Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1536/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-44/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Xürel kəndi ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə payları ümumi birgə olmaqla İddiaçı, X2, X3 və X1 məxsusdur.
2. Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatından verilmiş 30 dekabr 2020-ci il tarixli 3-988 saylı İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, avaranqışlaq kəndi ərazisində (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2020,çıxarışa əsasən) mülkiyyətində olan 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ağaclar əkilmiş və sahənin bir hissəsini İlqar adında olan Avaranqışlaq kənd sakini tərəfindən zəbt edilərək metal torla hasara alınmışdır. Bununla əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 01 iyun 2022-ci il tarixli 10/2545 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli arayışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin naturadan alınan koordinatları kameral şəraitdə ƏMDX elektron baza xəritə və ortofoto üzərində dəqiqləşdirdikdən sonra məlum oldu ki, vətəndaşların faktiki istifadə etdiyi torpaq sahələri ilə ƏMDX-nin elektron baza məlumatlarındakı xəritələr arasında kəskin fərq yaranmışdır. Qusar Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(029)-824/2021 saylı qərardadındakı sualların cavablandırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il 818№ Fərmanı ilə təsdiqlənmiş "torpaqların elektron kadastrı uçotu informasiya sistemi" nin yaradılması işləri yekunlaşdıqdan və kameral şəraitdə mütəxəssislərin istifadəsinə verildikdən sonra cavablandırılması mümkün olacaqdır.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8-21-3-34/2-941/2022 saylı mütəxəssis rəyinən görünür ki, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, X2, X3 və X1 məxsus olan Qusar rayonu Xürəl kəndində yerləşən **********44 reyestr nömrəli 0.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada faktiki istifadə yeri mövcud deyildir, lakin TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin ölçüləri, şimal tərəfi 7.71 metr, cənubşərq tərəfi 4.34 mert, cənub-qərb tərəfi 4.35 metr, şərq tərəfi 93.12 metr və qərb tərəfi isə 87.69 metr təşkil edir. Həmin ölçülər hüquq müəyyənedici sənədə uyğun deyildir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.0398 ha hissəsi istifadə olunur və həmin 0.0398 ha hissəsində ümumi tikinti altı sahəsi 62 kv.m. olan köməkçi tikilinin 25 kv.m. hissəsi inşa olunmuşdur. Həmin torpaq sahəsi 0.0398 ha ölçüdə istifadə olunmaqla şimal tərəfdən 5.16 metr, cənub tərəfdə 4.34 metr, şərq tərəfdən 93.13 metr, qərb tərəfdən isə 89.87 metr təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023-cü il tarixli 10/1147 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı, X2, X3 və X1 məxsus olan Qusar rayonu Xürel kəndində yerləşən **********44 reyestr nömrəli 0.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada faktiki istifadə yeri mövcud deyildir, lakin TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsinin ölçüləri, şimal tərəfi 7.71 metr, cənub-şərq tərəfi 4.34 metr, cənub-qərb tərəfi 4.35 metr, şərq tərəfi 93.12 metr və qərb tərəfi 87.69 metr təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin ölçülər hüquq müəyyən edici sənədə uyğun deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.0398 ha hissəsi istifadə olunur və həmin 0.0398 ha hissəsində ümumi tikinti altı sahəsi 62 kv.m olan köməkçi tikilinin 25 kv.m hissəsi inşa olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsinin 0.0398 ha ölçüdə istifadə olunmaqla şimal tərəfdə 5.16 metr, cənub tərəfdə 4.34 metr, şərq tərəfdə 93.13 metr,qərb tərəfdə is 89.87 metr təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qusar rayonunun Avaran Qışlaq kəndində yerləşməklə **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına və Cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehin özünün hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayonunun Avaran Qışlaq kəndi ərazisində onun xüsusi mülkiyyətində 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə onun xüsusi mülkiyyət hüququ **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Həmin torpaq sahəsi ona torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. İlkin olaraq həmin torpaq sahəsinə onun adına Dövlət Aktı verilmişdir. 10 mart 2020-ci il tarixdə isə o, həmin torpaq sahəsinə dair Dövlət Aktının əvəzinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq 20 ilə yaxın bir müddətdir ki, Qusar rayonu Avaran Qışlaq kənd sakini olan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunur. O, cavabdehə dəfələrlə müraciət edərək torpaq sahəsindən çıxmasını xahiş etmişdir. Lakin, cavabdeh könüllü olaraq torpaq sahəsini boşaltmamış, hətta həmin torpaq sahəsinin bir hissəsində onun iradlarına baxmayaraq yaşayış evini də tikmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri ilə əlaqədar o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, aidiyyəti dövlət orqanlarının rəhbərlərinə, Qusar rayon İcra Hakimiyyətinə və Qusar rayon Polis şöbəsinə şikayət ərizələri ilə müraciət etmişdir. Qusar rayon Polis şöbəsində onun şikayət ərizəsi araşdırılan zaman cavab əvvəlcə ona məxsus olan torpaq sahəsini zəbt etmədiyini, ona məxsus torpaq sahəsinin başqa yerdə olduğunu bildirmişdir. Lakin, məsələ torpaq mütəxəsislərinin də, iştirakı ilə araşdırıldıqda müəyyən olunmuşdur ki, cavabdeh məhz **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus 0.07 ha torpaq sahəsini qanunsuz olaraq istifadə edir və orada qanunsuz olaraq tikili tikmişdir. Bundan sonra cavabdeh sözünü dəyişərək guya həmin torpağın şifahi razılaşmaya əsasən onun tərəfindən cavabdehə satıldığını bildirmişdir. Bu ağ yalandır, o, cavabdehə həmin torpağı nə şifahi, nə də ki, yazılı razılıq əsasında satmamışdır. Qusar rayon Polis Şöbsinin müstəntiqi Ümüd Xankişiyevin 02 fevral 2021-ci il tarixli qərarına əsasən cavabdeh barəsində cinayət işinin başlanmasına imtina olunmuş və ona mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. O da, cavabdehin qanunsuz olaraq zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsində cavabdehin qanunsuz inşa etdiyi tikililərin cavabehin öz hesabına sökülməsini məhkəmə qaydasında tələb edir.
8. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-44/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Qusar rayonunun Avaran Qışlaq kəndində yerləşməklə **********44 reyestr nömrəli, 10 mart 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0398 hektar hissəsindən (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq şimal tərəfdən 5.16 metr, cənub tərəfdən 4.34 metr, şərq tərəfdən 93.13 metr, qərb tərəfdən isə 89.87 metr olmaqla) çıxarılması və həmin torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməsi, Cavabdeh tərəfindən inşa olunmuş 0.0398 ha hissəsində ümumi tikinti altı sahəsi 62 kv.m. olan köməkçi tikilinin 25 kv.m. hissəsinin Cavabdeh (mütəxəssis tərəfindən tərtib olunmuş sxemə uyğun olaraq) öz hesabına sökülməsi, iş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərclərinin Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov).
9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 8-21-3-34/2-941/2022 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023-cü il tarixli 10/1147 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Avaran qışlaq kəndi ərazisində yerləşən 0.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal tərəfdən 5.16 metr, cənub tərəfdə 4.34 metr, şərq tərəfdən 93.13 metr, qərb tərəfdən isə 89.87 metr olmaqla sahəsi 0.0398 ha hissəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir, həmin torpaq sahəsində köməkçi tikililər inşa etmişdir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 152.5, 157.4, 157.8, 180.1, 180.2, 180.4, Torpaq Məcəlləsinin 111, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 118.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-44/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz olmaqla işin hallarına uyğun deyildir. Belə ki, onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamış, torpaq sahələrində sürüşmə olduğundan koordinatlar düzgün işlənilməmişdir. Qusar rayon məhkəməsi öz qətnaməsini iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 mart 2023-cü il tarixli 10/1147 saylı ekspert rəyi ilə, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyi ilə əsaslandırmışdır. Yuxarıda göstərilən torpaq sahəsini uzun müddətdir ki, istifadə edir və həmin vaxt elektron baza sistemi formalaşmamışdı. Ona görə də, istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi hazırkı elektron baza məlumatına əsasən müəyyən edilə bilməz, iş üzrə müqayisəli tədqiqat aparılmalı idi. Yuxarıda göstərilən məlum ekspert rəyi üzrə tam və ətraflı araşdırma aparılmamış, ona məxsus torpaq sahəsinin koordinatları dəqiqləşdirilməmiş, istifadə etdiyi torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsinin cizgiləri daxilinə düşməsinin hansı səbəbdən baş verməsi araşdırılmamışdır. Bundan əlavə ekspert rəyində ekspert tərəfindən qeyd edilmişdir ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, iş üzrə verilmiş ekpertiza və mütəxəssis rəyi özlüyündə tam olaraq dəqiqliyi əks etdirmir. Bu səbəbdən də, həmin rəy işin hallarını müəyyən edən mötəbər sübut kimi qəbul edilə bilməzdi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
17. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
19. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
21. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
22. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
27. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
28. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
30. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
31. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
32. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
35. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-44/2023 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsini mübahisələndirmişdir.
46. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-44/2023 nömrəli qətnaməsinin yalnız mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən “cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehin özünün hesabına sökülməsinə dair” hissəsi ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia bu hissədə rədd edilməlidir.
48. Belə ki, iddiaçı mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi üzərində özünün mülkiyyət hüququna istinad edərək, cavabdeh tərəfindən inşa olunmuş tikililərin sökülməsini və cavabdehin sahədən məcburi çıxarılmasını tələb edir. Tərəflər mübahisəli tikililəri 20 ilə yaxın inşa edildiyini və cavabdehin son 20 il ərzində orada yaşadığını bildirirlər. Hazırkı işdə mübahisəli tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, həmin tikintililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşməsi mübahisəsiz haldır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir.
50. Belə ki, tərəflərin bildirdikləri faktiki hallarla iddianın və ona etirazın qanuni əsası ola biləcək maddi hüquq normalarının şərtləri arasında uyğunluq (uyğunsuzluq) müəyən edilərək iddia həll edilməlidir.
51. Birinci instansiyası məhkəməsi iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin inşa etdiyi tikililərin dövlət reyestrində qeydə alınmamaqla qanunsuz və özbaşına tikililər sayıldığını nəzərə alaraq, Mülki Məcəllənin 157 və 180-cı maddələrinə əsasən iddianı qismən təmin etmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əlehinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır.
53. Qeyd olunmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan tikilinin torpaq mülkiyyətçisinin razılığı əsasında (torpaq mülkiyyətçisinin tikilini inşa edənin köçərək həmin binada yaşamasına şərait yaratması və s.) inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Beləliklə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də nəzərə alınmalıdır.
54. Kollegiya hesab edirki, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.
55. Beləliklə, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.
56. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisəli tikililər inşa edilməsinə və həmin evdə yaşamasına iddiaçı tərəfindən 20 il susması və torpaq mülkiyyətçisinin cavabdehin köçərək həmin binada yaşamasına şərait yaratması iddiaçının bunlara razılıq verməsi kimi qiymətləndirilməlidir.
57. Kollegiya belə qənaətə gəlir ki, mübahisə predmeti olan tikililərinin sökülməsi (məhv olunması) cavabdehin gələcəkdə həmin tikililərin ərsəyə gəlməsinə sərf etdiyi xərcin əvəzinin ödənilməsini əsassız varlanmış iddiaçıdan tələb etmək hüququndan məhrum edəcəkdir. Odur ki, iddia bu hissədə rədd edilməlidir.
58. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-44/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-44/2023 nömrəli qətnaməsi qismən - “cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehin özünün hesabına sökülməsinə dair” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.