Məhkəmə qərarları › İş №2(105)-1518/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1518/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1518/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Hacıyev Vahid Məcid oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürməklə, evdə olan əşyaların ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-933/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh qarşı evə köçürməklə, evdə olan əşyaların ona təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı özləri özbaşına tikdikləri evlərə maneənin aradan qaldırılması və uşaqları ilə bərabər köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ilin dekabrında X26 ilə faktiki ailə həyatı qurmuşdur. Lakin 10 yanvar 2012-ci ildə ilə rəsmi nikaha daxil olmuşlar. Həmin həyat yoldaşına məxsus Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 73-də fasiləsiz yaşamış və birgə təsərrüfatı idarə etmişlər. Birgə nikahdan 5 övladı- xx.xx.2010-cu il təvəllüdlü oğlu X8, xx.xx.2011-ci ildə qızı X27,xx.xx.2012-ci ildə qızları X14, xx.xx.2016-cı ildə qızları X22 və xx.xx.2018-ci ildə oğluları X6 dünyaya gəlmişlər. Həmin evi həyat yoldaşı özü tikmiş və hazırda da həmin ev Hacı Zeynalabdin qəsəbəsi bələdiyyəsində həyat yoldaşının adındadır. Arayış iş materiallarında var. Onlar evləndikdən sonra həmin evdə tikinti işləri apararaq təmir etmişlər. Nəinki həmin evdə həmçinin ondan əlavə 2 ev tikmişlər. Onlar evləndikləri vaxtdan həyat yoldaşı dünyasını dəyişənə qədər həmin evlərdə yaşamışlar. 2020-ci ilin aprel ayının 6-da yaşadıqları həmin evdə həyat yoldaşı X26 ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Təcili yardıma məlumat həmin ünvandan verilmiş və onlar həmin ünvana gəlmişlər. Təcili yardım briqadası gələn zaman bildirmişlər, xəstə artıq dünyasını dəyişmişdir. Həmin vaxt təcili yardım polisə məlumat vermişdir. Hadisə yerinə polislər gəlmişlər. Birinci yoldaşından olan X15 həyat yoldaşı Səfərov Güləli ilə gəlmişdir. Onlar morqa aparmağa qoymamış, bildirmişlər ki, ataları ürək xəstəsi olmuşdur. Həmin gecə Bakı şəhərinə gətirmiş, məsciddə gecə yuduzdurmuş və gecə qızı X9 evində qalmış və səhəri “Qurd qapısı” deyilən qəbirstanlıqda anasının yanında dəfn olunmuşdur. Ondan sonra X16 ona hədə qorxu gələrək evə getməməyini bildirmişlər. Lakin o qardaşını da götürüb Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsi, ev 73-dəki evinə qayıtmışdır. Ondan sonra rəhmətlik həyat yoldaşının birinci arvaddan olan övladları evinin açarlarını alaraq onu evinə buraxmamışlar. Evə köçürmə versə də məhkəmədə cavabdehlər onların həmin ünvanda tikdikləri iki evin olmasına və uzun illər yaşamaqlarına baxmayaraq o, Cavabdeh Ağabay qızının adına üç evdən birinin çıxarışı və vərəsliklə qəbul etməsi məhkəmə zamanı aşkar olunduğundan o, özü ona tikdikləri iki evə köçürülməkləri ilə bağlı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Çünki əvvəlki cavabdehlər evin onlara aid olmamasını məhkəmədə bildirdikləri üçün cavabdehin dəyişdirilməsi üçün ərizə ilə iddia ərizəsini geri götürüb yeni cavabdehə qarşı iddia qaldırmaq qərarına gəlmişdir. Hazırda da özbaşına tikdikləri evlərində ev əşyaları, ona bəxşiş verilmiş 30000 manatdan artıq qızıl-zinət əşyaları, 20000 manatdan artıq pulu qalmışdır. Uşaqlarının geyim əşyaları hazırda həmin evdədir. Hazırda evindən və əşyalarından xəbəri yoxdur, cavabdehlər aldığı məlumata görə evini, əşyalarını yağmalamışlar. Onu 5 azyaşlı uşaları ilə evinə buraxmırlar. O, Bələdiyyəyə müraciət etmiş, bildirmişlər ki, onlar gedib orada da səs-küy salmış, hədə-qorxu gəlmişlər. Bələdiyyədən ona bildirmişlər ki, yaşadıqları ev həyat yoldaşının adınadır və onların evi 154 manat bələdiyyəyə borcu qalmışdır. Onu da ödəmişdir. X5 vermiş olduğu 36 saylı 25 fevral 2021ci il tarixli arayışında da həmin evin məhrum həyat yoldaşına məxsus olduğu göstərilmişdir. Onlar həmin evdə yaşadıqlarından evdə ona məxsus aşağıda adlarını qeyd etdikləri əmlakları qalmışdır. Hazırda da aşağıdakı qeyd etdiklri əşyalar özlərinin də etirafı ilə həmin evdədir. Mebel Servant - 700 manat dəyərində, paltar dolabı - 500 manat dəyərində, üç ədəd soyuducu - dəyəri 1500 manat, geyim əşyaları, kurtkalar, alt-üst geyimləri, paltolar ümumilikdə 2000 manat dəyərində, Quran kitabı 100 ədəd və digər kitablar dəyəri 3000 manat qızıl - zinyət əşyaları 5 ədəd üzük, 2 ədəd sep, 4 ədəd qızıl qolbaq, 1 ədəd birliyant qaşlı üzük, üstündə Quran qabı olan çəkilmə sep çəkisi 100 qram - ümumi dəyəri 40000 manat, sep qiyməti - 1000 manat dəyərində, əlavə olaraq 2 ədəd qolbaq dəyəri - 1000 manat, təzə quraşdırdıqları mətbəx mebeli dəyəri - 3000 manat idman avadanlıqları - dəyəri 3000 manat, böyük soyuducu şkaf formasında - 3000 manat dəyərində, beş ədəd yataq dəsti, divan, kreslo - 15000 manat dəyərində, 20 ədəd xalça - 6500 dəyərində, eyni zamanda içərisində 20000 manat olan seyf, bütün ailə albomları, şəkilləri, evə baxış keçirilən zaman müəyyən olunacaq ki, həmin həyətdə cavabdehə vərəsəliklə keçmiş evdən başqa iki ədəd fərdi yaşayış evi onlar tərəfindən tikilmişdir. Həmin ev əşyaları bu gün də durur. O öz tikdikləri evlərə köçürülməklərini istəyir. Onlardan iki ədədini yoldaşı ilə birlikdə şəxsən özləri tikmişlər. Bundan əlavə rəhmətlik həyat yoldaşı həyətdə idman zalı və 10 metrənin 3 metrəyə olan baseyin tikmişdir. Əgər o, evlər onların olmasaydı onda niyə onlar o qədər xərc çəkmiş və həyətdə baseyn və idman zalı tikdirirmişlər. Həyətdə olan digər evin dəyərini də mərhum həyat yoldaşı tərəfindən mərhum Himayə xanıma ödənilmişdir. Rəhmətlik həyat yoldaşı bildirmişdir ki, bu ev daxma olmuşdur. Hələ ona qədər və ondan sonra da tikib artırmış genişləndirməkdə olan həyətdə olan özləri üçün tikdikləri evin heç bir sənədi yoxdur. Özbaşına tikdikləri evlərinə köçməklərinə kiminsə etiraz əsas ola bilməz. Həmiyəxanım Abdul qızını o heç tanımamışdır. Cavabdeh Ağabay qızını rəhmətlik həyat yoldaşının birinci arvadından olan övladları tapıb ortaya çıxararaq evini almaq üçün ondan istifadə etmişlər. Hazırda həmin evdə də ev və digər əşyaları durur. Həmin evin təmirinə də rəhmətlik həyat yoldaşı 50.000 manata yaxın pul xərcləyərək tikib genişləndirmişdir. Hazırda da oranı satmış və məhkəmə mübahisəsi sonlanana kimi həmin evin satılması qanunaziddir. Tələb etdikləri əşyaları və evə köçürmə verdiyi özbaşına tikdikləri evlər bir həyətdə rəhmətlik həyat yoldaşından sonra bələdiyyəyə müraciət etmişlər. Bələdiyyədən ona bildirmişlər ki, ev həyat yoldaşının adınadır. Vəkil sorğusuna verilmiş xx.xx.2021-ci il tarixli, 218 saylı cavab məktubunda bildirilmişdir ki, “ünvan 1 ünvanında yerləşən 800 kv.m torpaq sahəsi üzərində tikilmiş 90 kv.m yaşayış evi məhrum X20 məxsusdur. Həmin torpaq sahəsi sənədsizdir. Hal-hazırda əmlak və torpaq vergisi üzrə 154.00 manat (2015-2020-ci illər üzrə) borc yaranmışdır.” Həmin borcu da ödəmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli vəkil sorğusuna verilmiş cavab məktubunda göstərilir ki, "xxxx" İstehsalat Birliyinə ünvanlanmış 21 dekabr 2021-ci il tarixli daxil olma xx.xx.2021-ci il tarixli SOCAR **********30560046X45409 saylı) məktuba baxılmışdır. Sorğuya cavab olaraq bilirilmişdir ki, ünvan 2 ünvanına uyğun kod **********00770 İstehalat Birliyinin abonentlər bazasında Əbdül Əbdülovun adınadır. Bundan başqa vəkil sorğusuna verilmiş 01/05-06/315 saylı xx.xx.2022-ci il tarixli "xxxx" tərəfindən verilmiş məktubda göstərilmişdir ki, “Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 73 saylı fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilib-edilməməsi, edildiyi təqdirdə kimin qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli, 902 nömrəli müraciətə “Azərişıq ASC-də aidiyyti üzrə baxılmışdır. Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan ünvanda X17 21 iyul 2008-ci il tarixdə **********01320 nömrəli abunə qeydiyyata alınması barədə məlumat vardır. Qeyd olunan ünvanda xx.xx.2018-ci il tarixdə PAUD MP): tipli(smart) saygac quraşdırılmışdır”. X5 vermiş olduğu 36 saylı 25 fevral 2021-ci il tarixli arayışında da həmin evin məhrum həyat yoldaşına məxsus olduğu göstərilmişdir. Bütün bunlar bir daha sübut edir ki, hətta o, ailə qurmamışdan əvvəl də işıq kodu həyat yoldaşının adına olmuş və o da o evə gəlin gəlmişdir. Həmin evlər və əmlaklar onlara məxsusdur. Əgər onlara məxsus nəsə olsaydı onlar yaşadıqları müddətdə bircə dəfə də olsun gəlib evlərini tələb edərdilər. Yoldaşı rəhmətə getdikdən sonra həyat yoldaşının birinci arvadından olan övladları tərəfindən o döyülərək küçəyə atılmış, ondan sonra dəfələrlə polisə də müraciət etsə də evinə girə bilməmiş, əmlakları da orada qalmışdır. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Hazırda evindən məhrum olmuşdur. Dəfələrlə polisə də müraciət etmişdir ki, qiymətli əşyalarının oğurlanıb-oğurlanmamasını müəyyən etmək üçün araşdırma aparılana qədər tədbirlər görsünlər. Lakin onlar heç bir tədbir görməmişlər. Azyaşlı uşaqlarının da hazırda paltarları da, kitab dəftərləri də həmin evdə qalmışdır. Hazırda həmin evdə də o məhrum həyat yoldaşı ilə bərabər hüquq və vəzifələrə malik olmuş və onun 5 azyaşlı övladlarının anası və ailə üzvüdür. Lakin həmin hüquqları pozularaq küçəyə atıldığından o öz hüququndan məhrum olmuşdur. Cavabdehlərin qeyd olunan hərəkətləri ona və ailəsinə mənəvi iztirablar gətirir. İşin ədalətli və obyekti həlli üçün hazırda həmin evlərə və əşyalara baxış keçirilməsi zərurəti yaranmışdır. Odur ki, özbaşına tikdikləri evlərinə köçürülməkləri üçün ərizə yazmışdır. Həmçinin, Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı özləri tərəfindən özbaşına tikdikləri evlərinə və həmin evlərdə yerləşən ona məxsus əmlaklara baxış keçirməsini xahiş etmişdir. X16, X23, X24, X10, X18, X19 məhkəmədə həmin evin onlara heç bir aidiyyatı olmadığından aldıqları evlərinin açarlarını Cavabdeh verdiklərini bildirmişlər. O 2008-ci ildən 2020-ci ilə kimi ümumiyyətlə Zemfira adlı şəxsi tanımamışdır. Həyat yoldaşı o həyəti pulla aldığını bilirdirmiş və birgə nigah dövründə tikib genişləndirmiş, təmir etmişlər. Amma özbaşına tikdikləri evdən başqa mövcud olan evi sənədləşdirmədiyi üçün onlar bundan sui-istifadə edərək vərəsəlik qaydasında hər hansı yolla sənədləşdirərək adlarına keçirmişlər. Ona görə də həmin evin tikilib genişləndirilməsi və təmirinə birgə nikah dövründə təxminən 40 min manatdan artıq pul xərcləmişlər. Həmin pullarının da alınıb onlara verilməsini istəyirlər. Hazırda da ev satışdadır. Ev əşyaları, qızıl zinət əşyaları həyətdə özbaşına qanunsuz torpaqda tikdikləri evdədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində əsassız olaraq qeyd etmişdir ki, iş materiallarında olan X5 sədri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əsasən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 800 kv.m. torpaq sahəsi və 120 kv.m. olan fərdi yaşayış evinin sahibi X4 vəfat etdikdən sonra həmin torpaq sahəsinə və evə görə torpaq və əmlak vergisi (o cümlədən digər kommunal ödənişlər, qaz, su və işıq) onun oğlu X11 tərəfindən ödənilmiş və sonradan ödənişlər Cavabdeh Ağabər qızı tərəfindən aparılmışdır. Məhkəmə araşdırmamışdır ki, qanunsuz tikili 120 yox, 90 kv.metrdir və 2022-ci ilə kimi kommunal ödənişləri kim ödəmişdir. Unutmuşdur ki, həyat yoldaşının ölümündən sonra onu küçəyə atmışlar və evə buraxmamışlar. Ona görə də məhkəmə qətnaməsi tam qanunsuz və əsassızdır, cavabdehin müdafiə mövqeyindən çıxış etməklə məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir. Məhkəmə tərəfindən araşdırma düzgün aparılmamış və nəticədə qanunsuz və qərəzli qətnamə qəbul edilməmişdir. Hazırki iş üzrə məhkəmə işin həqiqi halları ilə üst-üstə düşməyən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Hazırki iş üzrə məhkəmə sübutları düzgün qiymətləndirməmiş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İş üçün əhəmiyyəti olan hallar araşdırılsa da qətnamə həmin hallara uyğun qəbul edilməmişdir. İddiaçının dəlillərinə düzgün qiymət verilməyərək qanunsuz qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, lakin məhkəməyə ünvanladığı yazılı ərizədə yerli baxışın keçirilməsinə etiraz edərək onun nənəsindən qalan evə iddiaçının heç bir adiyyətinin olmadığı, habelə yazılı etirazında da qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdiyindən, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini iddiaçı tərəfindən qeyd olunan halların mövcudluğunu təkzib edən mötəbər sübutlar təqdim olunmaması, iddia tələbinin əsasını təşkil edən halların öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Sumqayıt, X25 qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 73, yeni qaydalarla: AZ 5022, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. Baxılan iş üzrə iddia tələbi cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması və uşaqları ilə bərabər həmin evə köçürülməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4, 159.1, 164.1 maddələri nəzərdən keçirilməlidir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4. maddəsi). Mülki Məcəllənin 159.1, 164.1-ci maddələrinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı onun sahibliyində olmuş, tələbində göstərdiyi əmlaka cavabdeh tərəfindən törədilən mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması və onun həmin evə köçürülməsindən ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, ilk növbədə iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun mərhum həyat yoldaşına məxsusluğu və onun səyi və ya zəhməti ilə inşa edildiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə belə sübutlar təqdim etməmişdir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Lakin özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni də qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Lakin iddiaçının köçürülməsini arzuladığı evlə bağlı istinad etdiyi xx.xx.2021-ci il tarixli X5 cavab məktubu, habelə "xxxx" ASC və "xxxx" ASC-nin xx.xx.2022, xx.xx.2021-ci il məktublarına gəldikdə isə qeyd olunmalıdır ki, daşınmaz əmlakın şəxsə məxsusluğu abonent kodu və ya Bələdiyyənin məktubu ilə deyil, DƏDRX-də rəsmi qeydiyyatla müəyyənləşdirilir. Əksinə işdən göründüyü kimi qeyd olunan ünvanda yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mərhum X2 məxsusdur. Eyni zamanda Cavabdeh məhkəmə kollegiyasına ünvanladığı yazılı etirazda və vəsatətdə də mübahisəli bağ evinə baxış keçirilməsinin əsassız hesab etdiyini, sözü gedən bağ evinin nənəsi mərhum X3 adına və mülkiyyətində olduğunu, buna dair də reyestrdə qeydiyyat aparılmaqla müvafiq çıxarış verildiyini bildirmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar