Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1541/2023 18.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Seriya MH ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh MMC-nin Vəkil1 ünvanlanmış məktubdan bildirilmişdir ki, məktubda göstərilən və İddiaçı torpaq sahəsinin daxilində yerləşdiyi bildirilən mobil baza stansiyası "xxxx" MMC ilə Şamaxı rayonu, Avaxıl kənd sakini X5 arasında imzalanmış xx.xx.2009-cu il tarixil İcarə müqaviləsinə əsasən quraşdırılmışdır. İcarə müqaviləsi imzalanan zaman X8 sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş və bunu təsdiq edən "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nı təqdim etmişdir. Torpaq sahəsində "xxxx" MMC tərəfindən mobil baza stansiyası quraşdırılan zaman və quraşdırıldıqdan sonra 3-cü şəxslər tərəfindən buna dair etiraz olmamışdır. Mövcud icarə müqaviləsi üzrə icarəyə verən X5 ilə danışıqlar zamanı təqdim edilmiş mütəxəssis rəyi ilə razı olmadığını, mobil baza stansiyasının məhz onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində quraşdırıldığını bildirmişdir.
3. "xxxx" MMC-nin vəkili Vəkil1 ünvanlanmış məktubda bildirilir ki, sorğuda göstərilən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən mobil baza stansiyası "xxxx" MMCnin radiogiriş xidmətləri göstərdiyi "xxxx" MMC ilə X5 arasında imzalanmış 10 noyabr 2009-cu il tarixli icarə müqaviləsinə əsasən quraşdırılmışdır.
4. “Sahənin icarəyə verilməsi haqqında” müqavilənin surətinə əsasən, "xxxx" MMC ilə X5 arasında Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 m2 ərazini əhatə edən 10 noyabr 2009-cu il tarixli icarə müqaviləsi bağlanılmışdır. Razılaşdırılmış illik icarə haqqı 1200 manat təşkil edir.
5. "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən xx.xx.2008-ci il tarixli. Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində Bakcell mobil operatorunun ötürücü stansiyası yerləş və torpaq sahəsinin 100 kv.m hissəsi zəbt olunmuşdur.
6. 27.01.2023-cü il tarixli 10/7874 saylı Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 dekabr 2022-ci il tarixli **********02 nömrəli mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının İddiaçı Şamaxı rayonu, Avaxıl kəndində yerləşən, reyestr nömrəsi **********38 olan çıxarışa əsasən mülkiyyətində olan 8,624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edildi. Mütəxəssis rəyinə əsasən, "xxxx" MMC-yə məxsus mobil baza stansiyasının İddiaçı mülkiyyətinə verilmiş 8,62443 hektar torpaq sahəsində yerləşməklə 43 m2 təşkil etdiyi müəyyən edildi. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun mülkiyyətində olan, zəbt olunmuş torpaq sahəsində quraşdırılmış qanunsuz tikili-mobil baza stansiyasının cavabadehin hesabına sökülərək torpaq sahəsinin boşaldılması və Cavabdeh MMC tərəfindən mobil bazanın 10 noyabr 2009-cu il tarixdən quraşdırılmasıni nəzərə alaraq həmin tarixdən qurğunun sökülərək torpaq sahəsindən çıxarıldığı günə qədər hər bir günü 20 manatdan hesablanmaqla pulun, həmçinin hüquqi yardıma görə ödənilmiş 310 manat pul və dövlət rüsumu olaraq ödədiyi 345 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli, Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpqa sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi daxilində mobil baza stansiyası quraşdırılmışdır. Buna görə həmin mobil bazanın onun mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün tərəflərindən "xxxx" MMC-yə müraciət edilərək müvafiq mütəxəssis rəyi də əldə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-50/22 nömrəli mütəxəssis rəyində isə həmin mobil baza ilə onu mülkiyyətində olan torpaq sahəsinin 100 kv.m hissəsinin zəbt olunması göstərilmişdir. Bundan sonra Cavabdeh MMC-yə və digər qurumlara sorğular verilmiş və cavablar alınmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, CEO-9292 nömrəli cavab məktubunda bildirilmişdir ki, məktubda göstərilən və İddiaçı torpaq sahəsinin daxilində yerləşdiyini bildirdiyi mobil baza stansiyası Cavabdeh MMC ilə Şamaxı rayonu, Avaxıl kənd sakini X5 arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən quraşdırılmışdır. İcarə müqaviləsi imzalanan zaman X8 sahəsinin onun mülkiyyətində olduğunu bildirmiş və bunu təsdiq edən Torpağa mülkiyyət hüququna dair dövlət aktını təqdim etmişdir. Torpaq sahəsində Cavabdeh MMC tərəfindən mobil baza stansiyası quraşdırılan zaman 3-cü şəxslər tərəfindən buna dair etiraz olunmamışdır. Mövcud icarə müqaviləsi üzrə icarəyə verən X5 ilə danışıqlar zamanı tərəflərindən təqdim edilmiş mütəxəssis rəyi ilə razı olmadığını, mobil baza stansiyasının məhz onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində quraşdırıldığını bildirmişdir. Həmçinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, CEOLEG-664 nömrəli cavab məktubunda bildirilir ki, sorğuda göstərilən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən mobil baza stansiyası "xxxx" MMC-nin radiogiriş xidmətləri göstərdiyi Cavabdeh MMC ilə X5 arasında imzalanmış 10 noyabr 2009-cu il tarixli icarə müqaviləsinə əsasən quraşdırılmışdır. Cavabdeh MMC-yə məxsus mobil baza stasiyası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01- 50/22 nömrəli mütəxəssis rəyindən də göründüyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008ci il tarixli, seriya MH №0010537 saylı, **********0 qeydiyyat nömrəli çıxarışa və ona əlavə edilmiş Torpqa sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən onun mülkiyyətində olan 8,624443 ha kənd təsərrüfütı təyinatlı torpaq sahəsinin daxilində yerləşir və torpaq sahəsinin 100 kv.m hissəsinin zəbt olunmuşdur. Çıxarışdan da göründüyü kimi Cavabdeh MMC-yə məxsus mobil baza stansiyasının yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və həmin torpaq sahəsində mobil baza quraşdırıldığında torpaqdan təyinatı üzrə istifadə edə bilmədiyindən ona maddi ziyan dəymişdir. Həmçinin Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, CEO-9292 nömrəli cavab məktubundan da göründüyü kimi, sözügedən torpaq sahəsi onun mülkiyyətində olduğu halda başqa bir şəxslər X5 ilə müqavilə imzalanmışdır.
9. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər.
10. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən Cavabdeh MMC-yə məxsus mobil baza stansiyasının cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh MMCdən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh MMC-yə məxsus mobil baza stansiyası İddiaçı məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən 8.624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. İddiaçı ona məxsus torpaq sahəsində yerləşən cavabdehə məxsus mobil baza stansiyasının həmin torpaq sahəsindən cavabdehin hesabına sökülərək çıxarılmasını tələb etməkdə haqlıdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 157.4, 384.0.4, Mülki Prosessual Məcəllənin 119.1, 121.1, 14.2, 217.2, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilmiş hissədə ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. – məhkəmə işin bütün faktiki hallarını araşdırmamışdır, iddia müddətinin tətbiqinə dair maddi normaları düzgün tətbiq etməmişdir və iddia tələbi həmin hissədə sübuta yetirilməmişdir. Pul tələbinə dair hissədə isə Mülki Məcəllənin 373.1-ci maddəsində uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. Cavabdeh MMC X5 ilə icarə müqaviləsini xx.xx.2009-cu il tarixdə bağlamışdır və icarəyə götürülmüş ərazidə öz telekommunikasiya qurğularını quraşdırmışdır. İddiaçı onun hüquqlarının pozulduğunu 2009-cu ildə bilməli idi. Lakin iddiaçı həmin tarixdən 10 ildən çox vaxt keçdikdən sonra Cavabdeh MMC-yə və məhkəməyə müraciət edərək tələb irəli sürmüşdür. Beləliklə, də pul tələbinə dair hissədə iddiaçı iddia müddətini ötürmüşdür. Bunu nəzərə alaraq, xx.xx.2009-cu ildən başlayaraq hər gün üçün 20 (iyirmi) manat hesablanmaqla iddiaçıya pul ödənilməsi tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməli olduğunu hesab edirlər. Lakin məhkəmə Mülki Məcəllənin 384.0.4-cü maddəsini tətbiq edərək iddia tələbinə iddia müddətinin şamil edilmədiyi qənaətinə gəlmişdir. Mülki Məcəllənin 384.0.4-cü maddəsi yalnız mülkiyyət hüququna dair hissədə iddia tələbinə şamil oluna bilər. Pul tələbinə dair hissədə isə Mülki Məcəllənin 373.1-ci maddəsində uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. - iddiaçının pul tələbi lazımi qaydada sübuta yetirilməmişdir. "xxxx" MMC-dən 15100 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə qətnaməsində heç bir əsaslandırma yoxdur və bu məbləğin hansı sübutlar əsasında və hansı hesablama metodikası ilə müəyyən edildiyi qeyri-müəyyəndir. İddia tələbi bu hissədə sübuta yetirilməmişdir. - Cavabdeh MMC tərəfindən icarəyə götürülmüş ərazi qanunsuz olaraq zəbt edilməmişdir, şirkət haqqı ödənilməklə və vicdanlı istifadəçi olaraq müvafiq müqavilə əsasında həmin ərazini icarəyə götürmüşdür. İddiaçının pul tələbi öz qanunsuz hərəkətləri nəticəsində iddiaçının əmlakı hesabına əsassız varlanan X4 qarşı olmalıdır. X3 işə cəlb edilməsinə dair vəsatət məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Beləliklə də, işin bütün faktiki hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsi ilə bağlı özünü mülkiyyətçi kimi təqdim edən başqa bir şəxslə müqavilə bağlamışlar. Həmin şəxs torpaqla bağlı müəyyən sənədlər də təqdim etmişdir. İş materiallarında olan ekspert rəyində də torpaq sahəsinin iddiaçıya məxsus olması məlum olduğuna görə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan cavabdehə məxsus mobil baza stansiyasının sökülməsi ilə əlaqəli hissəni mübahisələndirmirlər. Pul tələbi ilə əlaqəli hissə ilə qətiyyən razı deyillər, vicdanlı istifadəçidirlər. Məhkəmə həmin məbləğin necə hesablandığını əsaslandırmamışdır.
17. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər və əlavə olaraq bildirdilər ki, məhkəmə qətnaməsində pulun məbləğinin hesablanması qarşı tərəfin digər şəxslə bağladığı müqaviləyə əsasən müəyyənləşdirilmişdir. Onların təqdim etdiyi müqaviləyə əsasən həmin şəxsə ildə 1200 manat pul ödəmişlər. Məhkəmə də pul məbləğini illərə müvafiq olaraq hesablamışdır. Hətta hesablanmış məbləğ illərə müvafiq olaraq azdır, amma iddiaçı məbləğlə razılaşmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ.Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən əsaslı sayaraq qəbul etmiş və bildirmişdir ki, ekspert rəyində də torpaq sahəsinin iddiaçıya məxsus olması məlum olduğuna görə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan cavabdehə məxsus mobil baza stansiyasının sökülməsi ilə əlaqəli hissəni mübahisələndirmirlər. Pul tələbi ilə əlaqəli hissə ilə qətiyyən razı deyillər, vicdanlı istifadəçidirlər. Məhkəmə həmin məbləğin necə hesablandığını əsaslandırmamışdır.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.
26. Apellyasiya şikayətinin bir dəlili onunla bağlı olmuşdur ki, pul tələbinə dair hissədə iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, həmin dəlillə bağlı iddiaçının vəkili məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasında deyil, xarici ölkədə yaşayır. İş materiallarına əlavə olunmuş iddiaçının ümumvətəndaş pasportunun surətindən və elektron məhkəmə informasiya sistemində iddiaçıya aid sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı müxtəlif tarixlərdə Azərbaycan Respublikasına gedib-gəlmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad olunan sərhədkeçmə məlumatlarından iddiaçının Azərbaycan Respublikasında yaşamadığı müəyyən olunur. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, iddiaçı torpaq sahəsinə müdaxilə olunduğunu bildikdən sonra vəkilə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə hüquq və mənafelərinin təmsil edilməsi üçün etibarnamə vermiş, xx.xx.2022-ci il tarixdə vəkil tərəfindən məhkəməyə müraciət olunmuşdur.
28. Şikayətin digər bir dəlili iddiaçının pul tələbinin lazımi qaydada sübuta yetirilməməsi, "xxxx" MMC-dən 15100 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə qətnaməsində heç bir əsaslandırma olmaması ilə bağlı olmuşdur. Sahənin icarəyə verilməsi haqqında” müqavilənin surətinə əsasən, "xxxx" MMC ilə X5 arasında Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 m2 ərazini əhatə edən 10 noyabr 2009-cu il tarixli icarə müqaviləsi bağlanılmışdır. Razılaşdırılmış illik icarə haqqı 1200 manat təşkil edir.
29. İcarə müqaviləsinin bağlandığı 2009-cu il noyabr ayından iddia ərizəsinin verildiyi 2022-ci il iyun ayınadək 12 il 7 ay keçdiyini və illik icarə haqqının 1200 manat olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, məhkəmə 15100 manat pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. (12ilx12ay+7ay=151 ay, müvafiq olaraq 12 ay 1200 manat, 151 ay 15100 manat.)
30. Şikayətin növbəti dəlili onunla bağlıdır ki, iddiaçının pul tələbi öz qanunsuz hərəkətləri nəticəsində iddiaçının əmlakı hesabına əsassız varlanan X4 qarşı olmalıdır. Kollegiya bu dəlili də əsassız hesab edir. Belə ki, iddiaçının torpağına müdaxilə və orada stansiyaların tikilməsi, torpaq sahəsindən qanunsuz istifadə olunması məhz cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən iddiaçı haqlı olaraq tələbini cavabdehə qarşı irəli sürmüşdür.
31. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək və iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, həmin dəlillərin əsaslılığı apellyasiya baxışı zamanı təsdiqini tapmamışdır.
32. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.