Ağayev Äğamoğlan Mirələkbər oğlunun fərdi mənzil tikintisi üçün ayrılmış 1000 kvm həyətyanı torpaq sahəsinin ətrafında əlavə zəbt olunmuş 4500 kvm torpaq sahəsi mövcuddur. Həmin zəbt olunmuş 4500 kvm torpaq sahəsi pay torpağı verilərkən ona düşən pay torpağından çıxılmışdır.

15. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dəvəçi rayonu, Xəlfələr kəndi ərazisində torpaq islahatı zamanı adambaşına düşən pay torpaq normasına dair məlumat akşar edilməmişdir.

16. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Bilici İƏV üzrə X3 Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı potokolundan görünür ki, normadan artıq istifadə olunan həyətyanı torpaq sahələri hər bi subyektə düşən torpaq normasından çıxılması qərara alınmışdır.

17. Dəvəçi rayon, Bilici İƏV üzrə Xəlfələr kəndi yaşayış məntəqəsində torpaq almaq hüququ olan vətəndaşların qruplaşması və puşkatma ardıcıllığı üzrə siyahısından görünür ki, Ərizəçi istifadəsində təsərrüfatbaşına kitaba əsasən 0,10 ha, zəbt 0,40 ha, cəmi 0,50 ha torpaq sahəsi vardır.

18. JN-0016 KOD 30405058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli Qərarı ilə Ərizəçi və onun 6 nəfər ailə üzvünün mülkiyyətinəd 3,91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi

139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

20. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHİSİ

1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.6. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarı:

7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-521/2018 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-521/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası ilk öncə ərizəçinin sahibliyində olan 1000 kvm. torpaq sahəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi Dəvəçi rayonu Bilici sovetliyi üzrə nümayəndənin 15 fevral 1992-ci il tarixli, 10 nömrəli əmrinə əsasən Ərizəçi fərdi yaşayış evinin tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Həmçinin, Şabran rayon İH İcraiyyə Komitəsinin kommunal təsərrüfat şöbəsi ilə Ərizəçi arasında 08 aprel 1992-ci il tarixli müqavilə bağlanaraq, Şabran rayon İH 14 mart 1992-ci il tarixli qərarına müvafiq olaraq, Dəvəçi rayonu Xəlfələr kəndi ərazisində 1000 kvm. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün müddətsiz istifadə hüququ əsasında Ərizəçi verilmiş, həmçinin Dəvəçi İH-in 14 mart 1992-ci il tarixli, 70A nömrəli əmri ilə Ərizəçi həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin, qeyd olunan torpaq sahəsi təsərrüfatbaşına kitabda da qeydə alınmışdır.

26. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.4 və 2.3-cü bəndlərinə əsasən isə həmin sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların qeydə alınması üçün əsas hesab olunur. 27.Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə əsasən isə məhkəmə qeyd olunan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin, göründüyü kimi ərizəçinin 1000 kv.m torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur ki, bununla da birinci instansiya məhkəməsinin qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən etməsi əsassız və qanunsuz olmuşdur.

28. Məhkəmə kollegiyası ərizəçinin 4500 kv.m torpaq sahəsinin onun faktiki istifadəsində olması və aqrar islahat zamanı faktiki istifadəsində olan 4500 kv.m torpaq sahəsinin ona verilməli olan pay torpağından çıxılması ilə əlaqədar 4500 kv.m torpaq sahəsi üzərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən edilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, ərizəçi bununla bağlı sübut qismində məhkəməyə Şabran rayon İHB-nın Düzbilici İƏD üzrə nümayəndəlyi tərəfindən verilmiş 20 oktyabr 2011-ci il tarixli, 216 saylı arayışı təqdim etmişdir ki, həmin arayışda Ağayev Äğamoğlan Mirələkbər oğlunun fərdi mənzil tikintisi üçün ayrılmış 1000 kvm. həyətyanı torpaq sahəsinin ətrafında əlavə zəbt olunmuş 4500 kvm. torpaq sahəsinin mövcud olması və həmin zəbt olunmuş 4500 kvm. torpaq sahəsinin pay torpağı verilərkən ona düşən pay torpağından çıxılması qeyd olunmuşdur ki, həmin arayış torpaq sahəsi üzərində hüquqların əldə edilməsi üçün bilavasitə sənəd hesab olunmasa da aqrar islahat komissiyasının qərarına göndərici xarakterli olmuşdur. Buna görə də məhkəmə kollegiyası tərəfindən aqrar islahat komissiyasının qərarlarının əldə edilməsi üçün sorğu verilmiş və əldə edilmiş Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli və Dəvəçi rayon Bilici İƏV üzrə X3 Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarlarının müvafiq olaraq 8-ci və 6-cı bəndlərində normadan artıq istifadə olunan həyətyanı torpaq sahələrinin hər bir subyektə düşən torpaq normasından çıxılması qərara alınmışdır. Lakin, məhkəmənin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda Dəvəçi rayonu, Xəlfələr kəndi ərazisində torpaq islahatı zamanı adambaşına düşən pay torpaq normasına dair məlumat akşar edilmədiyi qeyd olunmuşdur.

29. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə torpaq islahatı zamanı adambaşına düşən pay torpaq normasını müəyyən etməklə və Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 2 nömrəli və Dəvəçi rayon Bilici İƏV üzrə X3 Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarlarının müvafiq olaraq 8-ci və 6-cı bəndləri nəzərə almaqla faktiki sahibləndiyi torpaq sahəsinin düşən pay torpağından çıxılmasını iddia etdiyi təqdirdə də müvafiq hüquqmüəyyənedici sənədlərə sahib olmuş hesab olunur. Buna görə də birinci instansiya məhkəməsinin qeyd edilən 4500 kvm. torpaq sahəsinə dair də daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktını müəyyən etməsi əsassız və qanunsuz olmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi izahatında torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinə dəfələrlə müracitə etməsini qeyd etsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Buna görə də ərizəçi hazırkı qərarda göstərilən əsaslar üzrə qeyd edilən torpaq sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ilk öncə olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu qeydə alan orqana, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsinin müvafiq ərazi idarəsinə müraciət etməli, torpaq sahəsinə dair mülkiyyət hüququnun həmin orqan tərəfindən qeydə alınmasından imtina edildiyi təqdirdə isə həmin orqana qarşı iddia tələbi ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir.

31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-521/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-521/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar