Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1544/2025 22.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Cavabdeh1nə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Cavabdeh1nə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)-4216/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Xırdalan şəhər onbirillik musiqi məktəbində 14 ilə yaxın müddət ərzində fortepiano müəllimi işləmişdir, işlədiyi ixtisas üzrə ümumi iş stağı isə 23 il təşkil edir. 04 mart 2025-ci il tarixdə Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin Attestasiya komissiyasının qərarı ilə onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Qeyd edir ki, Attestasiya Komissiyasında ona verilən suallar, eləcə də verilən tapşırıqlar onun tərəfindən tam dəqiq və yüksək professionallıqla icra edilsə də komissiya bunu nəzərə almamış və uzun müddət işlədiyi və yüksək təcrübəyə malik olduğu vəzifəsindən azad olunması barədə qərar qəbul edilmişdir. Belə ki, Attestasiya Komissiyası tərəfindən ona ünvanlanmış suallara cavab verdiyi halda komissiya rəydə onun sualları natamam cavablandırdığını yazmışdır. O, imtahan zamanı cavabını bildiyi 2 suala həyəcandan cavab verə bilməmişdir. O, hətta Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə də hansı səbəbdən attestasiyada cavab verdiyi sualların rəydə onun tərəfindən cavablandırılmadığı kimi qeyd edildiyini öyrənmək üçün müraciət etmişdir. İmtahan bitdikdən sonra onu imtahanı keçməsi münasibəti ilə təbrik etmişdirlər, belə ki, komissiya üzvlərindən biri olan Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin nümayəndəsi Ayşən xanım ona suallara cavab verdiyini, lakin bəzi suallara cavab verə bilmədiyini, həmçinin həyəcanlı olduğunu bildirmişdir. Daha sonra o, bu barədə məktəbin direktoru Nümayəndə4 etiraz bildirdikdə direktor şikayətinə heç bir məhəl qoymamışdır. Əksinə, ona mənəvi təzyiq göstərərək əmək kitabçasının korlanmaması üçün xüsusi maddə ilə işdən çıxarılmasını istəmədiyi təqdirdə öz ərizəsi ilə işdən çıxarıla biləcəyini demiş və öz diktəsi ilə ona ərizə yazdırmışdır. Sözügedən ərizəni yazmağında başlıca səbəb isə direktorun onu aldadaraq öz ərizəsi ilə işdən çıxdıqdan sonra bir ay ərzində işdən çıxma barədə yazdığı ərizəni yeni bir ərizə ilə ləğv edəcəyini və onu yenidən işə bərpa edəcəyini bildirməsi olmuşdur. Hansı ki sonradan məktəbin direktoru bu vədinə də əməl etməmişdir və onu AR Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən çıxardığı barədə məlumat almışdır. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, əsasən rus dilli olduğu üçün direktorun Azərbaycan dilində dediklərini və yazdıqlarını da tam anlamamışdır. Tək anladığı yuxarıda da qeyd etdiyi kimi maddə ilə deyil, müvəqqəti olaraq öz ərizəsi ilə işdən çıxdığı və işdən çıxmadan bir ay ərzində yazacağı yeni ərizəsi ilə yenidən öz işində qalacağı olmuşdur ki, o da buna görə direktora xeyli dua edib təşəkkürünü bildirmişdir. Amma indi anlayır ki, məktəbin direktoru məqsədyönlü şəkildə onu işdən çıxarmaq istəmişdir. Attestasiya komissiyasının qərarından şikayət edəcəyini və hüquqlarını bərpa edə biləcəyini anladığı üçün onu belə bir oyuna gətirmişdir ki, sonradan o heç şikayət də edə bilməsin. Amma o, Azərbaycan Respublikasının Qanunlarına və məhkəmənin ədalətinə tam əmindir və inanır ki, pozulmuş hüquqları bərpa ediləcəkdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, sözügedən əmək mübahisəsinin sülh yolu ilə həlli ilə bağlı mediasiyaya müraciət etsə də cavabdeh mediasiya sessiyasına gəlməmiş və məsələnin məhkəmədənkənar həllinə cəhd etməmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilmiş işdən çıxarılma əmri AR Əmək Məcəlləsinin tələblərinə ziddir və onun barəsində tətbiq olunmuş qərar ləğv edilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, onun da işdən çıxarılması ailənin maddi cəhətdən təminatında ciddi problemlər yaratmışdır. Belə ki, onun həyat yoldaşı hərbiçidir və işğaldan azad edilmiş torpaqlarda xidmət göstərir. Bəlkə də elə bu səbəbdəndir ki, onların şəxsi mənzilləri yoxdur və o, övladları ilə birlikdə kirayədə yaşayır. Belə ki, həyat yoldaşı işi ilə əlaqədar olaraq daim ezamiyyətlərdə olmuş, o da övladları ilə bərabər daima həyat yoldaşının yanında olmağa çalışmışdır. Bu fakt öz təsdiqini onun əmək kitabçasında qeyd edilmiş keçmiş iş yerləri barədə məlumatlarla da tapmaqdadır. Həyat yoldaşı müharibədə olarkən maddi tərəfdən ona heç kim yardım etməmişdir. Bütün əziyyətlərə baxmayaraq o, işində özünü göstərmişdir. Eyni zamanda həyat yoldaşının İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, böyük övladının isə hərbi xidmətdən səhhətində ciddi problem ilə qayıtdığını, digər övladının isə hələ 10 yaşında olduğunu bildirərək, maddi vəziyyətlərinin nə dərəcədə acınacaqlı olduğunu, bütün bunları bildiyi halda onun niyə işdən öz ərizəsi ilə işdən çıxmaq istəməsi heç bir məntiqə sığmır. Bundan əlavə o, məktəbin direktoru Nümayəndə4 onun ailə vəziyyətini bildiyi halda başına açdığı bu oyuna heç bir məntiq, heç bir anlam verə bilmir. O, könüllü olaraq işdən çıxmamış, işdən çıxmasına dair ərizəni məcbur olaraq yazmışdır. Belə ki, onunu qarşısına şərt qoyulmuşdur ki, ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən çıxarılacaqdır, ya da özü ərizə yazaraq işdən çıxmalıdır. Direktor ona işdən çıxması haqqında ərizə yazacağı halda onu daha sonra işə qaytaracağını demişdir. Hesab edir ki, ən azından onun hərbçi yoldaşı olması nəzərə almalı idi, bunun əksinə onu aldadaraq ərizə yazdırmışlar. O, özünə inamı olduğu üçün imtahana daxil olmuşdur, belə ki, onun 24 illik ümumi iş stajı vardır. Odur ki, bütün yuxarıda göstərdiklərini əsas götürərək hesab edir ki, cavabdeh təşkilatın xx.xx.2025-ci il tarixli, 79 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddianın dəlillərini əsassız hesab edir və iddiaya qarşı etirazlarını aşağıdakı formada ifadə edirlər. Bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci il tarixli, 6/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nə əsasən müəllimlər Nazirliyin pedaqoji kadrların mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə müsabiqə komissiyasının qərarı əsasında məktəbin direktoru tərəfindən işə qəbul edilir. Göründüyü kimi müəllimlərə münasibətdə işəgötürən qismində məktəbin direktoru çıxış edir. Bu səbəbdən də iddiaçının hazırkı iddia üzrə Mədəniyyət Nazirliyinə qarşı subyektiv hüququ yaranmır. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Hazırkı iş üzrə isə iddiaçı ilə əmək müqaviləsinin bağlanması, onun attestasiya prosesinə cəlb olunması və işdən azad olunması ilə bağlı qərarların verilməsində Mədəniyyət Nazirliyi birbaşa iştirakçı olmamış, qərarların qəbulunda iştirak etməmişdir və nəticə etibarilə iddiaçının irəli sürdüyü hüquq münasibətlərində cavabdeh qismində tanına bilməz. İddia ərizəsi və əlavə sənədlərdən də göründüyü kimi iddiaçının tərəf olduğu əmək münasibətləri üzrə qeyd olunmuş tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən deyil, onun tabeliyində olan konkret müəssisə tərəfindən həyata keçirilmişdir. İddia tələbi isə iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən, iddia ərizəsinin qeyd olunan əsasla təmin edilməməsini xahiş edirlər. Odur ki, qeyd edilənlərə əsasən cavabdeh orqanın nümayəndəsi İddiaçı “işdən çıxarılma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə münasibətdə təmin edilməməsini xahiş etmişdir.
4. Attestasiya komissiyası üzvləri tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticəsinə dair tərtib edilmiş attestasiya vərəqəsinin surətindən görünür ki, İradə Tağıyevanın sədrliyi və 5 nəfərdən ibarət komissiyanın iştirakı ilə xx.xx.2025-ci il tarixdə attestasiya keçirilmiş, attestasiyada iştirak edən Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı ona verilən suallara cavab verə bilmədiyindən səsvermə zamanı 1 leyhinə, 4 əleyhinə səs verilməklə İddiaçı öz üzərində çox işləməli olduğu, ifa, üzdən oxu, nəzəri biliklər, bir sözlə hamısının möhkəmləndirilməli olduğu barədə rəy verilmişdir. Həmçinin komissiya üzvləri ilə yanaşı İddiaçı attestasiya vərəqəsi ilə tanış olduğunu təsdiq edərək sözügedən vərəqəni imzalamışdır.
5. Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin müəllimi İddiaçı tərəfindən həmin məktəbin direktoru Nümayəndə4 ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, onun xx.xx.2025-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
6. Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin direktoru Nümayəndə4 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025ci il tarixli, 79 nömrəli əmrin surətindən görünür ki, Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbində “Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı Yaqubovna ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 69.3-cü (İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi və işçinin xx.xx.2017-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)-4216/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinə qarşı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)-4216/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyat yoldaşı ikinci Qarabağ Müharibəsi iştirakçısı olmuş və hazırda da hərbi xidmətdə qulluq edir. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddənin tələbində qeyd olunan halların heç biri işin faktiki hallarında olmamasına baxmayaraq məhkəmə tərəfindən əsassız və qanunsuz qərar qəbul edilmişdir. İşin hallarını araşdırmaq üçün hüquqi imkanlar olduğu halda, məhkəmə bunları etməmiş və nəticədə cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almalı idi ki, işə düzgün hüquqi qiymət verməklə son nəticədə pozulmuş hüquqların bərpa edilməsinə rəvac verə bilərdi. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. Məsələ ondan ibarətdir ki, işin halları öyrənilməsi zəruri olan məsələdir. Məhkəmə isə bunun ziddinə, iddiaçının dediklərini əsas götürərək, cavabdehin arqumentlərini öyrənməyə zərurət hiss etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və üçüncü şəxs X1 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə 5 nəfərdən ibarət üzvü olan komissiyanın iştirakı ilə attestasiya keçirilmiş, attestasiyanın nəticəsinə dair tərtib edilmiş attestasiya vərəqəsindən göründüyü kimi attestasiyada iştirak edən Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi İddiaçı ona verilən suallara cavab verə bilmədiyindən səsvermə zamanı 1 leyhinə, 4 əleyhinə səs verilməklə İddiaçı öz üzərində çox işləməli olduğu, ifa, üzdən oxu, nəzəri biliklər, bir sözlə hamısının möhkəmləndirilməli olduğu barədə rəy verilmişdir. Daha sonra İddiaçı attestasiyanın nəticəsi barədə işlədiyi cavabdeh müəssisədən məlumat əldə etdikdən sonra sözügedən attestasiyanın nəticəsinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasını istəmədiyindən xx.xx.2025-ci il tarixdə könüllü surətdə ərizə ilə cavabdeh məktəbin direktoru Nümayəndə4 müraciət edərək, xx.xx.2025-ci il tarixdən öz razılığı ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin direktoru Nümayəndə4 tərəfindən verilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025ci il tarixli, 79 nömrəli əmrin surətindən göründüyü kimi Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi Məktəbində “Fortepiano müəllimi” vəzifəsində işləyən İddiaçı Yaqubovna ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 69.3-cü (İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi və işçinin xx.xx.2017-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 31 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir /bax bənd 7/.
24. Məhkəmə mövqeyini onunlarla əsaslandırmışdır ki, iddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizənin onun iradəsinə zidd yazılmasına işəgötürənin qanuna zidd hərəkətlərin səbəb olması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, əksinə olaraq cavabdeh tərəfin təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir.
25. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılaraq qiymət verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçı məktəbin direktoru tərəfindən aldadıldığını, qısa müddət sonra işə bərpa olunacağına dair direktorun dediklərinə inanıb işdən çıxması ilə bağlı ərizə yazdığını göstərsə də iddiaçının bu dəlilini məhkəmə kollegiyası inandırıcı hesab etmir.
28. Belə ki, məlum olduğu kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir.
29. Yəni məktəb direktoru müəllimlərin işə qəbulu ilə bağlı belə bir səlahiyyətə malik deyildir. Beə olan halda əmək müqaviləsi ləğv edilmiş işçinin direktor tərəfindən işə bərpa edilməsi də mümkünsüz bir haldır.
30. Məhkəmə araşdırması zamanı izahat verdən iddiaçı özü də müəllimlərin işə qəbulunun müsabiqə əsasında həyata keçirildiyini bildirdi.
31. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(012)-4216/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.