Məhkəmə qərarları › İş №2(105)-1532/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1532/2022

28.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1532/2022 28.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-72/2021 nömrəli qərardadından cavabdehin Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Corat” bağları massivində yerləşən 2175 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 1133 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin Sumqayıt Bələdıyyəsinin ehtiyat torpaq fonduna qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Sumqayıt Bələdiyyəsinin iddiası təmin edilmiş, Cavabdeh zəbt etdiyi Sumqayıt şəhərinin “Corat” bağları ərazisində yerləşən 2175 saylı bağ torpaq sahəsinin daxilindəki bələdiyyə mülkiyyətində olan 1133 kv/m torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin ehtiyat fonduna qaytarılması qət edilmişdir (hakim Əfqan Ələkbərov). Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 72/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)72/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti AR MPMin 363.1.5-ci maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilib, apellyasiya şikayətini baxılması üçün mülki iş ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-72/2021 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehin nümayəndəsi Vəkil buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə verdiyi vəsatət təmin edilməmişdir. Hazırda cavabdehin nümayəndəsi Vəkil qeyd edilən qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iş üzrə qətnaməsdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(060)-72/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin ona qarşı “Corat” bağları massivində yerləşən 2175 saylı bağ torpaq sahəsinin daxilində bələdiyyə mülkiyyətində olan zəbt edilmiş əlavə 1133 kvadrat metr torpaq sahəsindən çıxarılmağı və həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılması barədə iddiası təmin edilmişdir. Qətnamədən xx.xx.2021-ci il tarixdə apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti üzrə Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən çağırılmadığı üçün həmin məhkəmə ilə əlaqə saxlamış və ona bildirilmişdir ki, məhkəmənin icraatında işi yoxdur. Daha sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi ilə əlaqə saxlamış və ona bildirilmişdir ki, apelyasiya şikayəti qərardadla geri qaytarılıb. Vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə mülki işlə tanış olunarkən müəyyən edilmişdir ki, iş üzrə xx.xx.2022ci il tarixli qərardad çıxarılıb və apelyasiya şikayətinin qaytarılmasının səbəbi şikayətin müəyyən edilmiş formaya uyğun verilməməsi və gec verilməsidir. Bildirir ki, qətnamənin surətinin poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə almış və apellyasiya şikayəti müəyyən edilmiş müddət ərzində xx.xx.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, apellyasiya şikayəti yeni il bayramlarından sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə çatıb. Hesab edir ki, belə olan halda gər hansı gecikmədən söhbət gedə bilməz və müddəti ötürməmişdir. Müddətin bərpa edilməsi barədə vəsatət verməyinin səbəbi isə bununla bağlı formalaşmış təcrübədir. xx.xx.2022-ci il tarixli qərardad çıxarılsa da, ona təqdim edilməyib, bununla bağlı işin 125-ci vərəqində olan xəbərnamədəki imza onun ailə üzvlərinə və özünə aid deyil, belə bir sənəd ünvanına daxil olmayıb. Eyni zamanda dövlət rümunun ödəniş qəbzi mülki işdə qaldığı üçün təkrar apelyasiya şikayəti vermək imkanı olmayıb. Ona görə də hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edib, xx.xx.2021-ci il tarixli qətnamədən apelyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi və şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə onun tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Lakin Cavabdeh sözügedən qətnamədən verdiyi apellyasiya şikayəti xx.xx.2022-ci tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Cavabdehin nümayəndəsi vəsatətində qətnamənin poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə alındığını və apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində xx.xx.2021-ci il tarixdə poçt xidmətinə təqdim edildiyini bildirmişdir. Eyni zamanda iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh iddia ərizəsində göstərilən ünvanında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə onun tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Ondan sonra cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Müddətin bərpa edilməsi haqda ərizədə qeyd etməyinə və dəfələrlə qabartmağına baxmayaraq məhkəmə aşağıdakı dəlillərinə xx.xx.2022-ci il tarixli qərardadda münasibət bildirməmiş, əksinə xx.xx.2022-ci il tarixli qərardadın tarixini xx.xx.2022-ci il tarix kimi yazmaqla çaşqınlıq yaratmışdır. 1-ci dəlil qətnamədən apelyasiya şikayətini vaxtında poçt xidmətinə təhvil vermiş və bu haqda işdə qəbz var, lakin məhkəmə sanki qəbzi görmür, ona münasibət bildirmir; 2) xx.xx.2022-ci il tarixli qərardad ona təqdim edilməyib, ailə üzvləri tərəfindən alınmayıb, işlə olan bu xəbərnamənin ona aidiyyatı yoxdur, imzalar saxtadır. Bununla bağlı həqiqəti üzə çıxarmaq üçün xətşünaslıq ekspertizası keçirilməlidir; 3) xx.xx.2022-ci il tarixli qərardadın təqdim edilməməsi azmış kimi qətnamədən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qəbzi ona göndərilməmişdir. Bu halda apelyasiya şikayətini elektron qaydada necə verə bilərdi? Bu haqda məlumat alan kimi dərhal vəkil tutmuş, məhkəməyə vəkili vasitəsi ilə verdiyi xx.xx.2022-ci il tarixli ərizədə dövlət rüsumunun ödəniş qəbzinin ona qaytarılmasını xahiş etmiş, 4) elektron məhkəmə portalı vasitəsi ilə apelyasiya şikayətlərinin verilməsi qanunvericilikdə yenilikdir və bununla bağlı prosedurlara sadə vətəndaşlar tərəfindən bilməyərəkdən əməl edilməməsi məhkəmələr tərəfindən anlayışla qarşılanır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iş üzrə qətnaməsdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilməsi, sözügedən qətnamədən verdiyi apellyasiya şikayətinin xx.xx.2022-ci tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmasını, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-72/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadının xx.xx.2022-ci il tarixdə onun tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilməsini müəyyən edərək qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi Belə ki, mülki iş materiallarından görünür ki, iş üzrə məhkəmə qətnaməsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilərək rəsmi şəkildə təhvil alınmışdır. Sözügedən qətnamədən şikayət vermə müddətinın axımı qətnamənin cavabdehə təqdim edildiyi günun səhəri gündən, 01 dekabr 2021-ci ildən başlamış və həmin müddət xx.xx.2022-ci ildə qurtarmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayətini xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərmiş, xx.xx.2022-ci il tarixdə məktub məhkəməyə daxil olmuşdur. Qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 72/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)72/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti AR MPMin 363.1.5-ci maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmış, həmin qərardad cavadbehin ərizədə qeyd etdiyi Bakı şəhəri, ünvan 3 ünvanına göndərilmiş, məktub xx.xx.2022-ci il tarixdə “Feyzullayev” qeydi ilə xəbərnaməyə imza edilməklə alınmışdır. Bundan sonra cavabdehin vəkili xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işlə tanış olması, dövlət rüsumunun və qərardadın surətinin təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə mülki iş materialları ilə tanış olmuş, dövlət rüsumuna dair qəbzin fotoşəkillərini çəkmiş, xx.xx.2022-ci il tarixdə prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bununla da prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Həmçinin cavabdehin məhkəmə qətnaməsini rəsmi qaydada xx.xx.2021-ci il tarixdə alması və qətnamədən apellyasiya şikayətini xx.xx.2021-ci il tarixdə verməsi nəzərə alınarsa məhkəməyə müraciət edərkən prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apellyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadın onun və ailəsi tərəfindən alınmaması, imzanın ona məxsus olmamasını, bunun araşdırılması üçün ekspertiza təyin edilməsi barədə dəlilinə qiymət verərək qeyd edir ki, qeyd edilən qərardad cavabdehin ərizələrində göstərilən ünvana göndərilmiş və məktub “Feyzullayev” qeydi yazılmaqla xəbərnaməyə imza edilərək qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-72/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(060)-72/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdehin Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar