Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1540/2022 19.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus 0,02 ha torpaq sahəsində cavabdehlər X2 və Cavabdeh2 tərəfindən 40 kv.m sahədə tikilmiş hinin sökülməsi, həmin torpaq sahəsinin (40 kv.m) İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, qalan 15 manatının isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 tərəfindən, mülkiyyətində olan, Xaçmaz rayonu, Günəşlli qəsəbəsində yerləşən **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa uyğun 0,02 ha torpaq sahəsindən zəbt edilmiş , 40 kv.metr sahədə tikdiyi hini sökərək torpaq sahəsinin ona qaytarılması və 30 manat dövlət rüsumunun cavadehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə və mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına hasarlamaqla zəbt etdiyinə görə cavabdehlər X1 və Cavabdeh2 barəsində tədbir görülməsi üçün barələrində xüsusi qərardad çıxarmaqla prokurorluğa göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021 -ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsində icraat onların iştirakı olmadan baş tutub. Yalnız yekun məhkəmə iclası barədə məlumat almış və gəlib məhkəmədə iştirak etmişdir. Onlar 1981-ci ildən mübahisəli torpaq sahəsindən istifadə edirlər. Anası ilə birlikdə 8 baş heyvanı sataraq həmin yer üçün bələdiyyəyə 2000 (iki min) dollar pul vermişdir. Həmin pulun 500 dolları bələdiyyənin kassasına ödənilib. 1500 dolları də bələdiyyədə işləyən Qüdrət adlı şəxsə verilib. 2002-ci ildə tikinti aparmışlar, ona qədər taxtadan hasar var idi. 2004-cü ildə bələdiyyə şəhadətnamə gətirərək bildirdi ki, 0,02 hektar torpaq sahəsini onların 0,12 hektar torpaq sahəsinə birləşdiriblər. Deyilənə görə, torpaq sahəsi 2005-ci ildə X3. Onlar bunu 2020-ci ilin sentyabr ayında İddiaçı onlara gələndə bilmişlər. Ona qədər elə biliblər ki, torpaq onlarındı. Həmin ərazidə İddiaçı əri Asifin obyekti var. Asif torpağı almaqları barədə ona heç nə deməyib. Həmin yerdə anası ilə və körpə uşağı ilə birlikdə yaşayır. Həyətdə 2 qoz ağacı var. Həmin ağacların məhsulunu sataraq övladını böyüdür. Torpağı İddiaçı əvvəl onlar zəbt eləmişlər, pulunu da bələdiyyəyə ödəmişlər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nörhrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı var. Mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Cavabdehlər iddiaçıya məxsus torpaq sahısindən çıxmalıdırlar. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətindən və izahatında müəyyən edilir ki, birinci instansiya məhkəməsini qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddianın qismən təmin edilməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı Xaçmaz rayonu, Günəşli qəsəbəsndə yerləşən 0.02 ha torpaq sahəsini9 İsayev Elnurdan almışdır. İş materiallarında olan DƏDRX-nin Çıxarışından görünür ki, İddiaçı mülkiyyətinə Xaçmaz rayonu, Günəşli qəsəbəsndə yerləşən 0.02 ha torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X2 izahatında bildirmişdir, mübahisəli torpaq sahəsi həqiqətən də İddiaçı xüsusi mülkiyyətindədir. Lakin, həmin sahə, yəni 40 kv.m torpaq sahəsi uzun illərdir ki, onların faktiki istifadəsindədir və bələdiyyə tərəfindən onlara söz verilmişdir ki, qeyd olunan sahə onların adına rəsmiləşdiriləcək. Hal-hazırda mübahisəli torpaq sahəsi ilə əlaqədar onun heç bir sənədi yoxdur. İddiaçının isə bu torpaq sahəsinə aldığı çıxarışla razı deyil, həmin çıxarışı məhkəmədə mübahisələndirəcək. Ekspertizanın keçirilməsinə ehtiyacın olmadığını bildirmişdir İddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsinə dair sənədlərinin olmamasını, həmin sahənin iddiaçının xüsusi mülkiyyətində olmasını və sahənin heç bir halda iddiaçıya təhvil verməyəcəklərini bildirməsini müəyyən edərək iddianı təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 152.3, 242.2, 152.5, 152.6-cı maddələrinə istinad edərək səaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qanunvericilik normalarına istinad edərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırki işdən görünür ki, cavabdehlərin zəbt edərək istifadə etdikləri torpaq sahəsi mülkiyyət hüquqi əsasında iddiaçıya məxsusdur və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilərək istfiadə edilməsi cavabdehlərin izahatları ilə də təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərərk hesab edir ki, şikayətinin dəlilləri qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas ola bilməz. Həmçinin cavadbeh qeyd edilən torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasını, onun adına sənədləşdirilməsini bildirsə də, buna dair hər hansı müqavilə, hər hansı qərar təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, işü zrə ekspertiza təyin edilməsi zərurət yoxdur. Belə ki, cavabdehlər torpağı zəbt etdiklərini etiraf edirlər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 münasibətdə Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 münasibətdə Xaçmaz Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(067)-2089/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1540/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1540/2022
19.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver