Məhkəmə qərarları › İş №2(105)-151/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-151/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-151/2022 24.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-1401/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-1401/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı Cavabdeh qarşı mənzilin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 9 mkr, 11/17 saylı evin 15 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında paylarına uyğun bölünməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9 mkr, 11/17 saylı evin 15 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pulun mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzili Azərbaycan Respublikası DƏDRX-nin ******* saylı çıxarışına əsasən onun və cavabdehin paylı mülkiyyətindədir. Cavabdeh onun nəvəsidir. Cavabdehlə onun arasında üç otaqlı mənzil bir otaq onun olmaqla paylı mülkiyyət şəklində bölünmüşdür. O, ikinci dəfə X2 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğu qadın, bu qadının əlil oğlu və o, mübahisəli mənzilin bir otağında yaşayır. Onun yoldaşı vəfat etmişdir, xəstə uşağı ilə həmin mənzildə qalır. Cavabdeh heç bir səbəb göstərmədən mənzildə dava-dalaş salır, onlara yaşamağa imkan vermir. O, artıq yaşlıdır və rahat yaşayan vaxtıdır. Cavabdehlə bir mənzildə yaşamaq mümkün deyildir. Dəfələrlə aralarında mübahisələr olmuş və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsində cavabdehə qarşı mənzilin naturada bölünərək payın ayrılmasına dair iddiası olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, 06.06.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Son vaxtlar onlar arasında ciddi sözsöhbət yaranmış və artıq birlikdə yaşamaları demək mümkün deyildir. Artıq 1 ildən çoxdur o, Sumqayıt şəhəri, Corat qəsəbəsində kirayədə yaşayır, mülkiyyətindən istifadə edə bilmir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2020 saylı, 13.05.2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı payın paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən dəyərinin ödənilməsi tələbinə dair ilk iddia tələbi təmin edilmiş, cavabdehin isə ona qarşı payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bu qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3300/2019 saylı, 26.09.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, onun ilk iddiası rədd edilmiş, cavabdehin qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab etdiyindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-836/2020 saylı, 10.02.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3300/2019 saylı, 26.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Belə ki, İddiaçı onun babasıdır. İddiaçının 94 yaşı vardır. Onlar ailə kimi çox mehriban yaşamışlar. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra onlarla heç bir qohumluq əlaqəsi olmayan, babasının vəfat etmiş yoldaşının qohumu qəsdən dava-dalaş salaraq güya qulluq etmək üçün babasını özü yaşadığı evə aparmışdır. Əslində isə həmin adamın məqsədi babasının adına olan bir otağı ələ keçirməkdir. Bu qadın onun babasını aldadır, yaşından, özünü idarə etmə qabiliyyətinin zəif olmasından istifadə edir. Dəfələrlə babası ilə əlaqə saxlamaq istəsə də, həmin qadın onunla görüşməyə şərait yaratmır. 94 yaşlı babasının özünün qərar vermək iqtidarında olmağı şübhə yaradır. Babasını başqa şəxslər idarə edir, adından ərizələr yazır, məhkəmə çəkişmələri yaradır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9 mkr, 11/17 saylı evin 15 saylı mənzilin yaşayış sahəsi 12.8 kv.m-dən ibarət 1 otağı 23.05.2017-ci il tarixdə İddiaçı Əlibaba oğlunun, yaşayış sahəsi 34.6 kv.m-dən ibarət 2 otağı 11.01.2012-ci il tarixdə Cavabdeh adlarına paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, 06 iyun 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 9 mkr, 11/17 saylı evin 15 saylı mənzilinin naturada bölünərək payın ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı payın paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən dəyərinin ödənilməsi tələbinə dair ilk iddia təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilində olan paya görə 12000 manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, İddiaçı həmin paya olan hüququnun itirilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilində olan paya görə 12000 manat məbləğində pulun ödənilməsi ilə İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilindəki paya hüququnun itirilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh İddiaçı qarşı payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3300/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsinin ilk iddiaya dair hissədə ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə-Cavabdeh İddiaçı qarşı payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-836/2020 saylı, 10.02.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3300/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MM-nin 220.3-cü əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflərin paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilinin naturada bölünərək hər bir mülkiyyətçinin payının ayrılması mümkün deyildir. Həmçinin iddiaçıya payının dəyərinə uyğun cavabdeh tərəfindən kompensasiya vermək imkanı da olmamışdır. Qeyd edilən hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2021-ci il tarixli, 2(060)-1401/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar