Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1535/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X4, Cavabdeh: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh Zeynulla qızının İddiaçı məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi orlaraq 10 manatın Cavabdeh Zeynulla qızından tutularaq İddiaçı ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh Zeynulla qızından 50 (əlli) manat tutuluraq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİKCTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Zeynulla qızına qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 0.61293 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsində fərdi yaşayış evi var. Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib və orada ailə üzvləri ilə birlikdə yaşayır. O, cavabdehin ailə üzvlərini tanımır. Cavabdehlərin şəxsiyyətləri ona məlum deyil. Ona görə də onları cavabdeh qismində işə cəlb edə bilmir. Cavabdeh qanunsuz olaraq onun torpaq sahəsini zəbt edib. Dəfələrlə ondan torpaq sahəsindən çıxmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh və onun ailə üzvləri xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində çıxarılmalıdırlar. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. O, bu inzibati binada 21 ildir ki, yaşayır. Bu haqda İcra Hakimiyyətinin verdiyi akt da sənətlər arasında mövcuddur. 2019-cu ilin mart ayında binada yaşayan məcburi köçkünləri ev ilə təmin etdilər. Onları isə yerlisiz deyib İcra Hakimiyyətinə yönləndirmişlər. O, inzibati binada qalır və bu binanın iddiaçıya məxsus olmasını təstiq edən sənət iş materialının arasında yoxdur. Qətnamədə onların torpaq sahəsindən çıxarılmağı göstərilsə də o, həmin torpağı istifadə etmir və orada yaşamır. Həmin ərazidə kənarda yerləşən tikilinin 2 otağında yaşayır. İddiaçının aldığı torpaq sahəsi isə əvvəllər Rizvan adlı şəxsə məxsus olub. Onların yaşadıqları bina həmin torpaq sahəsindən kənardadır. Ekspert rəyi ilə razı deyil. Sumqayıt Şəhər Məhkəməsinin 05 fevral 2021-ci il tarixdə qəbul etdiyi qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı nümayəndəsi S.E.Qasımlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpağın qanunsuz zəbt edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində 29.12.2015-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, işin hallarından göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin onun mülkiyyətinə müdaxilə etməsini, bu yolla mülkiyyət hüquqlarının pozulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə ekspert rəyinin düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3038 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsinin 330 kv.metr hissəsindən (sanitar və qeyri-yaşayış tikili) faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunur. Bundan əlavə Cavabdeh həmin torpaq üzərində yerləşən tikilidə 21 il yaşaması və bununla da onun oradan qanunsuz çıxarılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü - cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması barədə iddia tələbi əsaslı və qanunidir. Cavabdeh mübahisəli torpaq sahəsinə müdaxilə edərək oradan istifadə etməklə iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyinin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarına hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,61293 ha torpaq sahəsindən çıxarılması, iddia «ailə üzvləri ilə birlikdə çıxarılmalı» hissədə, həmin şəxslərin dairəsi məhkəmə üçün müəyyən olmadığından həmin hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Zeynulla qızının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 05 fevral 2021-ci il tarixli 2(060)-67/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1535/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1535/2021
31.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver