Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1537/2022 28.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialının nümayəndəsi Nümayəndə Ehtibar qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialına qarşı sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(059)-219/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) Ərizəçi ərizəsinin təmin edilməsi, Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləməsi (sosial sığorta stajı kimi müəyyən edilməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edils qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi sosial sığorta stajının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 yanvar 1978-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kənd 28 May üzümçülükmaldarlıq sovxozunda fəhlə və mexanizator işləyərək, əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən təqdim edə bilmədiyi üçün həmin müddətin sosial sığorta stajı kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 04 avqust 1956-cı il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində doğulmuşdur. Hələ kiçik yaşlarından sovxozda işləməyə başlamaqla, 23 avqust 1993-cü il tarixədək, yəni Füzuli rayonu işğal edilənə kimi həmin rayonda 28 May (keçmiş Orjanikidze) adına üzümçülük-maldarlıq sovxozunda əvvəlcə fəhlə, daha sona isə mexanizator işləmişdir. Füzuli rayonu işğal ediləndən sonra Siyəzən rayonunda məskunlaşmış, 01 may 1994-cü il tarixdən “Siyəzənneft” NQÇİ-də fəhlə işinə qəbul olunmaqla, orada işləmiş, bu yaxınlarda 65 yaşlı tamam olduqdan sonra pensiya təyinatı üçün zəruri sənədlərlə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına müraciət etsə də, müraciətinin təmin edilməsindən 22 dekabr 2021-ci il tarixli məktubla imtina edilmişdir. Belə ki, imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə görə işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işin müddəti əmək stajına daxil edildiyi göstərilmişdir. Bundan əlavə, onun ərizəsinə əlavə etdiyi arxiv arayışında qeyd olunan iş stajı əmək kitabçasında qeyd olunmadığı üçün həmin illəri əmək stajına daxil etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarına və “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarında əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəblərdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas vermədiyi və həmin sığorta stajı 25 ildən az olduğu üçün onun yaşa görə əmək pensiyasına çıxmaqla bağlı müraciətinə imtina cavabı verilərək, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bununla əlaqədar bildirir ki, o, 20 noyabr 1975-ci il tarixdə həmin vaxt yaşadığı Füzuli rayonunun Hərbi Komissarlığı tərəfindən keçmiş Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilərək, 25 noyabr 1977-ci il tarixdə ordu sıralarından tərxis olunmaqla, evə buraxılmış və 03 dekabr 1977-ci il tarixdən Füzuli rayonuna qayıdaraq, həmin vaxtdan da komissarlıqda qeydiyyata durmuşdur Həqiqi hərbi xidmətdən sonra o, həqiqətən də, 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləmişdir. Bu faktın məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün olmadığı üçün hazırkı ərizə ilə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional filialı Siyəzən Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki iş üzrə qeyd olunmalıdır ki, ərizəçi tərəfindən məhkəmə iclası zamanı 2 şahid təqdim olunmuşdur. Məhkəmə qətnaməsində də qeyd olunduğu kimi həmin şahidlərdən biri olan Şahid1 Təbriz oğlu ifadəsində 1976-cı ilin iyun ayında Fizuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə işinə qəbul edildiyini, daha sonra mexanizator işlədiyini, bununla da 23 avqust 1993-cü il tarixədək sözügedən sovxozda ərizəçi ilə birgə əmək fəaliyyətini davam etdirdiyini qeyd etmişdir. Digər şahid qismində dindirilmiş Şahid2 məhkəmədə ifadəsi zamanı 1969-cu ildə 1 ay kolxoz, 01 yanvar 1970-ci ildən etibarən sovxoz kimi fəaliyyət göstərən Fizuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda həmin tarixdən 01 mart 1972-ci ilədək fəhlə, sonuncu tarixdən 02 fevral 1983-cü il tarixədək briqadir, 02 fevral 1983-cü il tarixdən 16 noyabr 1987-ci il tarixədək sahə aqronomu, 16 noyabr 1987-ci il tarixdən 03 yanvar 1994-cü il tarixədək baş aqronom vəzifələrində işlədiyini bildirmişdir. Qətnamədə göstərilir ki, Şahid2 ifadəsində qeyd etdiyi işləmə faktı onun 29 iyul 1969-cu ildə tərtib edilmiş əmək kitabçasının təsdiq edilmiş surətində öz əksini tapmışdır. İş üzrə digər Şahid1 Təbriz oğlu ifadəsində 1976-cı ilin iyun ayından 1993-cü ilin avqust ayınadək sözügedən sovxozda müxtəlif vəzifələrdə işlədiyini qeyd etsə də işləmə faktını təsdiq edən əmək kitabçasını təqdim etməmişdir. Siyəzən Rayon Məhkəməsinin qətnaməsindən də göründüyü kimi həmin qətnamədə şahidlərdən yalnız birinin əmək kitabçasına istinad olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasından dindirilən maraqlı tərəfin nümayəndəsi Nümayəndə Ehtibar qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasından dindirilən Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 23 avqust 1993-cü il tarixədək Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kənd 28 May üzümçülük-maldarlıq sovxozunda fəhlə və mexanizator işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər (MPM-nin 307.1., 307.2.11. maddələri) Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. Maraqlı şəxs apellyasiya şikayətinin dəlili kimi ərizəçinin sovxozda işləməsi faktını təsdiq edən Şahid1 özünün həmin sovxozda müxtəlif vəzifələrdə işləmədiyini təsdiq edən əmək kitabçasının təqdim edilmədiyi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında ərizəçi tərəfindən dəvət olunmuş X1 ifadəsində Ərizəçila birlikdə 28 May adına sovxozda çalışdıqlarını, onun həmin sovxozda inşaat briqadiri, ərizəçinin isə traktorist kimi işlədiyini bildirmişdir. O, həmçinin göstərmişdir ki, adı çəkilən sovxozda 1976-cı ildən 1993-cü ilədək müxtəlif vəzifələrdə, köməkçi fəhlə, fəhlə, su çuvarçısı, briqadir kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur və bu barədə əmək kitabçasının təsdiq olunmuş surətini təqdim etmişdir, hazırda isə təqaüddə olduğunu bildirmişdir. “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi 10 yanvar 1978-ci il tarixdən 10 yanvar 1984-cü il tarixədək Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kənd 28 May (keçmiş Orjanikidze) üzümçülük-maldarlıq sovxozunda fəhlə, 10 yanvar 1984-cü il tarixdən 23 avqust 1993-cü il tarixədək isə həmin sovxozda mexanizator işləməsi faktı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunduğundan ərizənin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1537/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1537/2022
28.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver