Məhkəmə qərarları › İş №2(105)-151/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-151/2023

16.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-151/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(060)-3320/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin həmin evdən əşyaları ilə birlikdə çıxarılması, evin tam şəkildə boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Finoko» BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2015-cı il tarixli, 2015/00178-01 №-li Kredit Müqaviləsinə əsasən, 60 ay müddətinə 23000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evi girov qoyulmuşdur. Borclu 02 sentyabr 2015-ci il tarixli, 2015/00178-01 №-li Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında yerinə yetirməmiş və tərəflərindən qanunvericiliyin tələbinə uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8172/2018 saylı, 24 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbləri qismən təmin edilmişdir. Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-22/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunduqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-78/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti olan əmlak "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. Lakin ilkin, daha sonra təkrar hərracda əmlakın satışı baş tutmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, hərracın yekunları barədə protokola və alqı-satqı müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. Sözügedən sənədlər əsasında İddiaçı BOKT ASC Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış almışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 sözügedən evdə qeydiyyatda olmaqla yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də tərəflərindən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Hesab edirlər ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətlərində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməli, cavabdehlər həmin evdən çıxarılmalı və ev tam şəkildə boşaldılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(060)-3320/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(060)-3320/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda o, "xxxx" MMCyə və İddiaçı BOKT ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Bununla bağlı Sumqayıt Şəhər Məhkəməsinə yazılı, elektron qaydada vəsatət verərək İddiaçı BOKT ASC-nin cavabdehlər kimi Cavabdeh1, Cavabdeh2 və ona qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraatın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan onun cavabdeh İddiaçı BOKT ASC-ə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatını Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırmalı olduğu halda həmin icraatı dayandırmadan əsassız qətnamə qət etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Republikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-22/2021 saylı qərarından görünür ki, həmin qərarla Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2020 nömrəli iş üzrə 04 mart 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Republikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-22/2021 saylı qərarının məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2015-ci il tarixli, 2015/00178-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh3 İddiaçı BOKT ASC-nin xeyrinə 14185,85 (on dörd min bir yüz səksən beş dollar səksən beş sent) ABŞ dolları məbləğində qalıq, 4500,24 (dörd min beş yüz dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 18686,09 (on səkkiz min altı yüz səksən altı dollar doqquz sent) ABŞ dolları məbləğində (ödəniş gününə Mərkəzi Bankın manata olan məzənnəsi nəzərə alınmaqla, manatla) borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50 000 (əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına 14185,85 (on dörd min bir yüz səksən beş dollar səksən beş sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4500,24 (dörd min beş yüz dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 18686,09 (on səkkiz min altı yüz səksən altı dollar doqquz sent) ABŞ dolları məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı BOKT ASC-yə ödənilməsi, iddia tələbinin ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsində rədd edilməsi qət edilmiş, qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550 D saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 98.000 (doxsan səkkiz min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8172/2018 saylı, 24 sentyabr 2018-cı il tarixli qətnaməsi ilə tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evi açıq hərracdan İddiaçı BOKT ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildən könüllü olaraq çıxmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun qeyd edilən maddəsinin mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaltmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin daşınmaz əmlaka dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı BOKT ASC-nin Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı BOKT ASC-yə təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətini - "xxxx" MMC-yə və İddiaçı BOKT ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməsi, həmin mülki işə baxılıb yekun qərar qəbul edilənə kimi hazırki işə baxılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 2(105)-1884/2022 nömrəli qərardadı ilə hazırkı mülki iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3109/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)- 6545/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh3 apellyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, hal-hazıra kimi qeyd olunan qətnamədən kassasiya şikayəti verilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)-6545/2022 nömrəli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərracın yekun protokolunun ləğv edilməsini xahiş etmiş və məhkəmənin 18 iyul 2022-ci il tarixli, 2(004)-3109/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(103)-6545/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qeyd olunan qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, e-2(060)-3320/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar