Məhkəmə qərarları › İş №2(105)-1542/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1542/2022

13.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1542/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndələri: X2 və X4, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil2 və Vəkil1 iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqının ödənilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın təmin edilməsi, 18720,12 manat əsas borc, 6084,03 dəbbə pulu olmaqla, ümumilikdə 24804 (iyirmi dörd min səkkiz yüz dörd) manat 15 (on beş) qəpik pul Cavabdeh tutularaq iddiaçı Sumqayıt Bələdiyyəsinə ödənilməsi, Sumqayıt şəhəri maşın bazarı ərazisində yerləşən, sahəsi 6411 kvadrat metr təşkil edən torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə qaytarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Sumqayıt Bələdiyyəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan maşın bazarı ərazisində yerləşən, sahəsi 6411 kvadrat metr təşkil edən torpaq sahəsindən istifadəyə görə bu günədək yaranmış 18720,12 manat əsas borcun, 6084,03 dəbbə pulunun, ümumilikdə 24804,15 manat pulun iddiaçının xeyrinə tutulması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, maşın bazarı ərazisində yerləşən 6411 kv.m torpaq sahəsi istehsal və kommersiya sahələrinin tikintisi məqsədi ilə X3 ayrılmış və Sumqayıt Bələdiyyəsi ilə A.Quliyev arasında 01 mart 2006-cı il tarixdə 39 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin qüvvədə olma müddəti 15 il müddətinə olmaqla 25 aprel 2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Daha sonra A.Quliyev 12 aprel 2006-cı il tarixli, JN-9199 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. 25 aprel 2006-cı il tarixdə A.Quliyev torpaqdan müvəqqəti istifadə hüququnu cavabdehə satmışdı və bununla da A.Quliyevin olan torpaq üzərindəki öhdəlikləri cavabdehə keçmişdir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə müddəti xx.xx.2006-cı il tarixdən 15 il müddətinə müəyyən edilmişdir ki, həmin müddət də xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu müddət ərzində cavabdeh bələdiyyə qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və torpaqdan istifadəyə görə icarə haqqını ödəməmişdir. Həmin icarə müqaviləsinə əsasən cavabdeh icarəsinə verilmiş hər 1 kv.metr torpaq sahəsinə görə 0,12 manat olmaqla, illik 769,32 manat icarə haqqı ödəməli idi. 2017-ci ildən bələdiyyə qərarı əsasında torpaq icarə haqqlarının bazar qiymətləri ilə uyğunluq təşkil edilməsi məqsədi ilə torpaq icarə haqqlarının məbləğləri artırılmış və həmin artım əsasında 2017-ci il tarixdən cavabdehin istifadəsində olan torpaq sahəsinin hər kvadrat metri 0,32 manatdan hesablanmışdır. Lakin cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etməmişdir ki, bunun da nəticəsində onun iddiaçıya 24804,15 manat icarə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edilsə də, cavabdeh bu günədək öz öhdəliklərini yerinə yetirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7696/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla A.S.Quliyev arasında Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunda bağlanılmış 25 aprel 2005-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhər maşın bazarı rayonunda yerləşən sahəsi 0,6411 ha torpaq sahəsi sonuncu tərəfindən ona satılmışdır. A.S.Quliyev həmin torpaq sahəsini Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli 19 saylı qərarı əsasında ayrılmış və sonradan Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına 12 aprel 2006-cı il tarixli JN-9199 kod 30900002 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə də hazırlanaraq verilmişdir. Sonradan Çıxarış alınmışdır və torpaqdan istifadə müddəti 15 il olmaqla 25 aprel 2021-ci il tarixədək müəyyən olunmuşdur. Torpaq sahəsinə istifadə hüququ ona keçdikdən sonra tərəfindən həmin torpaq sahəsində qeyri-yaşayış obyektləri inşa edilmiş və torpaq sahəsi tikililərlə birlikdə bugünədək onun istafadəsindədir. Bu müddət ərzində ona qarşı iddiaçı tərəfindən heç bir narazıçılıq və ya hər hansı bir etiraz olmamışdır. Lakin 2021-ci ilin aprel ayında torpaqdan istifadənin müddəti başa çatdıgı üçün o, müddətin uzaldılması ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə onun külli miqdarda borcun olunmasını əsas gətirərək onunla yeni müqavilə bağlanmasından imtina olunmuşdur. Həmin imtinanı qanunsuz sayaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İstifadə hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına Çıxarış alınmış və onun adına verilmiş qeydiyyat nömrəsi ilə Çıxarışda öz əksini tapmışdır. Ondan 2006-cı ildən hesablanmaqla tələb tamamilə qanuna ziddir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərini pozulmuşdur. Məhkəmə torpağa görə icarə haqqının ondan tutulması qənaətinə gələrkən qeyd edilən maddədə təsbit edilmiş reyestrin məzmununun həqiqliyi və tamamlıgı prezumrsiyasına zidd çıxmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2022ci il tarixli 2(060)-2345/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının nümayəndələri T.M.Süleymanov və M.M.Abbasov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfinən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaqdan qanunsuz istifadə etməsinə və icarə haqqının vaxtında ödənilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçı ilə A.Quliyev arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçı 6411 kv.metr torpaq sahəsini A.Quliyevin icarəsinə vermiş, A.Quliyev isə həmin torpaq sahəsində istifadəyə görə hər il 769,32 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə icrarə müddəti 15 il müddətində müəyyən edilmişdir. A.Quliyevlə cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən A.Quliyev xx.xx.2006-cı il tarixli, JN-9199 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair dövlət aktına əsasən onun istifadəsində olan 6411 kv.metr torpaq sahəsindən istifadə hüququnu cavabdehə satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhərində yerləşən, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 0,641 hektar torpaq sahəsi üzərində cavabdehin istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin hüququn müddəti 15 il, yəni xx.xx.2006-cı il tarixədək müəyyən edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsi üzərində Cavabdeh icarə deyil, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və bu, onun adına verilmiş qeydiyyat nömrəsi **********, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da da öz əksini tapmışdır. Belə olan halda cavabdehdən torpağa görə icarə haqqının tələb edilməsi, özü də 2006-cı ildən hesablanmaqla tələb edilməsi tamamilə qanunaziddir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsinin qanuni cavabdehin istifadəsində olan torpaq sahəsinə görə irəli sürdüyü tələblərin hər hansı hüququ əsasları yoxdur. Məhkəmə tərəfindən bu kimi hallar və işdə olan iddiaçının tələblərini təkzib edən digər sübutlar diqqətə alınmayaraq tərəflərin münasibətləri üzrə yanlış nəticəyə gəlinmiş, mübahisələndirilən torpaqdan cavabdehin istifadəsinin hüquqi əsasları ilə bağlı məsələlər araşdırılmayaraq istifadəsində olan torpaq sahəsi ilə bağlı iddiaçının əsassız iddia tələblərinin təmin edilməsi barədə qanunazidd və yanlış nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən (maddənin 1ci hissəsi) torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. İş materiallarında olan Qeydiyyat nömrəsi ********** olan Seriya RX0859347 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan mübahisələndirilən 0,641 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində istifadə hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır. Belə olan halda Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən 50-ci maddəsinin tələblərinə əsasən Bələdiyyənin cavabdehdən torpağa görə icarə haqqını tələb etməyə, ümumiyyətlə hüquqi əsası yoxdur, çünki sözügedən maddi hüquq normasının tələbinə görə cavabdehdən torpaqdan istifadəyə görə yalnız torpaq vergisi alına bilər. Ancaq məhkəmə sadalanan maddi hüquq normasının tələblərini nəzərə almayaraq ondan torpağa görə icarə haqqı məbləğinin tutulması barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Eyni zamanda həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə müraciət etdikdə icarə müqaviləsi A.S.Quliyevin adına olmuş və o, Cavabdeh ancaq istifadə hüququnu satmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı icarə haqqının Cavabdeh tələb etdikdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə sasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Birinci instansiya məhkəməsi cavabdehdən icarə haqqının tutulması hissəsində iddia tələblərini təmin edərkən sözügedən maddi hüquq normasının pozuntusuna yol vermişdir, yuxarıda da qeyd edildiyi kimi, mübahisələndirilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reystrində icarə hüququ əsasında deyil, istifadə hüququ əsasında cavabdehin adına qeydiyyata alınmışdır ki, bu hüquqda qeydiyyata alınmış torpaqlara görə isə icarə haqqının tutulması qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə torpağa görə icarə haqqının cavabdehdən tutulması qənaətinə gələrkən qeyd edilən maddədə təsbit edilmiş reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına zidd çıxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 28 aprel 2022-ci il tarixli 2(060)-2345/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqının ödənilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar