Məhkəmə qərarları › İş №2(105)-1543/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1543/2025

08.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1543/2025 08.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) X8 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb olunmaqla) "mənzilə köçürülmə" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(012)-3543/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər agentliyi) qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun uşaqları xx.xx.2013-cü il təvəllüdlü İsmayıl Sunay, xx.xx.2015-ci il təvəllüdlü İsmayıl Səma və xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Məzahir ilə birlikdə Abşeron rayonu, Yeni yaşayış kompleksi, 45 saylı binanın 3 otaqlı, 32 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu X5 ilə 2012-ci ildə ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü İsmayıl Sunay, xx.xx.2015-ci il təvəllüdlü İsmayıl Səma və xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Məzahir adında 3 övladları anadan olmuşdur. Uşaqlarından biri autizm xəstəliyindən, digəri əqli inkişafdan geri qalma xəstəliyindən əziyyət çəkir. Cavabdeh şəhid ailəsi üzvüdür, belə ki, onun həyat yoldaşı X6 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. O, ailə həyatı qurandan sonra cavabdehin ailə üzvü olmaqla onunla bir təsərrüfatda qeydə alınmış və ailənin mənzil sahəsinə kəskin ehtiyacı nəzərə alınmaqla cavabdeh 6 nəfər ailə tərkibi ilə (həmin tərkibə o və uşaqları da daxil edilmişlər) AR ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyində növbəyə götürülmüş və xx.xx.2023-cü ildə Həmin növbəçililik əsasında Abşeron rayonu, Yeni yaşayış kompleksindən 45 saylı binadan 3 otaqlı 32 saylı mənzil cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh onu uşaqlarıyla həmin mənzilə buraxmamışdır. Onu da qeyd edir ki, o, cavabdehin oğlu İsmayılov Sədi ilə 2018-ci ildə boşansalar da, sonradan barışmış və 1 övladları da dünyaya gəlmişdir. Cavabdeh qeyd olunan mənzili bağlamaqla özü Ceyranbatan qəsəbəsində yaşayır, lakin onun və uşaqlarının mənzilə ehtiyacları vardır və mənzilin ayrılması sənədində onların da adları olduğu üçün o, uşaqlarıyla həmin mənzilə köçürülməlidir. Ona görə də, göstərilənlərə əsasən o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ 146988 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2013-cü ildə anadan olmuşdur. X1, anası isə X2r.

5. Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ 547712 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2015-ci ildə anadan olmuşdur. X1, anası isə X2r.

6. Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV 451876 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2020-ci ildə anadan olmuşdur. X1, anası isə X2r.

7. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 283648 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X7 arasında bağlanmış rəsmi nikah xx.xx.2018-ci il tarixində ləğv edilmişdir.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında Aktdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvləri-Cavabdeh, X5, X7, X10, X15, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən, Abşeron rayonu, Yeni yaşayış kompleksi, 45 saylı binanın 3 otaqlı, 32 saylı mənzil verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Abşeron Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(012)-3543/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı Cavabdeh oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər agentliyi) qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 3, 9.1, 30.1, 30.4, 48.1, 48.2 və 68.1-ci maddələri, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında xx.xx.1993cü il tarixli, 697 saylı Azərbaycan Respublikasının Qanunu”nun 1, 3 və 4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107, 119.1, 217.4, 218.3, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(012)-3543/2025 nömrəli qətnaməsini ləğv etməklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, qətnaməni tamamilə qanunsuz hesab edir. Məhkəmənin konkret halda yanaşması düzgün olmamışdır. Belə ki, qeyd olunan mənzil Şəhid ailəsinə onun ailə üzvlərinin say tərkibi nəzərə alınmaqla verilmiş və bu mənzilə iddiaçı kirayəçi olan cavabdeh tərəfindən deyil, dövlət tərəfindən köçürülmüşdür. Bundan başqa, iddiaçı cavabdehin oğlu ilə 2018-ci ildə boşanmış və qeyd olunan mənzil dövlət tərəfindən 2023-cü ildə verilən zaman iddiaçının cavabdehin keçmiş ailə üzvü olmasına baxmayaraq, onun və 3 azyaşlı uşaqlarının da adı sosial kirayə müqaviləsinə salınmış, say tərkibi əsasında cavabdeh 1 otaqlı mənzil sahəsi ilə deyil, 3 otaqlı mənzil sahəsi ilə təmin olunmuşdur. Mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı AR MM-nin 30.4-cü maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi düzgün olmamışdır, belə ki, həmin norma mülkiyyətçi ilə ailə üzvləri arasında münasibətlərin nizamlanmasına xidmət edən normadır, yəni mülkiyyətçinin ailə üzvünün mənzilə olan istifadə hüququna hansı hallarda xitam verilməsindən bəhs edir. Lakin qeyd olunan mənzil cavabdehin mülkiyyətində deyildir, bu mənzil tərəflərə sosial kirayə müqaviləsinə əsasən verilmişdir, dövlət fondundadır, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi də həmin mənzilin iddiaçıya uşaqları və cavabdehin yaşamaları üçün ayrıldığını, məhz azyaşlı uşaqlara və iddiaçıya görə ailənin 3 otaqlı mənzillə təmin olunduğunu və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə bu hallara göz yumaraq hazırkı mübahisəyə AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsini düzgün olmayaraq tətbiq etmiş və belə hesab edir ki, məhkəmənin bu mübahisəyə yanaşması və mövqeyi düzgün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə qeyd olunan mənzilin cavabdehə məxsus olduğu əsaslarla həm də iddiaçıya məxsus olması və onun uşaqları ilə birlikdə həmin mənzildə yaşamalarına real qanuni əsasların olması sübuta yetsə də, məhkəmə həmin sübutlara əhəmiyyət verməyərək qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə bundan başqa qeyd olunan mənzilin iddiaçının və onun 3 azyaşlı övladlarının yeganə yaşayış yeri olmasını, iddiaçının uşaqlarından birinin autizm xəstəliyindən, digərinin isə əqli gerilikdən əziyyət çəkmələrini belə nəzərə almamış, onların bu mənzildən məhrum olmalarına xidmət edən qanunsuz bir qətnamə çıxarmışdır. Həmin mənzili tərəflərə ayırmış AR ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin nümayəndəsi də iddia tələbini qəbul etdiyini bildirsə də, məhkəmə hazırkı qətnaməni qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin göstərdi ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olmaqla, şəhid ailəsi olaraq cavabdeh və onun ailə üzvlərinə ayrılmışdır. Həmin mənzil 3 otaqlı və 100 kv.m sahədən ibarətdir. Sosial kirayə müqaviləsində ailə tərkibi 6 nəfər, o cümlədən iddiaçı və uşaqları göstərilmiş, ayrılan mənzil sahəsi ailə tərkibinin sayı nəzərə alınaraq verilmişdir.

18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə3 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

21. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında xx.xx.1993-cü il tarixli, 697 saylı Azərbaycan Respublikasının Qanunu”: Maddə 1. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 3. Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir: yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Maddə 4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.

22. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi e Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

25. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

26. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

27. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

28. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında göstərilmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla həqiqətin müəyyən edilməsi prinsipinin realizəsini təmin etməmişdir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

31. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Aycun Kazımova cavabdehin oğlu X5 ilə 2012-ci ildə ailə həyatı qurmuş, arasında bağlanmış rəsmi nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü İsmayıl Sunay, xx.xx.2015-ci il təvəllüdlü İsmayıl Səma və xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Məzahir adında 3 övladları anadan olmuşdur. Cavabdeh şəhid ailəsidir. İddiaçı, ailə həyatı qurandan sonra cavabdehin ailə üzvü olmaqla onunla bir təsərrüfatda qeydə alınmış və cavabdehin şəhid ailəsi olaraq mənzil sahəsinə kəskin ehtiyacı nəzərə alınmaqla cavabdeh 6 nəfər ailə tərkibi ilə (həmin tərkibə iddiaçı və uşaqları da daxil edilmişlər) AR ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyində növbəyə götürülmüş və xx.xx.2023-cü ildə həmin növbəlilik əsasında Abşeron rayonu, Yeni yaşayış kompleksindən 45 saylı binadan 3 otaqlı 32 saylı mənzil cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh iddiaçıya uşaqları ilə həmin mənzilə buraxmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.

32. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilməmişdir.

33. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

34. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

35. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehin oğlu ilə nikahı 2018-ci ildə ləğv edilmiş, bununla da iddiaçı cavabdehin ailə üzvlüyündən çıxmışdır. Şəhid ailəsinə mənzil xx.xx.2023-cü il tarixdə verilmiş həmin tarixdən çox əvvəl isə iddiaçının nikahı ləğv edilməklə ailə münasibətlərinə son qoyulmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin keçmiş ailə üzvü olduğundan iddia tələbi əsaslı deyildir.

36. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.

37. İddiaçı tərəfindən mübahisələndirilən və şikayətin dəlili olaraq göstərilən hal – mübahisələndirilən mənzil verilərkən o və uşaqlarının say tərkibinin nəzərə alınması, cavabdehin oğlu ilə 2018-ci ildə boşanması və qeyd olunan mənzilin dövlət tərəfindən 2023-cü ildə verilən zaman iddiaçının cavabdehin keçmiş ailə üzvü olmasına baxmayaraq, onun və 3 azyaşlı uşaqlarının da adının sosial kirayə müqaviləsinə salınması, say tərkibi əsasında cavabdehin 1 otaqlı mənzil sahəsi ilə deyil, 3 otaqlı mənzil sahəsi ilə təmin olunması ilə bağlıdır.

38. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası həmin dəlilləri əsaslı hesab edir.

39. Belə ki, mübahisələndirilən mənzilin statusundan görünür ki, həmin mənzil dövlət mənzil fonduna aid olmaqla, Sumqayıt Şəhər İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailəsi üzvləri-Cavabdeh, X5, X7, X10, X15 və X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən verilmişdir.

40. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, mənzil 3 otaqlı, 100 kv.m sahədən ibarətdir.

41. Məhkəmə iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi mənzil verilərkən ailə tərkibi 6 nəfərdən ibarət olduğu üçün 100 kv.m sahəli mənzil ayrıldığını, ayrılan mənzil sahəsi ölçüsünün hər bir şəxs üçün 16 kv.m sahədən az olmamasına dair qanunvericiliyin tələblərinin nəzərə alındığını göstərmişdir.

42. İşin mübahisəsiz hallarından görünüdüyü kimi iddiaçı ilə cavabdehin oğlu arasında olan nikah 2008-ci ildə pozulmaqla, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, iddiaçı cavabdehin ailə üzvü sırasında çıxmışdır.

43. Lakin eyni zamanda işin mübahisəsiz halıdır ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilsə də, cavabdeh faktiki olaraq iddiaçı və uşaqlarını ailə üzvü kimi qəbul etmiş və mübahisə predmeti olan mənzilin verilməsində ailə üzvü olaraq göstərmişdir.

44. Mənzil Məcəlləsinin 68.3-cü maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

45. İş materillarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və uşaqlarının adı ailə üzvləri olaraq yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilmişdir.

46. Qeyd olunmalıdır ki, iddiaçı və uşaqları (4 nəfər) ailə üzvü kimi nəzərə alınaraq yaşayış sahəsinin ayrılma normalarına əsasən cavabdehə 100 kv.s sahəsi olan mənzil ayrılmışdır.

47. Sadalananları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır, iddiaçı və uşaqları yaşayış sahəsinin kirayəçisi olan cavabdehlə bərabər mənzildən istifadə etmək hüququna malikdirlər.

48. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi barədə iddiaçının dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(012)-3543/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, 2(012)-3543/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb olunmaqla) "mənzilə köçürülmə" tələbinə dair iddiası təmin olunsun. İddiaçı uşaqları xx.xx.2013-cü il təvəllüdlü İsmayıl Sunay, xx.xx.2015-ci il təvəllüdlü İsmayıl Səma və xx.xx.2020-ci il təvəllüdlü İsmayılov Məzahir ilə birlikdə Abşeron rayonu, Yeni yaşayış kompleksi, 45 saylı binanın 3 otaqlı, 32 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar