Məhkəmə qərarları › İş №2(105)-1526/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1526/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1526/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(060)-2632/2020 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Novxanı bağları 4-də yerləşən 201 saylı evə aid olan **********000 abonent koduna hesablanmış 1005,81 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh ASC-yə qarşı ona məxsus Abşeron rayonu, Novxanı bağları 4-də yerləşən 201 saylı evə hesablanmış 1029,51 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı bağları 4-də yerləşən 201 saylı ev hazırda onun istifadəsindədir. Hər zaman ödənişləri vaxtlı-vaxtında etmişdir. Sudan çox nadir hallarda istifadə edir və Cavabdeh ASC ona borc hesablamışdır. Odur ki, qeyd olunan borcun əsassız hesablandığından silinməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh ASC Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və o qanuni qəbul edilmiş birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmadığından, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iddiaçı ilə cavabdeh arasında müqavilənin olmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın tələblərinə zidd olaraq əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirir. İşdən görünür ki, İddiaçı Abşeron rayonu, Novxanı bağları 4-də yerləşən 201 saylı evin hal-hazırda onun istifadəsində olduğunu, həmin evə hesablanmış 1029,51 manat borcun əsassız olduğu üçün silinməli olmasını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mənzil Məcəlləsinin 135.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Su təchizatı və tullantı suları haqqında” 28.10.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.Həmin Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 23 yanvar 2017-ci il tarixli, 1206 saylı Fərmanının 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığından, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından iddiaçıdan borcun tələb olunması əsassızdır, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar