Məhkəmə qərarları › İş №2(105)-1518/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1518/2023

10.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1518/2023 10.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(060)-1954/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətindən onun sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 175 manat 50 qəpik məbləğində ödənişin və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində təzminatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" zavodunda sulfat turşusu sexində avadanlıqların təmiri üzrə baş usta vəzifəsində işləmişdir. xx.xx.1999-cu il tarixində əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuşdur. İstehsalatla əlaqədar olan bədbəxt hadisənin baş verməsi zavod üzrə xx.xx.1999-cu il tarixli, 2 saylı aktla təsdiq edilmişdir. "xxxx" zavodu ona əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə, əmək xəsarəti almamışdan əvvəl olan orta əmək haqqı nəzərə alınmaqla aylıq ödənişləri ödəyirdi. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticədə müəssisə "xxxx" Acıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəlləşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilirdi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. O, sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, lakin cavabdeh cavab məktubu ilə vurulmuş zərərin ödənilməsi məsələsinin yaxın vaxtlarda müsbət həll olunmasına zəmanət versə də, sonradan müxtəlif bəhanələr gətirməklə verdiyi vədlərə sahib çıxmamışdır. Hesab edir ki, cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə sağlamlığına vurulmuş zərərin ödənilməsindən boyun qaçırır. Hesab edir ki, cavabdeh peşə xəstəliyi nəticəsində sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ona 175 manat 50 qəpik məbləğində ödəniş ödəməlidir. Bundan əlavə cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi zərər vurmuşdur. O, artıq on aydır ki, əvvəllər aldığı müavinətdən məhrum olunmuş, üstəlik, ölkədə baş verən bahalaşma maddi durumunu gündən-günə çətinləşdirir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1954/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi müstəqil tələb irəli sürməyən şəxs kimi cəlb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(060)-1954/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçının sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat 50 (əlli) qəpik məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin mənəvi zərər hissəsində təmin edilməməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(060)- 1954/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia ərizəsinin tam təmin edilməməsini və işin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim işin araşdırılmasına keçməzdən öncə, iddia ərizəsinin verilməsi üçün tələb olunan bütün şərtlərə əməl edilib-edilmədiyini yoxlamalı və bütün sənədlərin iddiaçı tərəfdən təqdim olunub-olunmadığını yoxlamalı idi. Belə ki, iddiaçı tərəfindən iddia qaldırılaraq mübahisləndirilən iş şəxsin əmək hüquqlarının pozuntusuna aid olan iddia növünə aiddir və bundan yarandığını iddia edir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 3.1.3 və 3.2-ci yarımbəndlərinə diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 3.1.3 və 3.2-ci yarımbəndlərinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Belə olan halda əvvəlcə mediasiyaya müraciət edilməli, əgər mübahisə öz həllini tapmazsa, arayış təqdim edilməklə məhkəməyə müraciət olunmalı idi. Bu baxımdan iddiaya indiki halda məhkəmədə mahiyyəti üzrə baxıla bilməzdi. Həmçinin bildirmək istəyirlər ki, müraciət edən və istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış şəxslərin indiki sağlamlıq vəziyyəti aydınlaşdırılmadan, ekspertiza təyin edilmədən, sadəcə 20 il əvvəlki sənədlərə istinad etməklə qətnamənin çıxarılması heç də ədalətin bərqərar edilməsi kimi qiymətləndirilə bilməz. Çünki insan bioloji varlıq olduğundan sürətli də olmasa, müəyyən zaman kəsiyində bərpa olunma və regenerasiya prosesi gedə bilər və təyin edilmiş faiz nisbəti dəyişə bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq təyin olunmuş vaxtda başqa məhkəmə iclasının olması səbəbindən məhkəmə kollegiyasının iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan "xxxx" Dövlət Şirkəti Sumqayıt Superfosfat” zavodunun “İstehsalatda bədbəxt hadisə haqqında” xx.xx.1999-cu il tarixli 2 №-li “Akt”ın surətindən görünür ki, Sulfat Turşu sexinin buraxılması ilə əlaqədar xx.xx.1999-cu il tarixdə sexin baş ustası İddiaçı təqribən 9:30 radələrində sexin tələbatına əsasən 9Xİİ nasosları üçün təcili barmaqçılar düzəltməyə tornaçı Orucov Şakirə göstəriş verib. İşi sürətləndirmək məqsədi ilə həmin barmaqçıqlara rezin həlqələr düzəltmək üçün İddiaçıvertikal deşici dəzgaha yaxınlaşıb onu işə salaraq işə başlayıb. Bu zaman rezin dönən burqu əlcəyə ilişərək sol əlinin baş barmağını qırıb qopartmışdır. Bu vaxt o, özü sağ əli ilə dəzgahın düyməsini basıb dəzgahı saxlamışdır. Nəticədə sol əlin baş barmağı amputasiya olunmuşdur. Eyni zamanda sol saidin dirsək sümüyünün bizvari çıxıntısı qopuğu baş vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 Məkan Mahal oğluna ünvanladığı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona xx.xx.2009-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək 250 manat məbləğində artıqvermə müəyyən olunmuşdur. "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin 802143 nörməli arayışının surətindən görünür ki, İddiaçı 3-cü qrup əlildir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən, aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər: 27.1.1. fərdi əmək mübahisələri; 27.1.2. kollektiv əmək mübahisələri. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: ...i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, iddia tələbi istehsalat qəzası nəticəsində işçiyə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, konkret halda bu mübahisə əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan, Azərbaycan Respublikası MPM-in 4.6-cı maddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(060)-1954/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 391, 259, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(060)-1954/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar