Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1509/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İsgəndərova Atlaz Çıngiz qızına qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) X21 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Afiq Hüseyn oğlu Hüseynzadədən ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh İsgəndərova Atlaz Çingiz qızına qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(012)-2658/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin, 35 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzil ona vərəsəlik qaydasında ərindən keçmişdir. Cavabdeh onun baldızıdır. Cavabdeh 2006-cı ildə ailə qurduqdan sonra daimi yaşamaq üçün ərinin evinə köçmüşdür. O, Cavabdeh ilə birlikdə onun mülkiyyətində olan mənzildə heç vaxt birlikdə yaşamamışlar və heç vaxt birgə təsərrüfat aparmamışlar. Cavabdeh onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qaldığına görə o, cavabdehin əvəzinə kommunal xərclərini ödəmək məcburiyyətində qalmışdır. Hazırda onun mülkiyyətində olan mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqları pozulmuşdur. Cavabdeh 2006-cı il tarixdən mübahisəli mənzili tərk edərək ərinin evinə köçmüşdür, belə olan təqdirdə onun mübahisəli mənzildə formal olaraq istifadə hüquqlarının saxlanması mülkiyyətçi kimi onun sözügedən mənzillə bağlı sərbəst sərəncam vermək və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət edir. Ona görə də, göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Mübahisəli mənzili Cavabdeh (xx xxxxxx 1983-cü ildə doğulmuşdur) ailəsi ilə birlikdə (atası, anası, qardaşı və özü) Azərbaycan SSR dövründə əldə etmiş, mənzil fondunun özəlləşdirilməsi haqqında qanunun tələblərinə uyğun olaraq mənzil özəlləşdirilmiş, Cavabdeh anası Fərəcova (Xaşayeva) Səlimət Musa qızı vəfat etdikdən sonra, mənzil atasının (X14) adına qeydiyyata alınmışdır. Bu isə o deməkdir ki, atası 2017-ci ildə vəfat etdikdən sonra vərəsəlik zamanı Cavabdeh atasından miras qalmış əmlaklardan ona çatası paydan qardaşının xeyrinə imtina etməsi onun həmin mənzildən istifadə hüququna xələl gətirə bilməz. Cünki, bu istifadə hüququ təkcə vərəsəlik münasibətlərindən deyil, ondan daha əvvəl, yuxarıda qeyd edilən müxtəlif əsaslarla (istər dövlətin ailəyə yaşamaq üçün verdiyi mənzil kimi, istərsə də mülkiyyətçinin ailə üzvü kimi) yaranmışdır və mövcuddur. Cavabdeh mübahisəli mənzildən istifadə hüququ həm də münasibətin yarandığı dövrdə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə də tanınır və qorunur. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən: 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İddiaçının iddia ərizəsində isə heç bir kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi tələb edilir. Bu isə qanunsuzdur.
5. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərmişdir ki, o, İddiaçı atasıdır. İddiaçının qaynatası onlara 2015-ci ildə elçi gəlmişdir. O zaman qudası onlara oğlu ilə birlikdə yaşadığını, qızının ailə həyatı qurduğunu, öz ailəsi ilə birlikdə yaşadığını söyləmişdir. Qızı ailə qurduqdan sonra Xırdalandakı evə gəlin köçmüşdür. Cavabdeh orada yaşamamış, yalnız cavabdehi qonaq qismində görmüşdür. Cavabdeh ailəlidir, iki övladı var, ailəsi ilə birlikdə Suraxanıda yaşayır.
6. xx.xx.1979-cu il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X17 xx.xx.1979-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3721 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Fərəcova” soyadı verilmişdir.
7. Abşeron rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ № 077272 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2004cü ildə qara ciyər koması səbəbindən vəfat etmişdir.
8. xx.xx.2006-cı il tarixli, AZ-İ № 234318 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X18 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 539 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “İsgəndərova” soyadı verilmişdir.
9. Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 847868 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixində vəfat etmişdir.
10. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllə, ev 2, mənzil 35, yaşayış sahəsi – 48,4, köməkçi sahəsi – 21,1, 3 otaqdan ibarət yaşayış evi X9 mülkiyyət hüququ əsasında Abşeron RDTİ və MƏİQİ-nin özəlləşmə qərarı №328, 14 may 2004-cü il tarixində qeydə alınmış və 16035 №-li reyestr kitabında yazılmışdır.
11. Cavabdeh tərəfindən Bakı şəhəri Asan Xidmətinə yazılmış 2017-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixində vəfat etmiş atası-X6 miras qalmış əmlaklardakı ona çatası payından qardaşı- X10 xeyrinə imtina etmişdir.
12. xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, miras əmlak olan Abşeron rayonu, Xırdalan şəhəri, ev 2, mənzil 35- dən X9 vərəsəsi X19 miras əmlakdan 1/1 hissədə pay almalıdır.
13. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5358/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Sumqayıt Asan Xidmət mərkəzinin Notariat ofisində X10 adına xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixində 2V-790 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş ******* reyestr nömrəli xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, X6 miras qalmış Abşeron rayonu, Xırdalan qəsəbəsi, 24-cü məhəllə, ev 2, 35 saylı mənzilə X4 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-76/2023 saylı qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X4 Cavabdeh, Sumqayıt “Asan xidmət” mərkəzi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras almış əmlaka payların müəyyən edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2158/2023 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-76/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara aınmışdır.
16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********66-05101-093022 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* saylı arayışının surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
18. ünvan 2lat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 821 saylı arayışdan görünür ki, Cavabdeh 1983-cü ildən ünvan 1-də qeydiyyatdadır, yaşamır.
19. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1352/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 nömrəli evin 35 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.
20. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışların surətindən görünür ki, X12, xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X13 ünvan 3 ünvanında qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
21. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(012)-2658/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilində istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123, 53, 60 və 87-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 62.1, 76.1, 76.2, 88, 106.1, 14.2, 4.1, 217.2, 217.4, 218.3, 119.1, 124.1,216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
23. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(012)-2658/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Azərbaycan SSR-i dövründə Fərəcovlar ailəsinə verilmiş, ailə (ata, ana, övladları: qardaş və bacı) orada daim yaşamışdır. Mənzil fondunun özəlləşdirilməsi qanunvericiliyinə uyğun olaraq mənzil öncə arvadın, o, öldükdən sonra atanın mülkiyyətinə qeydiyyata alınmışdır. Ata vəfat etdikdən sonra mənzil qardaşın adına keçmiş, qardaş öldükdə isə yeganə varis olan qardaş arvadının mülkiyyətinə keçmişdir. İndi həmin mülkiyyətçi hesab edir ki, hələ Azərbaycan SSR dövründən orada yaşayan və mənzilə istifadə hüququ olan baldızının (cavabdeh) istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Cavabdeh isə haqlı olaraq hesab edir ki, ona kompensasiya verilməlidir. Məlumat üçün bildirir ki, cavabdehin qardaşı öləndən qısa müddət sonra, artıq bir neçə ildir ki, mülkiyyətçi baldızını mənzilə buraxmır. Məhkəmə bu normaların tətbiqində səhvə yol vermişdir. Əvvəla, Cavabdeh tərəfindən Bakı şəhəri Asan Xidmətinə verilmiş, xx.xx.2017-ci il tarixində vəfat etmiş atası-X6 miras qalmış əmlaklardakı ona çatası payından qardaşı - X10 xeyrinə imtina etməsi ərizəsi məzmunundan da göründüyü kimi, atasından ona qalan paydan imtina barədədir, bir neçə əsasla mövcud olan istifadə hüququndan imtina barədə yox. İkincisi, köhnə Mənzil Məcəlləsi qüvvədən düşdükdə cavabdeh istifadə hüququna malik idi, iddiaçı isə mülkiyyətçi deyildi. Cavabdehin istifadə hüququnun ən azı bir neçə müstəqil hüquqi əsası var, məsələn: Azərbaycan SSR dövründə mənzilə dair verilmiş orderdən yaranan istifadə hüququ; Köhnə Mənzil Məcəlləsinə əsasən yaranmış istifadə hüququ; Mənzil fondunun özəlləşdirməsi qanunvericiliyini (subyektiv hüquq) əsasında istifadə hüququ; Ana və atasının mülkiyyətçi olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən övlad kimi yaranan istifadə hüququ; Qardaşı mülkiyyətçi olduğu zaman ailə üzvü (bacı) kimi qardaşının etiraz etməməsi ilə yaranmış istifadə hüququ. Bu əsaslarla yaranmış və mövcud olan istifadə hüququna kompensasiya verilmədən xitam verilə bilinməz. Məhkəmə Mülki Məcəllənin 158-ci maddəni tətbiq etməli olduğu halda, etməmişdir. Cavabdehin mənzildən istifadə hüququ vardır və hətta mülkiyyətçi də bu hüququ poza bilməz. İstifadə hüququna kompensasiya verilmədən xitam verilməsi bu hüququn pozulmasıdır. Birinci instansiya məhkəməsində ifadəsi alınmış şahid işin nəticəsində bilavasitə maraqlıdır. Belə ki, o, iddiaçının atasıdır. İkincisi isə, şahid bildirmişdir ki, cavabdehin atası Çingiz Fərəcov qızının (cavabdehin) ailə qurduqdan sonra məhz 2015-ci ildən əri ilə yaşadığını bildirmişdir. Yəni hətta şərti olaraq onun dediyinin həqiqət olduğunu götürsək belə, bu 2006-cı ilə yox, 2015-ci ildən sonrakı dövrə aid ola bilər (cavabdehin daimi əsasla mübahisəli mənzildə yox, başqa yerdə yaşaması). Məhkəmə qətnamədə qeyd edir ki, Cavabdeh 1983-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilində qeydiyyatda olması, lakin yaşamaması ünvan 2lat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 821 saylı arayışla öz təsdiqini tapmışdır. Halbuki, əvvəla həmin qurumun belə bir səlahiyyəti yoxdur. Həmin qurum həm də bu fakta nəzarət və onu təsdiq edəcək imkana da malik deyil. Onların arayışda qeyd etdikləri isə ümumiyyətlə həqiqət deyildir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bu normanın tələbini pozmuşdur. Mübahisə iddiaçının mülkiyyətçi olmasından - yəni 2021-ci ildən yaranmışdır. Məhkəmə isə yalnış olaraq bu ili köhnə Mənzil Məcəlləsinin aid olduğu dövrlə əlaqələndirmişdir. İddiaçı cavabdehin Xəyam Fərəcov ölməmişdən əvvəl o mənzildə yaşamadığını sübut etməmişdir (bu mümkün də deyil).
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
27. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
30. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
31. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
34. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan mənzil 2004-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə cavabdehin atasının adına dövlət qeydiyyatına alınmış, Cavabdeh xx.xx.2017-ci il tarixində vəfat etmiş atası-X6 miras qalmış əmlaklardakı ona çatası payından qardaşı-X10 xeyrinə imtina etmişdir. İddiaçının həyat yoldaşı X19 vəfat etdikdən sonra Abşeron rayonu Xırdalan şəhəri 24-cü məhəllə 2 saylı evin 35 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarış verilmiş və həmin çıxarışa əsasən mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********66- 05101-093022 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh 2006-cı ilədək həmin mənzildə yaşamış, 2006-cı ildə ailə həyatı qurduqdan sonra yaşayış yerini dəyişib başqa ünvana köçdüyündən iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
37. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh İddiaçı baldızı olmaqla sonuncunun ailə üzvü və qohumudır. Cavabdeh 1983-cü ildən Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2 saylı evin 35 saylı mənzilində qeydiyyatda olması, lakin yaşamaması ünvan 2lat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 821 saylı arayışla öz təsdiqini tapmışdır. Məlum olduğu kimi, ailə üzvü kimi İddiaçı həmin mənzilə gəlin köçmüş, Cavabdeh isə “ata evi” olmaqla əvvəllər orada yaşamış və 2006-cı ildə ailə həyatı qurararaq həyat yoldaşının mülkiyyətində olan evdə yaşamağa başlamışdır. Cavabdehin qeyd edilən mənzilə daimi qeydiyyata düşməsi də, onun həmin mənzildən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Cavabdeh həmin ünvana qeydiyyata alınsa da, sonradan yaşayış yerini dəyişib başqa ünvana köçmüşdür, bu hal məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin 2006-cı ildən nikaha daxil olaraq mübahisə predmeti olan mənzili tərk etməsinə dair şahidin ifadəsi üst-üstə düşmüşdür ki, məhkəmə şahid ifadəsini əsas sübut növü kimi götürüb digər sübutlarla paralel qiymətləndirmişdir. Beləliklə, Cavabdeh həyat yoldaşı X7 mülkiyyətində olan ünvan 3 ünvanında həyat yoldaşı və övladları ilə birlikdə yaşamaqdadır.
38. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(012)-2658/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
40. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
41. Şikayətin dəlilindən göründüyü kimi apelyator birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsini mübahisələndirmişdir. Kollegiya şikayətin dəlilini əsassız hesab edir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, araşdırılan mübahisə üzrə mənzillə bağlı hüquq münasibətlərinin 2000-ci il tarixədək əmələ gəldiyi işin mübahisəsiz halıdır. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmuşdur.
44. Şikayətin digər dəlili cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi ilə bağlıdır ki, məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir.
45. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.
46. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
47. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir.
48. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini tələb hüququ mülkiyyətçiyə aid olan hüquqdur. Hazırki halda iddiaçı – mülkiyyətçi kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
49. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
50. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar.
51. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
52. Məhkəmə qeyd olunan Qərarda göstərmişir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
53. Məhkəmədə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh 2006-cı il tarixdən nikaha daxil olaraq ər evinə köçüb getmiş və həmin vaxtdan, iyirmi ilə yaxın müddətdir ki, davamlı olaraq başqa yaşayış sahəsində yaşayır, könüllü olaraq mübahisəli evdən istifadə etmir.
54. Kollegiyanın qənatincə araşdırılan mübahisə üzrə cavabdehin kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi şərh olunan Plenum Qərarında formalaşmış hüquqi mövqeyə uyğundur.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(012)-2658/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.