Məhkəmə qərarları › İş №2(105)-1508/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1508/2024

14.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1508/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əkpərov İbrahim Ənnağı oğluna və Əkbərov Akıf İbrahim oğluna qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) X10 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və digər cavabdeh Əkbərov Akıf İbrahim oğlunun nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Əkpərov İbrahim Ənnağı oğluna və Əkbərov Akıf İbrahim oğluna qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(012)-851/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə barədə iddia qaldıraraq, onun və birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X11 gəlin köçdüyü və nikah pozulanadək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümumi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1la xx.xx.2009-cu ildə ailə qurub Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikaha daxil olmuş və nikah 46 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Nikaha daxil olduqdan sonra adət-ənənəyə uyğun cavabdehin qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümümi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmışdır. Hal-hazırda cehizləri həmin evdədir və cavabdehlər əşyalarından istifadə edərək onları yararsız vəziyyətə salır, bəzilərini isə ümumiyyətlə məhv etmişlər. Birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011- ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X19 da gəlin köçdüyü həmin evdə dünyaya gəlmiş və qovulduğu günə kimi həmin evdə yaşamışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə olan nikah pozulmuşdur. Təxminən 8 ay sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə o və azşyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X11 gəlin köçdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümumi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir. Hal-hazırda o, azyaşlı uşaqları ilə kirayədə yaşayır və çox çətin vəziyyətdədir. Heç bir yerdə işləmir və sosial yardım almır. Cavabdeh1 uşaqlar üçün alimenti də vaxtlıvaxtında və tam ödəmir. İcra məmuru onun barəsində heç bir tədbir görmür. Onun isə azyaşlı uşaqları ilə yaşamağa başqa yeri yoxdur, hazırki maddi vəziyyəti kirayədə yaşamağa icazə vermir və güclə aldığı cüzi məbləğdə alimentlə uşaqların ehtiyaclarını çətinliklə ödəyir. Cavabdeh isə geniş, hər cür imkanı olan fərdi yaşayış evində rahat yaşayır və uşaqlarını düşünmür. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

3. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən İddiaçı və uşaqları, xx.xx.2009-cu il təvəllüdlü X16, 27.09.201 l-ci il təvəllüdlü X17 və xx.xx.2015- ci il təvəllüdlü X11 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümümi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evindən istifadə hüququnun tanınması, həmin evə köçürülmələri və ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bundan sonra, iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən İddiaçı və uşaqları, xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X11 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11- ci küçə 48 A ünvanındakı ümümi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evinə istifadə hüququnun tanınması, həmin evə köçürülmələri və ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Mübahisəli əmlaka məhkəmə tərəfindən yerli baxış keçirildikdən sonra iddiaçı yenə də MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən onun və azyaşlı uşaqlarının mübahisəli evdən istifadə hüququnun tanınması, onların bu evə köçürülmələri, evin istifadə qaydalarının müəyyən edilməsi, daş hasarın və bağlanmış qapının cavabdehin hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 11- ci küçə, 3 otaqlı, yaşayış sahəsi 70 kv.m, köməkçi sahəsi 102.5 kv.m olan 48 saylı ev Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 66 nömrəli qərarı əsasında Cavabdeh2 adına 22541 saylı reyestr kitabında 1147 nömrəsi ilə qeydə alınmışdır.

8. Torpaq sahəsinin plan ölçüsündən görünür ki, 1:500 miqyas ölçüdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü torpaq - 965.4 kv.m, tikililər altı ölçüsü 248.4 kv.m olmaqla cəmi 1213.8 kv.m təşkil edir.

9. Abşeron Rayon Məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə X6 arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində bağlanmış 46 saylı akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X11 anası X3 yanında qalması, xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh1 hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X3 azyaşlı uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X19 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11- ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən öz əşyaları ilə birlikdə çıxarılmaları və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir.

11. Abşeron Rayon Məhkəməsinin 2(012)-1789/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın geri tələb edilməsinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divan-kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti, 5 ədəd çilçıraq, 5 ədəd xalça, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Aziz” markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mətbəx mebeli, 10 ədəd yorğan və 7 ədəd döşək əşyalarının alınaraq İddiaçı qaytarılması qət olunmuşdur.

12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2558/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, İddiaçı, xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X11 Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı evdən qeydiyyatdan çıxarılmaları vəzifəsi Abşeron rayon Polis İdarəsinə həvalə olunmuşdur.

13. "xxxx" ASC-nin abunə haqqında saldosundan görünür ki, ünvan 3 ünvanının abonenti Cavabdeh1dur.

14. "xxxx" ASC-nin abonent kartından görünür ki, ünvan 4 ünvanının abonenti Cavabdeh1dur.

15. Xırdalan Bələdiyyəsinin **********1176 saylı tədiyyə bildirişindən görünür ki, ünvan 5 ünvanındakı torpaq sahəsinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək vergi ödəyicisi Cavabdeh2 31,82 manat borcu vardır.

16. Xırdalan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əkpərov X2 hesabına xx.xx.2023-cü il tarixdə 31,82 manat vəsait ödəmişdir.

17. 16.12.2022-ci il tarixli aktdan görünür ki, 4 nəfər Xırdalan sakini Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 11-ci küçə, 48 saylı evi Cavabdeh2 öz vəsaiti hesabına inşa etmişdir.

18. “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən vəkil Nümayəndə ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli müraciətin əlavə cavablandırılmasından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 ünvanında xx.xx.2010 tarixində X5 adına istehlakçı kodu (kod: **********03720) açılmış, xx.xx.2011-ci il tarixdə İtron markalı Smart tipli 1102AQ**********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. İstehlakçı hesabında dəyişiklik edilməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48 ünvanında yerləşən ikinci fərdi yaşayış evində xx.xx.2016-cı il tarixində Cavabdeh1 adına istehlakçı kodu (kod: **********15932) açılmış, xx.xx.2021-ci il tarixində X4 adına keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

19. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(012)-851/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadə hüququnun tanınması, evə köçürülmə, evin istifadə qaydalarının müəyyən edilməsi, daş hasarın və bağlanmış qapının cavabdehin hesabına açılması barədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 29-cu maddəsi, nsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 152.1,157.8, 158.1.2, 158.2, 27.2 və 560.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

21. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(012)-851/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması yolu ilə qəbul edildiyindən ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh1la xx.xx.2009-cu ildə ailə qurub Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikaha daxil olduqdan sonra adətənənəyə uyğun cavabdehin qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 48 ünvanında yerləşən ümümi sahəsi 1213,8 kv.m olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə aparmşdır. Hal-hazırda cehizləri həmin evdədir və cavabdehlər əşylarından istifadə edərək yararsız vəziyyətə salır və bəzilərini isə ümumiyyətlə məhv etmişdir. Onu da qeyd edir ki, uşaqları, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X19 da gəlin köçdüyü həmin evdə dünyaya gəlmiş və qovulduğu günə kimi həmin evdə yaşamışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-2251/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə nikahı pozulmuşdur. Təxminən 8 ay sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə o və azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X19 gəlin köçdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, 48-də yerləşən ümümi sahəsi 1213,8 kv.m olan torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmağı və torpaq sahəsinə girişinə qadağan qoyulması qət edilmişdir. Halhazırda o, azyaşlı uşaqları ilə kirayədə yaşayır və çox çətin vəziyyətdədir. Heç bir yerdə işləmir və sosial yardım almır. Əlavə olaraq qeyd edir ki, Cavabdeh1 alimenti də vaxtlıvaxtında və tam ödəmədiyi üçün barəsində 8 gün inzibati tənbeh tədbiri görülmüşdür. İşdən göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2001-ci ilin sentyabrın 1-dən sonra yarandığından, hazırkı mübahisə Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə iddia tələbi mənzilə köçürülmə barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 53-cü maddəsi təşkil edir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibüluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (Mənzil Məcəlləsinin 53-cü maddəsi). Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (Mülki Məcəllənin 180.1 və 180.2 maddələri). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bu qadağan edən müddəalar göstərilməmişdir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədən bir iqtisadi dəyər yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Məhkəmə qulluq mövqeyindən istifadə edib hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub, iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə normanın tələbini pozub iddiaya sübutlar əsasında deyil, cavabdehin əsaslandırılmamış izahatı və mülahizəsi əsasında qiymət vermişdir. Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

24. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

25. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

26. Cavabdeh və digər cavabdeh Əkbərov Akıf İbrahim oğlunun nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

27. İş üzrə üçüncü şəxs Xırdalan Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

30. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilk əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanındakı ümumi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evinə, daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək - Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48A ünvanındakı ümumi sahəsi 1213,8 kv.metr olan torpaq sahəsində yerləşən özbaşına tikili sayılan fərdi yaşayış evinə istifadə hüququnun tanınması, evə köçürülmə, evin istifadə qaydalarının müəyyən edilməsi, daş hasarın və bağlanmış qapının cavabdehin hesabına açılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddiaçı tələbini mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçməsi və cehiz əşyalarını da həmin evə aparması ilə əsasandırmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48A ünvanında yerləşən yaşayış evi ilə bağlı olduğunu, 48 A nömrəli evin Cavabdeh2 məxsus torpaq sahəsində yerləşdiyini iddia etmişdir.

36. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmişdir.

37. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlak hər hansı şəxsin adına dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan istifadə edən Cavabdeh2 mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. İddiaçı isə köçürülməsini xahiş etdiyi yaşayış sahəsini əri ilə birgə nikah zamanı birgə vəsait hesabına inşa edilməsi barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mövcud qanunvericiliyə görə, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsindən söhbət gedə bilməz. Eyni zamanda, bu tikinti ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının (tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli tikintinin inşa edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin 2(012)- 278/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X3 azyaşlı uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X19 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən öz əşyaları ilə birlikdə çıxarılmaları və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı bu qətnaməni mübahisələndirməmiş, hazırda köçürülməsini xahiş etdiyi tikintinin yerləşdiyi torpaq sahəsinə onun girişinin qadağan olunması ilə faktiki razılaşmışdır. Bu qətnamədən sonra isə o, özünə məxsus cehiz əmlakları hazırki iş üzrə cavabdehlərdən tələb etmiş, məişət əşyalarının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən evdən çıxarılaraq ona təhvil verilməsini tələb etmişdir. Hazırda onun cavabdehlərdən Cavabdeh1la vaxtilə nikahda olması faktından istifadə etməklə qeyd edilən iddianı qaldırması hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir, bu isə qanunla qadağandır. Eləcə də, məhkəmə iddiaçının mübahisəli evə köçürürlməməsi nəticəsinə gəldiyindən hesab edir ki, daş hasarın və bağlanmış qapının cavabdehin hesabına açılması barədə tələb də əsassızdır və rədd edilməlidir.

38. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.

39. İddiaçı tərəfindən mübahisələndirilən və şikayətin dəlili olaraq göstərilən hal – iddiaçının mübahisəli evə gəlin köçməsi, həmin evdə uşaqları ilə birlikdə yaşaması, halhazırda evdən qovularaq kirayədə qalması ilə bağlıdır.

40. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Bununla yanaşı kollegiya tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:

42. Kollegiya ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 A ünvanındakı yerləşən yaşayış sahəsi ilə bağlı olduğu halda apellyasiya şikayətinin dəlillərində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 48 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması, əmlakının həmin ünvanda olmasına istinad edilmiş, 48A nömrəli evlə bağlı hər hansı bir dəlil göstərilməmişdir.

43. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçədə yerləşən 48 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 adına Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən qeydə alınmışdır. Həmçinin müəyyən edildi ki, həmin ünvanda yerləşən fərdi yaşayış evinə dair əmlak hüquqları dövlət qeydiyyatına alınmasa da, fərdi yaşayış evinə dair sahiblik və istifadə hüququ Cavabdeh2 məxsusdur, sonuncunun həmin fərdi yaşayış evi üzərinə gözlənti hüququ vardır.

44. Abşeron Rayon Məhkəməsinin 2(012)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 iddiası təmin edilmiş, X3 azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdlü X19 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsindən öz əşyaları ilə birlikdə çıxarılmaları və onların həmin torpaq sahəsinə girişinə qadağa qoyulması qət edilmişdir.

45. Bundan başqa, iddiaçı hazırki halda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48A ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tələblə çıxış edərək həmin fərdi yaşayış evinin Cavabdeh1la birgə nikah dövründə ümumi gəlirləri hesabına inşa edildiyini, həmin evdə yaşadıqlarını iddia etsə də iş materialları ilə müəyyən edilir ki, bundan əvvəl İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın geri tələb edilməsinə dair iddia ilə məhkəmyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1789/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd güzgülü şkaf, 1 ədəd kamod, 1 cüt divan-kreslo, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd yazı masası stolu, 1 ədəd yataq dəsti, 5 ədəd çilçıraq, 5 ədəd xalça, 1 ədəd ikimərtəbəli uşaq çarpayısı, 1 ədəd “Aziz” markalı soyuducu, 1 ədəd paltaryuyan maşın, 1 ədəd mətbəx mebeli, 10 ədəd yorğan və 7 ədəd döşək əşyalarının alınaraq İddiaçı qaytarılması qət olunmuşdur.

46. Həmin qətnamənin məzmunundan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən ümumi sahəsi 1213.8 kv.m olan torpaq sahəsində olan fərdi yaşayış evinə gəlin köçdüyünü, cehiz əmlakının həmin ünvanda olduğunu göstərmiş, əmlakların cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması tələbi ilə çıxış etmişdir.

47. Kollegiya eləcə də vurğulayır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11- ci küçə 48 A ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı iddia qaldırsa da, 48A nömrəli fərdi yaşayış evinin mövcud olması və birgə nikah dövründə ümumi gəlirləri hesabına inşa edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

48. Mülki iş materiallarından görünür ki, birinci instansiydakı araşdırma zamanı məhkəmə tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanına keçirilmiş yerli müayinə zamanı həmin ünvanda bir neçə yaşayış evinin olduğu müəyyən edilmişdir.

49. Məhkəmə iclasında dindirilən iddiaçı izahatında mübahisə edilən evin qayınatası Cavabdeh2 tərəfindən inşa edildiyini göstərmişdir.

50. Kollegiya qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında bir neçə evin, o cümlədən iddia edilən 48A nömrəli evin həmin ünvanda yerləşdiyi müəyyən edilsə belə bu fakt iddiaçının tələbinin əsaslı olması qənatinə gəlməyə əsas vermir. Belə ki, sadalananlardan göründüyü kimi iddiaçı tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə 48 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçdüyünü, cehizlərinin həmin evdə olduğunu göstərmiş, nikah münasibətlərinə xitam verildikdən sonra həmin evdən əşyalarının götürülməsini iddia etmiş, eyni zamanda məhkəmə qətnaməsi ilə iddiaçının bu evdən çıxarılması qət edilmiş, iddiaçı əvvəlki məhkəmə çəkişmələri zamanı 48A nömrəli evdə yaşaması, həmin evin birgə nikah dövründə ümumi gəlirləri hesabına inşa edilməsi ilə bağlı heç bir fikir bildirməmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(012)-851/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar