Məhkəmə qərarları › İş №2(105)-1509/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1509/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1509/2021 09.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Zeynalabdin oğluna və Cavabdeh3 qarşı əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-939/2020 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və yetkinlik yaşına çatmayan xx.xx.2003- cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsindəki 0,01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 vəkili və nümayəndəsi X4 vəsatət ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(012)-939/2020 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra, İddiaçı1 vəkili və nümayəndəsi X4 məhkəmə iclasında ərizə təqdim edərək, Cavabdeh2 Zeynalabdin oğlu ilə digər Cavabdeh3 arasında olan xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda vəsatət təqdim edərək, Cavabdeh3 adına olan torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-939/2020 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Cavabdeh3 adına olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. (hakim H.Əhmədov) Həmin qərardaddan Cavabdeh3 şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(012)-147/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh3 şikayətini onunla əsaslandırılmışdır ki, üzərinə həbs qoyulan əmlakın dəyərini tam şəkildə ödəməklə onu almışdır və hazırda torpaq sahəsi onun mülkiyyətindədir. Bu torpaq sahəsini əldə edərkən onunla bağlı hər hansı mübahisənin olmasından xəbəri olmamışdır. Ona görə də şikayət təmin edilməli, qərardad ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)- 939/2020 saylı qərardadı ləğv edilməli, həbsin qoyulması barədə iddiaçı tərəfin vəsatətinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən görünür ki, iddiaçıların əsas tələbi onların və yetkinlik yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X1 Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsindəki 0,01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədədir, yəni mübahisə predmetini qeyd olunan torpaq sahəsində inşa edilmiş yaşayış evi təşkil edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. MPM-in 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. İşdən görünür ki, iddiaçı tərəf iddianın təmini tədbiri barədə ikinci dəfə ərizə verərək cavabdehlərdən Cavabdeh3 məxsus torpaq sahəsi üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmə isə ərizəni təmin etmişdir. Halbuki, işdən görünür ki, iddiaçıların əsas tələbi torpaq sahəsi ilə bağlı deyil, həmin torpaq sahəsində yerləşən evə köçürülmələri barədədir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli tikiliyə deyil, onun yerləşdiyi və artıq E.A.Cavdovun mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbsin qoyulmasına heç bir zərurət yoxdur, çünki bu tədbirin görülməməsi mübahisə üzrə qəbul ediləcək qətnamənin icrasının mümkünsüzlüyünə heç bir əsas vermir. Digər tərəfdən işdən görünür ki, bu torpaq sahəsi üzərinə məhkəmə özünün əvvəlki qərardadı ilə artıq həbs qoymuşdur. Yenidən həmin daşınmaz əmlakın üzərinə həbs qoyulması isə qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Buna baxmayaraq, işə baxan məhkəmə heç bir zərurət olmadan həmin torpaq sahəsinin üzərinə yenidən həbs qoymuş, bununla da Cavabdeh3 bu torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə isə bu, yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən xüsusatlar birinci instansiya məhkəməsinin iclasında yenidən araşdırılmalı, iddianın təmin tədbiri barədə iddiaçı tərəfin vəsatətlərinə yenidən baxılmalı və məsələnin qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə həllinə nail olunmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iddianın təmini tədbiri barədə vəsatətlərə yenidən baxılamsı üçün mülki iş materialları yenidən birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.2 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-939/2020 saylı qərardadı ləğv edilsin. Mübahisəli torpaq sahəsi üzərinə həbsin qoyulması barədə iddiaçı tərəfin vəsatətlərinə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar