Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1539/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-385/2024 nömrəli, 20 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə Cavabdeh 7000 manat kompensasiya ödənilməklə həmin ölçüdə torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kv.m) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(012)-104/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə tələbinin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə cavabdeh İddiaçı qanunsuz inşa etdirdiyi tikililərin cavabdehin hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. Hal-hazırda Abşeron rayon İcra Şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri həyata keçirilir. Qeyd olunduğu kimi, söküləcək tikilinin 0,0033 ha (33 kvadratmetr) hissəsi İddiaçı evinə aiddir. İcra işinin bu hissədə icra edilməsi, yəni evin sökülməsi onun görünüşünün pozulması ilə nəticələnəcək və iddiaçıya böyük zərər vuracaqdır. Bundan başqa, evin sökülməsi zamanı onun uçma təhlükəsi də vardır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli RX ******* saylı çıxarışından görünür ki, İddiaçı adına 0,01 ha torpaq sahəsi qeydə alınmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı torpaq sahəsini əldə edərkən artıq üzərində tikililər vardı: tikinti işləri torpaq sahəsinin əvvəlki mülkiyyətçisi tərəfindən aparılmışdır və iddiaçının aldığı evin bir hissəsinin başqasının mülkiyyətində olan torpaq sahəsində tikilməsini bilməsi mümkün deyildir. 2019- cu ildən iddiaçı həmin evə sahiblik etmiş, evi təmir etmişdir. İddiaçı hal-hazırda azyaşlı uşaqları və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır, bu evdən başqa onun heç bir yaşayış sahəsi yoxdur. Eyni zamanda, nəzərə alnmalıdır ki, mübahisənin həlli ilə bağlı tələbkar Cavabdeh bir neçə torpaq sahəsi təklif edilmiş, lakin tərəflər ümumi razılığa gələ bilməmişlər. Cavabdeh mülkiyyətçisi olduğu torpaq sahəsində uzun müddət olmamış, heç bir tikinti aparmamış, iddiaçı ilə qonşu olan torpaq sahəsində heç bir hasar inşa etməmişdir. Hətta cavabdehə məxsus torpaq sahəsinin qapısı və ya darvazası da olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bütün bu sadalan mülkiyyət hüququnun pozulması barədə olan imperativ normalarla onun mülkiyyət hüququ qorunmalı olduğu halda, qeyri-qanuni və əsassız olaraq onu mülkiyyətindən məhrum edərək, ona kompensasiya verilməsi yolu ilə, onun mülkiyyətindən məhrum etmişdir. Eləcə də məhkəmə sökülməli olan yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən sənədin olmamasına əhəmiyyət verməmişdir. Zəbt edilən torpaq sahəsində inşa edilən evə sənəd verilə bilməməsinə məhkəmə qiymət verməmişdir. Yuxarıda göstərdiyi kimi İddiaçı onun mülkiyyətində olan torpaq sahəsini zəbt edən zaman ona ciddi şəkildə xəbərdarlıq etməsinə baxmayaraq qərəzli şəkildə ondan qanunsuz və əsassız olaraq şikayətlər etmək yolu ilə onun mülkiyyətini ələ keçirmişdir. Hal-hazırda da bu hərəkətlərini davam etdirir. Qətnamələrlə də müəyyən olunan onun mülkiyyətindən qanunsuz və əsassız olaraq məhrum edilir. Onun mülkiyyətindən zəbt edilmiş hissəsinə görə onun mülkiyyətinin yararsız hala düşməsini məhkəmə nəzərə almamışdır. Eləcə də yalnız mülkiyyətinin zəbt edilmiş hissəsinə qiymət verməklə kifayətlənmişdir. Lakin məhkəmə icra edilməli olan məhkəmə qətnaməsinin icra edilməli olmasına əhəmiyyət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçıya məxsus dəyəri 192000 manat olan yaşayış evinə ziyan dəymədən evin 33 kv.metr hissəsinin sökülməsinin texniki cəhətdən mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq qətnaməyə qiymət verilməsini zəruri hesab edir. İşdən göründüyü kimi Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,01 ha torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışa əsasən iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 172.4 və 173.3-cü maddələri nəzərdən keçirilə bilər. İşdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində 0,015 ha torpaq sahəsinin 0,0033 ha (33 kvadratmetr) hissəsində tikilən cavabdehə məxsus yaşayış evinin, 0,0049 ha (49 kvadrat metr) hissəsində inşa edilmiş navesin yəni çardağın, cəmi 0,0082 ha (82 kvadrat metr) hissədə İddiaçı qanunsuz inşa etdirdiyi tikililərin onun hesabına sökülməsi və 0,015 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. Belə olan halda İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisindəki yaşayış evinin 0033 ha (33 kvadratmetr) hissəsinin Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə düşməsi işin mübahisəsiz halıdır. İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə torpaq sahəsinin mülkiyyətə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən İddiaçı məxsus yaşayış evinin icra vərəqəsinə əsasən sökülməli olan 0,0033 ha (33 kvadratmetr) hissəsinin əvəzinə 7000 manat kompensasiya ödəməklə iddiaçının mülkiyyətinə verilməsini xahiş etmişdir. Məlum olduğu kimi, qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.4, 173.3-cü maddələri). Bu mənada məhkəmə kollegiyası hesab edir ki, mübahisə obyekti olan torpaq sahəsinin 33 kv.metr olduğu, həmçinin oxşar ərazidə 1 sot (100 kv.m) torpaq sahəsinin bazar qiymətinin 5800 manat olması, 33 kv.m tikintinin söküləcəyi təqdirdə iddiaçıya daha böyük məbləğdə (192000 manat) zərərin dəyəcəyi nəzərə alınaraq, iddiaçı tərəfindən təklif edilən məbləğin (7000 manat) ağlabatan olması, iddiaçıya məxsus dəyəri 192000 manat olan yaşayış evinə ziyan dəymədən evin 33 kv.metr hissəsinin sökülməsinin texniki cəhətdən mümkün olmamasına əsaslanaraq iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnmamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1539/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1539/2024
15.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver