Məhkəmə qərarları › İş №2(105)-1533/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1533/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1533/2023 31.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X11 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment ödəməkdən azad edilmə və aliment” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(067)-101/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın yaşayış yerinin müəyyən edilməsi, aliment ödəməkdən azad edilmə və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2012-ci il təvəllüdlü X2 yaşayış yerinin onun, yəni atası İddiaçı yanında müəyyən edilməsi, onun xx.xx.2021-ci il tarixdən başlayaraq Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1454/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 görə hər ay 100 manat sabit pul şəklində alimenti ödəməkdən azad edilməsi və oğlu Musanın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun sabiq həyat yoldaşıdır. Onunla cavabdeh arasında 12 iyun 2007-ci il tarixdə rəsmi nikah bağlanmış, həmin nikahdan üç övladları - 21 aprel 2008-ci il təvəllüdlü X3, 15 iyun 2009-cu il təvəllüdlü X4 və 20 yanvar 2012-ci il təvəllüdlü X8 vardır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3638/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahlarından olan uşaqların üçü də cavabdehin himayəsində saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin ona qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü Fatimə, xx.xx.2009-cu il təvəllüdlü Səlimə və xx.xx.2012-ci il təvəllüdlü Musanın yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 28 aprel 2021-ci ildən başlayaraq ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul şəklində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. 24 dekabr 2021-ci il tarixdə oğlu Musa cavabdehin yanından onun yanına qayıtmış və bundan sonra onunla yaşamaq istədiyini bildirmişdir. O, bir valideyn olaraq övladını qəbul etmiş və həmin tarixdən oğlu Musa himayəsində yaşayır. Belə olan halda hesab edir ki, oğlu Musanın onun himayəsində yaşadığı halda, ona görə cavabdehə alimentin ödənilməsi əsassızdır, əksinə cavabdehin özü oğlu Musaya görə ona aliment ödəməlidir. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(067)-101/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək tərəflərin birgə nikahından olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 yaşayış yerinin atası İddiaçı yanında müəyyən edilməsi, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X5 görə hər ay 100 manat sabit pul şəklində qətnamə qanuni qüvvəsini aldıqdan sonra alimenti ödəməkdən azad edilməsi, Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Eksperizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(067)-101/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu Musanın atasının himayəsinə verilməsi onun mənafeyinə ziddir. Belə ki, iddiaçı ata kimi heç vaxt uşaqların tərbiyəsi ilə məşğul olmamış və onların layiqli oxuması ilə maraqlanmamışdır. İddiaçı onu aldatma yolu ilə xəbəri olmadan nümayəndə vəkil tutaraq 2019-cu ildə nikahlarını pozdurmuş və eyni zamanda uşağı olan bir qadınla evlənmişdir. O, 2021-ci ildə bu saxta boşanmadan xəbər tutandan sonra uşaqların aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı yanında uşağı ilə gəlmiş başqa bir qadınla yaşayır. İddiaçı səhərdən axşama kimi işdə olur, oğlu Musa ögey ana tərəfindən guya tərbiyə olunur. Belə olan halda sual olunur: 11 yaşında uşaq öz böyük bacıları ilə birlikdə ana qayğısı ilə əhatə olunmuş halda, ana tərəfindən yaxşı tərbiyə olunar, yoxsa tanımadığı ögey qadın tərəfindən? Bunlardan hansı hal uşağın mənafeyinə uyğundur? İddiaçı ata öz imkanlarından və nüfuzundan istifadə edərək bacısının rəhbərlik etdiyi sinifdə oxuyan oğlu Musanı rəhbər bacısının yaxından köməyi ilə məcburi öz evinə aparmış, ona bahalı telefon və başqa tərbiyəsinə maneə olan bahalı əşyalar alaraq və başqa vədlər verməklə uşağın beynini dumanlandırmaqla onu öz tərəfinə çəkmiş, məktəbdən yayındırmış, uşaqda onun barəsində mənfi rəy yaratmağa çalışmış, öz nüfuzundan istifadə etməklə Xaçmaz rayon İH Qəyyumluq və Himayəçilik Komissiyasında istədiyi rəyi almağa nail olmuşdur. Lakin oğlu Musa İH Qəyyumluq və Himayəçilik Komissiyasında və həm də Ekspertiza institutunda öz anası kimi onu və atasını sevdiyini və atası ilə yaşamaq istədiyini bildirmişdir. Lakin uşağın atası ilə yaşamaq istəməsi barədə niyyəti (atası tərəfindən yuxarıda qeyd olunan vasitələrlə uşaqda yaratmış rəy) uşağın öz mənafeyinə ziddir. Qanunun tələbinə görə 10 yaşına çatmış uşağın rəyi onun özünün mənafeyinə zidd olmadıqda nəzərə alınır. Məhkəmə bu halları nəzərə almamış işi tam, obyektiv və hərtərəfli araşdırmadan, uşağın mənafeyinə açıq-aydın zidd olan qətnamə qəbul etmişdir. Məhkəmə alimentin müəyyən edilməsi hissəsində də ədalətsizliyə yol vermiş, tərəflərin maddi vəziyyətini nəzərə almadan əsassız olaraq hər ay 150 manat alimentin alınaraq iddiaçıya verilməsini qət etmişdir. Məhkəmə maddi vəziyyətindən dəfələrlə aşağı maddi vəziyyətdə olan onun himayəsində olan uşaqlara hər ay hər uşağa 100 manat aliment müəyyən edildiyi halda iddiaçının himayəsinə verilən bir uşağa hər ay 150 manat aliment təyin etmişdir. Market mağazada işləyib hər ay 330 manat məvacib almağı barədə arayış təqdim etmiş və hər ay kirayə haqqı kimi 200 manat ödəyir. Belə olan halda məvacib aldığı 300 manat məbləğində puldan hər ay 150 manat aliment ödəyib və hər ay 200 manat kirayə haqqı ödəyəndən sonra 2 məktəbli uşaqların tələbatlarını necə ödəməlidir? Bütün bu halları nəzərə almadan məhkəmə qeyri-obyektiv, qeyri-qanuni və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan əlavə uşaqlar anadan olandan hazıra kimi onların təlim-tərbiyəsi və təhsili ilə o, məşğul olmuş, uşaqlar ona çox bağlıdır və onu çox istəyirlər. İddiaçı uşaqların tərbiyəsi ilə məşğul olmaq və onların qayğısına qalmaq əvəzinə başqa qadınla gizli ailə qurmuşdur. Sonra isə uzun müddət yaşayıb yaratdıqları evi satıb onların yaşayış hüququndan məhrum edilməsi üçün 2019-cu ildə onu aldadıb etibarnaməyə imza etdirməklə vəkilin iştirakı ilə onun xəbəri olmadan Xaçmaz Rayon Məhkəməsində nikahı pozmuşdur. Daha sonra iddiaçı yaşadıqları evi satmış və yeni evləndiyi qadın və uşaq üçün yeni ev tikmişdir. Yeni tikilən evdə uşaqları ilə yaşayış hüququ alınması üçün etdiyi müraciət məhkəmə tərəfindən rədd edilmişdir. Odur ki, hazırda uşaqları ilə hər ay 200 manat ödəməklə kirayə qalmağa məcbur olmuşdur. Uşaqlar uzun müddət onun himayəsində olmuş və bir-birinə və ona çox bağlı olmuş və bir-birinə məhəbbətlə tərbiyə almışdır. İddiaçı 11 yaşında oğlunu o biri bacılarından ayırıb himayəsinə verilməsi uşaq psixologiyasına mənfi təsir göstərməklə mənəvi sarsıntıya səbəb olur. Bu halı da məhkəmə nəzərə almalı idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin müəlliməsi pedaqoq X7 iştirakı ilə dindirilmiş xx.xx.2012-ci il təvəllüdlü X8 izahatında Xaçmaz rayonunda atasının yanında yaşadığını, bacılarının isə anası ilə birgə yaşadığını, anasının ona bacıları ilə görüşməsinə icazə vermədiyini, anasının ona yaxşı qulluq etmədiyini, orada yaşamaq istəmədiyini, analığının ona yaxşı qulluq etdiyini, məktəbdə rus bölməsində təhsil aldığını, anasının da rus dilini bilmədiyini, dərslərini özünün etdiyini, bilməyəndə isə ata nənəsinin ona kömək etdiyini, onun rus dilini bildiyini, 2 il olar ki atası ilə yaşadığını, özü anası ilə qalmaq istəmədiyini, məktəbdən çıxandan sonra atasının yanına getdiyini, atasının yanında qalmaq istədiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(067)-3638/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 12 iyun 2007-ci il tarixdə Xaçmaz Rayon Qeydiyyat şöbəsində 195 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan yektiklik yaşına çatmayan 21 aprel 2008-ci il təvəllüdlü X3, 15 iyun 2009-cu il təvəllüdlü X4 və 20 yanvar 2012-ci il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 1454/2021 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından olan xx.xx.2008ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat manat olmaqla, cəmi 300 manat məbləğində alimentin cavabdeh İddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 2068 saylı rəyindən müəyyən olunur ki, Xaçmaz RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyası, xx.xx.2022-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsində saxlanmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 11/633 saylı rəyindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 oğlunun hal-hazırda atası İddiaçı və anası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) üzə çıxmaqla, atası İddiaçı bağlılığı daha çoxdur. Uşağın boşanmadan sonra hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətlərinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması, o cümlədən ayrı yaşayan valideynin uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) müəyyən olunması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Məhkəmə kollegiyasında aparılmış araşdırma zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 12 iyun 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 21 aprel 2008-ci il tarixdə X3, 15 iyun 2009-cu il tarixdə X4 və 20 yanvar 2012-ci il tarixdə X8 adlı övladları doğulmuşdur. Sonradan tərəflər arasında olan ailə münasibətləri pozulmuş və Xaçmaz Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 12 iyun 2007-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan yektiklik yaşına çatmayan 21 aprel 2008-ci il təvəllüdlü X3, 15 iyun 2009-cu il təvəllüdlü X4 və 20 yanvar 2012-ci il təvəllüdlü X2 anaları Cavabdeh himayəsində saxlanılmaları qət edilmiş, daha sonra Cavabdeh aliment tələbinə dair iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat manat olmaqla, cəmi 300 manat məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü Musanın onun himayəsində yaşadığından oğlu Musanın yaşayış yerinin onun yanında müəyyən edilməsi, ona görə ödədiyi alimenti ödəməkdən azad edilməsi, Cavabdeh Musanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul şəklində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Mübahisə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini(uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişaf və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Ailə Məcəlləsinin 61.1-61.4-cü maddələrinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 22.2, 22.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Qeyd edildiyi kimi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsini və azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasını xahiş etmiş, şikayətin dəlili kimi məhkəmənin işin faktiki hallarını tam araşdırmamasını göstərmişdir. Məhkəmə kollegiyası hər şeydən öncə qeyd edir ki, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 mənafeyi, onun lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirməsi, onun valideynlərindən hansının yanında qalması ilə bağlı fikirləri hazırki iş üzrə mütləq nəzərə alınmalıdır. Çünki, apellyasiya instansiya məhkəməsi 10 yaşına çatmış uşağı dinləyərkən onun fikrinin, düşüncələrinin, baxışlarının maraqlı şəxslərin təsiri altında formalaşıbformalaşmadığını, baxışlarını və düşüncələrini bildirərkən özünün maraqlarını anlayıbanlamamasına, fikrini təsir altında yaxud öz hisləri ilə əsalandırmasına xüsusi diqqət yetirmişdir. Bu hallar iş üzrə keçirilmiş məhkəmə psixioloji ekspertizasının rəyi, eləcə də qəyyumluq və himayəçilik komissiyasının rəyi ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından bəlli olduğu kimi tərəflərin birgə nikahdan olan övladları xx.xx.2012-ci il təvəllüdlü X8 hazırda atasının yanında qalır və həm məhkəmə iclasında verdiyi izahatında, həm də iş üzrə komissiyasının nümayəndəsi ilə söhbət zamanı qəti şəkildə atasının yanında qalmaq istədiyini bildirmiş, eləcə də Məhkəmə Ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli, 11/633 saylı rəyindən də görünür ki, aparılmış məhkəmə-psixoloji ekspertizasının nəticəsi olaraq xx.xx.2012-ci il təvəllüdlü X2 atası İddiaçı psixoloji cəhətdən bağlılığının daha çox olduğu müəyyən edilmişdir. Belə vəziyyətdə onun maraqlarına, mənafeyinə və ən nəhayət iradəsinə zidd olaraq qalmaq istəmədiyi valideynin yanında qalmasının müəyyən edilməsi onun əqli, fiziki və psixoloji sağlamlığına zərər vuracağını istisna etmir. Kollegiya hər bir halda uşağın mənafeyini üstün tutulmalıdır. Baxılan iş üzrə də Musa Əsədullayevin yaşını, fikrini, atasının yanında saxlanıldığı halda da anası və bacıları ilə ünsiyyətdə olmasına hər hansı maneə olmadığını və digər halları nəzərə alaraq, hesab edir ki, o, atasının himayəsində saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, məhkəmə araşdırmasında Musa Əsədullayevin atasının təsiri altında fikir bildirməsi müəyyən edilməmişdir, həqiqətən onun üçün məhz atası ilə birgə yaşamaq daha rahat və məhz onun özünün mənafeyinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hallara görə ləğvi üçün əsas təşkil etmir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələblərindən biri xx.xx.2012-ci il təvəllüdlü X5 görə ödədiyi aliment məbləğindən azad olunmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından anadan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X2 atası İddiaçı yanında qalması müəyyən edildiyindən İddiaçı qətnamə qəbul edildiyi gündən aliment ödəməkdən azad edilməsi məqsədəuyğundur. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələblərindən biri də aliment tələbidir. Aliment məbləğinə aid hissədə məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi bu hissədə ləğv edilməlidir. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən normanın məzmunundan görünür ki, tərəflərdən hər biri ilə uşaq qaldıqda, bir valideyndən az təminatlı olan digər valideynin xeyrinə aliment tutulur və bu zaman aliment sabit pul məbləğində müəyyən edilir. Belə ki, hər iki valideynin yanında uşaq qalır, xx.xx.2012-ci il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilmiş, tərəflərin digər uşaqları 21 aprel 2008-ci il təvəllüdlü X3, 15 iyun 2009-cu il təvəllüdlü X4 cavabdehin himayəsində saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində sürücü vəzifəsində işləməklə aylıq 955.43 manat əmək haqqı alır. Cavabdeh isə mağazada satıcı işləməklə 345 manat əmək haqqı alır. Belə olan halda cavabdeh aztəminatlı valideyn olduğundan iddiaçının himayəsində saxlanılan xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulması yolverilməzdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən “Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(067)-101/2023 nömrəli qətnaməsi qismən, “Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi” hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(067)-101/2023 nömrəli qətnaməsinin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar