Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1523/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı Əşir qızının, Cavabdeh iştirakı ilə İddiaçı Əşir qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(060)-78/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(060)-78/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 9919 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Əşir qızına ödənilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Əşir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9919 (doqquz min doqquz yüz on doqquz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 ildən yuxarıdır ki, Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində “F.S” gözəllik salonunu işlədir. Həmin salon qeydiyyatda olduğu ünvanda yerləşir. Başqa bir firmada işləyən Cavabdeh ayrı-ayrı vaxtlarda gözəllik salonu üçün istifadə olunan mallardan gətirib satış məqsədilə onlara göstərəndə onunla münasibəti yaranmışdır. 3- 4 il öncə cavabdeh ondan saç boyası istəmiş və bildirmişdir ki, həmin malı artıq qiymətə satıb, onun da pulunu gətirib verəcək. Dəfələrlə ondan boya alıb satan cavabdeh həmişə də gətirib pulunu qaytarmışdır. Bu minvalla onda Elnarəyə qarşı inam yaranmış və iş birliyi qurmuşlar. Cavabdeh 2017-ci ilin müxtəlif tarixlərində və 21.07.2018- ci ildə 20-30 günə pulunu qaytarmaq şərtilə hər dəfə ondan bir neçə yüz manatlıq NOX, ZONO və SELECCİON adlı saç boyaları götürüb aparmışdır. Boyaları cavabdehə hər dəfə qaimələrlə imza atdırmaqla vermişdir. Qaimənin bir nüsxəsi onda, bir nüsxəsi isə cavabdehdə qalmışdır. Qaimədə hansı boyanın götürülüb, hansı salona verilməsi, qiymətləri, 1 ədədinin neçəyə olması, nə qədər qaytarılacağı və s. bütün məlumatlar qeyd olunmuşdur. Üstündən bir müddət keçdikdən sonra, onda şübhələr yaranmış və görmüşdür ki, cavabdeh götürdüyü saç boyalarının pulunu qaytarmır. Səbəbini ondan soruşanda müxtəlif bəhanələr işlədərək demişdir ki, anasının qıçı sınıb, şəkəri qalxıb, vaxtı yoxdur, bir az gözlə, hələlik qaytara bilmir. Bir az da dözmüş, lakin pulunun qaytarılmayacağını hiss edib cavabdehin evinə gedərək anası ilə görüşmüşdür. Lakin bunların heç bir nəticəsi olmamışdır. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, lakin cavabdeh pulunu verməkdən qərəzli olaraq boyun qaçırmışdır. Lakin bir müddətdən sonra telefon zənglərinə də cavab verməmişdir. Hal-hazırda cavabdehin ona malların dəyəri olaraq ümumilikdə 9919 manat borcu vardır və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclasında malların nisyə alınmaması barədə onun verdiyi izahat nəzərə alınmamış, bu izahata əsasən heç bir araşdırma aparılmamışdır. Bundan başqa, İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun iddiaçıya 9919 manat məbləğində borcu vardır. Lakin 2018-ci il tarixdə iddiaçı onun qohumu X1 zəng edərək bildirmişdir ki, cəmi 2000 manat borcu vardır. Bu halda sual yaranır ki, həmin borc nəyə əsasən artıb 9919 manat məbləğinə çatıb? Məhkəmə iclasında hətta şifahi olaraq vəsatət verilmişdir ki, X2 şahid qismində məhkəməyə dəvət olunsun. Lakin məhkəmə bu vəsatəti qəbul etməmişdir. Bundan başqa, İddiaçı Əşir qızı məhkəmə iclasında və iddia ərizəsində qeyd etmişdir ki, güya ki, ona verilən nisyə mallar qaimə vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmə həmin qaimələri sübut kimi qəbul edib, xətşünaslıq ekspertizası təyin etmişdir. Beləliklə həmin qaimələrdəki imzaların onun şəxsi imzası olduğu ekspert vasitəsilə təstiqlənmişdir. Lakin bu halda sual yaranır ki, məhkəmə bu qaimələri sübut kimi qəbul edirsə, həmin qaimələrdə onun iddiaçıdan malları nisyə formasında qəbul etdiyini sübuta yetirən heç bir hal yoxdur. Belə ki, həmin qaimələrdə malın adı, qiyməti və aşağı hissəsində onun və iddiaçının imzaları vardır ki, o malı təhvil almış, iddiaçı isə həmin malın pulunu qəbul etmişdir. Digər tərəfdən, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, qaimələrə əsasən o, iddiaçıdan 10367 manat məbləğində mal götürmüşdür. Bu halda növbəti sual yaranır ki, onun tərəfindən 10367 manatlıq mal götürülərək, həmin malın müəyyən bir pul məbləği necə ödənilib? Belə ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, yaranmış borc 9919 manat məbləğində təşkil edir. Bu halda isə məhkəmə araşdırma aparmalı idi ki, məhz 10367 manat pul məbləğindən müəyyən bir məbləğin qaytarılması hansı sənədə əsasən həyata keçirilib. İddiaçı özü də təstiqləyir ki, o müəyyən bir pul məbləğini qaytarmışdır. Əslində isə malı alarkən pul dərhal həmin qaimlərə əsasən ödənilmişdir və beləliklə də onun iddiaçıya heç bir borcu yoxdur, çünki borcu təstiq edən sənədi iddiaçı məhkəməyə təqdim edə bilmir. Bundan başqa, qaimələrin yuxarı hissəsində “əvvəlki borc” qrafası vardır. Əgər onun iddiaçıya borcu olsaydı, İddiaçı həmin qaimənin borc qrafasında əvvəlki borcunu qeyd etməli idi, lakin qaimələrdəki “əvvəlki borc” qrafası boşdur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmamış və heç bir dəlil sübutları iddiaçıdan tələb etməmiş qətnamə çıxarmışdır ki, göstərilənlərə əsasən həmin qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh əlavə etdi ki, iddiaçıdan qaimə əsasında aldığı bütün mallara görə vaxtında ödəniş etmişdir və hazırda onun heç bir borcu qalmamışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı Əşir qızı apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. O, əlavə etdi ki, iddia ərizəsini vəkil tərtib etdiyindən qaimələrdəki cəmi məbləğ texniki səhv olaraq 9919 manat yazılmışdır. O da hazırda həmin məbləği tələb edir. Çatışmayan məbləği isə yeni iddia ərizəsinə əsasən cavabdehdən tələb edəcəkdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 2017-ci il ərzində yazılmış 79 ədəd qaimədən görünür ki, iş üzrə Cavabdeh İddiaçı Əşir qızından ümumi dəyəri 10367 manat olan müxtəlif markalı saç boyaları təhvil almışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.01.2021-ci il tarixli, 4/941 saylı ekspert rəyindən görünür ki, qaimələrin surətlərində Cavabdeh adından əks olunan imzalar eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(060)-78/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 2017-ci ilin müxtəlif aylarında ümumi dəyəri 10367 manat olan qadın saç boyalarını İddiaçı Əşir qızından nisyə alqı-satqı yolu ilə almışdır. Tərəflər qarşılıqlı razılıq əsasında malların verilməsini 79 ədəd qaimə vasitəsilə rəsmiləşdirmişlər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə aldığı mallar üçün tələb olunan borcu yaranmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9919 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci inctansiya məhkəməsi iddianı təmin etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işdən görünür ki, iş üzrə tərəflərin işgüzar münasibətdə olması, cavabdehin iddiaçıdan satmaq üçün saç boyaları götürməsi işin mübahisəsiz halıdır. Əsas mübahisə nisyə götürülmüş həmin malların ümumi dəyəri və ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıdan mal götürdüyünü, lakin pulunu ödədiyini bildirir, iddiaçı isə həmin malların dəyərinin ödənilməməsini iddia edir. Cavabdeh iş materiallarına sübut kimi əlavə edilmiş öz aralarında sadə formada tərtib olunmuş qaimələri mübahisələndirmiş, həmin qaimələrdəki imzaların ona məxus olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və həmin qaimələrdəki imzaların cavabdehə məxsus olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsaslar gətirilməmiş, o, iddiaçıdan saç boyalarını aldığını etiraf etsə də, aldığı malların dəyərinin ödənilməsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər alqı-satqı münasibətlərində olmuş, qaimələr tərtib edilməklə nisyə götürülmüş saç boyalarının dəyəri ödənilmədiyindən cavabdehin tələb olunan borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilələrdə müddət müəyyən edilməmiş, lakin əşyaların qiymətləri verilmiş qaimələrdə nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilələrə əsasən, Cavabdeh həmin müqavilələrdə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında onların dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilələr əsasında iddiaçıdan müqavilə predmetlərini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 10367 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, qaimələrlə və tərəflərin izahatları ilə də təsdiq olunur. Bununla belə, hazırda iddiaçı cavabdehdən 9919 manat tələb etdiyindən MPM-nin 218.3-cü maddəsinə əsasən mübahisə məhz bu məbləğdə araşdırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(060)- 78/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1523/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1523/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver