Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1520/2024 28.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının cavabdeh Qulı̇ yeva Yazgül Cümşüd qızına qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarlma, alqı-satqı müqaviləsinin bağlanması faktının və onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi) X39 Süleymanovanın sədrliyi və məruzəsi, X7 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının cavabdeh Qulı̇ yeva Yazgül Cümşüd qızına qarşı “evin boşaldılması və ev əşyalarının təhvil verilməsi” tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanması və mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Qobustan Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(026)-207/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Qəniyeva X8 rayonu, Qobustan şəhəri H.Əliyev prospektində yerləşən, həyat yoldaşı X34 ilə birgə nikah dövründə aldıqları 64 saylı evdən bacısı Cavabdeh ailəsi ilə birlikdə çıxarılması, evin boşaldılması, həmin evdə olan və bacısı Yazgül tərəfindən ələ keçirilmiş ev əşyalarının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İlkin iddia üzrə İddiaçı ilkin iddianı onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X34 ilə birgə nikah dövründə 1990-cı ilin noyabr ayında Qobustan şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən yaşayış evini almışlar və həmin evdə yaşamışlar. 25 il bundan əvvəl 1999-cu ildə işləmək məqsədi ilə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Pskov şəhərinə köçmüş və orada işləmişlər. Rusiyaya gedən zaman, bacısı Yazgül evləri olmadığına görə onlara məxsus evdə müvəqqəti yaşamağa icazə vermələrini ondan xahiş etmiş, o, da bacısı olduğuna görə onlara müvəqqəti yaşamağa icazə vermişlər. Özünə məxsus əşyaların bir hissəsini bir otağa yığaraq qalan əşyaları işlətmək üçün Yazgülün istifadəsinə vermişdir. Yazgül ondan razı qalaraq ona nə vaxt geri qayıdarlarsa evi təhvil verəcəyini, boşaldacağını bildirmişdir. İş elə gətirdi ki, 2023-cü ilin mart ayında əri Çingiz vəfat etmiş və Çingizi gətirib Qobustan rayonunda dəfn etmişlər. Hüzür məclisini də öz evlərində vermişlər. Həmin vaxtı Yazgülə bildirmişdir ki, evi boşaltmaq lazımdır. Yazgül də onunla razılaşaraq bildirdi ki, oğlu hərbi xidmətdədir, qayıtsın evi boşaldacaq. Qızıyla birlikdə Rusiya Federasiyasına qayıtmış və 2024-cü ilin mart ayında Çingizin il mərasimini vermək üçün Azərbaycana qayıtmışlar. Yenidən Yazgülə və əri Qədimə Çingizin yas mərasimini vermək üçün evlərinə gəldiklərini bildirdikdə isə onlar “sizin eviniz yoxdur”deyərək onları evə buraxmamışlar. Ona görə də məsələnin məhkəmə qaydasında həll edilməsi zərurətində qalmışdır. Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən, həyat yoldaşı X34 ilə birgə nikah dövründə aldıqları 64 saylı evdən bacısı Cavabdeh ailəsi ilə birlikdə çıxarılması, evin boşaldılması, həmin evdə olan və bacısı Yazgül tərəfindən ələ keçirilmiş ev əşyalarının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bacısı İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H.Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması faktının tanınması və həmçinin onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı “evin boşaldılması və ev əşyalarının təhvil verilməsi” tələbi barədə məhkəməyə müraciət etmişdir. Bacısı Soltanxanımın iddiası tamamilə qanunsuz və əsassızdır. İddiaçı onun bacısıdır. Onun mərhum həyat yoldaşı X34 bacısından başqa ikinci bir Kəmalə adlı bir qadınla da faktiki nikah münasibətlərinə daxil olmuşdur və bu nikahdan onların övladı olmuşdur. Kəmalə mərhum Çingizə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə həmin uşağın saxlanması üçün Çingizdən alimentin tutulması qət edilmişdir. 2000-ci ildə Çingizin aliment borcu yaranmışdır. Bacısı ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmək istəyirdilər. Lakin Çingizin aliment borcuna görə tutulmaq qorxusu olduğu üçün onlar həmin bu evi satmaq qərarına gəlmişlər. Həmin vaxtı, 2000-ci ilin oktyabr ayında evi Soltanxanım və onun həyat yoldaşı Çingizdən 2700 ABŞ dollarına almışlar. Aralarında rəsmi olaraq alqı-satqı müqaviləsi bağlanmasa da, evə görə pulun ödənməsində hər ikisinin qohumları X18, X12, X35 və X22 iştirak etmişdilər. Bu faktı həmin şəxslər də bu gün təsdiq edə bilərlər. Evdə olan əşyaları isə Soltanxanım başqa şəxslərə satmışdır. Həmin vaxtdan hazıra kimi Soltanxanım evin alqı-satqısı barədə onlara heç bir söz deməmiş və ev barəsində heç bir söz-söhbət etməmişdir. Mübahisə olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyətindədir. Həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10 sentyabr 2009-cu il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək verilmişdir. Fərdi yaşayış evinin dəyəri cavabdehə tam şəkildə ödənildiyi üçün artıq həmin fərdi yaşayış evinə onun mülkiyyət hüquqları yaranmışdır. Lakin 2000-ci ildə həmin bu fərdi yaşayış evinin dövlət reyestrindən çıxarışı olmadığı üçün və həmçinin cavabdeh evi onlara satdıqdan sonra Rusiya Federasiyasına köçdüyü üçün bu mənzilə dair notariat qaydada alqı-satqı müqaviləsinin bağlanması, həm də bu vaxta qədər bu evlə əlaqədar cavabdehlə aralarında hər hansi mübahisə olmadığı üçün bu evin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə zərurət yaranmamışdır. Cavabdeh doğma bacısı olduğu üçün aralarında bir neçə yaxın qohumlarının iştirakı ilə şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin doğma bacısının ona qarşı belə haqsız və ədalətsiz iddia ilə məhkəməyə müraciət etməsi ona hal-hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə məcbur etmişdir. Ona görə də İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması faktının tanınması, onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını və ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır.
6. X3 ifadə verərək göstərmişdir ki, İddiaçı ilə Cavabdeh doğma bacıdır. Təxminən 20 il bundan əvvəl Soltanxanım, onun əri Çingiz və Yazgül əri əri Qədimlə onlara gəlmiş və Soltanxanımın evini almaq istədiklərini bildirmişlər. Həmin vaxtı Yazgülün əlində kağız parçasına bükülmüş pul da vardır, lakin pulun məbləğini bilmir. Soltanxanım və Yazgül bir otağa girərək daşındıqdan sonra onların olduqları otağa girərək bir-birlərinə evin alınması barədə xeyir dua verdilər. Həmin vaxtdan çox müddət keçdiyinə görə məbləğ dəqiq yadında qalmamışdır, Lakin 2700 və 2300 manat söhbəti getmişdir. Soltanxanıma məxsus ev əşyaları hələ də Yazgül yaşayan evdədir. Həmin vaxtdan Yazgül ailəsi ilə birlikdə orada yaşayır.
7. X4 ifadə verərək göstərmişdir ki, iddiaçı Soltanxanımla cavabdeh Yazgül bacıdırlar. Onlar hər ikisi onun ərinin qohumudur və münasibətləri həmişə normal olub. 2000-si ildə Çingiz arvadı Soltanxanımla birlikdə Rusiya Federasiyasına köçmək istədiklərindən evlərini, inəklərini və evdə olan əşyalarını satmışlar. Həmin vaxtı Soltanxanıma məxsus bir inəyi onlar almış, evi isə Soltanxanımın bacısı Yazgül almışdır. Evin alınıbsatılması isə onun evində Çingiz və Qədim arasında aparılmışdır. Soltanxanım evə 3000 manat qiymət qoysa da Yazgülün əlində 2700 manat pulu olduğuna görə evin alınması üçün 2700 manata razılaşmasını Soltanxanımdan xahiş etmiş, Soltanxanım da razılaşmışdır.
8. X10 ifadə verərək göstərmişdir ki, Soltanxanım və Yazgül onun doğma bacılardır. Münasibətləri normaldır. Soltanxanım 2000-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb getmək istədiyinə görə ev əşyalarını başqa adamlara, inəyini əmisi Qeybəli İsmayılova, evini isə bacısı Soltanxanıma satmışdır. Evin alqı-satqısı əmisi Qeybəlinin evində baş tutmuşdur. Həmin vaxtı evdə əmisi arvadı Gülçöhrə, bacısı Soltanxanım, Çingiz, əri digər bacısı Yazgül, Qədim də olmuşdur. Çingizlə Qədim evin qiymətini 2700 ABŞ dollarına razılaşmışlar və heç bir dövlət orqanına getmədən öz aralarında razılaşaraq hallaşmışlar. Həmin vaxtdan bu günə kimi Yazgül ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu vaxta kimi bacılar arasında heç zaman ev söhbəti olmayıb. 2023cü ildə Çingiz rəhmətə getdikdən sonra onu Azərbaycana gətirmişlər, Çingizin 40 günə kimi yas mərasimi Yazgülün evində keçirilmişdir. Lakin hüzur vaxtı Soltanxanım Yazgülə evindən çıxmasını, evin ona məxsus olduğunu dedikdən sonra bacılar arasında mübahisə yaranmışdır. Ona görə də, Yazgül Çingizin ilinin onun evində verilməsinə icazə verməmişdir.
9. X15 ifadə verərək göstərmişdir ki, arvadı Yazgülün bacısı Soltanxanım 2000ci ildə Rusiya Federasiyasına getmək istədiyinə görə evini satmaq istəmişdir. Onlar da həmin evi Soltanxanımdan almaq üçün Soltanxanımın əmisi Qeybəli İsmayılovun evinə getmişlər. Çingizlə razılaşdıqdan sonra 2700 ABŞ dolları pul sayıb Çingizə verərək öz aralarında sözlə alqı-satqı razılaşmasına gələrək evi Çingizdən almışdır. Həmin vaxtı onların yanında Gülçöhrə, Soltanxanım, Yazgül və Leyla olmuşdur. Həmin vaxtdan ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu vaxta kimi onların arasında ev barəsində heç bir sözsöhbət olmamışdır. 2023-cü ildə Çingiz rəhmətə getdikdən sonra onu Azərbaycana gətirmişlər, Çingizin 40 günə kimi yas mərasimi onun evində keçirilmişdir. Lakin hüzur vaxtı Soltanxanım Yazgülə evindən çıxmasını, evin ona məxsus olduğunu dedikdən sonra onların arasında mübahisə yaranmışdır. Ona görə də, Çingizin ilinin onun evində verilməsinə icazə verməmişdir.
10. X2 ifadə verərək göstərmişdir ki, Soltanxanın və Yazgül onun ərinin bacılarıdır. Soltanxanım 2000-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmək istədikləri üçün özlərinə məxsus evi satdıqlarına görə Yazgül və əri Qədim də evi almaq istəmişlər. Həm Soltanxanım gili yola salmaq, həm də, evin alınması məqsədilə əmisi Qeybəlinin evinə yığılmışlar. Həmin gecə onların yanında Çingizlə Qədin arasında evin alqısatqısı üçün söhbətlər aparılaraq Qədim 2700 ABŞ dolları pul sayıb Çingizə verdi. Hazıra kimi Qədim ailəsi ilə birlikdə həmin ünvanda yaşayır.
11. X6 ifadə verərək göstərmişdir ki, X40 onun xalası oğludur. Qədim Qobustan rayonununda olan evini satıb Bakı şəhərində ev almış və köçüb orada yaşamağa başlamışdır. Lakin bir müddətdən sonra qonşusu ilə münasibətləri pozulduğuna görə evini satıb Qobustan rayonuna qayıtmışdır. 2000-ci ildə Qədim ona bacanağı Çingizin evini satdığını və həmin evi almaq istədiyini ona dedikdə, Qədimə Müşfiq qəsəbəsindən ev almasını təklif etmişdir. Lakin Qədim onun təklifini rədd edərək Çingizin evini almaq istədiyini ona bildirmişdir. Sonradan Qədim ona Çingizin evini 2700 ABŞ dollarına aldığını ona demişdir. O, isə Qədimə sonradan aralarında söz-söhbət olmaması üçün evin alqısatqısını dövlət orqanlarında rəsmiləşdirmələrini dedikdə isə Qədim bacanağının yaxşı insan olduğunu və arvadlarının da mehriban bacı olduqlarını, buna görə də heç bir sözsöhbət olmayacağını ona demişdir.
12. X11 ifadə verərək göstərmişdir ki, İddiaçı onun mərhum qardaşı Çingizin həyat yoldaşıdır. Soltanxanım ailəsi ilə birlikdə 1999-cu ildə işləmək məqsədi ilə müvəqqəti olaraq Rusiya Federasiyasına getmişlər. Onlar evlərini Yazgülə satmamışlar. Yazgül Soltanxanıma zəng vuraraq hasarın uçduğunu demiş, Soltanxanım da hasarın tikilməsi üçün Yazgülə 700 ABŞ dolları pul göndərmişdir. Lakin Yazgül hasarı tikməyərək həyətdə Çingizə məxsus həyətdə çardaq tikdirmişdir. Yazgül həmin evdə kirayənişin kimi otursa da, Soltanxanıma evdən istifadə etdiyi üçün pul verməmişdir. Bunu nə qardaşı Çingiz, nə də Yazgülün bacısı Soltanxanım istəməmişdir. Onlar evi Yazgülə satmamışlar. Əgər satsaydılar onların da məlumatları olardı. Çingizin Kəmalədən uşağına ödəməli olduğu aliment borcuna görə evini satdığını bildirilsə də, lakin Çingiz övladının saxlanılması üçün Kəmaləyə heç zaman aliment ödəməmişdir. Kəmalənin atası və qardaşları ona ev tikmiş və uşağını saxlamaq üçün Kəmaləyə valideynləri kömək etmişdir. Çingiz dünyasını Rusiya Federasiyasında dəyişmiş və vəsiyyət etmişdir ki, onu öz evindən yəni, Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində yerləşən özlərinə məxsus 64 saylı evdən götürsünlər. Lakin Yazgül buna imkan vermədiyinə görə qardaşının cənazəsi onun evindən götürülmüşdür. Lakin sonradan Soltanxanım Yazgüllə danışdıqdan sonra qardaşının yas mərasimi həmin evdə keçirilmişdir. Çingizin maddi vəziyyəti həmişə yaxşı olub, onun heç vaxt pula ehtiyacları olmamışdır ki, evini satsın.
13. X1 ifadə verərək göstərmişdir ki, 1993-cü ildə X23 ilə evlənmiş və Eldənizin valideynlərinə məxsus evə gəlin gəlmişdir. Hazırda da həmin evdə yaşayır. O, gəlin gələrkən ərinin bacısı Soltanxanımın Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evi var idi. Həmin həyətdə hətta iki ev vardı. Çingiz və Soltanxanımın övladları olmadığına görə Çingizin ailəsi onların evinə söz-söhbət salırdılar. Ona görə də Çingiz Soltanxanımla birlikdə Rusiya Federasiyasına getmək qərarına gəlmişdir. Onlar edən gedərkən Soltanxanım evin açarlarını anasına verərək evin havalandırılmasını və evdə olan yorqan-döşəklərin havaya verilməsini onlardan xahiş etmişdir. Soltanxanımın bacısı Yazgül Bakı şəhərinə köçmək istədikləri üçün Qobustan şəhərinin “SON” adlanan ərazisində olan evini satmışdır. Lakin işləri alınmadığına görə Soltanxanımın anasının yanına gəlib qalmağa yerləri olmadığına görə müvəqqəti olaraq Soltanxanıma məxsus evdə qalmağa ona icazə verməsini xahiş etdiyinə görə qayınanası Soltanxanıma məxsus əşyaların olduğu evin açarlarını Yazgülə vermişdir. Həmin vaxtdan da hazıra kimi Yazgül ailəsi ilə birlikdə həmin evdə yaşayır. Soltanxanım və onun əri Çingiz hər dəfə Azərbaycana gələndə öz evlərinə düşür və orada qalırdılar. 2023-cü ilin yazında Çingizin səhhətində problem yaranmışdır və öləndə onun rayona gətirilib orada dəfn olunmasını istədiyinə görə qardaşına Soltanxanımın dediyinə görə 700 ABŞ dolları pul göndərərək həyətində naves tikməsini xahiş etmiş, Çingizin qardaşı da Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evin həyətində naves tikdirmişdir. Çingiz 2023-cü ilin payızında vəfat etmiş və onun yas mərasimi də həmin evdə keçirilmişdir. Yas mərasimi zamanı yasa gələn adamların oturması üçün otaqların boşaldılması vacib olduğundan Çingiz və Soltanxanıma məxsus bəzi əşyalar onların evinə yerləşdirilmişdir. Çingizin maddi imkanı normal olduğuna görə onun evi satmasına heç bir ehtiyac olmamışdır. Yazgülə evi müvəqqəti yaşamaq üçün vermişlər və evi Soltanxanım deyil, anası vermişdir. Bu günə kimi Yazgül həmin evdə və həyətdə bir abadlıq işi aparmamışdır.
14. X16 ifadə verərək göstərmişdir ki, İddiaçı onun mərhum qardaşı Çingizin həyat yoldaşıdır. Soltanxanım ailəsi ilə birlikdə 1999-cu ildə işləmək məqsədi ilə müvəqqəti olaraq Rusiya Federasiyasına gedərkən evini müvəqqəti olaraq bacısı Yazgulə evmiş və Yazgül də ailəsi ilə köçüb həmin evdə yaşamışdır. 2023-cü ildə qardaşı Çingiz vəfat etmişdir və onun cənazəsi Rusiyadan Azərbaycana gətirilmişdir. Qardaşının bütün yas mərasimi də həmin evdə keçirilmişdir. Soltanxanımın evi Yazgülə satmasını eşitməmişdir.
15. X17 ifadə verərək göstərmişdir ki, X26 əridir. İddiaçı Soltanxanım isə Rənanın mərhum qardaşı Çingizin arvadıdır. O, Rənayla evləndikləri vaxtdan Çingiz və Soltanxanım Rusiyada yaşadıqlarına görə onlarla münasibəti sıx olmamışdır. Lakin 2023cü ilində Çingiz vəfat edərkən onu dəfn etmək üçün Azərbaycana gətirmişdirlər. O, da elin adətinə uyğun qohum kimi həmin yas məclisində iştirak etmişdir. Yas mərasimi 40 günü də daxil olmaqla Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evdə yəni, Çingizə məxsus evdə keçirilmişdir. Yas mərasimi zamanı Yazgülün əri həyətdə olan çardağın Çingiz tərəfindən tikdirildiyini ona demişdir. Çingizin ölümünün bir ilinə bir-neçə gün qalmış Soltanxanıma kömək məqsədi ilə həmin ünvanda yerləşən evə getmişdir və həmin vaxtı Soltanxanımla Yazgül arasında olan mübahisənin şahidi olmuşdur. Belə ki, Yazgül Soltanxanıma “gedək notariusda evi mənim adına keçirt, sonra isə il mərasimini bu evdə keçirməyə sənə icazə verim”-demiş, Soltanxanım isə Yazgülə “ev mənim olduğu halda hansı ixtiyarla mənə icazə vermirsən ki, il mərasimini həmin evdə keçirim” demişdir. Bundan sonra Yazgül Soltanxanıma isə ona satdığını demişdir. Soltanxanım isə əsəbiləşərək “allahdan niyə qorxmursan, hamıya evi almaq üçün mənə guya gah 1500 pul verdiyi, gah da 3500 manat pul verdiyini deyirsən. Mən sənə 6500 manat pul vermişəm ki, evladlarının toyunu edəsən” demişdir. Yazgül ona imkan vermədiyinə görə il mərasimi Çingizin atası Ataxanın həyətində keçirildi.
16. X5 ifadə verərək göstərmişdir ki, İddiaçı və Cavabdeh onun bacılarıdır. X29 ailə olub və onların övladları olmayıb. Soltanxanım Çingizlə birgə nikah dövründə Qobustan rayonu, Qobustan şəhəri H. Əliyev prospektində 64 saylı evi almışlar. Soltanxanım Çingizlə birlikdə 2000-ci ildə müvəqqəti yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Onlar evdən çıxarkən evin açarlarını onun anasına vermişlər. Digər bacısı Yazgül Qobustan şəhərində olan evini sataraq ailəsi ilə birlikdə Bakı şəhərinə getmiş, iki ilə yaxın qaldıqdan sonra yenidən Qobustana gələrək qalmaq üçün ev axtaran zaman anası Soltanxanıma və Çingizə məsləhət etmədən onlara məxsus evin açarlarını Yazgülə vermişdir. Yazgül hazıra kimi də həmin evdə yaşayır. Çingiz və Soltanxanım evi Yazgülə satmamışlar. Soltanxanım bacılarına dəfələrlə pul göndərmiş və geri istəməmişdir. Soltanxanım bacısı Yazgülə də bir neçə dəfəyə yəni, övladlarının toyunda və qeyrivaxtlarda hədiyyə olaraq 6000 manat pul göndərmişdir. 2023-cü ildə Çingiz vəfat edərkən onun yas mərasimi həmin evdə keçirilsə də, il mərasimini keçirməyə Yazgül imkan vermədiyinə görə Çingizin ili onun həyətində keçirilmişdir. Soltanxanım evini Yazgülə satmamışdır. Çünki onların pulu ehtiyacları yox idi.
17. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, 1976-cı ildə Mərəzə qəsəbəsi Xnıkina 64 ünvanında olan ev Mariya Xiteyevanın adına qeydə alınmış, xx.xx.1980-ci ildə sənddə düzəliş edilərək ev sahibi X34 göstərilmişdir.
18. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü haqqında sənəddən görünür ki, Qobustan rayonu Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh Mərəzə qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi verilmişdir.
19. Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publika Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2024-cü il tarixli arayışından görünür ki, Qobustan şəhəri. H.Əliyev prospekti, 64 nömrəli ünvanda yerləşən etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı mərhum X20 miras qalmış fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə baxılmışdır. Məlumat üçün bildiririk ki, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbui edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Ərizənizə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyiniz fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir. Evin həyətyanı torpaq sahəsi mübahisəli olduğuna görə sizin ərizənizin icras' mümkün olmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12,1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağiı mübahisələr məhkəmə qaydasında həll edilir.
20. Qobustan rayon İHB-ın Qobustan şəhəri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 aprel 2024-cü il tarixdə verilmiş 537 saylı arayışdan görünür ki, Cavabdeh , əri X40 və oğlu X47 ilə birlikdə Qobustan şəhəri, H.Əliyev prospekti 64 ünvanında yerləşən yaşayış evində qeydiyyatdadır və orada yaşayırlar.
21. Qobustan rayonu Qobustan şəhər sakinləri X13, X14, X43, Tapdıqov Elşad Babaşərif oğlu və X27 27 mart 2024-cü il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-ın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təsdiq etdiyi aktdan görünür ki, X40 2000-ci il tarixdən öz ailəsi ilə birlikdə ünvan 4 ünvanda yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
22. Qobustan Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(026)-207/2024 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) İddiaçı Qobustan rayonu, Qobustan şəhəri H.Əliyev prospektində yerləşən, həyat yoldaşı X34 ilə birgə nikah dövründə aldıqları 64 saylı evdən bacısı Cavabdeh ailəsi ilə birlikdə çıxarılması, evin boşaldılması, həmin evdə olan və bacısı Yazgül tərəfindən ələ keçirilmiş ev əşyalarının ona təhvil verilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bacısı İddiaçı ilə aralarında Qobustan rayonu, Qobustan şəhəri H.Əliyev prospektində yerləşən 64 saylı fərdi yaşayış evinə dair 10 noyabr 2000-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması faktının tanınması və həmçinin onun həmin mənzilə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29.1, 29.2, 29.3-cü maddələri, 71-ci maddəsinin İ və Vİİ bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1. 14.2, 217.4, 216- 220, 227, 230, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
24. İlk iddia üzrə iddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(026)-207/2024 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsi İddiaçı və Cavabdeh heç birinin iddiasını təmin etməmişdir. Məhkəmənin Cavabdeh iddiasına münasibətdə mövqeyini düzgün, İddiaçı qarşı münasibətdə isə qeyri obyektiv hesab edir. Belə ki, məhkəmə qətnaməsində göstərilir ki, guya iş materiallarına əlavə olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportun surətindən görünür ki, 1976-cı ildə Mərəzə qəsəbəsi Xnıkina 64 ünvanında olan ev Mariya Xiteyevanın adınadır. Lakin hakim diqqət yetirməli idi ki, texniki pasportun 2-ci səhifəsində 137 nömrə ilə göstərilmiş evin idarə olunması və evə sahiblik kartoçkasında evin əvvəlki sahibi X21 adı pozulmuş və onun yerinə xx.xx.1990-cı il tarixdə X24 adı yazılmışdır. Hal-hazırda həmin sənəd DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin arxivində saxlanılır. Bu sənəd həmin 64 saylı evin X28 məxsus olduğu təsdiq edir. Bu barədə Reyestr Xidmətindən X24 adına müvafiq qeydiyyat aparılmışdır. Əgər bu günkü gündə mübahisə yaranmasaydı, Reyestr Xidməti həmin evə yeni mülkiyyət sənədi – çıxarış verəcəkdi. Sual doğuran hallardan biri də Cavabdeh və uşaqlarının hansı əsaslarla həmin evə pasport qeydiyyatına alınmasıdır? Hansı və kimin razılığı əsasında? Bundan başqa hansı əsasla Aqrar İslahat Komissiyasının qərarı ilə Cavabdeh həmin həyətin 0.19 ha hissəsindən 0.06 ha torpaq sahəsinə kadastr planı – plan ölçü sənədi verilib? Bu məsələlər heç biri məhkəmədə araşdırılmayıb və araşdırılsaydı da həmin suallara cavab tapılmayacaqdı. Çünki hər iki hal qanunsuzluğun bariz nümunəsidir. Həmçinin Cavabdeh tərəfindən məhkəmə dindirilmiş şahidlərin heç birinin sözü bir biri ilə uyğunluq təşkil etmədi və edə də bilmədi. Çünki bu ifadələr həqiqəti əks etdirmir, yalandır, bağlanmamış alqı-satqı əqdini yalandan təsdiq etmək üçün göstərilən cəhd idi. Lakin İddiaçı tərəfindən dindirilən şahidlərin ifadələrdən cüzi də olsa fərq olmadı. Çünki həqiqəti əks etdirirdi. Məhkəmə maddi hüquq normalarının tələbini pozaraq, Reyestr Xidməti tərəfindən arxivdən çıxarılıb təsdiq olunmuş mülkiyyət hüququ qüvvəsində olan texniki pasportdakı qeydiyyata əhəmiyyət verməmişdir. Qətnamədə Cavabdeh qarşılıqlı iddiası təmin edilməsə də, onun evdən çıxarılması təmin edilməli olduğu halda təmin olunmamışdır.
26. İlk iddia üzrə Cavabdeh məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı ona qarşı “evin boşaldılması və ev əşyalarının təhvil verilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsinin 2(026)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Qətnamə proses iştirakçılarına “Elektron məhkəmə” sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Lakin iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin Azərbaycan Respublikası MPM-nin 10-1-ci maddəsinə əsasən: 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yəni, qanunun bu normasına görə mülki proses iştirakçılarının “Elektron kabineti”nə qətnamənin göndərildiyi gündən həmin qətnamə həmin tərəflər tərəfindən alınmış hesab olunur. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, onda apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İddiaçı Qobustan Rayon Məhkəməsinin 2(026)- 207/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
28. İlk iddia üzrə iddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırki vaxtadək cavabdehin adına verilmiş plan və ölçü tərəflərindən mübahisələndirilməmişdir.
29. İlk iddia üzrə cavabdehin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin adına Aqras İslahat Komissiyasının müvafiq Qərarına əsasən fərdi yaşayıq evi tikmək üçün verilmiş plan və ölçü qüvvədədir, həmin sənədlərin qanuniliyi mübahisələndirilməmişdir. Ape
30. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İlk iddia üzrə iddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının nümayəndəsi və vəkili Vəkil2 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdehə qarşı cavabdehin evin boşaldılması və ev əşyalarının təhvil verilməsini tələb etdiyi Qobustan rayonu, Qobustan şəhəri, H.Əliyev prospektində yerləşən 64 saylı evə faktiki olaraq Cavabdeh sahiblik və istifadə edir. Cavabdeh iddiaçı tərəfin də təsdiq etdiyi kimi artıq xeyli müddətdir ki, təxminən iyirmi beş ildir ki, həmin evdə yaşayır. Mübahisə predemeti olan daşınmaz əmlak 1976-cı ildə Mariya Xiteyevanın adına qeydə alınmış, xx.xx.1980-ci ildə sənəddə düzəliş edilərək ev sahibi X34 göstərilməklə sonuncunun adına qeyd aparılmışdır. X34 iddiaçının əri olmuş, 2023-cü ilin mart ayında vəfat etmişdir. İddiaçı mübahisə predmeti olan əmlakın onlara məxsus olduğunu, cavabdehin qanunsuz olaraq əmlaka sahiblik və istifadə etdiyini iddia edərək araşdırılanla tələblə məhkəməyə müraciət etmişdir. Eləcə də Cavabdeh həmin fərdi yaşayış evinin dəyərini ödəməklə satın aldıqlarını, yaşayış sahəsinin onlara məxsus olduğunu iddia edərək qarşılıqlı tələb irəli sürmüşdür.
37. Birinci instansiya məhkəməsi tərəfindən ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
38. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə iddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(026)-207/2024 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
40. Kollegiya ilkin iddia tələbinin əsaslığı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıda şərh olunan qeyd etməyi zəruri hesab:
41. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
42. Kollegiya ilk öncə iddiaçının araşdırılan iddia üzrə subyektiv hüquqa malik olması məsələsinə qiymət verərək hesab edir ki, İddiaçı mərhum X24 arvadı olmaqla birinci növbə qanuni vərəsədir, bu baxımdan iddia hüququna malikdir.
43. Daha sonra kollegiya qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportuna əsasən mərhum ərinə məxsus olsa da işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə digər şəxsin adına plan və ölçü sənədi verilmişdir. Bu fakt Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publika Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2024-cü il tarixli arayışı ilə öz təsdiqini tapır. Həmin arayışda göstərilmişdir ki, qeydiyyata aldırmaq istədiyiniz fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir.
44. İşin müəyyən edilmiş hallarından göründüyü kimi evin həyətyanı torpaq sahəsi mübahisəli olduğuna görə Qobustan şəhəri, H.Əliyev prospekti, 64 nömrəli ünvanda yerləşən mərhum X20 miras qalmış fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir.
45. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə cavabdeh tərəf Qobustan rayonu Aqrar İslahat Komissiyasının 22 iyul 2002-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh həmin ünvanda fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi verildiyini, plan və ölçü sənədləri işləndiyini göstərmiş, müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir.
46. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən verilmiş qüvvədə olan hüquqmüəyyənedici sənədlər vardır.
47. Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
48. Kollegiya qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi torpaq sahəsi ilə vahid daşınmaz əmlak obyekti hesab olduğundan və cavabdehin həmin torpaq sahəsinə dair müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədlərinin hazırda qüvvədə olması ilkin iddia tələbinin təmin edilmə əsaslarını aradan qaldırır.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İlk iddia üzrə iddiaçı Qənı̇ yeva Soltanxanım Cümşüd qızının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(026)-207/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.