Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-151/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə qaydasının müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3113/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə və istifadə qaydasının müəyyən olunması, fərdi yaşayış evinin tikintisinə sərf olunmuş pulun yarısının alınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən torpaq sahəsi üzərində onun tərəfindən inşa edilmiş 4 otaqlı fərdi yaşayış evinə köçürülməyi və həmin evdən istifadə qaydasını müəyyən etməklə 1 otağının bölünərək onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən və hazırda Cavabdeh yaşadığı 4 otaqlı fərdi yaşayış evinin tikintisinə sərf edilmiş pulun yarısının-35000 manat məbləğində pulun və onun tərəfindən ödənilmiş rüsumların cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 27 noyabr 1996-cı ildə cavabdehlə rəsmi nikahla ailə həyatı qurmuş və 3 övladları olmuşdur. Təxminən 1999-cu il tarixdə Sumqayıt şəhəri, Yaşıl Dərə massivində 10 sota yaxın torpaq sahəsində onun tərəfindən 7 daş kürsülü və 3.40 metr hündürlüyündə 4 otaqlı, 1 eyvan, 2 mətbəxt və kommunal sahələrdən (hamam və ayaqyolundan) ibarət fərdi yaşayış evi tikmiş, təmir etmiş və yaşayış üçün yararlı hala saldıqdan sonra həmin evə 2007-ci il tarixdə köçmüşlər. Qaz, su və işıq sayğacı onunla birlikdə kodu onun adına olmuşdur. 2019-cu ilin iyun ayına kimi bir yerdə yaşamış, lakin cavabdehin hərəkətləri üzündən o məcburiyyət qarşısında qalaraq evdən çıxmışdır. Lakin onun birgə nikah əldə etdikləri bütün əmlaklar və mal-qarası (6 inək) cavabdehdə qalmış və onu bu əmlaklardan məhrum etmişdir. O bu evin tikintisinə külli miqdarda vəsait sərf etmiş və hazırda onun evində yaşamaq və bu evdən istifadə qaydasını müəyyən etdirmək istəyir. Evin sahəsi 17.20 kvadrat metr olan bir otağına köçürülmək istəyir, lakin cavabdeh buna razı deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tam əsassız, ədalətsiz və qanunsuzdur. Sumqayıt Şəhər Məhkəməsi iddianın təmin edilməməsinə dair qətnamə qəbul edərkən, mülki iş üzrə bütün halları obyektiv və hərtərəfli araşdırmamış, mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə öz vəsaitləri hesabına inşa olunmasını, yəni tərəflərin birgə mülkiyyəti olmasını nəzərə almamışdır. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsində qeyd olunan hüquq normasının prinsiplərini kobud surətdə pozmuşdur. Belə ki, qeyd olunan mübahisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən birgə nikah dövründə öz vəsaiti hesabına inşa olunması iş üzrə tərəflərin izahatları və digər sübutlarla tam təsdiq olunsa da, məhkəmə qeyd olunan normanın müddəalarını tətbiq etmək əvəzinə, heç bir hüquqi əsas olmadan Mülki Məcəlləsinin 180-ci maddəsinə istinad etmiş, qeyd olunan mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə inşa etmələrini nəzərə almamış və buna hüquqi qiymət verməmişdir. Məhkəmə qeyd olunan mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərclərin kim tərəfindən, hansı vəsait hesabına və hansı dövrdə inşa olunmasını araşdırmaq əvəzinə, öz qətnaməsində əsassız olaraq Mülki Məcəlləsinin 180-ci maddəsinin normalarını tətbiq etmiş, iddia tələbi fərdi yaşayış evinə sərf edilmiş pulun yarısının iddiaçının xeyrinə ödənilməsinə dair olsa da, məhkəmə mübahisənin mahiyyəti üzrə araşdırma aparmamışdır. Sumqayıt Şəhər Məhkəməsi mülki iş üzrə təqdim olunan bütün sübutları obyektiv və hərtərəfli araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, qeyd olunan mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə iddiaçının vəsaiti hesabına inşa olunması iş üzrə tərəflərin izahatları və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Mübahisəli fərdi yaşayış evinin iddiaçının öz vəsaiti hesabına tərəflərin birgə nikah dövründə inşa olunmasını iş üzrə şahidlər də, təsdiq edə bilər. Lakin məhkəmə şahidlərin məhkəmə iclasında iştirak etməsini zəruri hesab etməmiş və nəticədə şahidlərin işdə iştirakı təmin olunmamışdır. Birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün araşdırma aparmamış, iş üçün əhəmiyyətli olan halları kifayət qədər hərtərəfli və obyektiv araşdırmamış, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməmiş və nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Bildirir ki, məhkəmə iş üzrə qətnamə çıxararkən tərəflərin izahatlarını və digər mötəbər sübutları nəzərə almamış və düzgün hüquqi qiymət verməmiş və maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini cavabdeh tərəfindən qeyd olunan halların mövcudluğunu təkzib edən mötəbər sübutların iddiaçı tərəfindən təqdim olunmaması, iddia tələbinin əsasını təşkil edən halların öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflərin 27 noyabr 1996-cı ildə rəsmi nikaha daxil olmaları və hazırda onların bu nikahlarının məhkəmə qətnaməsi ilə pozulması, nikahlarının pozulmasına qədər mübahisəli mənzildə yaşamaları işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi fərdi yaşayış evinin tikintisinə sərf edilmiş pulun bölünməsi barədədir. İddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 32, 36.3, 36.4, 37, Mülki Məcəllənin 225.1-ci maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır. İşin hallarına əsasən iddiaçının qeyd etdiyi Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən 4 otaqlı fərdi yaşayış evi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 4.11-ci bəndinə görə Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən 4 otaqlı fərdi yaşayış evinin tikintisinə sərf edilmiş məbləğ tərəflərin birgə nikah dövründə həyata keçirildiyindən onlar arasında qoyduqları vəsaitə uyğun payı müəyyən edilməlidir. Ailə Məcəlləsinin 36.3 və 36.4-cü maddələrinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir və məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.1., 37.2. maddələri). Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən 4 otaqlı fərdi yaşayış evinin təmiri və tikintisi üçün çəkilmiş xərclərin müəyyən edilməsi məqsədilə mülki iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2024-cü il tarixli 3-16-16/2- 10/9123, 9/9413 nömrəli ekspert rəyinə əsasən Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 61.000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən 4 otaqlı fərdi yaşayış evi üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 36400 manat məbləğində olduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən 4 otaqlı fərdi yaşayış evinin tikintisinə sərf edilmiş məbləğin yarısı (36400:2=18200 manat), yəni 18.200 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Sumqayıt Şəhəri, Yaşıl Dərə massivində yerləşən 4 otaqlı fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 18.200 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-151/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-151/2024
07.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver