Məhkəmə qərarları › İş №2(105)-1538/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1538/2021

10.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1538/2021 10.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(031)-48/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(031)-48/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı Şabran şəhəri, İ.Qayıbov küçəsi 42 saylı ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Şabran şəhəri, İ.Qayıbov küçəsi 42 saylı ünvanda yerləşən mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qardaşı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə ailə münasibətlərindən iki övladları olmuşdur. Mübahisəli mənzildə o, həyat yoldaşı ilə birlikdə yaşamış və maddi imkanları hesabına mənzildə bəzi təmir və bərpa işləri aparmışlar. Sonradan onlar Rusiyaya köçmüş və uzun müddət orada yaşamışdılar. Mübahisəli mənzildə qeydiyyatı olmaqla mənzildən istifadə hüququ vardır. Cavabdehin eyni ünvanda qeydiyyatda olduğu və eyni həyətdə özünə məxsus evdə yaşadığı üçün ona mane olaraq, öz mənzilinə köçməyə və orada sərbəst yaşamağına maneələr törədir. Həyat yoldaşı X12 ilə nikahları Rusiya Federasiyasında məhkəmə qətnaməsi ilə 2018-ci ildə ləğv edildiyi üçün həm həyat yoldaşı, həm də cavabdeh ona qərəzli şəkildə təzyiqlər göstərəcəyini və onun mənzildə yaşamağına imkan verməyəcəyini düşünür. Onun özünə məxsus mənzili ola-ola, qohuməqrəba evində, yaxud kirayələrdə yaşayır. Bu səbəbdən də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Evin özbaşına tikili sayılması onu yaşadığı mənzildən məhrum edilməsi üçün əsas ola bilməz. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və izahatında göstərdiklərinin doğruluğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı iddia tələbini cavabdeh ola bilməyən şəxsə, yəni ona qarşı qaldırmışdır. İddiaçının qeydiyyatı ona məxsus ünvan 1 ünvanda yerləşən X13 aid fərdi yaşayış evinədir. İddiaçı köçmək istədiyi ünvanda nə 7-10 gün, nə də bir neçə ildən bir gəlib bir həftə, 10 gün yaşamamışdır və yaşaması da mümkün deyildir. Belə ki, iddiaçının hazırda köçmək istədiyi evdə nə ayaqyolu, nə hamam, nə də mətbəx olmamışdır. İddiaçıya aid bir neçə cehiz əşyası 10 avqust 2018-ci il tarixədək sözü gedən ünvanda, əl damında saxlanılması əşyadan istifadə olunması demək deyildir. İddiaçı 2000-ci il tarixdə Ukrayna Respublikasına getmiş və fasiləsiz olaraq 2017-ci il tarixədək Xarkov şəhərində yaşamış, həmin şəhərdə iki övladı doğulmuşdur və hazırda uşaqlar ataları ilə Ukrayna Respublikasında yaşayırlar və oranın vətəndaşıdırlar. İddiaçının övladlarının atası 1987-ci ildən Ukrayna Respublikasında yaşayır və oranın vətəndaşıdır. Məhkəmənin iddiaçının mübahisəli ünvanda yaşamamasını, onun daimi Ukrayna Respublikasında yaşamasını iradəsindən asılı olmayan səbəb kimi qiymətləndirməsi tamamilə əsassızdır. Məhkəmə mübahisəyə Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrini tətbiq etməkdə səhvə yol vermişdir. Belə ki, iddiaçı onun ailə üzvü deyildir, ümumiyyətlə, İ.Qayıbov küçəsi ev 42 ünvanında yaşayan digər şəxslərin də heç birinin ailə üzvü sayıla bilməz. İddiaçı sadəcə onun qardaşının keçmiş arvadı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası MM-nin 27.1 və 27.3-cü maddələrini də səhv tətbiq etmişdir. Belə ki, iddiaçının adətən yaşadığı yer ərə getməmişdən öncə mərhum atasına məxsus iki mərtəbəli ev olmuş, ərə getdikdən sonra isə 17 il fasiləsiz olaraq Xarkov şəhərində yaşamış, mərhum atasına məxsus iki mərtəbəli evdəki yaşayış yerini müəyyən müddətə-17 illiyə tərk etmişdir. Qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olubolmamasından asılı etməmişdir. Başqa sözlə, şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə istifadə hüququnun yaranıbyaranmadığını müəyyən etmir. İddiaçı onun ailə üzvü olmadığı məhkəməyə məlum olduğu halda, qətnamədə elə fikir formalaşdırmışdır ki, guya iddiaçı onun ailə üzvüdür. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, işin həqiqi hallarını düzgün müəyyən etməmiş və nəticədə maddi və prosessual hüquq normalarını pozaraq tamamilə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinə təqdim olunmuş zəruri sənədlərdən müəyyən edilir ki, iddiaçının köçmək istədiyi mübahisəli evin mülkiyyətçisi, sahibi o deyil, onun atası X14r. Bu baxımdan da hesab edir ki, iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyünə görə əslində heç sübutlar araşdırılmadan iddia rədd olunmalı idi. İddiaçı iddia ərizəsində və izahatında yalnız mülahizələrə əsaslanmış və ümumiyyətlə, iddia tələbinin əsaslı olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mübahisə predmeti olan mənzil sahəsi X6 valideynləri-X20 və X3 məxsus olmuş, X20 vəfat etdikdən sonra, yəni 03.11.2004-cü il tarixdə isə vərəsəlik qaydasında övladlarının mülkiyyətinə keçmişdir. Rəsmi nikah məhkəmə qaydasında pozulduqdan sonra iddiaçı Azərbaycana geri qayıtmış, mübahisəli mənzilə gəlmiş və özünə aid olan cehiz əşyalarını ünvan 2 ünvanında yerləşən ata evinə köçürmüşdür. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətində və ona əlavədə qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı 30 mart 2001-ci ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 ilə İddiaçı birgə nikahlarından 03 avqust 2001-ci ildə X7 və 13 oktyabr 2002-ci ildə X21 anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 30 iyul 2020-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən Cavabdeh adına 09 fevral 2018-ci il tarixli, **********42- 10301 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Şabran rayon İHB-nın Şabran şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyul 2020-ci il tarixli, 3073 saylı arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı qeydiyyatda olmasına baxmayaraq həmin evdə bu günə qədər yaşamamışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 03 noyabr 2004-cü ildə ölmüşdür. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şabran şəhəri, İ.Qayıbov küçəsi ev 42-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri, İsmət Qayıbov küçəsindəki 42 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi Cavabdeh adına 09 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh, X4 və X8 mülkiyyətlərinə Dəvəçi şəhərində 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şabran şəhəri, İsmət Qayıbov küçəsindəki 42C saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsi X10 adına 03 aprel 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı İddiaçı 30 mart 2001-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə X12 ilə ailə qurmuş, birgə nikahlarından 03 avqust 2001-ci ildə X7 və 13 oktyabr 2002-ci ildə X21 anadan olmuşlar. İddiaçı iddia ərizəsində mübahisəli evdə həyat yoldaşı ilə birlikdə yaşadığını və maddi imkanları hesabına evdə bəzi təmir və bərpa işləri apardıqlarını, sonradan Rusiyaya köçərək uzun müddət orada yaşadıqlarını, X12 ilə nikahları Rusiya Federasiyasında məhkəmə qətnaməsi ilə 2018-ci ildə ləğv edildiyini, bundan sonra həm həyat yoldaşının, həm də cavabdehin ona qərəzli şəkildə təzyiqlər göstərərək evdə yaşamağına imkan vermədiklərini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən görünür ki, İddiaçı mübahisəli evə gəlin gəldiyini iddia etdiyi 2001-ci ildə Şabran şəhəri, İsmət Qayıbov küçəsindəki 42 saylı yaşayış evi Cavabdeh mülkiyyətində olmamışdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mübahisəli evdə təxminən 7-10 gün yaşamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən qısa müddət ərzində mübahisəli evdə yaşaması onun həmin evdən istifadə hüququnun yaranması üçün əsas ola bilməz. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əri Əliyev Fərid Məmməd oğlu ilə birlikdə 2001-ci ildə Ukrayna Respublikasına getmiş, orada daimi yaşayan şəxs kimi qeydiyyata alınmış, onların birgə nikahlarından olan hər iki uşağı-X7 03 avqust 2001-ci ildə və X21 13 oktyabr 2002-ci ildə Ukrayna Respublikasında anadan olmuşlar. X22 oğlu ilə İddiaçı arasında olan nikah da Xarkov şəhər Dzerjinski Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdən görünür ki, 2018-ci ildən sonra da İddiaçı Şabran şəhəri, İsmət Qayıbov küçəsindəki 42 saylı evdə yaşamamışdır. Həmin ev Cavabdeh adına 09 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Şabran şəhəri, İsmət Qayıbov küçəsindəki 42 saylı yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil olmadığından, bu evdə yaşamadığından həmin evdən istifadə hüququna malik deyildir və İddiaçı mübahisəli evdə qeydiyyatda olması onun həmin evdən istifadə hüququna malik olması anlamına gəlmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(031)-48/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar