Məhkəmə qərarları › İş №2(105)-1547/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1547/2024

26.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1547/2024 26.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “təkrar sertifikatlaşdırmanın nəticələrinin iddiaçıya aid hissəsinin ləğvi, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsindən cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticələrinin və həmin Nazirliyin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmrinin İddiaçı aid hissələrdə ləğv edilməsi, Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 87 saylı əmrinin ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə qarşı "işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin xx.xx.2003-cü il tarixli 37 saylı əmrinə əsasən həmin məktəbə müəllim kimi işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli əmrinə əsasən aralarında bağlanmış müqaviləyə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdehin hazırkı əmrini qanunsuz hesab edir. Cavabdeh əmrin əsası kimi xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsini və AR ETN-in xx.xx.2023-cü il tarixli, 3-29/3- 537F\2023 nömrəli əmrini göstərmişdir. İddiaçı bu əsasla müqaviləyə xitam verilməsini qanunsuz hesab edir. Belə ki, Nazirliyin həmin əmri iddiaçı tərəfindən Apellyasiya şurasında və məhkəmədə mübahisələndirilə bilərdi və iddiaçı bunu mübahisələndirmişdir, hələ də bu əmrin və təkrar sertifikatlaşdırmanın nəticələrinin qanuniliyi Nazirliyin Apellyasiya şurasında və məhkəmə qaydasında yoxlanmadan və hüquqi qiymətini almadan cavabdehin elə həmin gün iddiaçı ilə bağlanmış müqaviləyə xitam verməsi qanunsuz olmuşdur. İddiaçının təkrar sertifikatlaşdırmadan keçməməyinin səbəbi imtahan zamanı qarşısındakı kompüterin nasaz olması, donması və bu nasazlığın aradan qaldırılması üçün uzun vaxtın itirilməsi olmuşdur ki, bu da iddiaçını ayrılmış vaxt ərzində cavabları tam yazmaq imkanından məhrum etmişdir. İddiaçı bu barədə həm imtahan zamanı imtahanın keçirilməsinə və kompüterlərin işləməsinə məsul olmuş şəxslərə bildirmiş və bu barədə AR ETN-in rəhbərliyinə də ərizə ilə müraciət etmişdir. Amma bunun hər hansı bir nəticəsi olmamışdır. Bu proses imtahan zamanı iddiaçıya mənəvi və psixoloji təsir etmiş, imtahan həyəcanı və baş verənlər iddiaçının imtahan suallarına həm zaman baxımından, həm də keçirdiyi stress və həyəcana görə rahat və tam cavab verməsinə mane olmuşdur. Bu məsələlər qanuni şəkildə araşdırılmadan, buna məsul olan şəxslər cəzalandırılmadan və iddiaçıya təkrar olaraq normal şəkildə imtahan vermək şəraiti yaradılmadan, həmin hadisəyə hüquqi qiymət verilmədən həm Nazirliyin sertifikatlaşdırmasının nəticəsi və əmri, eləcə də cavabdehin əmri qanunsuz olmuşdur. Ona görə də hesab edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi bərpa edilməli və məcburi işburaxmaya görə əməkhaqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bu barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsi, cavabdeh AR ETN tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticələrinin və bununla bağlı verilmiş xx.xx.2023-cü il tarixli, 3- 29/3-2-537F/2023 nömrəli əmrinin iddiaçıya aid hissəsinin, habelə bunun əsasında cavabdeh Sumqayıt şəhər 13 saylı orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə olan əmək haqqının cavabdeh Sumqayıt şəhər 13 saylı orta məktəbdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Məhkəmənin qətnamədə şərh olunmuş mövqeyinə görə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmiş, iddiaçının deməsinə görə imtahan zamanı kompüterində nasazlıq yaranmış, həmin nasazlığın müddəti 25 dəqiqə çəkmiş və həmin zaman bərpa edilməmişdir. Bu səbəbdən keçid balını toplamamışdır. Bununla əlaqədar, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə keçirilmiş sertifikasiya imtahanının videoçəkilişinin məhkəməyə təqdim edilməsi tələb edilsə də, videoçəkilişin təqdim edilməsi (gah çəkilişin olmaması, gah da məsul əməkdaşların ezam olunması və s. səbəblər qeyd edilməklə) təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020ci il tarixli Qərarına əsasən sertifikatlaşdırma videoçəkiliş təmin edilməklə keçirilməlidir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsindən də aydın olur ki, sözügedən imtahan zalında videoçəkiliş təmin edilmişdir. Göründüyü kimi, hazırda iddia tələbinin obyektiv həlli üçün videoçəkilişin sübut kimi təmin edilməsi zəruri olduğu halda, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər... Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən, hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur... Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi göstərmişdir ki, 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iddiaçının kompüterində nasazlıq yaranmamış, yaranıbsa da aradan qaldırılmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi bu halları təsdiq edən sübutları (videoçəkilişi) məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəf də bunu qəbul etməmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticələri və həmin Nazirliyin xx.xx.2023-cü il tarixli, 3-29/3-2- 537F/2023 nömrəli əmri İddiaçı aid hissələrdə ləğv edilməli, həmçinin Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 87 saylı əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdən tutularaq İddiaçı ödənilməlidir. Qətnamədən narazı qalan cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri məzmun və mahiyyət etibarilə eynidir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, İddiaçı peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılaraq o, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırmasından keçməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın (bundan sonra Qayda) 5.2-ci bəndinə əsasən İddiaçı 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ yaranmışdır. İddiaçı 29 avqust 2023-cü il tarixdə keçirilən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin təkrar sertifikatlaşdırmasında iştirak etmiş, lakin yenidən Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyi üçün təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş və Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin müvafiq əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi 04 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir... Məhkəmə iddianı təmin edərkən qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 106.2-ci maddəsi ilə əsaslandırmış, yalnız cavabdeh tərəfindən sertifikatlaşdırma imtahanının videogörüntüsünün təqdim edilməməsini əsas göstərmiş, işdə olan digər yazılı sübutlara, sorğulara cavab məktublarına, şahid ifadəsinə, tərəflərin izahatlarına kompleks şəkildə qiymət verməmiş, nəticədə maddi hüquq normalarının tələblərini pozaraq, iki dəfə sertifikatlaşdırmadan keçməyən, peşəkarlıq səviyyəsi və peşə yararlılığı ümumi təhsil müəssisələrində təhsilverən kimi çalışmasına kifayət etməyən iddiaçının mülahizə xarakterli iddiasını təmin etmişdir. Nəzərə almaq lazımdır ki, sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər 30 (otuz) iş günü müddətində nəticələri mübahisələndirə bilərlər və Qaydada videoçəkiliş təmin edilməklə sertifikatlaşdırmanın keçirilməli olması qeyd edilsə də, videoçəkilişin hansı müddətə saxlanılmalı olması və qaydası göstərilməmiş, mübahisələndirilən sertifikatlaşdırmanın videoçəkiliş təmin edilməklə keçirilməsi isə işin mübahisəsiz halı olmuşdur. Əgər müvafiq videoçəkiliş təmin edilmədən sertifikatlaşdırma keçirilsəydi, yalnız bu halda onun nəticələri məhkəmə tərəfindən ləğv edilə bilərdi. Hazırkı mübahisə üzrə sertifikatlaşdırma Qaydanın tələbləri təmin edilməklə keçirilmiş, sertifikatlaşdırmada çoxsaylı təhsilverənlər iştirak etmiş, sertifikatlaşdırma zamanı baş verən bütün çatışmazlıqlar dərhal aradan qaldırılmış, iddiaçının imtahan vaxtı istifadə etdiyi kompüterdə nasazlıq baş verməsi ilə bağlı isə həmin vaxt hər hansı aktlaşdırılma aparılmamışdır. İddiaçı nasazlıqla bağlı rəsmi şəkildə Nazirliyə müraciət etmiş və ona rəsmi cavab məktubu göndərilmişdir. Cavab məktubunda kompüterdə nasazlığın öz təsdiqini tapmaması qeyd olunmuşdur. İmtahan zamanı kompüterdə hər hansısa problem yarandıqda həmin şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu Nazirliyə göndərilir. Əgər problem varsa, Nazirlik tərəfindən aradan qaldırılır, bundan sonra namizədin vaxtı bərpa edilir. Ola bilməz ki, yaranan problemlər aradan qaldırılmasın. Namizədin nə qədər vaxt itkisi olursa, həmin vaxt da imtahan zamanı yerində kompensasiya edilir. İddiaçıya münasibətdə isə belə bir hal olmamış, sonuncu imtahandan keçid balını toplaya bilmədiyi üçün hazırkı iddianı qaldırmışdır. İddiaçı təkrar sertifikatlaşdırma imtahanından müvəffəqiyyətlə keçmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Bu isə qanunvericiliyin tələbidir. Bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri vardır və həmin əmrdə imtahandan keçməyən şəxslərin siyahısı öz əksini tapmışdır. İş materiallarında olan iddiaçının müraciətinə (xx.xx.2023-cü il tarixli, 3-29-65/1-İ-3xx-xx/2023 nömrəli) Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən 06 noyabr 2023-cü il tarixdə verilmiş cavab məktubunda da bildirilmişdir ki, imtahan zamanı qeyd edilən texniki nasazlığın baş verməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyərkən ilkin və daha sonra mübahisələndirilən təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Belə olduğu təqdirdə iddiaçının sertifikatlaşdırmadan keçməməsinə və əmək müqaviləsinə xitam verilməsinə dair əmrlər qanuni olmuş, həmin əmrlərin ləğvi və iddiaçının işə bərpası üçün əsaslar olmamışdır. Məhkəmə isə iddiaçının yalnız iddialardan ibarət və sübutlara söykənməyən dəlillərini sübut kimi qiymətləndirmiş, işdəki digər sübutları hansı səbəbdən sübut kimi qəbul etmədiyini qətnamədə göstərməmiş, iddianın təmin edilməsinə dair qətnaməni yalnız prosessual norma olan MPM-in 106.2-ci maddəsini tətbiq etməklə əsaslandırmışdır. Qeyd edirlər ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Yuxarıda qeyd edilən hallar göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmə, maddi və prosessual normalara formal istinad etməklə, MPM-in 88 və 217-ci maddələrinin tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Birinci instansiya məhkəməsi isə iddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyi, müvafiq keçid balını toplaya bilmədiyi, imtahan zamanı onun istifadəsində olan kompüterdə hər hansı texniki nasazlıq barədə müvafiq aktlaşdırma olmadığı halda, işdəki iddianın rədd olunmasına əsas olan digər yazılı sübutları hansı səbəbdən qəbul etmədiyini və nəyə görə videogörüntünün təqdim edilməməsi halının iddianın təmin edilməsi üçün kifayət etdiyini qətnamədə əsaslandırmamışdır. Ona görə də işin yuxarıda göstərilən hallarını nəzərə alaraq, məhkəmə kollegiyasından xahiş edirlər ki, iddia tələbinin tam rədd edilməsi ilə bağlı yeni qətnamə çıxarılsın. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin nümayəndəsi (direktoru) Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətlərinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 4.1 və 5.4-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023 cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq, 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısının təsdiq edilməsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri, yaranmış vakant yerlər barədə məlumatların Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin müvafiq alt sisteminə daxil edilməsini təmin etmələri, təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə komissiyaların yaradılmasını təmin etmələri, 1 (bir) ay müddətində görülmüş tədbirlər barədə Elm və Təhsil Nazirliyinə məlumat verilməsini təmin etmələri, İnsan resursları şöbəsi (E.Bağırov) - komissiyaların fəaliyyətini tənzimləyən zəruri təlimatların hazırlanmasını təmin etməsi tapşırılması, İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) - bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarətin nazir müavini H.Həsənliyə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 87 saylı “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 04 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3 29/3-2-537F/2023 nömrəli əmridir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən 06 noyabr 2023-cü il tarixdə İddiaçı verilmiş cavab məktubundan görünür ki, sertifikatlaşdırma barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan resursları mərkəzinə daxil olmuş (xx.xx.2023-cü il tarixli, 3-29-65/1-İ-3xx-xx/2023 nömrəli) müraciətə baxılmışdır. Bildirilir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya keçid balını toplaya bilməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qeyd edilir ki, imtahan zamanı qeyd edilən texniki nasazlığın baş verməsi halı öz təsdiqini tapmamışdır. Nəzərə alınması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində İddiaçı izahat verərkən bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında iştirak etmişdir. İmtahan iki saat müddətində davam etmişdir. İmtahan saat 11:00-da başlamışdır. İmtahanın başlanmasından 5 dəqiqə keçdikdən sonra kompüterin hesablayıcısı işləməmişdir. Nəzarətçiyə məlumat verdikdə nasazlığın aradan qaldırılacağı bildirilmişdir. Ona vərəqlər verilərək hesablamaları həmin vərəqlərdə aparması bildirilmiş, daha sonra hesablama apardığı vərəqlər ondan alınaraq cırılıb atılmışdır. İmtahanın bitməsinə yarım saat qalmış kompüterin monitoru göy rəngdə olmuşdur. O, digər cavabların da silinəcəyi ilə bağlı səsküy yaratdıqda ona nasazlığın aradan qaldırılacağı bildirilmişdir. Orxan adlı şəxs kompüterdəki nasazlığı aradan qaldırmağa çalışsa da, baş tutmamışdır. İmtahana nəzarət edən Günel xanım şəxsiyyət vəsiqəsinin şəklini müvafiq orqana göndərmiş və nasazlığın aradan qaldırılacağını bildirmişdir. İmtahan müddəti başa çatdıqdan sonra ona əlavə vaxt veriləcəyi bildirilsə də, verilməmişdir. Ramin Abbasov məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etməli olduğunu qeyd etmişdir. Əvvəlcə Abşeron-Xızı Regional Təhsil İdarəsinə, səhəri gün isə Azərbaycan Respublikasının Təhsil İnstitutuna yaxınlaşmışdır. Onun sadəcə iki dəqiqə vaxtının alındığı və həmin iki dəqiqənin də kompensasiya edildiyi bildirilsə də, belə hal olmamışdır. Kompüterdə nasazlıq saat 12:35də yaranmışdır. Həmin 25 dəqiqə ərzində onun kompüteri bərpa edilməmişdir. İmtahana nəzarəti və ümumi rəhbərliyi Günel xanım həyata keçirmişdir. Kompüterdəki nasazlıqla bağlı hər hansısa aktlaşdırma aparılmamışdır. O, ön sırada əyləşmiş, kamera isə onun əyləşdiyi sıranın üzərində yerləşmişdir. O, imtahandan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etmiş, 28 bal topladığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə işdən azad edilmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçı kompüterində nasazlıq olduğunu iddia etsə də, lakin nasazlıq baş verməsi ilə bağlı aktlaşdırma aparılmamışdır. Onda olan məlumata əsasən kompüterdə heç bir nasazlıq baş verməmişdir. Həmçinin qeyd edir ki, iddiaçı nasazlıqla bağlı rəsmi şəkildə də müraciət etmiş və ona kompüterdə hər hansı nasazlığın öz təsdiqini tapmaması barədə rəsmi cavab məktubu göndərilmişdir. İddiaçı təkrar sertifikatlaşdırma imtahanından müvəffəqiyyətlə keçmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Bu isə qanunvericiliyin tələbidir. Bununla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmri vardır və həmin əmrdə imtahandan keçməyən şəxslərin siyahısı öz əksini tapmışdır. Əmək müqaviləsinə isə məktəb tərəfindən xitam verilmişdir. İmtahanla bağlı videogörüntüləri əldə etmələri mümkün olmamışdır. Belə ki, əvvəlcə həmin videogörüntülərin mövcud olduğu bildirilsə də, daha sonra videogörüntülər tapılmamışdır. Kameraların sadəcə zalın giriş hissəsini çəkdiyi bildirilmişdir. Zalın daxilində isə çəkiliş olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilən imtahanda imtahan rəhbəri olmuşdur. İmtahan Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə idman zalında keçirilmişdir. Əgər kompüterdə hər hansısa problem olmuşdursa, tərəflərindən həmin problem aradan qaldırılmışdır. İddiaçının kompüterində hər hansısa problem olmasını dəqiq xatırlamır, lakin, olmuşdursa da, nazirlik tərəfindən aradan qaldırılmışdır. Problem yarandıqda həmin şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodu nazirliyə göndərilir və əgər problem varsa, nazirlik tərəfindən aradan qaldırılır, bundan sonra imtahan prosesi dayandığı yerdən yenilənir və namizədin itirilmiş vaxtı bərpa edilir. Ola bilməz ki, yaranan problemlər aradan qaldırılmasın. Belə ki, kameralar tərəfindən video-çəkiliş həyata keçirilir. Namizədin nə qədər vaxt itkisi olmuşdursa, həmin vaxt da kompensasiya edilir. Tərəf haqlı olduğu halda itirilən vaxt bərpa edilir. Namizəd tərəfindən edilən müdaxilələr nəticəsində kompüterdə nasazlıq yaranmışdırsa, itirilən müddət bərpa edilmir. İmtahan prosesində təkcə o yox, həmçinin nazirliyin nümayəndələri, hətta nazirin müşaviri Rüstəm Ağayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini, insan resursları şöbəsinin əməkdaşları da olmuşlar. İddiaçının vaxt itkisini dəqiq xatırlamır, lakin təxminən 1-2 dəqiqə olmuşdur. İddiaçıya dəfələrlə problemin aradan qaldırıldığı izah edilmişdir. Ola bilər ki, namizəd qərəzli şəkildə kompüterdə nasazlıq yaradır. Belə olduqda problem tərəflərindən həll edilmir. Lakin, sistem donduğu təqdirdə bunun onların səhvi olduğu bildirilir və itirilmiş vaxt bərpa edilir. İmtahan zalında kameralar olmuş və bütün zalın çəkilişi həyata keçirilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, imtahan zallarının və kameraların çoxlu sayda olduğunu nəzərə alaraq serverlərdə həddən artıq yüklənmənin qarşısının alınması məqsədilə videogörüntülərin ardıcıl olaraq silinməsi həyata keçirilir. Qeyd olunan səbəblə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin binasında keçirilmiş təkrar sertifikasiyalaşdırma imtahanı ilə bağlı imtahan zalının videogörüntülərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Eyni zamanda, həmin məktubla məhkəməyə İddiaçı təkrar sertifikasiyalaşdırma imtahanında iştirakı ilə bağlı informasiya sistemindən çıxarışlar (elektron imtahan məlumatları və proqram təminatı üzrə loqlar) kağız daşıyıcıda təqdim olunmuşdur. Bundan əlavə, imtahan vaxtı İddiaçı istifadəsində olmuş kompüterin yaddaş bazasından iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyəti ilə bağlı götürülmüş elektron məlumatlar cavabdeh Nazirlik tərəfindən videodisk formatında məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə tədqiq olunmuş sözügedən məlumatlardan müəyyən olunmuşdur ki, həmin məlumatlar İddiaçı tərəfindən istifadəsində olmuş kompüterdə imtahanın gedişi və sualları cavablandırması ilə bağlı aparılmış bütün əməliyyatları əks etdirir. Belə ki, həmin kompüter məlumatlarına əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 11:02:20-dən 13:04:20-dək imtahan prosesində iştirak etmiş (yəni onun üçün imtahan müddətinin axımı saat 11:02:20-də başlamış və saat 13:04:20-də qurtarmış); 30 bal olan keçid balına qarşı 28 bal toplamış; 60 sualdan 28-ni düzgün, 29-nu səhv cavablandırmış, 3 sualı cavablandırmamışdır. Məlumatlarda hər bir sualın nömrəsi, sualın cavablandırılma vaxtı (saat:dəqiqə:saniyə), sualın imtahan başlayandan hansı vaxt ərzində cavablandırılması, seçilmiş cavab variantının nömrəsi, seçilən cavaba görə verilmiş bal öz əksini tapmışdır. Sözügedən məlumatlardan görünür ki, iddiaçı saat 11:03:02-də 1-ci sualı, saat 11:08:58-də 26-cı sualı, saat 11:14:45-də 33-cü sualı, saat 11:22:35-də 39-cu sualı, saat 11:24:32-də 40-cı sualı və s. cavablandırmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə3 İddiaçı istifadəsində olmuş kompüterin yaddaş bazasından çıxarış məlumatlarını təhlil edərək qeyd etmişdir ki, bu məlumatlar iddiaçının imtahan zamanı istifadəsində olmuş kompüterdə saat 12:35-də nasazlıq yaranması və bundan sonra kompüterin işləməməsi barədə iddiasının həqiqətə uyğun olmamasını bir daha təsdiqləyir. Belə ki, həmin kompüterin yaddaş bazasından götürülmüş məlumatlardan görünür ki, iddiaçı saat 12:35-dən sonra 20-dən artıq sualı cavablandırmış, axırıncı cavabı saat 13:04:01-də kompüterə daxil etmişdir. Saat 13:04:20-də isə imtahanın vaxtı sona çatmış və kompüter nəticələri hesablayıb təqdim etmişdir. Təqdim olunmuş məlumatlardan müəyyən olunur ki, iddiaçı həqiqətən də saat 12:37:26-dan 13:04:01-dək 22 sualın cavablarını kompüterə daxil etmiş, o cümlədən 12:37:26-da 36-cı sualı, 12:38:50-də 44-cü sualı, 12:40:58-də 49-cu sualı, 12:42:41-də 27ci sualı, 12:44:43-də 53-cü sualı, 12:48:58-də 3-cü sualı, 12:50:24-də 37-ci sualı, 12:51:34-də 54-cü sualı, 12:52:51-də 55-ci sualı, 12:53:23-də 56-cı sualı, 12:54:22-də 58ci sualı, 12:55:47-də 18-ci sualı, 12:56:49-da 19-cu sualı, 13:00:07-də 30-cu sualı, 13:02:04-də 28-ci sualı, 13:03:06-da 41-ci sualı, 13:03:29-da 50-ci sualı və 13:04:01-də 51-ci sualı cavablandırmışdır. Həmin cavablardan yalnız 4-ü (27, 36, 53 və 58-ci sualların cavabları) düzgün olmuşdur. Göründüyü kimi, İddiaçı imtahan vaxtı istifadəsində olmuş kompüterin yaddaş bazasından iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyəti ilə bağlı götürülmüş və apellyasiya məhkəməsinə təqdim olunmuş (kağız və elektron daşıyıcılarda) məlumatlar əlavə olaraq sübut edir ki, iddiaçının imtahan zamanı onun istifadəsində olmuş kompüterdə saat 12:35-də nasazlıq yaranması və bundan sonra kompüterin işləməməsi, imtahan rəhbərinə müraciət etməsinə baxmayaraq imtahanın sonunadək nasazlığın aradan qaldırılmaması və ona itirilmiş vaxtın əvəzinin verilməməsi barədə dəlilləri həqiqətə uyğun deyildir. Halbuki, iddiaçının bu dəlilləri cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən əvvəldən də qəbul edilməmiş, birinci instansiya məhkəməsində icraat zamanı iddiaya qarşı verilmiş etirazda iddiaçının imtahan vaxtı onun istifadəsində olmuş kompüterdə nasazlığın olması ilə bağlı Nazirliyə müraciətinin aidiyyəti üzrə Təhsil İnstitutu tərəfindən araşdırıldığı, bu halın təsdiqini tapmadığı və bu barədə iddiaçıya rəsmi cavab verildiyi bildirilmişdir. Azərbaycan Respublikası Təhsil İnstitutunun 06 noyabr 2023cü il tarixli cavab məktubu iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş imtahan rəhbəri, yəni imtahanın düzgün təşkilinə, keçirilməsinə və qaydalara əməl olunmasına məsul şəxs olan X3 da imtahan zamanı iddiaçının kompüterində nasazlıq olmasını xatırlamadığını və bununla bağlı müvafiq tədbirlərin görülməsi (nasazlığın aktlaşdırılması və imtahan verənin şəxsiyyət vəsiqəsinin FİN kodunun Nazirliyə göndərilməsi) barədə məlumat olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaya etirazının dəlillərini yetərli hesab etməmiş və iddiaçının tələbinə əsasən imtahan zalında quraşdırılmış kameralardan imtahanın gedişini qeydə alan videogörüntülər təqdim olunmasını cavabdehlərə təklif etmişdir. Lakin cavabdeh tərəf həmin videogörüntüləri təqdim edə bilməmiş, məhkəmə bu halı cavabdehlərin sübutu təqdim etməkdən boyun qaçırması kimi qiymətləndirmişdir. Cavabdeh Elm və Təhsil Nazirliyinin apellyasiya məhkəməsinə təqdim etdiyi izahdan (xx.xx.2024-cü il tarixli məktubdan) isə məlum olur ki, serverlərdə həddən artıq yüklənmənin qarşısının alınması məqsədilə videogörüntülərin ardıcıl olaraq silinməsi səbəbindən xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin binasında keçirilmiş təkrar sertifikasiyalaşdırma imtahanı ilə bağlı imtahan zalının videogörüntüləri serverdən silinmişdir... Göründüyü kimi, tələb olunan sübut vasitəsi artıq mövcud olmadığından (elektron bazada saxlanılmadığından) onun məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bununla belə, cavabdeh Elm və Təhsil Nazirliyi yenə də iddiaçının imtahan zamanı istifadəsində olmuş kompüterdə nasazlıq olması, nasazlığın saat 12:35-də yaranması və bundan sonra kompüterin işləməməsi barədə dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçının kompüterində nasazlığın olması təsdiqini tapmamış, sadəcə olaraq iddiaçı imtahanı müvəffəqiyyətlə verə bilməmişdir. Cavabdeh tərəf bu mövqeyini əsaslandırmaq üçün apellyasiya məhkəməsinə mübahisəli kompüterin elektron yaddaş bazasından iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyətinə dair götürülmüş (kağız və elektron daşıyıcılarda) məlumatları təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçının imtahanda iştirakı və sualları cavablandırması vəziyyətinə dair təqdim olunmuş (kağız və elektron daşıyıcılarda) məlumatlarla bağlı qeyd edir ki, həmin məlumatlar yeni sübutlar olmayıb cavabdehin birinci instansiya məhkəməsində istinad etdiyi sübutların mötəbərliyini əsaslandırır. Belə ki, iddiaçının imtahan zamanı istifadəsində olmuş kompüterdə nasazlığın olub-olmaması (yaxud sonradan yaranıb-yaranmaması) əvvəllər (məhkəməyə qədər) onun müraciəti əsasında aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən araşdırılmış və iddiaçının şikayət etdiyi hal təsdiqini tapmamış, bu barədə ona rəsmi cavab verilmişdir. Apellyasiya məhkəməsinə təqdim olunmuş məlumatlar isə həmin araşdırmanın nəticəsinin və iddiaçıya verilmiş cavabın mötəbərliyini təsdiqləyir. Ona görə də cavabdeh tərəfin apellyasiya məhkəməsinə təqdim etdiyi (kağız və elektron daşıyıcılarda) məlumatlar iş üzrə yeni sübutlar kimi qiymətləndirilməməlidir və məhkəmə kollegiyası gəldiyi nəticənin əsaslandırılmasında həmin məlumatlara istinad etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının imtahan zamanı onun istifadəsində olmuş kompüterdə saat 12:35-də nasazlıq yaranması və bundan sonra kompüterin işləməməsi barədə dəlilləri həqiqətə uyğun deyildir. Əslində qeyd olunan vaxtdan imtahanın sonunadək iddiaçının kompüterində hər hansı nasazlıq olmamış, sadəcə olaraq iddiaçı imtahanı müvəffəqiyyətlə verə və keçid balı toplaya bilməmişdir. Buna görə də onunla əmək müqaviləsinə xitam verilməsi qanuna müvafiq və əsaslı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərini əsaslı hesab edir. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və sübutların qiymətləndirilməsinə formal mövqedən yanaşmış, ona görə də işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə olduğu halda məhkəmənin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “təkrar sertifikatlaşdırmanın nəticələrinin iddiaçıya aid hissəsinin ləğvi, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Sumqayıt şəhər 13 nömrəli tam orta məktəb tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-289/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “təkrar sertifikatlaşdırmanın nəticələrinin iddiaçıya aid hissəsinin ləğvi, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar