Məhkəmə qərarları › İş №2(105)-1516/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1516/2023

06.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1516/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X11, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1168/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, həmin müqavilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti ilə X7 arasında Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzilə dair bağlanmışdır.

2. İşdə olan xx.xx.2022-ci il tarixli akta əsasən, Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli mənzildən çıxarılması barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin o, qanun pozuntusunun aradan qaldırılmasını təmin etməmişdir.

3. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1800/2021 saylı qərardadına əsasən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 1800/2021 saylı qətnaməsi ilə cavabdeh X9 və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 2(105)-2142/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(060)- 1800/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının 2(105)- 2142/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. 21.05.2019-cu il tarixli 3-3/382 saylı arayışa əsasən, X7 1-ci qrup gözdən əlil, kənar şəxsin qulluğuna ehtiyacı olduğuna görə ona nəvəsi Cavabdeh qulluq edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, qeyrilərinin və onlara məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıİması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburı köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. X5 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 08 iyul 2019-cu il tarıxli bina 738-12/40 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kırayə müqaviləsınə əsasən, Qubadlı rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli Yeni Yaşayış kompleksi 12 nömrəli binada 40 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. 18 fevral 2020-ci il tarixində X7 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil istismar Departamentinin Sumqayıt şəhəri üzrə Mənzil Komunal istismar Sahəsinə təqdim edilməli olduğu halda, Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 40 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 40 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Hansı ki, Cavabdeh həmin yaşayış kompleksində bina 8-də 62 nömrəli 3 otaqlı mənzillə təmin edilmişdir. Qeyd edilir ki, zəbt edilən 40 nömrəli mənzillə bağlı iddia tələbləri əsasında Sumqayıt Şəhər Məhkəməsi 09 aprel 2021-ci il tarixli xeyirlərinə məhkəmə qətnaməsi çıxarmış, qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına və Ali məhkəmənin Mülki kollegiyasına şikayətlər edilsə də, qətnamə qüvvəsində qalmışdır. Həmin qətnamədə cavabdeh kimi X9 qoyulmuşdur. Məhkəmə qətnaməsinin icrası zamanı mənzildə Cavabdeh yaşadığını əsas gətirən icra məmuru Orxan Bağırov iddia tələbində qeyriləri sözünün olmadığını əsas gətirərək işini icra edə bilmədiyini bildirmişdir. Onlar da bu səbəbdən iddia ərizəsində cavadeh şəxsı dəyişib Cavabdeh və iddia tələbinə qeyriləri sözünü əlavə etməklə iddia ərizəsi ilə məhkəməyə muraciət etmişdirlər. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1168/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildən çıxarılması, mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva)

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələri, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.2, 3.3, 3.7-ci bəndləri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5, 98.1, 98.2, 99.1, 99.6, 100.3, 102.1, Mülki Prosessual Məcəllənin 82.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunması, iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə erməni işğalçılarının təcavüzü nəticəsində Qubadlı rayonundan köçkün düşərək, 1993-cü ildə köçüb Sumqayıt şəhərinə pənah gətirmişlər. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə Sumqayıt şəhərində, müvəqqəti məskunlaşmışlar. Göstərilən mənzilə özbaşına və ya zorla girməmişlər, bir məcburi köçkün ailəsi kimi dövlət tərəfindən orada məskunlaşmışlar. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər nümayəndəliyinin arayışı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinin arayışları, MİS-in təsdiq etmiş olduğu ailə tərkibi barədə arayış, MİS-in vermiş olduğu arayış, ətraflı arayış da bir daha sübüt edir. Qubadlı rayonundan məcburi köçkün kimi göstərdiyi ünvanda məskunlaşıb yaşayır. Maddi imkansızlıqdan əziyyət çəkir. Evdə dəyərli heç bir əmlakları da yoxdur ki, satıb özlərinə yaşayış mənzili əldə edə bilsinlər. Ailənin ağır vəziyyəti yaşayış sahəsi mənzil almaq imkanından onları məhrum etmişdir.

13. Məhkəmə qanunvericiliyin tələblərini pozmuş və onların əleyhinə qətnamə qət etmiş, bununla da İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Roma, 4.Xİ.1950) müddəalarını pozmuşdur. Bundan əlavə, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramf’nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2004-cü il tarixli, 298 saylı Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.

14. Məhkəmə qətnaməsi əsassız və mövcud qanunvericilik normalarına ziddir, onun məhkəmə prosesində təqdim etdiyi sübütları tamamilə saxtalasdırmış, birtərəfli və qərəzli qətnamə çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin ədalətli məhkəmə araşdırması hüquqlarımızı kobud şəkildə pozmuşdur. Bu məhkəmə prosesləri isə, onun Konvensiyanın 2ci maddəsində təsbit olunmuş yaşamaq hüquqlarını poza bilməz. Belə ki, məhkəmə yaşayış hüquqlarına toxuna bilməzdi ona görə ki, bu onun konstitusion hüququdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsi-təhlükəsiz yaşamaq hüququ və 43-cü maddəsi-mənzil hüququ ilə qorunur. Qanuna əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır və hər kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası tərəfindən bu iddiaları təmin olunmalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu

20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. Maddə 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir.

24. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

25. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

26. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

27. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

28. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

29. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

30. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

31. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın:

32. 3.2-ci bəndinə əsasən məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.

33. 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.

34. 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz.

45. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən X2 Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzil ayrılmışdır. X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh atası X9 həmin kompleksdə bina 8, 62 saylı mənzillə təmin edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1800/2021 saylı qətnaməsi ilə cavabdeh X9 və ona məxsus əşyaların Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12də yerləşən 40 nömrəli 1 otaqqlı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinə təhvil verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Buna baxmayaraq həmin mənzildə X4 övladı - Cavabdeh yaşamağa davam etdiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

49. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamenti ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1.2-ci bəndində kirayəçinin ailə üzvü kimi heç kim göstərilməmişdir.

50. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən bu müqaviləyə yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə əlaqədar xitam verilir.

51. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni Yaşayış kompleksi, bina 12-də yerləşən 40 nömrəli 1 otaqlı mənzildə yaşamasının heç bir qanuni əsası yoxdur.

52. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

53. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 1168/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1168/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar