Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1514/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi və tikiliyə vərəsəlik payı da daxil olmaqla sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-410/2018 nömrəli, 05 fevral 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) ərizənin təmin edilməsi, 20 oktyabr 2007-ci il tarixdə mərhum X2 ilə X5 arasında bağlanaraq Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 4-Ə-360 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikilinin ½ hissəsinə Ərizəçi payı ilə X1 qalmış ½ hissə miras payı birləşdirilməklə Quba rayonu, Əskiİqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən tikiliyə Ərizəçi sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunması qət edilmişdir. Maraqlı şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 2007-ci il tarixdə mərhum X2 ilə X5 arasında bağlanaraq Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 4-Ə360 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək, 20 oktyabr 2007-ci il tarixdə mərhum X2 ilə X5 arasında bağlanaraq Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 4-Ə-360 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikilinin ½ hissəsinə Ərizəçi payı ilə X1 qalmış ½ hissə miras payı birləşdirilməklə Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən tikiliyə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X2 20 oktyabr 2007-ci il tarixdə Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 4-Ə-360 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3 ona məxsus Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsini və üstündəki yarımçıq tikilini satın almışdır. X2 19 iyul 2014-cü il tarixdə ölmüşdür. Torpaq sahəsini aldıqları vaxtdan 0,10 ha torpaq sahəsi və üstündəki tikili onların sahibliyində olmuş, o və mərhum əri torpaq sahəsindəki yarımçıq tikilini tikib başa çatdıraraq torpaq sahəsindən və tikilidən istifadə etmiş, həmin daşınmaz əmlak üzərində istifadə və sərəncam vermə hüquqlarını həyata keçirmişlər. Ərinin ölümündən sonra da o, həmin torpaq sahəsindən və tikilidən istifadə edir. O, hal-hazırda torpaq sahəsini və tikilini öz adına özgəninkiləşdirmək istəyir. Sənədləri DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etdikdə, ona həmin alqı-satqı müqaviləsinin bir nüsxəsinin Notariat Kontorunda olub-olmaması barədə məlumat olmadığını bildirmişlər. O, Quba rayon Notariat Kontoruna müraciət etdikdə, ona 20 oktyabr 2007-ci il tarixdə bağlanmış 4-Ə-360 nömrəli alqı-satqı müqaviləsinin Quba rayon Notariat Kontorunun bazasında olmaması bildirilmişdir. Ona görə də, o satın aldıqları torpaq sahəsinə dair adına çıxarış ala bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, vərəsəlik olunan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən tikili üzərində miras qoyan X4 mülkiyyət hüququna malik deyildir. Bununla əlaqədar qətnamədə göstərilən daşınmaz əmlak miras kütləsinə daxil edilə bilməz. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsi üzərində miras qoyanın mülkiyyət hüququ qeydə alınmamışdır. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini ərizəçinin qeyd etdiyi halların iş materialları ilə təsdiq olunması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçinin tələbi 20 oktyabr 2007-ci il tarixdə mərhum X2 ilə X5 arasında bağlanaraq Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 4-Ə360 nömrəli alqısatqı müqaviləsinə əsasən Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədədir. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir (1.5). Ərizənin baxılmamış saxlanılmasının əsaslarını nəzərdə tutan Mülki Prosessual Məcəlləsinin 19-cu fəslinin 259.0.10. maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 306.4. maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ərizədən də göründüyü kimi hüquq haqqında mübahisənin yarandığı aşkardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.5, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi və tikiliyə vərəsəlik payı da daxil olmaqla sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Bu qərardad Ərizəçi yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1514/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1514/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver