Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1553/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 və üçüncü şəxs X12 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış evindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(012)-214/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Qurdtəpə kəndində atasına məxsus olan fərdi yaşayış evi 07 yanvar 1988-ci il tarixində qanuni əsaslarla (alqısatqı müqaviləsi) adına keçmiş və xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin vaxtlar bir müddət Gəncə şahərində yaşamış, sonradan 2001-ci ilə qədər müvəqqəti işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin ərəfədə qardaşı Əlişah ona bildirmişdir ki, ev boş qalmasın deyə evə müvəqqəti tanıdığı adamları yerləşdirib. Bir müddət sonra o, evə köçüb yaşamaq istədiyini bildirəndə qardaşı Əlişah ona bildirmişdir ki, «kənddəki ona məxsus evin başın boş burax, Şamaxıda başqa ev al». Bir söz deməmiş, qardaşı öz vədinə əməl etmədiyi üçün məcbur olub xüsusi mülkiyyət hüququ əsasında ona məxsus evdə yaşayan cavabdehlərdən evinin boşaldılmasını tələb etmiş, onlar isə evi qeyri-rəsmi Əlişahdan aldığını bildirmişlər. Halbuki, ondan başqa bu evə heç kim sərancam verə bilməz. Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən evin üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. O, mülkiyyət hüquqlarından uzun müddətdir ki, maneəsiz istifadə edə bilmir. Cavabdehlər ona məxsus evdə yaşadıqları üçün onun mülkiyyətindən maneəsiz istifadəsi məhdudlaşdırılmışdır. Yaşayış evinin boşaldılması ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etməsinə baxmayaraq boşaldılmamışdır. Cavabdehlərin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(012)-214/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilib, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmsı qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı Şamaxı rayonu, Qurdtəpə kəndində yerləşən fərdi yaşayış evini 07 yanvar 1988-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmiş, cavabdehlərin ona məxsus fərdi yaşayış evində yaşamaqları onun iradəsinə ziddir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Cavabdehlər sözügedən fərdi yaşayış evini iddiaçının qardaşı X8 qeyri-rəsmi qaydada almışlar. Ona görə də onların həmin evin alınması və təmiri üçün çəkdikləri xərclərin əvəzini X8 tələb etmək hüquqları vardır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(012)-214/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Şamaxı Rayon Məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi 22 nəfər adları yazılmış kənd sakinləri şahiddir ki, onlar 21 ildir yaşadıqları evi hazırki iddiaçının razılığı ilə onun qardaşı X7 pul müqabilində birdəfəlik almışlar. Əgər yaşadıqları ev onlara məxsus olmasaydı 21 il müddətində heç kimə kirayə pulu vermədən orada yaşaya bilməzdilər və bu qeyri-mümkündür. 2001-ci ildə həmin köhnə evi alarkən onun sənədləri yox idi. Ona görə də hesab edir ki, hazırki iş materiallarına əlavə edilmiş Texniki pasport sonradan keçmiş tarix üçün düzəldilmiş saxta sənəd ola bilər. Şamax RİH başçısının Qurdtəpə kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Qurdtəpə kənd İƏD üzrə nümayəndəliyinin 01 saylı ev təsərrüfatlarının uçotu kitabında şəxsi hesab 70, səhifə 83-də 1970-ci ildə mişar daşından inşa edilmiş ümumi sahəsi 110 kv.metr, həyətyanı sahəsi 0,12 ha olmaqla ona məxsus yaşayış evi vardır və 21 ildir ki, ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində yazılanlara görə iddiaçı Ş.Ə.Eyyubovun təqdim etdiyi texniki pasportun surətində evin ümumi sahəsi 47,4 kv.metr göstərilmişdir. Onun ailəlikcə yaşadığı evin ümumi sahəsi isə iş materiallarındakı sənəddə göstərildiyi kimi 110 kv.metrdir və üstəlik 0,12 ha həyətyanı sahəsi də vardır. İşin faktiki hallarından görünür ki, iddiaçı öz razılığı ilə evi 2001-ci ildə qardaşı Əlişah Eyyubovun vasitəsilə ona satmış, lakin 21 ildən sonra iddia müddətini ötürərək ortaya çıxıb ki, guya ev onun mülkiyətindədir və guya onun razılığı olmamışdır. İddia ərizəsində yazıldığı kimi iddiaçının qardaşı Ə.Ə.Eyyubov ona qarşı hansısa vədinə əməl etməyibsə, bunun ona aidiyyəti yoxdur. Ona görə də iddiaçı iddia tələbini onlara qarşı yox, öz qardaşına qarşı irəli sürməli idi. Yəni iddiaçı qardaşını üçüncü tərəf kimi yox, birbaşa yeganə cavabdeh kimi göstərib öz-aralarında mübahisəni həll etməliydilər. Ona görə də aşkar görünür ki, işin halları qətnamənin nəticə hissəsi ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə iddiaçı Ş.Ə.Eyyubovun 2001-ci ildən onların hazırki evə köçməklərindən xəbəri olmuşdur. Digər tərəfdən iş materiallarına daxil etdiyi Şamaxı Rayon məhkəməsinin 16 noyabr 2011-ci il tarixli, 2(074)-49/2011 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı 2011-ci ildə də eyni tələblə, eyni predmet barəsində və eyni əsaslarla onlara qarşı iddia qaldırsa da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı 2001-ci ildə onların hazırki evi pulla alıb evə köçdüklərini bilsə də, qaldırdığı bu iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Övladı Cavabdeh1 Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. İddiaçı apellyasiya şikayətinə etiraz edib, iddia tələbinin qanuni və ədalətli həll ilunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh5 və üçüncü şəxs X12 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddələr 14.1 və 14.3. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Madə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1986-cı ilin dekabr ayında tərtib edilmiş yaşayış evinin texniki pasportun surətindən görünür ki, Şamaxı rayonu, Nova Dmitrovka kəndində 2300 kv.metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 47,4 kv.metr olan iki otaqlı yaşayış evi X15 məxsusdur. 07 yanvar 1988-ci il tarixli müqavilənin surətindən görünür ki, Şamaxı rayonu, Nova Dmitrovka kəndində yaşayan X26 0,23 sot olan torpaq sahəsində yerləşən kubik daşından tikilmiş üstü qara dəmir taxta materialdan. ümumi yararlı sahəsi 52 kv.metr olan yaşayış evini İddiaçı 6235 manata satmışdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Qurdtəpə kənd İƏD üzrə nümayəndiliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 xx.xx.1970-ci ildə Şamaxı rayonu, Qurdtəpə kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. Qurdtəpə kənd İƏD üzrə nümayəndiliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Şamaxı rayonu, Qurdtəpə kənd İƏD üzrə nümayəndiliyinin 01 saylı ev təsərüfatlarının uçotu kitabında şəxsi hesab 70, səhifə 83-də 1970-ci ildə mişar daşından inşa edilmiş ümumi sahəsi 110 km, həyətyanı sahəsi 0,12 ha olan özünə məxsus yaşayış evi vardır və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. İş materiallarına əlavə edilmiş aktdan görünür ki, Cavabdeh2 2001-ci ilin noyabr ayında Şamaxı rayonu, Qurdtəpə kəndində hal-hazırda yaşadığı evi X5 pul müqabilində almışdır. Şamaxı rayonu, Qurdtəpə kənd sakinləri imzaları ilə şahidlik etmişlər: X2, X36, X13, X3, X1, X33, X16, X17, X27, X22, X9, X6, X10, X28, X18, X29, X30, X23, X43, X50, X34, X4. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək göstərdi ki, qardaşı X24 onun etibarından sui-istifadə edərək xüsusi mülkiyyətində olan yaşayış evini əvvəldən onun razılığını almadan, ona məlumat vermədən 2001-ci ildə faktiki surətdə cavabdehə 1000 ABŞ dollarına satmışdır. Cavabdeh satın almış olduğu yaşayış evi yararsız olduğu üçün sonrada həmin evi tamamilə söküb, yerində başqa bir yeni yaşayış evi tikmiş və əsaslı təmir edərək ailə üzvləri ilə birlikdə neçə illərdir ki, orada yaşayırlar. Hazırda onun tələb etdiyi ümumi sahəsi 47,4 kv.metr olan yaşayış evi mövcud deyildir. Həmin ünvanda yalnız cavabdehin öz vəsaiti hesabına tikdirdiyi yaşayış evi vardır ki, həmin evin ona heç bir aidiyyatı yoxdur. Hazırkı vəziyyətdə cavabdehlərin öz tikdirdikləri yaşayış evindən çıxarılmasını istəmir və buna heç bir vaxt razı ola bilməz. Həm onu, həm də cavabdehi aldadıb, qanunsuz və özbaşına hərəkətləri ilə onları ağır duruma salaraq maddi vəziyyətlərini ağırlaşdıran qardaşı X11 əməllərində cinayət tərkibi olduğuna görə barəsində xüsusi qərardad çıxarılaraq Respublika Prokurorluğuna göndərilməsini xahiş etdi. İşin faktiki halları ilə müəyyən olur ki, iddiaçının mübahisələndirdiyi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi daçınmaz əmlak olaraq dövlət qeydiyyatına alınmamışdır. Mübahisə predmeti olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin konturları, döngə nöqtələri və qonşularla sərhədi özündə əks etdirən texniki pasportu yoxdur. Cavabdeh2 2001-ci ilin noyabr ayında Şamaxı rayonu, Qurdtəpə kəndində ümumi sahəsi 47,4 kv.metr olan iki otaqlı yaşayıv evini faktiki olaraq X5 1000 ABŞ dollarına satın almışdır. Cavabdeh satın almış olduğu yaşayış evi yararsız olduğu üçün sonradan həmin evi tamamilə söküb, yerində başqa bir yeni yaşayış evi tikmiş və əsaslı təmir edərək ailə üzvləri ilə birlikdə neçə illərdir ki, orada yaşayır. İddiaçının tələb etdiyi ümumi sahəsi 47,4 kv.metr olan yaşayış evi artıq mövcud deyildir. Cavabdehlər 20 ildən artıq müddətdir ki, mübahisəli ünvanda öz vəsaitləri hesabına tikdirdikləri yaşayış evində yaşamış, habelə bu yaşayış sahəsi əsasən cavabdehlərin sahibliyində və istifadəsində olmuşdur. İddiaçı cavabdehlərin öz tikdirdikləri yaşayış evindən çıxarılmasını istəmir. İddiaçının hazırda tələbi tərəflər arasındakı mübahisə üzrə qanunsuz və özbaşına hərəkətləri ilə onu ağır duruma salaraq maddi vəziyyətini ağırlaşdıran X11 əməllərində cinayət tərkibi olduğuna görə barəsində xüsusi qərardad çıxarılaraq Respublika Prokurorluğuna göndərilməsindən ibarətdir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-nin 425-ci maddəsi). Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (MM-nin 5.3-cü maddəsi). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (MM-nin 16.1-ci maddəsi). “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Qərarda həmçinin göstərilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri) Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edərək qeyd etmişdir ki, daşınmaz əşyaların alqısatqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. (Konstitusiya Məhkəməsi Plenumunun "F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət" anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, cavabdehlər 20 ildən artıq müddətdir ki, mübahisəli ünvanda öz vəsaitləri hesabına tikdirdikləri yaşayış evində yaşayıb istifadə etdiklərinə görə, onların həmin yaşayış evinə sahiblik və istifadə hüquqları yaranmış və qanunvericiliyin tələbinə əsasən həmin hüquqlar müdafiə olunaraq qorunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları müqayisəli surətdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmayıb, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq düzgün tətbiq edilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(012)-214/2022 nömrəli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1553/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1553/2022
14.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver