Məhkəmə qərarları › İş №2(105)-1539/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1539/2021

30.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1539/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı özgənin sahibliyindən əmlakın geri qaytarılması tələb edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(031)-36/2021 saylı qətnaməsindən İddiaçı Rühəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməsi, Cavabdeh1 Abdulhəşim oğlunun iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kvm torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılmalı və sözü gedən torpaq sahəsinin boşaldılması qət edilmişdir. İddiaçı Rühəddin qızı qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun qanunsuz sahibliyindən onun torpağının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon İHB-nın Dəvəçi şəhər üzrə nümayəndəliyinin 13.07.1992-ci il tarixli 48 nömrəli sərəncamı ilə, fərdi mənzil tikintisi üçün, Dəvəçi rayon XDS RH-nin Dəvəçi şəhərində fərdi mənzil tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması barədəki 07.04.1992-ci il tarixli qərarı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 19.05.1992-ci il tarixli 58- 9/290 saylı və baş yer qurluşu idarəsinin 20.05.1992-ci il tarixli 58-5/296 saylı razılıq məktubları nəzərə alaraq, Dəvəçi şəhəri, üzrə fərdi mənzil tikintisinə ehtiyacı olduğuna görə, ona Dəvəçi şəhər 12-ci məhəllədə 287 saylı yer (0.05 ha) ayrılmışdır. Qonşuluqda yerləşən torpaq əraziləri 286-cı yer X8 288-ci yer X7 verilmişdir. 05.07.2005-ci il tarixində ona həmin torpaq sahəsinin, JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə verilmişdir. Həmin torpaq şəhadətnaməsində, ona 541.5 kvm torpaq sahəsinin mülkiyyətinə verilməsi qeyd edilib. Torpaq sahəsi üzrə qonşuları X3, X5, X2, X1 olmaları göstərilmişdir. O, mülkiyyətində olan torpaq sahəsinin dörd bir tərəfini mişar daşı ilə hasarlamış, 12x14 evin binəsini inşa etmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ƏMDK-in yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 23.01.2020-ci il tarixli **********80 saylı məktubu ilə ona bildirilmişdir ki, tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən ərizəsinə əlavə olunmuş JN-3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»də göstərilən torpaq sahəsinin cizgilərindən fərqlidir. Torpaq sahəsinin yerləşdiyi ərazi mübahisəlidir. Bundan sonra o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Cavabdeh1 Abdulhəşim oğlu cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat nömrəsi ********** olan, 29 yanvar 2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan 500 kv.m torpaq sahəsindən cavabdeh X4 çıxarılması və sözü gedən torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 mülkiyyətinə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış qeydiyyat nömrəsi ********** 29.01.2020-ci il tarixli çıxarışına əsasən Şabran rayonu 5 sotlar qəsəbəsi məhəllə 12, yer 289-da 500 kvm həyətyanı torpaq sahəsi vardır. Cavabdeh İddiaçı onun mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etmişdir. Bu barədə bələdiyyəyə müraciət etmiş, torpaq sahəsinə baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, həqiqətən də cavabdeh İddiaçı tərəfindən torpaq sahəsi 500 kvm zəbt olunmuşdur. Cavabdeh İddiaçı torpaq sahəsinin boşaldılması barədə bildirilmişdir, lakin sonuncu onun mülkiyyətində olan torpaq sahəsini boşaltmır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şabran rayon məhkəməsinin 10 mart 2020-ci il tarixli 2(031)-269/2020 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı «torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması» tələbinə dair 2 (031)-296/2020 nömrəli mülki iş İddiaçı Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı «torpaq sərhədlərinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması» tələbinə dair 2(031)-258/2020 nömrəli mülki işlə bir icraata birləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 və ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Aslanova X10 rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, qətnamə qəbul edilən zaman iş üçün əhəmiyyətli faktiki halları tam araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbinin əsasız olması, iddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına torpaq sahəsindən çıxarılaması və həmin torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının isə əsaslı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, İddiaçı iddia tələbi qanunsuz sahiblikdən torpağın geri qaytarılması, iddiaçı Cavabdeh1 iddia tələbi isə torpaq sahəsindən S.Məmmədova (Aslanovanın) çıxarılması və həmin torpaq sahəsinin boşaldılmasından ibarətdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Dəvəçi rayon AİK-nın 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarı ilə 0,05 ha həyətyanı torpaq sahəsi Sevil Məmmədovanın, Şabran şəhərində yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid 0,05 ha torpaq sahəsi isə Cavabdeh1 mülkiyyətindədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün hər iki iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Hazır ki, işdə torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Mövcud vəziyyət Mülki Məcəllənin 157.2., 157.4-cü maddələrinə əsasən Cavabdeh1 hazır ki iddianı qaldırmağa tələb hüququ vermişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21.12.2020-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12.01.2021-ci il tarixli rəyi ilə mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatlarının DƏDRX-dən verilmiş, 29.01.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı Cavabdeh1 məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur. Mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin naturadakı koordinatları DƏDRX tərəfindən Cavabdeh1 verilmiş **********93 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar üst-üstə düşür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin torpaq sahəsini cavabdehin qanunsuz və faktiki sahibliyində geri almaqda haqlı olduğundan, onun iddia tələbi təmin edilməlidir. İddiaçı özgəsinin sahibliyindən əmlakın geri qaytarılması tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Şabran şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 13 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 26 sentyabr 2019-cu il tarixdə **********11 qeydiyyat nömrəli imtina məktubunda səhv olaraq «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» JN938 A kod 30225018 qeyd edilmişdir. Əslində isə, həmin şəhadətnamə ləğv edilmiş DTXK tərəfindən Ərazi İdarəsinin arxivinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında JN-3146A kod 30401004 kimi qeyd olunmuşdur. Bildirilir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş və tərəflərindən faktiki istifadə olunan torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əlavə olunmuş JN- 3146A kod 30401004 saylı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə»də göstərilən torpaq sahəsinin cizgilərindən fərqlidir. Torpaq sahəsiinin yerləşdiyi ərazi mübahisəlidir. Göstərilən çatışmamazlıqlar aradan qaldırılarsa yenidən müraciət olunacağı təqdirdə, hüquqların dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Eyni zamanda yuxarıda qeyd olunan 21.12.2020-ci il tarixli mütəxəssis və 12.01.2021-ci il tarixli ekspert rəyi ilə mübahisə predmeti kimi təqdim olunan torpaq sahəsinin naturadakı koordinatlarının “Torpağın mülkiyyətə verilməsinə” dair JN3146, Kod 30401004 olan Şəhadətnaməyə əsasən Sevil Məmmədova verilmiş 0,05 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunur. XDS-nin qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinə dair sxem və korrdinatlar mülki iş materiallarına əlavə olunmuş sənədlərdə olmadığından, qeyd edilmiş torpaq sahəsinin hüdudlarının “torpaq ayırma” barədə Dəvəçi rayon XDS-nin qərarı (XDS qərarı ilə yerin müəyyən edilməsi) nəzərə alınmaqla naturada müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi İddiaçı mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olduğunu və həmin torpaq sahəsini Cavabdeh1 qanunsuz sahibliyində olduğunu sübut etməli olduğu halda, bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, onun iddia tələbi təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı Rühəddin qızından keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqat Mərkəzi MMC-nin hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Rühəddin qızının cavabdehlər Cavabdeh1 qarşı özgənin sahibliyindən əmlakın geri qaytarılması tələbinə dair iddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh1 Abdulhəşim oğlu cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızına qarşı iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh1 Abdulhəşim oğlunun mülkiyyətində olan 500 kv.m torpaq sahəsindən cavabdeh Məmmədova (Aslanova) Sevil Ruhəddin qızı çıxarılsın və həmin torpaq sahəsi boşaldılsın. İddiaçı Rühəddin qızından keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 67 (altmış yeddi) manat 20 (iyirmi) qəpik Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqat Mərkəzi MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar