Məhkəmə qərarları › İş №2(105)-1525/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1525/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1525/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili: X5 iştirakları ilə, İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı ünvan 2 və ünvan 1 ünvanında yerləşən mənzillərə dair X3 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 1 saylı Notariat Ofisində 06.08.2020-ci il tarixdə bağlanmış 4Ə-219 və 4Ə-218 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Nümayəndə (bundan sonra-iddiaçı) Cavabdeh1 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi və Sumqayıt şəhər İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ünvan 2 və ünvan 1 ünvanında yerləşən mənzillərə dair X3 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda 06.08.2020-ci il tarixdə bağlanmış 4Ə-219 və 4Ə-218 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sevinc Alverdiyeva ilə 1998-ci il tarixdən rəsmi nikah qeydiyyatı olmadan ər-arvad kimi yaşamışlar. Bir neçə il yaşadıqdan sonra 2004-cü ildə bir otaqlı mənzil alıblar. Onların faktiki nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı dünyaya gəlib. İddiaçı həmin uşağa atalıq və öz soyadını vermiş və əsl ailə kimi yaşamağa davam etmişlər. Uşaq doğulandan sonra bir otaq darısqal olduğu üçün həmin bir otağı satıb 2008-ci ildə ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzil alıb və orada yaşamağa başlayıblar. Əlavə olaraq ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzili də alıblar. 2019-cu ilin noyabrında S.Alverdiyeva xəstələnmiş və müayinələr nəticəsində ona mədəaltı vəzinin pankrativi diaqnozu qoyulmuşdur. 3 ay onun iştirakı və köməyilə bütün müalicələr aparılsa da, nəticə olmadığı üçün Sevinc xahiş edib ki, onu Türkiyədəki bacısı Kifayətin yanına göndərsin. 02.03.2020-ci il tarixdə o, Naxçıvan vasitəsilə onu İqdir şəhərinə göndərib. Oradakı müayinələrdən məlum olub ki, onda bağırsaq xərçəngi vardır. Bir neçə ay orada müalicə alandan sonra evə qayıdıb. Həmin vaxt onun vəziyyəti yaxşı deyildi. Bir neçə müddət Bakıda müalicə olunmuşdur. Onkoloji Dispanserin həkiminin təyinatı ilə ona dərmanlar yazılmış və vurulmağa başlamışdır. Həmin dərmanlar ağrıkəsici və narkotik tərkibli olduğu üçün S.Alverdiyeva bütün günü narkotik sərxoşluğu altında olurdu. 25.08.2020-ci il tarixdə Sevinc ona deyib ki, ağır vəziyyətindən istifadə edib ona bağışlama müqaviləsinə imza etdiriblər və hər iki mənzili bacısı Kifayətin oğlu etibarnamə əsasında anası Cavabdeh1 adına keçirib. Bunu nəyə görə etdiyini soruşanda Sevinc bildirib ki, həmin vaxt ağır narkotik iynələrin təsiri altında olub və nə etdiyini, nəyə imza etdiyini bilməyib. Bunu yalnız bacısı bu yaxınlarda ona bu barədə məlumat verəndə bilib. O, bunu eşidəndən sonra dərhal notariat kontoruna gedib və notarius bildirib ki, həqiqətən də arvadı 06.08.2020-ci il tarixdə hər iki mənzilin bacısı Kifayətə bağışlaması barədə müqavilələrə imza edib. Nəyə görə belə xəstə adamın müqavilələrini təsdiq etdiyini bildirəndə notarius bildirib ki, Sevinc bunu könüllü edib. 06.09.2020-ci il tarixdə Sevincin bacısı Kifayət Türkiyədən gəlib və həmin gündən onun öz evinə gəlib-getməyinə və uşağı ilə ünsiyyətə qadağa qoyub. Həmin vaxtdan o arvadını və uşağını görə bilmir. Hazırda onun uşağı yad əllərdə köməksiz, sahibsiz və himayəsiz qalmışdır. Belə ki, uşağın anası ölüm ayağındadır. Sevincin bacısı Kifayət qanunsuz olaraq mənzillərə sahib çıxaraq bacısının ölümünü gözləyir ki, tez evləri satıb Türkiyəyə qaçsın. Kifayət uzun müddətdir ki, Türkiyədə yaşayır, orada vətəndaşlıq alıb. İndi o, mənzilləri zəbt edərək S.Alverdiyevanın ağır vəziyyətindən, uşağın azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edir və mənzilləri satmaq planı qurub. Artıq bir otaqlı mənzilin satılması üçün maklerlərə məlumat verib və 25 senytabr 2020-ci il tarixdə mənzilin yerləşdiyi binanın sahə ustası ona zəng edərək evin satışa çıxarıldığını bildirib. Onun o mənzillərə ehtiyacı yoxdur. Onun ailəsi və mənzili vardır. İndi Sevincin ölüm ayağında olmasından istifadə edərək Kifayətin həmin mənzilləri mənimsəməsi nəticəsində onun oğlu çöldə qalacaqdır və anası ölən kimi mənzilsiz və sahibsiz qalacaq, Kifayət isə bu mənzillərə sahib çıxacaqdır. Sevinc Alverdiyeva iddia ərizəsində üçüncü şəxs kimi göstərilsə də, 08.10.2020-ci il tarixində vəfat etdiyindən iş üzrə üçüncü şəxslər sırasından çıxarılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə onun S.Alverdiyevanın artıq vəfat etdiyi üçün iş üzrə onun tərəfindən ekspertizasının keçirilməsi barədə vəsatəti təmin etməmişdir. Əqdlər bağlanarkən notarius S.Alverdiyevanın azyaşlı uşağının olmasını bildiyi halda, bu barədə qəyyumluq orqanına müraciə etməmiş və öu əqdlər üzrə həmin orqanın rəyini almamışdır. O, iddianı yalnız azyaşlı uşağın mənafeyi üçün qaldırmışdır. Hazırda azyaşlı uşagı cavabdehdədir, sonuncu ona uşagı göstərmir. Bİrinci instansiya məhkəməsi bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin hazırki iş üzrə olan 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 nümayəndəsi N.A.Hüseynova apellyasiya şikayətinin dəlillərini qəblu etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh 1 saylı Notarius ofisi və DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı rədd edərkən, mübahisəli evlərin üçüncü şəxs tərəfindən könüllü olaraq cavabdehə bagışlamasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Nümayəndə apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. 11 saylı Mənzil Kommunal Sahəsinin 1651 saylı, 24.09.2020-ci il tarixli arayışına əsasən o, ünvan 3 ünvanında yaşayır. Cavabdeh1 xx.xx.1965-ci ildə anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. Yetkinlik yaşına çatmayan şəxsin şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.2007-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası Nümayəndə, anası X2r. Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində bağlanmış 06.08.2020-ci il tarixli, 4ə-218 və 4ə219 saylı daşınmaz əmlakın bağışlama müqavilələrinə əsasən S.Alverdiyeva öz mülkiyyətində olan müvafiq olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21-də yerləşən 3 saylı və Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50-də yerləşən 15 saylı mənzilləri Cavabdeh1 bağışlamışdır. Atalığın müəyyən edilməsi haqqında 31.05.2013-cü il tarixli şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2007-ci ildə doğulmuş İddiaçı atası hesab edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnaməyə əsasən S.Alverdiyeva 08.10.2020-ci il tarixində vəfat etmişdir. ünvan 5 ünvanlanmış 22.10.2020-ci il tarixli məktubunda xüsusi notarius Ə.Bünyatov qeyd etmişdir ki, adı çəkilən bağışlama müqavilələri həqiqətən onun tərəfindən 06.08.2020-ci ildə X1 iştirakı ilə rəsmiləşdirilmişdir. Mənzillərin bağışlanması haqqındakı müqavilələrin rəsmiləşdirilməsindən əvvəl S.Alverdiyeva ona müraciət edərək adına olan mənzilləri bağışlamaq istədiyini bildirib. Lakin bunu elə etmək istəyirdi ki, nikahda olmadığı övladının atası 18 yaşına qədər onun işlərinə qarışa bilməsin. Notarius ona izah edib ki, Nümayəndə onun övladının atasıdır, qanuni nümayəndəsidir, 18 yaşına çatana qədər bu məsələnin həlli onun da iştirakı ilə olmalıdır. O isə bunu heç cür istəmirdi və təminat istəyirdi ki, Altay Allahverdiyev bu məsələlərə qarışmasın. Notarius ona təklif edib ki, bir daha fikirləşsin, məsləhət etsin başqa formada necə həll etmək olar. Bir neçə gündən sonra S.Alverdiyeva notariat ofisinə gəlmiş və izah etmişdir ki, o bacısından başqa heç kəsə inanmır, ona görə də mənzilləri ona bağışlamaq istəyir ki, gələcəkdə bacısı övladına mənzilləri bağışlasın və ona yardımçı olsun. Övladının atasına inanmadığını bildirmiş və izah etmişdir ki, bu şəxsə qarşı heç bir inamı yoxdur. Notariat ofisinə gələndə onun vəziyyəti normal görünürdü. O sərbəst müqavilələrə imza etdi. O özü ağır xəstə olduğunu bilirdi. Ona görə də bu məsələni tez həll etmək istəyirdi. Ağrıkəsici iynələr vurulması məsələsinə gəldikdə notarius hesab etmir ki, bu Sevincin fəaliyyət qabiliyyətinə və davranışına təsir edə bilsin. Notarius belə bir şey hiss etməmişdir. O, çox səlist və qəti şəkildə öz fikrini bildirirdi. Ona görə də hesab edir ki, mənzilləri bacısına bağışlaması haqqında müqavilələrə o tam şüurlu şəkildə imza etmişdir və bu onun iradəsinin ifadəsi idi. Bu onun etdiyi imza və yazılardan da görünür. İş materiallarına S.Alverdiyevanın xəstəlik tarixçəsinin və xəstəliyi ilə bağlı sənədlərin surətləri əlavə edilmişdir. Məhkəmə kollegiyası məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan Ümidin mənafeyini nəzərə almaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə kollegiyası iclasında İddiaçı bildirmişdir ki, hal-hazırda xalası ilə birlikdə yaşayır. Onun anası xəstə olan vaxtlarda da xalası ona və anasına baxmışdır. O, hesab edir ki, anası mənzilləri bilərək və istəyərək xalasına bağışlayıb. O, buna etiraz etmir. Eyni zamanda o, atası ilə birlikdə qalmaq istəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1.). Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın (667.1.). Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır (668.1.1.). Göründüyü kimi, S.Alverdiyeva öz mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21-də yerləşən 3 saylı və Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50-də yerləşən 15 saylı mənzilləri Cavabdeh1 bağışlamışdır. Hal-hazırda iddiaçı həmin bağışlama müqavilələrini mübahisələndirir və hesab edir ki, S.Alverdiyeva bağışlama müqavilələrini imzalayarkən ağır xəstə olmuş və ağrıkəsici xarakterli ağır psixotrop dərmanlar qəbul etdiyindən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarında olmamışdır. Bu səbəbdən müqavilələr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllədə göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (346.1.). Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (346.2.). Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər (346.3.). Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır (346.4.). İddiaçı hesab edir ki, qeyd edilən bağışlama müqavilələri nəticəsində onun oğlu İddiaçı hüquq və qanuni mənafeyi pozulmuşdur. Bu səbəbdən o qanuni nümayəndə kimi həmin əqdləri mübahisələndirməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər (49.3.). On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar (49.4.). Məhkəmə hesab edir ki, İddiaçı qanuni nümayəndəsi olmaqla hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İddianın təmin edilməsi üçün iddiaçı S.Alverdiyevanın bağışlama müqavilələrini bağlayarkən öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasını sübut etməlidir. ünvan 5 ünvanlanmış 22.10.2020-ci il tarixli məktubunda notarius bağışlama müqavilələrini imzalayarkən Sevinc Alverdiyevanın şüurunun yerində olduğunu, onun davranışlarında hər hansı pozuntunun hiss edilmədiyini bildirmişdir. Həmçinin notarius müqavilələri təsdiq etməzdən əvvəl Sevinc Alverdiyeva ilə söhbət apardığını, Sevincin hazırkı iş üzrə iddiaçıya inanmadığı üçün mənzilləri bacısına bağışlamaq istəməsini bildirdiyini qeyd etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi iddiaçının ərizəsi əsasında Komissiya tərəfindən Sevinc Alverdiyeva ilə söhbət aparıldığını, Sevincin bağışlama müqavilələrini bilərək və istəyərək imzaladığını bildirdiyini məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir. İddiaçı məhkəmə iclasında anasının mənzilləri bilərək və istəyərək xalasına bağışladığını, onun özünün buna etiraz etmədiyini və atası ilə birlikdə qalmaq istəmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edilən hallar mübahisəli mənzillərin S.Alverdiyeva tərəfindən şüurlu surətdə, bilərək və istəyərək Cavabdeh1 bağışlanması qənaətinə gəlməyə imkan verir. İddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə S.Alverdiyevanın xəstəlik tarixçəsini təqdim edərək ona tətbiq edilən dərmanların psixi pozuntuya səbəb olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Lakin, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, S.Alverdiyeva artıq vəfat etdiyi üçün onun qəbul etdiyi dərmanların həmin vaxt onda psixi pozuntuya səbəb olubolmadığını ekspert dəqiqliklə müəyyən edə bilməz. Odur ki, məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən ekspertizanın keçirilməməsi barədə gətirdiyi dəlili qəbul etmir və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 12 fevral 2021-ci il tarixli 2(060)-679/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar