Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1553/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı X2, Cavabdeh (son məhkəmə iclasına gəlməmişdir), mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X5 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1168/2023 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh ilə X6 arasında nikah xx.xx.2012-ci il tarixdə bağlanmışdır.
2. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə Mirəli adlı uşağı doğulmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X2 Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
4. Yasamal rayon İHB-nin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Cavabdeh (ailə üzvlərinin sayı-3) xx.xx.2011-ci il tarixdən Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil uçot siyahısına daxil edilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş imtiyazlı vətəndaş Cavabdeh Abşeron rayonu, Məhəmmədi qəsəbəsi, “Yeddi Gözəl” yaşayış kompleksində 6 saylı evin 8 saylı mənzili (ailə üzvlərinin sayı-1, xx.xx.2011-ci il tarixdən Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil uçot siyahısına daxil edilmişdir) verilmişdir.
6. xx.xx.2020-ci il tarixli akta görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014cü il tarixli 569 nömrəli Sərəncamına əsasən Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, X19 Kompleksində mənzil təqdim edilmişdir
7. "xxxx" MTK-nın 03 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Abşeron rayonu, Məmmədli kəndi, X19 Kompleksi, 6 saylı evin 8 saylı mənzilində yaşayır.
8. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1879/2023 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh iddiası təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 881 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalması qət edilmişdir (hakim Rəşad Qoşqarlı).
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi, X19 kompleksi, ev 6, mənzil 8 ünvanı üzərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixində **********49-05301-091004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
10. Yasamal Rayon İcra Hakimiyyətinin məhkəmə sorğusuna “Elektron məhkəmə” sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavab məktubunda göstərmişdir ki, Cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti Başçısı müavininin xx.xx.1993-cü il tarixli, 4/083-3 nömrəli sərəncamına əsasən üç nəfər ailə tərkibi ilə Qarabağ müharibəsi iştirakçılarının mənzil növbəsinə götürülmüşdür.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakmiyyətində xx.xx.2011-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində xx.xx.2020-ci il tarixində Nazirlik tərəfindən ünvan 2 ünvanında 8 nömrəli bir otaqlı mənzillə təmin edilmişdir. Cavabdeh mənzillə təmin olunması məqsədilə yalnız özünə dair müvafiq sənədləri, o cümlədən övladı X7 üçün aliment ödəməsi barədə icra vərəqini təqdim etmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və xx.xx.2013-cü il təvəllüdlü X4 Cavabdeh məxsus Abşeron rayonu, Məmmədli kəndi, X19 Kompleksi, 6 saylı evin 8 saylı mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli kəndi, X19 Kompleksi, 6 saylı evin 8 saylı mənzili Cavabdeh Qarabağ əlili olaraq o və övladı nəzərə alınmaqla 2020-ci ilin dekabr ayında verilmişdir və hazırda onun istifadəsindədir. Cavabdeh ilə 19 iyul 2012-ci ildə Bakı şəhəri, Yasamal rayonu Qeydiyyat Şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikah münasibətlərindən 05 iyun 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh ona və uşağına baxmadığından, qazancını ailədən gizlədərək, autizm xəstəsi olan övladının müalicə xərclərində iştirak etmədiyindən o, nikah ləğv olunmadan cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3862/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə hazırda icra olunur. O, cavabdehin rəsmi nikahlı arvadı olduğundan, xx.xx.2013-cü il təvəllüdlü X7 isə autizm xəstəsi olduğundan mübahisəli yaşayış sahəsinə ehtiyacları vardır. Cavabdeh onu və uşağını kirayədə yaşadıqları evdən 2020-ci ilin iyul ayında qovmuş, daha sonra 2020-ci ilin dekabr ayında hazırki mənzili ailəsi nəzərə alınmaqla Qarabağ əlili kimi almışdır. Onların başqa yaşayış yeri olmamasına baxmayaraq cavabdeh onu və oğlunu mənzilə buraxmamışdır. Ona görə də o, autizm xəstəsi olan övladı ilə kirayədə yaşamağa məcburdur və əlavə kirayə xərcləri ödəyir. Xəstə övladı ilə kirayədə yaşamaq qeyri-mümkündür, buna görə də tez-tez kirayə mənzillərini dəyişməli olur. Başqa mənzil və yaşayış sahəsinin alınması maddi imkanı xaricindədir. Onun və övladının həmin mənzilə hüquqları vardır. Həmin mənzil alınana qədər onlar 9 il cavabdehlə kirayələrdə yaşayaraq bu mənzilin alınmasını gözləmişlər. Onların adları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ev növbəsində qeydiyyatda olmuşdur. Lakin buna baxmayaraq cavabdeh onları bu mənzildən məhrum etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1168/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Məlahət Abbasova).
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Cavabdeh hələ Z.B.Qurbanova ilə nikaha girməmişdən öncə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüş, onların ailə münasibətlərinə 2020-ci ilin iyul ayında son qoyulmuş və həmin ilin dekabr ayında cavabdehə mübahisəli mənzil verilmişdir. Bu zaman onlar birlikdə yaşamadıqlarından Z.B.Qurbanova mübahisəli yaşayış sahəsindən onunla birlikdə hüquq və vəzifələrə malik olan şəxs statusu qazanmamışdır. Belə olan halda isə iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsindən söhbət gedə bilməz. Beləliklə, işin şərh edilən faktiki halları və göstərilən hüquq normaları əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının, mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar olmadığından iddia təmin oluna bilməz. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin 48.1, 51.1 və 68-ci maddələri, Mülki Prosessual Məcəllənin 14, 217.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı X6 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(012)-1168/2023 qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən mənzil cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı Qarabağ müharibəsi veteranı olduğu üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (sosial məqsədlə) verilmişdir. Bununla bağlı işdəki mötəbər sübutlardan görünür ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində hələ 2011-ci ildə (nikahdan öncə) növbəyə alınmış və 1 ailə üzvü göstərilməklə o, mübahisəli 1 otaqlı mənzillə təmin edilmişdir. Həyat yoldaşı mənzil üçün müraciət etdikdən sonra növbə gözlədikləri uzun bir müddət ərzində, həmin vaxtlarda evli olmuşlar və bir övladları doğulmuşdur. Mənzil verilən zaman da evli olmuşlar, hal-hazırda evlidirlər. Məhkəmə qətnaməsini onunla əsaslandırır ki, işin şərh edilən faktiki halları və göstərilən hüquq normaları əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının, mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar olmadığından iddia təmin oluna bilməz. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən özünün belə qətnamədə əsaslandırdığı halı nəzərə almamışdır. Hansı ki, ev verilərkən deyildiyi kimi ailə üzvləri nəzərə alınırsa və s.. Bəs nə üçün şəxsin ailə vəziyyətinə baxılanda onun evli olduğu bilindiyi halda, bir övladı olduğu halda nə üçün sanki ailə üzvü yoxuymuş kimi ona mənzil verilmişdir. Məhkəmənin də qeyd etdiyi normada deyildiyi kimi o və oğlu həmin sosial kirayə müqaviləsində göstərilməli idilər və kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İllərlə övladı ilə bərabər gözlədiyi mənzillə təmin olunub və o həmin mənzildə yaşaya bilmir. Belə olan halda cavabdehin ailəsi olaraq o və xəstə övladı harada yaşamalıdır. Onlar mənzil növbəsində olduqları vaxtlarda bir yaşamışlar. İmtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tələb olunan sənədlər qismində ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri, mənzil növbəsində olma haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti, ailə vəziyyəti ilə bağlı digər sənədlər qeyd olunmuşdur. Tələb edilən sənədlərdən də göründüyü kimi müvafiq dövlət orqanlarının Cavabdeh evli olmasını, övladının olmasını bilməməsi ehtimalı olmamışdır. Göründüyü kimi onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə məhz bu halların heç birini araşdırmamışdır, onun övladı ilə qalacaq bir yerinin olub-olmaması, yaşayış sahəsinə ehtiyacının olub-olmaması halları aydınlaşdırılmamışdır. Ədalətli məhkəmə araşdırılması aparılmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı X6 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh son məhkəmə iclasına gəlməsə də, əvvəlki məhkəmə iclaslarına gəlmiş, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1168/2023 nömrəli qətnaməsini ləğv edərək iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
29. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1879/2023 nömrəli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. İddiaçının köçürülməsini xahiş etdiyi mənzil isə cavabdehə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı Qarabağ müharibəsi veteranı olduğu üçün mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə (sosial məqsədlə) verilmişdir.
32. İddiaçının iddiasından müəyyən olunur ki, Cavabdeh X1 yaşadıqları evdən 2020-ci ilin iyul ayında qovmuşdur və onlar mənzil verilərkən birgə yaşamamışdır. Sonradan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş və yaşayış sahəsinə ehtiyacı olan Cavabdeh xx.xx.2020-ci il tarixində ünvan 2 ünvanında yerləşən 8 nömrəli bir otaqlı mənzil verilmişdir.
33. İş materiallarından aydın olur ki, Cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti Başçısı müavininin xx.xx.1993-cü il tarixli sərəncamına əsasən üç nəfər ailə tərkibi (əvvəlki nikah üzrə arvadı olmuş X12 və qızı X11) ilə Qarabağ müharibəsi iştirakçılarının mənzil növbəsinə götürülmüşdür. Hazırda iddiaçı mənzil verilərkən cavabdehlə birgə yaşamamasına baxmayaraq, mübahisəli mənzilə köçmək istəyir.
34. Belə ki, Mənzil Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.1.-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir.
35. Göründüyü kimi, qanunverici kirayəçinin ailə üzvlərinin yaşayış sahəsindən onunla birlikdə hüquq və vəzifələrə malik olması üçün iki şərti müəyyən etmişdir. Birincisi, şəxs kirayəçinin ailə üzvü omalıdır, ikincisi, kirayəçi ilə birgə yaşamalıdır.
36. Kollegiya hesab edir ki, mənzil cavabdehə təhvil verilərkən iddiaçı Cavabdehlə birgə yaşamadığından, digər tərəfdən tərəflər artıq boşandığından və iddiaçı cavabdehin ailə üzvləri sırasından da çıxdığından, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir və qətnamənin ləğvi üçün heç bir əsas yoxdur.
37. Məhkəmə araşdırmaları zamanı iddiaçının mənzilin kirayəçisi kimi cavabdehlə birlikdə həmin mənzildən istifadə etməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. İddiaçı mübahisəli əmlaka dair hər hansı hüququnun olmasına dair sübutlarını nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmunlu olmaqla iddiaçının tələbi və mülahizəsindən ibarətdir.
38. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.