Məhkəmə qərarları › İş №2(105)-1550/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1550/2024

31.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1550/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı mülki iş üzrə (Açar sözlər: əmək stajı faktının müəyyən edilməsi) X17 Süleymanovanın sədrliyi və məruzəsi, X5 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Ərizəçi, Ərizəçinin vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X7 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək stajı faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürucu işləməsi faktının müəyyən etməklə, həmin illərin əmək stajına daxil olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bundan sonra, ərizəçinin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırda tələblərini dəqiqləşdirmək zəruriətinin yaranmasını bildirmiş, belə ki, kolxoz əvvəllər «Engels» adını daşısa da, sonradan kolxozun adı dəyişdirilərək, «T.İsmayılov» adını almışdır. Odur ki, məhkəmədən Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuşdur. O, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü işləmişdir. Belə ki, heyvanlara sahələrdən maşınla ot daşımış, sağıcıları kolxoza gətirib-aparmışdır. Məntəqəyə tütün aparmış, Horadizdən kolxoza kəpək daşımış, maşınla gedib Əlibayramlıdan çiyid qabığı gətirmişdir. Bir sözlə kolxoza aid olan hər işi görmüşdür. Həmin kolxozda o, rayon işğal olunana kimi işləmişdir. Onunla həmin kolxozda həmkəndlisi olan X13 da işləmiş, o, orada 1987-ci il tarixdən 1991-ci il tarixə kimi briqadir vəzifəsində işləmişdir. Onun tabeliyində olan fəhlələri işə aparmış, həmçinin onun nəzarətində olan tikinti materiallarını rayondan kolxoza aparıbgətirmişdir. Onun bu barədə əmək kitabçası da vardır və orada qeyd olunmuşdur. Onlar onunla həmkəndlidirlər. Həmçinin həmyerlisi X1 rayon Yenikənd uşaq bağçasında qabyuyan işləmiş, o, orada 2011-ci il tarixə kimi işləmişdir. Bağçalarda sürücü olmadığı üçün o, bağçalara ərzaq daşımaq üçün də kolxozdan sürücü kimi göndərilmişdir. O, Pəri xanımın işlədiyi baxçaya hər həftə ərzaq daşımışdır. Onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü işləməsini Vaqif müəllim və Pəri xanım şahid qismində öz ifadələri ilə məhkəmədə təsdiq edə bilərlər. O, arxivə də müraciət etmis və ona şifahi olaraq bildirmişlər ki, sənədlər rayon işğal olunan zaman işğal zonasında qalmışdır. xx.xx.2024-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, ona 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanma; yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyətlərindən və müddətində asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfində işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-d hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti, kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd etdiyi 1983-1993-cü il tarixləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla bilər. Maraqlı şəxs ona imtina verməklə onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur.

4. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmiş, ərizəçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına kolxozda işləməsini təsdiq edəcək sənədlər təqdim edilmədiyi üçün müraciətdən imtina edilmişdir. Daha sonra ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına kolxozda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 2(034)- 344/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əvvəllər qüvvədə olmuş AR ƏƏSMNnin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019- cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən yerilən məlumatlar sübut hesab edilmir. Ərizəçinin işləmə faktının təsdiqlənməsi Ərizəçi ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Şahid qismində qeyd edilmiş şəxslərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Ərizəçi iddia ərizəsində X9 Zəngilan rayon Yenikənd uşaq bağçasında işlədiyini, bağçanın sürücüsü olmadığı üçün özünün bəzən bağçaya sürücü kimi ərzaq daşıdığını, buna görə də P.Əlvəndovanın onun “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda işləməsi faktına şahidlik edə biləcəyini qeyd etmişdir. P.Əlvəndovanın əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1988-ci il tarixdən xx.xx.2011 -ci il tarixədək Zəngilan rayon Yenikənd uşaq bağçasında qab yuyan vəzifəsində işləmişdir. Qeyd edirlər ki, P.Əlvəndovaya məxsus əmək kitabçası xx.xx.1988- xx.xx.2011-ci il tarixlərə məxsus əmək fəaliyyəti dövrünü əks etdirsə də, xx.xx.2007-ci il tarixdə doldurulmuşdur. Həmçinin, işə daxilolma və işdən azadolma qeydlərinə vurulmuş möhür oxunmur. Xüsusilə vurğulayırlar ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin qeyd olunan Plenum Qərarına əsasən, iş stajının təsdiqlənməsi üçün ifadə verən şahidlər ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməli, bu hal zəruri sübutlarla təsdiqlənməlidir. Lakin, göründüyü kimi Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda, şahid P.Əlvəndova isə xx.xx.1988-ci il tarixdən xx.xx.2011 -ci il tarixədək tamamilə başqa müəssisə olan Zəngilan rayon Yenikənd uşaq bağçasında çalışmışdır. İddia ərizəsində digər şahid kimi 1987-1991-ci illərdə «Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda briqadir vəzifəsində işlədyi iddia edilən X10 aid əmək kitabçasında 1987-ci ilə dair qeydlər və möhürlərin oxunulması mümkün deyildir. Həmçinin, sözügedən əmək kitabçasında V.Həsənovun 1991-ci il tarixdə işdən azad olunması ilə bağlı qeyd yoxdur. Əlavə olaraq, ərizəçinin iş stajı kimi təsdiq edilməsini tələb etdiyi dövr xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr olmasına baxmayaraq, ərizəçi tərəfindən şahid kimi göstərilən P.Əlvəndovanın Yenikənd uşaq bağçasında çalışdığı dövr xx.xx.1988-xx.xx.2011-ci illəri, V.Həsənovun “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda çalışdığı iddia edilən dövr isə 1987-1991 -ci illəri əhatə edir. Beləliklə, yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, adları qeyd edilən şahidlərin ifadəsi ilə Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda işləməsi faktını təsdiq etmək mümkün deyildir.

5. Şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddəndirlər, heç bir qohumluq əlaqələri yoxdur. Ərizəçi ilə eyni kolxozda işləmişlər. O,1987-ci ildən 1992-ci ilə kimi kolxozda inşaat briqadiri işləmişdir. Onların kolxozu tütünçülük və maldarlıq ilə məşğul olmuşdur. Ərizəçi kolxozda sürücü işləmişdir. Ərizəçi ondan əvvəl 1983-cü ildən kolxozda işləmişdir, o isə texnikumu qutarandan sonra tikintidə işləmiş, sonradan 1987-ci ildə “Engels” kolxozuna inşaat briqadiri kimi işə başlamışdır. Kolxozun adı “Engels” olmuş, sonradan Tofiq İsmayılovun adını daşımışdır. Ərizəçi 1983cü ildən 1993-cü ilə kimi kolxozda sürücü işləmişdir. O məcburi köçkün düşəndə əmək kitabçasını özü ilə gətirmişdir. Əmək kitabçası onda 1983-cü ildən var.

6. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə qonşuluqda yaşamışlar, bir yerdə kolxozda işləmişlər. O, ”Engels” adına kolxozda iqtisadçı, baş mühasib, ən sonda isə kolxoz sədri işləmişdir. Ərizəçi həmin kolxozda sürücü işləmişdir. Ərizəçidən başqa kolxozda 8 sürücü işləmişdir. O, 1987-ci ildən 1993-cü ilin may ayına kimi “Engels” adına kolxozda işləmişdir. Ərizəçi hərbi xidmətdən qayıdandan sonra kolxozda sürücü işləmişdir. Kolxozun adı “Engels” olmuş, sonradan Tofiq İsmayılovun adını daşımışdır. Kolxoz tütünçülük-maldarlıq işi ilə məşğul olmuşdur. Ondan öncə kolxozun sədri Şəmil İsmayılov olmuş, ondan da öncə Muradov Saleh olmuşdur. Ərizəçi ilə qonşu olmuşdur. O, işləyən zaman ərizəçinin kolxozda şəxsi işi var idi. Ərizəçi əmək kitabçasını özü ilə gətirə bilməmişdir. Möhür özün də olduğu üçün əmək kitabçasını gətirə bilmişdir. Məcburi köçkünlük dövründə çox adam əmək kitabçasını gətirə bilməmişdir.

7. Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçi bibisi oğludur. O, “Engels” adına kolxozada fəhlə işləmişdir. O, kolxozda 1979-cu ildən mexanizator, suçu işləmişdir. O, kolxozda ərizəçidən qabaq işləmiş, ərizəçi sonradan, 1983-cü ildən kolxozda sürücü kimi işləmişdir. Onun əmək kitabçası rayonda qalmış, gətirə bilmədiyi üçün məhkəmə qaydasında təsdiqlətmişdir. Kolxoz onlarda 1976-cı ilə kimi pambıq, sonradan isə tütünçülük və maldarlıqla məşğul olmuşdur. Ərizəçi kolxozda “Qaz 53“ sürürmüşdür.

8. Şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə yaşamışlar. Ərizəçi ilə “Engels” adına kolxozda işləmişlər. Kolxoz tütünçülük və maldarlıq ilə məşğul olmuşdur. O, 1976-cı ildən 1993-cü ilə qədər kolxozda qaynaqçı işləmişdir. Ərizəçi 1980-ci illərdən sonra kolxozda sürücü işləmişdir. O, əmək kitabçasını gətirmişdir. Ərizəçi əmək kitabçasını rayondan gətirə bilməmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-93429/2024 nömrəli imtina məktubundan aydın olur ki, ərizəçiyə 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əm pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş hədd il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-c tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalaırnın təyin edilməsi, hesablanma; yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlırının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsussiyyətlərindən və müddətində asılı olmayaraı müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyinə əsasıl şübhələr olduğu hallarda Fond tərəfində işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-d hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiı sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd etdiyi 1983-1993- cü il tarxləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla biləcəyi qeyd edilmişdir.

10. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)- 965/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, X11 1974-cü ildən 1993-cü ilin noyabr ayına qədər Zəngilan rayon «T.İsmayılov» adına kolxozda mexanizator işləməsi faktı müəyyən edilmişdir.

11. X10 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildən 1992ci ilə kimi Zəngilan rayonu, “Engels” adına kolxozda işləmişdir.

12. X19 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1986-cı ildən 1993cü ilə qədər Zəngilan rayonu, “Engels” adına kolxozda qaynaqçı işləmişdir.

13. X4 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildən 1993cü ilə kimi Zəngilan rayonu, “Tofiq İsmayılov” adına kolxozda iqtisadçı, baş mühasib və son olaraq isə kolxoz sədri işləmişdir.

14. Məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən göürnür ki, Məmmədov X8 rayonundan məcburi köçkündür.

15. Zəngilan rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, keçmiş «F.Engels» adına kolxoz Zəngilan rayonun Yenikənd və Rəbənd kəndlərini əhatə etmiş, sonradan həmin kolxoz ləğv olunaraq barəsində yaradılan kolxozlardan biri olan «T.İsmyaılov» adına kolxoz Yenikənd kəndində, «Rəbənd» kolxozu isə Rəbənd kəndində yerləşmişdir.

16. Zəngilan rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi sorğu əsasında ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Engels” adına kolxozun sənədləri arxivə daxil olmadığı üçün sorğunun cavablandırılması mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

17. Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) ərizənin təmin olunması, Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndi, 71-ci maddəsinin 6-cı və 7-ci bəndləri, 127ci maddəsinin 4-cü bəndi, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11, 308, 14.2, 88, 217.4, 216-220, 308 və 309.1-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

19. Maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda, idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd edir ki, iş materiallarına əlavə edilmiş şahid X2 əmək kitabçasında “Tofiq İsmayılov” adına kolxoza aid latınca tərtib edilmiş möhürdən istifadə edilsə də, digər şahidlər X23 və X10 məxsus əmək kitabçalarında “Engels” adına kolxoza aid kiril qrafikasından istifadə edilmiş möhürdən istifadə edilmişdir. Məhkəmə eyni dövrdə eyni kolxozda çalışmış şəxslərin əmək kitabçalarının birində kolxozun yerində təşkil edilmiş “Tofiq İsmayılov adına” koxlozun, digərlərində isə “Engels adına” kolxozun möhüründən istifadə edilməsi faktını aydınlaşdırmamışdır. Şahid qismində çıxış edən X23 ona məxsus əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, digər şahidlər X6 ona məxsus İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, X13 ona məxsus əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdən 1992-ci il tarixədək, X18 isə xx.xx.2015-ci il tarixli 2(034)-965/2015 nömrəli Zəngilan Rayon Məhkəməsinin qətnaməsinə əsasən 1974-cü il tarixdən 1993-cü ilin noyabr ayınadək “Engels” adına kolxozda işləmişdir. Göründüyü kimi, ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müvafiq kolxozda işlədiyini iddia etsə də, məhkəmə iclasına gətirilmiş şahidlərin əmək kitabçalarına və Zəngilan Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən yalnız bir şahid – N.Hüseynov ərizəçinin hüquqi fakt qismində işləməsinin müəyyən olunmasını tələb etdiyi dövrlərdə - xx.xx.1983-xx.xx.1993-cü illərdə “Engels” adına kolxozda çalışmışdır. Lakin məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əməl etmədən, iddiaçının tələb etdiyi bütöv dövr üzrə ərizəni təmin etmişdir. Həmçinin, Ərizəçi tərəfindən hüquqmüəyyənedici sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin müvafiq sənədlərin əldə olunması üçün məhkəmə tərəfindən tədbir görülməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Maraqlı tərəfin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

23. Maraqlı tərəfin digər nümayəndəsi Nümayəndə3 xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

24. Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

25. Ərizəçinin vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

26. Ərizəçinin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

29. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət soial sığorta haqları ödəmək şərti ilə)və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

30. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mükün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

31. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Plenum Qərarında qeyd olunmuşdur: Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2- 1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

34. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuş, hərbi xidməti başa vurduqdan sonra 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. O, əmək fəaliyyətinə Zəngilan rayonu, Yenikənd kəndində yerləşən “Tofiq İsmayılov” («Engles») adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü kimi başlamış və 1993-cü ilə kimi əmək fəaliyyətinə davam etmişdir. Lakin məlum hadisələrlə əlaqədar olaraq 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Ərizəçi özünə məxsus olan əmək kitabçasını özü ilə gətirə bilməmiş, hətta bu barədə arxivə müraciət etmiş, bildirilmişdir ki, sənədlər rayon işğal olunan zaman işğal zonasında qalmışdır. Ərizəçi ona verilən əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin marqlı şəxs onun ərizəsi üzrə imtinaedici inzibati akt qəbul etmiş və bildirmişdir ki, ərizəçinin müraciətdə qeyd etdiyi 1983-1993-cü il tarxləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla bilər. Araşdırma zamanı Ərizəçi 1983-cü ildən 1993-cü ilə kimi “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsini onunla birlikdə həmin kolxozda işləyən və məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X6, X21 və X23 öz ifadələri ilə təsdiq etmişlər. «Engels» adına kolxoz sonradan adı dəyişərək “Tofiq İsmayılov” adına kolxoz olmuşdur. Bu da onu göstərir ki, Ərizəçi həqiqətəndə 01 yanvar 1983-cü ildən Zəngilan rayonu işğal olunana kimi, yəni 29 oktyabr 1993-cü il tarixə kimi Zəngilan rayon Yenikənd kəndində yerləşən «Tofiq İsmayılov» adına kolxozda sürücü vəzifəsində işləmiş, lakin məlum hadisələrlə əlaqədar Zəngilan rayonundan məcburi köçkün düşdüyündən əmək kitabçası işğal olunmuş ərazidə qalmış və bu səbəbdən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.

36. Birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin olunması, Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.

37. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən onun 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab edir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.

38. Maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

39. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müvafiq kolxozda işlədiyini iddia etsə də, məhkəmə iclasına gətirilmiş şahidlərin əmək kitabçalarına və Zəngilan Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən yalnız bir şahid – N.Hüseynov ərizəçinin hüquqi fakt qismində işləməsinin müəyyən olunmasını tələb etdiyi dövrlərdə - xx.xx.1983-xx.xx.1993cü illərdə “Engels” adına kolxozda çalışmışdır. Lakin məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əməl etmədən, iddiaçının tələb etdiyi bütöv dövr üzrə ərizəni təmin etmişdir. Həmçinin, Ərizəçi tərəfindən hüquqmüəyyənedici sənədlərin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərəfin apellyasiya şikayətində göstərdikləri dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

41. Kollegiya şikayətin ərizəçinin hüquqmüəyyənedici sənədləri ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi barədə dəlilini əsassız hesab edir.

42. Belə ki, ərizəç tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş Zəngilan rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi sorğu əsasında ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Engels” adına kolxozun sənədləri arxivə daxil olmadığı üçün sorğunun cavablandırılması mümkün olmamışdır.

43. Göründüyü kimi ərizəçi tələb olunan faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar qaydada əldə etməyə cəhd etmiş, lakin həmin sənədlərin əldə edilməsi və ya bərpa edilməsi məlum səbəblərdən mümkün olmamışdır.

44. Kollegiya şikayətin, ifadə verən şahidlərin ərizəçinin istinad etdiyi müddətdə həmin idarədə işləmələri barədə sənədləri olmadığı halda ərizəçinin tələb etdiyi bütöv dövr üzrə ərizəni təmin etməsinin qanuni olmaması barədə dəlillərini də əsassız hesab edir.

45. Belə ki, şahid qismində dindirilmiş X18 barəsində olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)- 965/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, X18 1974-cü ildən 1993-cü ilin noyabr ayına qədər Zəngilan rayon «T.İsmayılov» adına kolxozda mexanizator işləməsi faktı müəyyən edilmişdir.

46. X3 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildən 1992-ci ilə kimi Zəngilan rayonu, “Engels” adına kolxozda işləmişdir.

47. X19 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1986-cı ildən 1991ci ilə qədər Zəngilan rayonu, “Engels” adına kolxozda qaynaqçı işləmişdir.

48. X4 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildən 1993-cü ilə kimi Zəngilan rayonu, “Tofiq İsmayılov” adına kolxozda iqtisadçı, baş mühasib və son olaraq isə kolxoz sədri işləmişdir.

49. Göründüyü kimi şahidlər “Engels” («T.İsmayılov») adına kolxozda işləmişlər və bu hal müvafiq sənədlərlər öz təsdiqini tapır. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin şahid ifadələrindən görünür ki, adları çəkilən şəxslər ərizəçi ilə eyni kənd sakinləridirlər, həmkəndli olaraq bir-birilərini yaxından tanımışlar, bir-birilərinin işlədikləri yer barədə məlumatlı olmuşlar. Şahidlər (biri istisna olmaqla) «Engels» adına kolxozda əmək fəaliyyətinə 1986-1987-ci illərdən başlasalar da, ərizəçinin onlardan əvvəl həmin kolxozda işləməsini təsdiq etmişlər. Kollegiyanın qənaətincə kənd sakini olan şəxsin həmin kənddə müvafiq müəssisədə işləməsi onunla birlikdə işləməyən, lakin eyni kənddə yaşayan şəxslərə məlum olması inandırıcı və ağlabatandır.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1983-xx.xx.1993-cü illərdə «T.İsmayılov (“Engels”)» adına kolxozda işləməsi faktı müvafiq sübutlarla öz təsdiqini tapmaqla iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X29 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar