Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1555/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh1 Bababverdi oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü çəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 254/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH ******* saylı çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində İddiaçı məxsus 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107,8 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış manelərin aradan qaldırılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək onların və uşaqlarının hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH ******* saylı çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107,8 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış manelərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxx 1951-ci il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuşdur. 12 sentyabr 1971-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından 5 övladı dünyaya gəlmişdir. Onlardan biri hal-hazırda cavabdeh qismindədir. Əri ilə birlikdə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107,8 kv.metr olan fərdi yaşayış evində yaşayan 10 may 1974-cü il təvəllüdlü oğlu Cavabdeh1 21 ilə yaxındır ki, onun evində yaşayır. O, Cavabdeh2 ilə evlənmiş və onların birgə nikahından övladları dünyaya gəlmişdir. Cavabdeh1 təxminən 14-15 il olar ki, onun üçün aldığı torpaq sahəsini satmışdır. Hal-hazırda yaşadığı evi onun adına keçirməyini tələb edir, halbuki o, həmin torpaq sahəsini ona ev tikməsi üçün hədiyyə etmişdir. Mübahisəli evi onun adına keçirmədiyi təqdirdə, öldürəcəyini və evi yandıracağını iddia edir. Cavabdeh1 içki düşkünüdür. Bu vərdişinin ucbatından öz evində onu rahat yaşamağa imkan vermir, dəfələrlə evdə mübahisə yaradır. Bu səbəblə 3 aya yaxındır ki, qızının evində qalır. Bir neçə dəfə Quba rayon Polis şöbəsinə şikayət ərizə ilə müraciət etmiş və dəfələrlə Alekseyevka İcra Nümayəndəliyinə bu haqda bildirmişdir. O, heç bir halda cavabdehlərlə birlikdə bu evdə yaşaya bilmir. Cavabdehlərin onun evində yaşamaqla hüquqlarını pozması səbəbindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddia əsassız olmasına baxmayaraq onun təmin edilməsi barədə qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən AR MPM-nin 14-cü maddəsinin tələblərini pozmuş, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün heç bir tədbir görməmişdir. Belə ki, Quba Rayon Məhkəməsi məhkəmə iclaslarında onların iştirakını təmin etməmiş, sübutlar təqdim etmək hüququndan məhrum etmişdir. İş materiallarına əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH ******* nömrəli çıxarışa əsasən Quba rayonu Alekseyevka kəndində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.metr sahəsi olan ev İddiaçı adına qeydə alınsa da, torpaq sahəsi atası Babaverdi Məmmədsalahovla birgə nikah dövründə əldə edilib, ona görə də torpaq və ev onların birgə nikah dövründə əldə edilən mülkiyyətləridir, sərəncam vermək hüququ isə tək İddiaçı deyil, həm də atası Babaverdi Məmmədsalahovun müstəsna hüququdur. Babaverdi Məmmədsalahov isə onların evdən çıxarılmasına qəti surətdə etiraz edir və qeyd olunan qətnamədən narazılığını öz ərizəsində bildirəcəkdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh1 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh1 əlavə etdi ki, mübahisəli ev əslində atasına məxsus olub, sadəcə sənəddə anasının adı qeyd edilmişdir. Ev onun 11 yaşı olanda, yəni 1985ci ildə atası tərəfindən tikilib. Əvvəlcə ev dövlət tərəfindən onların ailəsinə verilmiş, sonradan həmin ev sökülərək yerində hazırkı ev inşa edilmişdir. Evi usta olan atası tikmiş, o isə bu işlərdə ona kömək etmişdir. 1998-ci ildə Cavabdeh2 ilə nikaha girərək onunla bu evdə yaşamışlar. Birgə nikahdan 2 oğlu var, onlardan biri həqiqi hərbi xidmətdədir. Özləri isə 5 uşaqdırlar və uşaqlardan yalnız o, mübahisəli evdə yaşayır. Hazırda atası onlarla mübahisəli evdə, anası isə bacısının yanında yaşayır. Anasına qarşı heç vaxt pis münasibətdə olmayıb, mübahisəni törədən isə hazırda anasının birlikdə qaldığı bacısı yaradır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü çəxs X3 cavabdehlərin apelyasiya şikayətlərini müdafiə etdiyini bildirərək əlavə etdi ki, ev təkcə iddiaçı arvadına deyil, həm də ona məxsusdur. Həmin evi o, 1985-ci ildə, özü də usta olduğu üçün özü tikib. Cavabdeh oğlu Pənah həmin vaxtdan o evdə yaşayır. 1998-ci ildə oğlu Pənah Cavabdeh2 ilə nikaha girərək bu evdə yaşamağa başlamışlar. Hazırda da bu evdə yaşayırlar. Ev onun da evidir, o, mübahisəli evdən cavabdehlərin çıxarılmasına qəti razı deyildir. İstənilən evdə söz-söhbət olur. İddiaçının özü çətin adamdır, hər adamla yola gedən deyildir. Dəfələrlə ona evə qayıtmasını təklif etsə də o, özü qızıgildə qalır. Məhkəmə kəllegiyasının iclasında İddiaçı bildirdi ki, mübahisəli evin mülkiyyətçisi odur və buna görə də onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdehlər isə onun bu hüquqlarını pozduqlarından onların mübahisəli evdən çıxarılmaları barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Sonda o, şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iştirak etməməsinin üzrlü sayılmasına dair heç bir əsaslı səbəb göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işə baxılmasının qanunla müəyyən edilmiş müddətinin başa çatmasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH ******* saylı çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndindəki 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.metr yaşayış, 76,2 kv.metr köməkçi sahədən ibarətə fərdi yaşayış evi 03 aprel 2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Evə dair onun adına texniki pasport tərtib olunmuşdur. Yenə işdə olan 521 saylı, 04 may 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Quba rayonu, Alekseyevka kəndində anasına məxsus fərdi yaşayış evində yaşayır. Yenə də işdə olan İ-JQ 362545 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 10 may 1974-cü ildə Quba rayonu, Alekseyevka kəndində doğulmuşdur, atası X3, anası isə İddiaçıdır. İşə əlavə olunmuş AZ-İİ 274928 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X2 10 avqust 2018-ci ildə nikahlarını rəsmiləşdirmişlər və nikahdan sonra arvada Məmmədsalahova soyadı verilmişdir. Yenə işə əlavə olunmuş AZ-İ 771912 və 771913 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 nikahından 05.10.1999-cu ildə Vüsal, 23.03.2003-cü ildə Rəvan adlı uşaqları olmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, yeni qətnamə qəbul edilməli və İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı qaldırılmış iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, mübahisə araşdırılarkən birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual pozuntulara yol verilmişdir. İş materiallarından görünür ki, İddiaçı hazırkı tələblə 26 oktyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, həmin tarixdə məhkəmə tərəfindən iddia ərizəsi icraata götürülərək hazırlıq iclası 10 noyabr 2020-ci il tarixə təyin edilmiş, bu tarixdə məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı təmin edilməmiş, məhkəmə baxışı 24 noyabr, 04 dekabr, 25 dekabr 2020-ci il və 03 fevral 2021-ci il tarixə təyin edilmişdir. Bu tarixlərdəki məhkəmə iclasında da cavabdehlərin iştirakı yenə də təmin edilməmiş, 03 fevral 2021-ci il tarixdə isə yekun məhkəmə aktı çıxarılmışdır. AR MPM-nin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Göründüyü kimi, qüvvədə olan prosessual normalara görə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri də məhkəmə iclasında tərəflərin çəkişməsinin təmin edilməsidir və bütün hallarda məhkəmə bu prinsipi təmin etməlidir. Lakin işdən görünür ki, hazırkı mübahisə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirakı təmin edilməmişdir, yəni işə baxılarkən çəkişmə prinsipi pozulmuşdur. AR MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi hər iki cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, habelə birgə mülkiyyətin iştirakçısı olan iddiaçının ərini işə cəlb etməmiş, qeyd edilən prosessual hüquq normalarının pozulması nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir ki, bu da MPM-nin 387-ci maddəsinin tələbinə əsasən onun ləğvi üçün əsas hesab edilir. Qeyd edilən prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə iddianın təmin olunması hissəsində ləğv edilməlidir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Quba rayonu, Alekseyevka kəndində 0,12 ha torpaq sahəsində yerləşən mübahisəli ev 1985-ci ildə iddiaçını əri Babaverdi Məmmədsalahov (üçüncü şəxs) tərəfindən inşa edilmiş, lakin 03 aprel 2008ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdehlərdən Cavabdeh1 1974-cü ildə anadan olmuşdur. O isə digər Cavabdeh2 ilə 1998-ci ildə nikaha girmiş, nikahdan sonra Cavabdeh2 bu evə gəlin köçmüşdür. İşin bu halları məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən də təsdiq edilmişdir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunduğu kimi, tərəflər arasında mübahisəli evə dair hüquq münasibətləri 01.09.2000-ci ilədək yarandığından məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə məhz 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Yenə həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Eyni Məcəllənin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin tədqiq olunan faktiki hallarına və istinad olunan hüquq normalarına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evindən istifadə hüquqları vardır. 2008-ci ildə mübahisəli evin mülkiyyət hüququnun iddiaçının adına qeydə alınması cavabdehlərin həmin evdən istifadə hüquqlarının itirilməsi üçün əsas kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 mübahisəli ev inşa ediləndən (1985-ci ildən), digər Cavabdeh2 isə nikaha girəndən (1998-ci ildən) fasiləsiz olaraq mübahisəli evdə yaşayırlar, daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməmişlər. Hazırda isə onların istifadə hüquqları olan yaşayış sahəsindən məhrum edilmələri qanunsuzdur. Evin hazırkı mülkiyyətçisi kimi İddiaçı yalnız kompensasiya ödəməklə onların bu hüququna xitam verə bilər. Hazırkı halda isə cavabdehlərə heç bir kompensasiya ödənilmədən onların bu evdən çıxarılmaları yuxarıda qeyd olunan normaların tələbinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə ziddir. Belə ki, həmin maddənin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli evin 2008ci ildən mülkiyyətçisi olmasına əsaslanması və buna görə də cavabdehlərin oradan çıxarılmalı olması barədə dəlili əsassızdır və bu hal, oradan istifadə hüququna malik olan Cavabdeh1 və Cavabdeh2 hüquqlarının pozulması, o cümlədən İddiaçı öz hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır (Mülki Məcəllənin 560-cı maddəsi). Digər tərəfdən, qeyd edildiyi kimi, mübahisəli ev İddiaçı ilə B.M.Məmmədsalahovun birgə nikahda olduqları zaman inşa edilmişdir və deməli, həmin ev onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyasının iclasında isə B.Məmmədsalahov hər iki cavabdehin mübahisəli evdən çıxarılmalarına qəti etirazını bildirmişdir. Bununla belə, məhkəmə kollegiyası izah edir ki, evin mülkiyyətçisi olaraq İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində hüquqlarının pozulması halında həm hüquq mühafizə orqanlarına, həm də məhkəməyə (evə köçürülmə tələbilə) müraciət etmək hüququ mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi olaraq İddiaçı cavabdehlərin ona məxsus yaşayış sahəsindən çıxarılmaları barədə iddiası əsassızdır və təmin edilə bilməz. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişlər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 və Cavabdeh2 qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunsun. İş üzrə bu hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh1 və Cavabdeh2 qaytarılsın Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1555/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1555/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver