Məhkəmə qərarları › İş №2(105)-1509/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1509/2022

25.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1509/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbə qarşı işə bərpa və pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddianın təmin olunması, Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbin direktorunun İddiaçı Panah qızı barəsində olan 15 sentyabr 2021-ci il tarixli 91 saylı əmrinin ləğv edilməsi və İddiaçı Panah qızının həmin məktəbin biologiya fənni üzrə laborantı (həmin vəzifəyə bərabər digər vəzifəyə-ştata) vəzifəsinə (ştatına) işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün "15 sentyabr 2021-ci il” tarixdən hesablanmaqla İddiaçı Panah qızına Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbin direktorunun xx.xx.2021-ci il tarixli 91 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ilk dəfə xx.xx.2006-cı il tarixdə Xaçmaz şəhəri 3 saylı tam orta məktəbinə laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixli 07 saylı əmrə əsasən isə müddətsiz əmək müqaviləsi bağlamışdır. xx.xx.2021-ci il tarixli 91 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Aşağıda şərh olunanlara əsasən cavabdehin xx.xx.2021-ci tarixli 91 saylı əmri ləğv edilməli, o öz işinə bərpa edilməli və məcburi iş buraxma müddətinə görə əmək haqqı ona ödənilməlidir. 15 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhər İ.Qayıbov 3 saylı tam orta məktəbin direktoru Gülnaz Şirinova ona bildirmişdir ki, guya ştatlar ixtisar olunub, o, ştat ixtisarı ilə bağlı 15 sentyabr 2021-ci il tarixdən işdən azad olunmuşdur. Buna baxmayaraq xx.xx.2021-ci il tarixə kimi işə gəlsə də, direktor ona bildirmişdir ki, işdən çıxarılmış və artıq içəri buraxıla bilməz. Bundan sonra cavabdeh müəssisəyə müraciət edərək əmrin sürətinin ona verilməsini xahiş etsə də, əmrin sürəti ona verilmədi. Nəhayət dövlət orqanlarına şikayət etdikdən sonra məlum oldu ki, həqiqətən də onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Qeyd olunun əmr qanunsuzdur və əsassızdır. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə rəsmi xəbərdar edilməlidir. Əmək müqaviləsi ləğv edilməzdən ona rəsmi xəbərdarlıq edilməməklə Əmək Məcəlləsinin 77-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Bu hallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Quba Regional Ərazi Şöbəsi tərəfindən şikayətim əsasında araşdırılma aparılmış, qanunsuz işdən çıxarılma ilə bağlı Xaçmaz şəhər İ.Qayıbov adına 3 saylı orta məktəbin direktoru X4 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü və 192.6-cı maddələrinə uyğun xx.xx.2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokola tərtib ediİmiş, müvafiq olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1500 manat cərimə olunmuş, əmək müqaviləsinə xitam verilməsinə dair Xaçmaz şəhər 3 saylı orta məktəbin xx.xx.2021-ci il tarixli 91 nömrəli əmrinin ləğv edilməsi üçün işəgötürənə məktub ünvanlanmışdır. X5 bu məktuba məhəl qoymamış, əmri ləğv etməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən məktəbin direktoru tərəfindən 2021/2022-ci il tədris ilində məktəbdə şagird sayının siniflərdə azalması səbəbindən laborant ştatının ixtisar olması ilə nəticələnməsi əvvəlcədən, yəni bir neçə ay əvvəlcədən müəyyən edə bilməsinin qeyri-mümkün olması səbəbindən, işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin əmək stajından asılı olaraq müvafiq müddətdə deyil sentyabr ayında ştatın ixtisar olması müəyyən edildikdən sonra rəsmi xəbərdar etməklə 15 sentyabr 2021-ci il tarixli 91 saylı əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verməsini, eləcə də şttın ixtisar olması barədə məlumatın Azərbaycan Respublikası ibtidai əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçiləri heyətinin nümunəvi ştatlarının təstiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 saylı qərarının 18-ci bəndinə əsasən ildə bir dəfə sentyabr ayında müəyyən edildiyini nəzərə almamışdır. Məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi nəzərə alınmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(067)-1090/2022 nömrəli qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Caabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçını işdən azad olunmasını qanuna müvafiq olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbi üzrə xx.xx.2021-ci il tarixli 91 saylı əmrindən (çıxarışdan) müəyyən olunur ki, İddiaçı məktəbin biologiya fənni üzrə laborantı ştatı sinif komplektlərinin azalması ilə əlaqədar 15 sentyabr 2021-ci il tarixdən vəzifəsi ixtisar olunduğundan tutduğu vəzifədən azad edilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçı 2006-cı ildən etibarən həmin müəssisədə işləyir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbinin direktorunun xx.xx.2022-ci il tarixli 91 saylı əmrinə əsasən məktəbin biologiya fənni üzrə laborantı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı 17 yanvar 2015-ci il tarixli, 07 №-li əmrlə həmin tarixdən məktəbin kimyabiologiya laborantı daimi vəzifəsinə keçirilməklə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası iclası zamanı və iş materialları ilə müəyyən olunur ki, X4 02 avqust 2019-cu il tarixdən Xaçmaz şəhər İ.Qayıbov adına 3 №-li tam orta məktəbin direktor vəzifəsinə təyin edilmiş, 2021/2022-ci il tədris ilində Xaçmaz şəhər İ.Qayıbov adına 3 №-li tam orta məktəbində şagird sayının siniflərdə azalması səbəbindən 41 (qırx bir) komplektindən ikisi ixtisar olunduğundan məktəbdə 39 (otuz doqquz) sinif komplekti, 849 şagird heyəti mövcud olmuş,bu da mövcud ştatların-0,5 direktor müavini ştatı, 0,5 xadimə ştatı və 1 laborant ştatın ixtisar olması ilə nəticələnmişdir. Bununla bağlı 03 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhər İ.Qayıbov adına 3 №-li tam orta məktəbinin direktoru G.P.Şirinova iclas təşkil edərək mövcud vəziyyətlə bağlı müvafiq şəxslər məlumatlandırılmış, 13 sentyabr 2021-ci il tarixdə İddiaçı mövcud vəziyyət izah edilərək ona məktəbdə digər iş təklif olunmuş, sonuncu razılaşmamış, bununla bağlı müvafiq akt tərtib edilmiş, son günlər ərzində məktəbdə şagird artımı olmadığından qeyd edilən ştatlar ixtisar edilmiş, 15 sentyabr 2021-ci il tarixli, 91 №-li əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin gün, yəni 15 sentyabr 2021-ci il tarixdə 15 sentyabr 2021-ci il tarixli, 91 №-li əmrin surəti və əmək kitabçası İddiaçı təqdim edilmiş, sonuncu qeyd edilən əmrin surətini və əmək kitabçasını götürməkdən imtina etmiş, bununla bağlı 15 sentyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. 15 sentyabr 2021-ci il tarixli,9 1 №-li əmrin surəti və əmək kitabçası İddiaçı qardaşı, Xaçmaz rayon Polis Şöbəsində işləyən İ.P.Azayevin tələbi ilə ona təqdim edilmişdir. İşdə olan 2021/2022-ci il tədris ilinin dərs saatlarının bölgüsü və “Tarifləşmə” cədvəlinin təsdiq edilməsi 2021-ci ilin oktyabr ayının sonuna yekunlaşdığından, 2021-ci ilin sentyabr ayının 15-dən sonra işə qəbul olunan, işdən azad olunan, yerdəyişmə aparılan və sinif komplektlərinin azadılması ilə bağlı ixtisar olunmuş işçilərin əmək haqqlarında yaranan fərqlər və son haqq hesablar, o cümlədən İddiaçı son haqq hesabı Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəsi tərəfindən hesablanaraq ödənilməsi xx.xx.2021-ci il tarixdə təmin edilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd edilənləri nəzərə almamış, bununla da sübutlara obyektiv, hərtərəfli və tam baxmadan qiymətləndirmişdir. Eləcə də işdə olan sənədlərlə İddiaçı 15 sentyabr 2021-ci il tarixli, 91 №-li əmrlə əmək müqaviləsinə xitam verilməsindən həmin gün məlumatının olması tam təsdiq olunur. İddiaçı iddia ərizəsində də 15 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsindən məlumatının olmasını qismən təsdiq edərək, 15 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhər İ.Qayıbov adına 3 №-li tam orta məktəbinin direktoru G.P.Şirinova tərəfindən ona laborant ştatın ixtisar olması ilə bağlı 15 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsini bildirdiyini, 16 sentyabr 2021-ci il tarixdə işə gələrkən direktor G.P.Şirinova tərəfindən ona işdən azad edildiyinə görə işə buraxılmadığını bildirdiyini göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən,bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bildiyi halda, İddiaçı cavabdehə mediasiya barədə təkliflə 3 ay 2 gündən sonra, yəni 17 dekabr 2021-ci il tarixdə müraciət etmiş, İddiaçı mediasiya barədə təklifdə xx.xx.2021-ci il tarixini qeyd etsədə, həmin təklifin göndərildiyi konvertdən görünür ki, həmin təklif 17 dekabr 2021-ci il tarixdə üzərinə Xaçmaz MXŞ-nin möhürü vurulmuş konvertlə poçta daxil olmuş, 20 dekabr 2021-ci il tarixində Xaçmaz şəhər İ.Qayıbov adına 3 №-li tam orta məktəbinə təqdim olunmuşdur. Məhkəmə baxışında cavabdeh iddiaçının iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə təqdim etsədə, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəni məhkəmənin hazırlıq iclasında verməli olduğu halda, bu prosessual qaydaya əməl etməyərək iddia müddətinin tətbiq edilməsinə dair ərizəni məhkəmə baxışı iclasında, yəni 29 matr 2022-ci il tarixdə məhkəməyə təqdim etməsini əsas götürməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 75.2-ci maddəsinin tələbini pozaraq, iddia müddətinin tətbiq edilməsindən imtina etmiş, eləcə də məhkəmə qətnamədə iddia müddətinin iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə bu hal məhkəmə tərəfindən üzrlü sayıla bilər və iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməli olmasını qeyd etsədə, istinad etdiyi bu halların nə ilə sübut edildiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 28 aprel 2022-ci il tarixli 2(067)-1090/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Xaçmaz şəhəri İ.Qayıbov adına 3 saylı tam orta məktəbə qarşı işə bərpa və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar