Məhkəmə qərarları › İş №2(105)-1559/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1559/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1559/2025 27.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(012)-881/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müqavilə üzrə yaranan öhdəliyi icra etməməyə görə yaranan 29000 manat məbləğində borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq bir il müddətində göstərilən məbləğin 7% olmaqla 5 il müddətində yaranmış 10150 manat miqdarında faiz borcunun və ödənilmiş 184 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı vəkili-nümayəndəsi X6 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müqavilə üzrə öhdəliyi icra etməməyə görə yaranan 151700 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı vəkili-nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək, işin məhkəmədə obyektiv araşdırılması, həqiqətin müəyyən edilməsi və gələcəkdə iş üzrə obyektiv qərar qəbul edilməsi üçün Cavabdeh2 ikinci cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 05 saylı “İcarə Müqaviləsinin” şərtlərinə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 178,5 kv.m torpaq sahəsi Cavabdeh1 icarəyə verilmişdir, lakin bu hüquq notarius orqanı tərəfindən qeydiyyatdan keçməmişdir. Sonradan, yəni 22 yanvar 2019-cu il tarixdə isə Sumqayıt şəhərindəyerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4 saylı notariat ofisində Cavabdeh1 ilə (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) İddiaçı arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 82 kv.m hissəsi iddiaçıya satılmışdır. İddiaçı aldığı torpaq sahəsi üçün satıcı Cavabdeh1 7000 manat nağd pul, sonradan daha 6000 manat nağd pul və həmin vaxt üçün dəyəri 16000 manat olan “Mazda Pikap” markalı avtomobil vermişdir. Beləliklə də müqaviləyə görə iddiaçı Cavabdeh1 aldığı torpaq sahəsi üçün ümumilikdə, Cavabdeh1 29000 manat dəyərində ödəniş etmişdir. 22 yanvar 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin 3-cü bəndinə əsasən 22 may 2019-cu il tarixə qədər Cavabdeh1 ilə İddiaçı arasında əsas müqavilə bağlanmalı idi. Lakin bu günə qədər Cavabdeh1 iddiaçı ilə əsas müqaviləni bağlamaqdan imtina etmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq bu illər ərzində Cavabdeh1 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) heç bir reaksiya verməmiş, nə ödədiyi pulu geri qaytarmış, nə də müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək satdığı torpağı iddiaçıya verməmişdir. Sonradan Cavabdeh1 öz öhdəliyinə əməl etməyərək iddiaçıya satılmış torpağı iddiaçının adına keçirməkdən imtina etmiş, dəfələrlə müraciət edilsə də müxtəlif bəhanələrlə yayınaraq, aldığı hissəni iddiaçıya verməmişdir ki, bununla da iddiaçıya xeyli maddi ziyan vurmuşdur. Hazırda iddiaçının Cavabdeh1 2019-cu il tarixdə aldığı torpaq sahəsinin bu günki dəyəri mövcud bazar qiyməti ilə, “X9 Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ekspert rəyinə əsasən 151700 manat təşkil edir ki, bu məbləğ də qanunvericiliyə əsasən iddiaçı üçün əldən çıxmış faydanı təşkil edir. Cavabdeh1 təqsiri üzündən, iddiaçıya satılmış olan torpaq sahəsinin vaxtında iddiaçının adına keçirməməsi, tərəflər arasında bağlanmış müqavilə üzrə öz öhdəliyini icra etməməsi üzündən iddiaçı bu günki gündə 151700 manat faydanı itirmişdir. Cavabdeh1 müqavilə üzrə yaranmış öz öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 iddiaçıya olan borcu aralarında bağlanmış müqavilə üzrə öz öhdəliyini icra etməməsi üzündən yaranmışdır. Bildirir ki, mübahisənin yaranmasına əsas olmuş torpaq sahəsi Cavabdeh1 məxsus olsa da həmin torpaq sahəsi üzrə bütün əməliyyatlar etibarnamə üzrə onun həyat yoldaşı olan digər Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Bundan əlavə alınmış torpağın dəyəri kimi Cavabdeh1 ödənilmiş məbləğin bir hissəsi, yəni 16000 manatlıq hissəsi kimi satıcıya həmin vaxt üçün dəyəri 16000 manat olan “Mazda Pikap” markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobili verilmişdir. Torpağın əvəzində verilmiş “Mazda Pikap” markalı avtomobil əslində İddiaçı məxsus olsa da onun tanışı X8 istifadəsində olmuşdur. Belə ki, iddiaçı boşanma mərhələsində olduğundan ona məxsus “Mazda Pikap” markalı avtomobili dostu Şahin Ağayevə etibarnamə əsasında vermişdir. Avtomobil rəsmi qaydada Vüqar Baxşəliyevdən alınaraq Şahin Ağayevə verilmişdir, iddiaçı bu maşını 14000 manat müqabilində ilkin alıcıdan alaraq Şahin Ağayevin adına almışdır. Daha sonra avtomobili Şahin Ağayev digər Cavabdeh2 vermişdir. İş materiallarında olan sənədlər əsasında iddiaçı tərəfindən cavabdehlərə ilk olaraq 7000 manat məbləğində pul ödənilməsi faktı öz təsdiqini tapmışdır. Cavabdeh2 özü 2024-cü ildə 6000 manat məbləğində pulu İddiaçı aldığını etiraf etsə də məhkəmə iclaslarına gəlmir. Mübahisə predmeti olan 82 kv.metr olan qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin içində kafe vardır və iddiaçı həmin kafeni işlətmişdir.

5. Cavabdeh1 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının öz ərizəsində qeyd etdiyi pul məbləği şişirtmədir. Bildirir ki, ilkin müqavilədə iddiaçının 6000 manat ödəniş etdiyi göstərilsə də bu yalan məlumatdır. Belə ki, iddiaçı 6000 manat məbləğindəki pul vəsaitini ümumiyyətlə ödəməmişdir. Bununla bağlı müəyyən sübutlar da mövcuddur. İddia ərizəsində qeyd olunan avtomobil isə 2019-cu ilin avqust ayında ona verilmişdir. Onu da qeyd edir ki, həmin avtomobil iddiaçının mülkiyyətində olmamışdır. Sözügedən avtomobil başqa şəxsin mülkiyyətində olmuş və onun həyat yoldaşı avtomobilin mülkiyyətçisinə avtomobilin dəyərini ödəməklə almış, sonradan başqa şəxsə satılmışdır. Lakin iddiaçının qeyd etdiyinin əksinə həmin avtomobilin dəyəri tərəflərindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə toklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi ilkin müqavilədə göstərilən müddət çoxdan bitmişdir. İddiaçı tərəfindən isə heç bir təklif göndərilməmişdir. Bu səbəblə də ilkin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. İlkin müqavilənin bağlanmasında bu günə qədər 6 ilə yaxın vaxt keçmişdir. Bu səbəblə də iddia tələbini tamamilə əsassız hesab edirlər. Həmçinin iddiaçının öz ərizəsində göstərmiş olduğu məbləğin şişirtmə olduğunu hesab edirlər. Beləliklə, hesab edirlər ki, qanunvericilikdə nəzərdə tutulmuş müddəalara əsasən iddia tələbi əsassız olduğundan iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmalıdır.

7. Şahid qismində cəlb edilmiş X13 ifadəsində bildirdi ki, İddiaçı ilə bir məktəbdə oxumuş və sonrakı illərdə də aralarındakı münasibətlər davam etmişdir. “Mazda Pikap” markalı avtomobil əvvəllər iddiaçının mülkiyyətində olsa da sonradan onun adına qeydiyyata alınmışdır. Onunla İddiaçı bir-birlərinə etibarları vardır, bu səbəbdən iddiaçının maşınını öz adına keçirərkən pul almamışdır. O, sözügedən maşını digər cavabdeh olan Cavabdeh2 vermişdir və təxmin edir ki, maşın hazırda Cavabdeh2 adına olmalıdır. Onda olan məlumata əsasən İddiaçı torpaq sahəsinin əvəzinə Cavabdeh2 həmin avtomobili vermişdir.

8. Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh1 (onun əvəzinə nümayəndəsi Cavabdeh2) ilə İddiaçı arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli, 3M- 62 reyestr nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 (Birinci tərəf-satıcı) Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 05 №-li torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh1 icarəsində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 178.5 kv.m torpaq sahəsindən 82 kv.m hissəsini bu günə razılaşdıqları məbləğə, yəni 13000 manata İddiaçı (alıcıya) satmağı öhdəsinə götürmüş, qalan 96.5 kv.m ha torpaq sahəsinin Cavabdeh1 icarəsində qalması ilə bağlı razılığa gəlinmişdir. Həmçinin müqavilədə müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququnun onun barəsində müqavilənin bağlandığı gündən əmələ gəldiyi, əsas müqavilənin bağlanmasının xx.xx.2019-cu il tarixədək başa çatdırılmalı olduğu, əgər tərəflərdən hər hansı biri üzrə götürdüyü öhdəliyi yerinə yetirməzsə, müqavilənin bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərclərin və dəymiş zərəri qarşı tərəfə tam olaraq ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Bundan əlavə İddiaçı (alıcı) daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 13000 manatdan 7000 manatı halhazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASS Sumqayıt 8 saylı filialı vasitəsi ilə Cavabdeh1 (satıcıya) tam olaraq ödəmiş və yerdə qalan 6000 manatı 4 ay müddətində Cavabdeh1 (satıcıya) ödəməyi öhdəsinə götürmüş, Cavabdeh1 (satıcı) isə AR DƏDRX-nin ərazi idarəsində torpaq sahəsini özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri, Çıxarış və Forma-1 arayışı aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür.

9. Cavabdeh2 tərəfindən əlyazma ilə yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 müqavilə üzrə ona verilməli olan 6000 manat məbləğində pulu İddiaçı almış, həmin faktı öz imzası ilə təsdiq etməklə yanaşı bu fakt şahid qismində iştirak etmiş X3 tərəfindən qəbzə imza edilməklə təsdiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Abşeron Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(012)-881/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranan 14750 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 43 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 144.1, 144.2, 391, 449.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 14.2, 77.1, 218.3, 217.4, 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(012)-881/2025 nömrəli qətnaməsinin təmin olunmayan hissədə ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh1 (onun nümayəndəsi Cavabdeh2) ilə İddiaçı arasında 22 yanvar 2019-cu il tarixli, 3M-62 reyestr nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh1 (satıcı) Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 05 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən onun icarəsində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 178,5 kv.m torpaq sahəsindən 82 kv.m hissəsini 13.000 manat məbləğində İddiaçı (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə tərəflər razılaşmışlar ki, qalan 96,5 kv.m torpaq sahəsi Cavabdeh1 icarəsində qalacaqdır. Müqavilədə, həmçinin, daşınmaz əmlaka sahiblik və istifadə hüququnun müqavilənin bağlandığı gündən əmələ gəldiyi, əsas müqavilənin bağlanmasının isə 22 may 2019-cu ilədək başa çatdırılmalı olduğu qeyd olunmuşdur. Müqavilə şərtlərinə əsasən, tərəflərdən biri öhdəliyini yerinə yetirməzsə, müqavilənin bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərclərin və dəymiş zərərin qarşı tərəfə tam olaraq ödənilməsini öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən, İddiaçı daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 13.000 manatdan 7.000 manatını dərhal notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC-nin Sumqayıt 8 saylı filialı vasitəsilə Cavabdeh1 tam olaraq ödəmişdir. Qalan 6.000 manat isə 4 ay müddətində Cavabdeh1 ödənilməli idi. İş materiallarına əlavə olunmuş Cavabdeh2 30 avqust 2024-cü il tarixli əlyazma qəbzindən görünür ki, o, müqavilə üzrə ona verilməli olan 6.000 manat məbləği İddiaçı nağd şəkildə almışdır. Bu fakt həm qəbzdə Cavabdeh2 imzası ilə, həm də şahid qismində iştirak etmiş X1 imzası ilə təsdiq edilmişdir. Bundan əlavə, tərəflərin şifahi razılığı əsasında İddiaçı müqavilə çərçivəsində əlavə olaraq 16.000 manat dəyərində “Mazda Pikap” markalı avtomobil də vermişdir ki, bu da müqavilənin ümumi dəyərinin faktiki olaraq 29.000 manata çatdığını sübut edir. Müqavilənin şərtlərinə əsasən, satıcı Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarəsində torpaq sahəsini özəlləşdirməli, hüquqmüəyyənedici sənədləri – Çıxarış və Forma-1 arayışını almalı, sonra isə əsas alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini təmin etməli idi. Lakin cavabdehlər müqavilə öhdəliklərini yerinə yetirməmiş, nəticədə iddiaçının üzləşdiyi zərər (əldən çıxmış fayda) və müqavilə üzrə çəkilmiş xərclər qarşı tərəfə ödənilməmişdir. Ekspertiza materiallarından müəyyən olunur ki, müqaviləyə əsasən iddiaçının öz mülkiyyətinə almalı olduğu 82 kv.m torpaq sahəsinin 2025-ci ilə olan bazar qiyməti 151.700 manat təşkil edir. Bu, iddiaçının müqavilənin icra olunmaması nəticəsində əldə edə bilmədiyi faydanı və faktiki zərərini aydın şəkildə sübut edir. Məhkəmə isə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, cavabdehlərin müqavilə şərtlərini kobud şəkildə pozmasına baxmayaraq, yalnız müqavilədə göstərilən ilkin məbləğ – 13.000 manat həddində qiymətləndirmə aparmış, beləliklə, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

16. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(012)-881/2025 nömrəli qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 (onun əvəzinə nümayəndəsi olan digər Cavabdeh2) arasında 22 yanvar 2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 05 №-li torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh1 icarəsində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 178.5 kv.m torpaq sahəsindən 82 kv.m hissəsinin İddiaçı 13000 manata satılması barədə razılığa gəlmiş, alıcı İddiaçı daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 13000 manatdan 7000 manatı tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı filialı vasitəsi ilə satıcı Cavabdeh1 tam olaraq ödəmiş və yerdə qalan 6000 manatı 4 ay müddətində satıcı Cavabdeh1 ödəməyi öhdəsinə götürmüş, satıcı Cavabdeh1 isə DƏDRX-nin ərazi idarəsində torpaq sahəsi özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri, Çıxarış və Forma-1 arayışı aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 (onun əvəzinə nümayəndəsi olan digər Cavabdeh2) arasında bağlanmış sözügedən müqavilə xarakter etibarı ilə ilkin alqı-satqı müqaviləsi olmuş və sözügedən müqavilədə Cavabdeh1 icarəsində olan torpaq sahəsini AR DƏDRX-nin ərazi idarəsində özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri, Çıxarış və Forma-1 arayışı aldıqdan sonra müqavilənin rəsmiləşdiriləcəyi qeyd edilmişdir. Buradan aydın olur ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sərəncam hüququnun sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiq edilməsi nəzərdə tutulmuş, Cavabdeh1 isə üzərində sərəncam hüququna malik olmadığı torpaq sahəsi ilə bağlı gələcək əmlak barəsində müqavilə bağlamışdır ki, həmin əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinə əsasən etibarsız olmuşdur. Məhkəmə hesab etmişdir ki, ilkin alqı-satqı müqaviləsi ilə bağlı tərəflər arasında yaranmış münasibətlər əhəmiyyətsiz əqd olduğundan cavabdehlərin əsassız varlanmasına səbəb olmuşdur.

24. Məhkəmə hesab etmişdir ki, ilkin müqavilə üzrə alınmış 7000 manatı cavabdehlər iddiaçının pul vəsaitini qanunsuz saxladığına görə həmin məbləğdən faizlər alınaraq iddiaçıya verilməli, sonradan sadə yazılı formada yazılmış qəbz ilə alınmış 6000 manat isə qısa müddət ərzində olduğundan məhkəmə həmin məbləğdən faizlərin tutulmasını mümkün hesab etməmişdir.

25. İlkin alqı-satqı müqaviləsi 22 yanvar 2019-cu il tarixdə bağlanmış, həmin tarixdə cavabdehlərə 7000 manat məbləğində pul verilmiş və beləliklə, cavabdehlər 5 il müddətində özgəsinin pul vəsaitini qanunsuz olaraq saxlamışdırlar. Ona görə də məhkəmə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesab etmişdir ki, illik 350 manat olmaqla 5 ilə 1750 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir.

26. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz iddia tələbinin əsaslılığını sübut etməli olduğu halda bunu tam sübut edə bilməmiş, 16000 manat dəyərində olan “Mazda Pikap” markalı avtomobilin verilməsi və 13000 manatdan əlavə digər pulların verilməsi ilə bağlı hər hansı mötəbər hala istinad etməmiş və sübutlar təqdim etməmişdir. Digər tərəfdən tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsiz olduğundan mübahisə predmeti olan əmlakın hansı məbləğdə qiymətləndirilməsi iş üçün əhəmiyyət kəsb etmədiyindən məhkəmə həmin xüsusatı sübut kimi qəbul etməmişdir.

27. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 14750 manat tutularaq İddiaçı ödənilməlidir (7000 manat + 6000 manat + 1750 manat = 14750 manat).

28. Qətnamə ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.

29. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsas etibarı ilə iddia tələbinin əsasları ilə eyni olmala birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilləri üzrə hərtərəfli araşdırma aparılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.

30. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

31. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, e-2(012)-881/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar