Məhkəmə qərarları › İş №2(105)-1548/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1548/2021

22.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1548/2021 22.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Rufullayeva X6 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-68/2021 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Rufullayeva X6 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-68/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdeh Rufullayeva (Heydərova) X7 qarşı qanunsuz çəpərin, tikintinin sökülməsi və zəbt edilmiş ərazidən çıxarılması barədə ilk, Rufullayeva (Heydərova) X6 İddiaçı qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qarşılıqlı iddialarına dair mülki işin icraatı Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-1782/2021 saylı mülki iş üzrə İddiaçı cavabdeh X2 qarşı qərarın ləğv edilməsi, alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılıb qurtaranadək dayandırılması qərara alınmış, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Rufullayeva X8 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Rufullayeva (Heydərova) X8 tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə aid torpaq sahəsi üzərində özbaşına zəbt etdiyi həyətyanı sahədə qanunsuz inşa edilən ev və çəpərin cavabdehin öz şəxsi vəsaiti hesabına sökülməsi, cavabdehin zəbt etdiyi ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rufullayeva (Heydərova) X8 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 3 saylı evin 3 saylı mənzilinin yerləşdiyi 0,0874 ha mülkiyyətində olan torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,1 ha hissəsindən çıxarılması, torpaq sahəsinin alqı-satqı müqaviləsində göstərilmiş ölçülərə qaytarılmaqla əvvəlki vəziyyətinə gətirilməsi və qanunsuz tikilinin cavabdeh tərəfindən sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin icraatında olan onun cavabdeh X2 qarşı hazırki mülki işlə birbaşa bağlı olan qərarın ləğv edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(012)-1782/2021 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-68/2021 saylı qərardadı ilə mülki işin icraatı Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)- 1782/2021 saylı mülki iş üzrə İddiaçı cavabdeh X2 qarşı qərarın ləğv edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılıb qurtaranadək dayandırılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı ona tam məlumat verilmədiyi üçün İddiaçı ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Qərardadı oxuduqdan sonra məsələ ona aydın olmuşdur. O, qərardadla razı deyildir. Çünki İddiaçı tərəfindən ona qarşı qaldırılmış bu iddialar birinci dəfə deyildir. İddiaçı hər dəfə məhkəməni uduzur və eyni məzmunla tələbini dəyişdirərək, yenidən onu məhkəməyə verir. Bu işlər ayrı-ayrı hakimlərin icraatındadır və hazırki işin dayandırılmasına ehtiyac yoxdur. İddiaçı məhkəmə proseslərini uduzduğu üçün ona qarşı qərəzli şəkildə bu mövqeyə əl atmış, heç bir əsası olmayan iddia qaldırmışdır. O isə sənəd və sübut təqdim edib. İddiaçı onun torpaq sahəsinin bir hissəsini zəbt etdiyini qeyd edərək, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona qarşı qanun pozuntusuna yol verərək, onun şəxsi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. İddiaçı daha əvvəl ona qarşı qanunsuz çəpərin, tikintinin sökülməsi və zəbt edilmiş ərazidən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, özünə məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə aid torpaq sahəsi üzərində özbaşına zəbt etdiyi həyətyanı sahədə qanunsuz inşa edilən tikintinin və çəpərin öz şəxsi hesabına sökülməsi, zəbt etdiyi ərazidən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin İddiaçı məhkəməni uduzmuş, iddiasında qeyd etdikləri öz təsdiqini tapmamışdır. Hətta ekspertiza keçirilərək, əslində onun yox, İddiaçı ona məxsus torpaq sahəsini zəbt etdiyi aşkar edilmişdir. Həmin ekspertin rəyini qarşılıqlı iddia ərizəsinə də əlavə etmişdir. Məhkəmə proseslərinin saxlanılmasına heç bir ehtiyac yoxdur, İddiaçı tək niyyəti ona mane olmaqdır. Şikayətdə qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Rufullayeva X8 məhkəmə iclasında şikayətində göstərilənlərə uyğun izahat verdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının şikayəti məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Rufullayeva (Heydərova) X8 tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə aid torpaq sahəsi üzərində özbaşına zəbt etdiyi həyətyanı sahədə qanunsuz inşa edilən ev və çəpərin cavabdehin öz şəxsi vəsaiti hesabına sökülməsi, cavabdehin zəbt etdiyi ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rufullayeva (Heydərova) X8 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 3 saylı evin 3 saylı mənzilinin yerləşdiyi 0,0874 ha mülkiyyətində olan torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,1 ha hissəsindən çıxarılması, torpaq sahəsinin alqı-satqı müqaviləsində göstərilmiş ölçülərə qaytarılmaqla əvvəlki vəziyyətinə gətirilməsi və qanunsuz tikilinin cavabdeh tərəfindən sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin icraatında olan onun cavabdeh X2 qarşı hazırki mülki işlə birbaşa bağlı olan qərarın ləğv edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(012)-1782/2021 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 16 saylı qərarının ləğv edilməsi, qərarın hüquqi nəticəsi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın, Rufullayeva X8 ilə Abşeron rayonu Ceyranbatan bələdiyyəsi arasında xx.xx.2015-ci il tarixdə Sumqayıt “Asan xidmət” mərkəzində bağlanmış alqı-satqı müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş **********0 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, İddiaçı cavabdeh Rufullayeva X7 qarşı qərarın ləğv edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair 2(012)-1782/2021 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsində göstərilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddənin mənasından da görünür ki, mülki mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmadıqda, məhkəmə iş üzrə icraatı dayandırmağa borcludur və bu hal məhkəmənin hüququ deyil, vəzifəsi kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda, məhkəmə qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Rufullayeva X8 qarşılıqlı iddia tələbini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0874 ha torpaq sahəsinin mülkiyyətində olması ilə əsaslandırmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin çıxarışı və çıxarışın verilməsi üçün əsas olan sənədləri mübahisələndirir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Rufullayeva X6 şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(012)-68/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar