Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-881/2025 04.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilə üzrə yaranan öhdəliyi icra etməməyə görə yaranan borcun tutulması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müqavilə üzrə yaranan öhdəliyi icra etməməyə görə yaranan 29000 manat məbləğində borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq bir il müddətində göstərilən məbləğin 7% olmaqla, 5 il müddətində yaranmış 10150 manat miqdarında faiz borcunun və ödənilmiş 184 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 müqavilə üzrə yaranan öhdəliyi icra etməməyə görə yaranan 151700 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, işin məhkəmədə obyektiv araşdırılması, həqiqətin müəyyən edilməsi və gələcəkdə iş üzrə obyektiv qərar qəbul edilməsi üçün Cavabdeh2 ikinci cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 21 yanvar 2019-cu il tarixli, 05 saylı “İcarə Müqaviləsinin” şərtlərinə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 178,5 kv.m torpaq sahəsi Cavabdeh1 icarəyə verilmişdir, lakin bu hüquq notarius orqanı tərəfindən qeydiyyatdan keçməmişdir. Sonradan, yəni 22 yanvar 2019-cu il tarixdə isə Sumqayıt şəhərində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4 saylı notariat ofisində Cavabdeh1 ilə (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) İddiaçı arasında bağlanmış ilkin alqısatqı müqaviləsinə əsasən həmin torpaq sahəsinin 82 kv.m hissəsi iddiaçıya satılmışdır. İddiaçı aldığı torpaq sahəsi üçün satıcı Cavabdeh1 7000 manat nağd pul, sonradan daha 6000 manat nağd pul və həmin vaxt üçün dəyəri 16000 manat olan “Mazda Pikap” markalı avtomobil vermişdir. Beləliklə də müqaviləyə görə iddiaçı Cavabdeh1 aldığı torpaq sahəsi üçün ümumilikdə, Cavabdeh1 29000 manat dəyərində ödəniş etmişdir. 22 yanvar 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsinin 3cü bəndinə əsasən 22 may 2019-cu il tarixə qədər Cavabdeh1 ilə İddiaçı arasında əsas müqavilə bağlanmalı idi. Lakin bu günə qədər Cavabdeh1 iddiaçı ilə əsas müqaviləni bağlamaqdan imtina etmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq bu illər ərzində Cavabdeh1 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) heç bir reaksiya verməmiş, nə ödədiyi pulu geri qaytarmış, nə də müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək satdığı torpağı iddiaçıya verməmişdir. Sonradan Cavabdeh1 öz öhdəliyinə əməl etməyərək iddiaçıya satılmış torpağı iddiaçının adına keçirməkdən imtina etmiş, dəfələrlə müraciət edilsə də müxtəlif bəhanələrlə yayınaraq, aldığı hissəni iddiaçıya verməmişdir ki, bununla da iddiaçıya xeyli maddi ziyan vurmuşdur. Hazırda iddiaçının Cavabdeh1 2019-cu il tarixdə aldığı torpaq sahəsinin bu günki dəyəri mövcud bazar qiyməti ilə, “X5 Ekspertiza Mərkəzi” tərəfindən verilmiş ekspert rəyinə əsasən 151700 manat təşkil edir ki, bu məbləğ də qanunvericiliyə əsasən iddiaçı üçün əldən çıxmış faydanı təşkil edir. Cavabdeh1 təqsiri üzündən, iddiaçıya satılmış olan torpaq sahəsinin vaxtında iddiaçının adına keçirməməsi, tərəflər arasında bağlanmış müqavilə üzrə öz öhdəliyini icra etməməsi üzündən iddiaçı bu günki gündə 151700 manat faydanı itirmişdir. Cavabdeh1 müqavilə üzrə yaranmış öz öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 iddiaçıya olan borcu aralarında bağlanmış müqavilə üzrə öz öhdəliyini icra etməməsi üzündən yaranmışdır. Bildirir ki, mübahisənin yaranmasına əsas olmuş torpaq sahəsi Cavabdeh1 məxsus olsa da həmin torpaq sahəsi üzrə bütün əməliyyatlar etibarnamə üzrə onun həyat yoldaşı olan digər Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Bundan əlavə alınmış torpağın dəyəri kimi Cavabdeh1 ödənilmiş məbləğin bir hissəsi, yəni 16000 manatlıq hissəsi kimi satıcıya həmin vaxt üçün dəyəri 16000 manat olan “Mazda Pikap” markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobili verilmişdir. Torpağın əvəzində verilmiş “Mazda Pikap” markalı avtomobil əslində İddiaçı məxsus olsa da onun tanışı X4 istifadəsində olmuşdur. Belə ki, iddiaçı boşanma mərhələsində olduğundan ona məxsus “Mazda Pikap” markalı avtomobili dostu Şahin Ağayevə etibarnamə əsasında vermişdir. Avtomobil rəsmi qaydada Vüqar Baxşəliyevdən alınaraq Şahin Ağayevə verilmişdir, iddiaçı bu maşını 14000 manat müqabilində ilkin alıcıdan alaraq Şahin Ağayevin adına almışdır. Daha sonra avtomobili Şahin Ağayev digər Cavabdeh2 vermişdir. İş materiallarında olan sənədlər əsasında iddiaçı tərəfindən cavabdehlərə ilk olaraq 7000 manat məbləğində pul ödənilməsi faktı öz təsdiqini tapmışdır. Cavabdeh2 özü 2024-cü ildə 6000 manat məbləğində pulu İddiaçı aldığını etiraf etsə də məhkəmə iclaslarına gəlmir. Mübahisə predmeti olan 82 kv.metr olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin içində kafe vardır və iddiaçı həmin kafeni işlətmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının öz ərizəsində qeyd etdiyi pul məbləği şişirtmədir. Bildirir ki, ilkin müqavilədə iddiaçının 6000 manat ödəniş etdiyi göstərilsə də bu yalan məlumatdır. Belə ki, iddiaçı 6000 manat məbləğindəki pul vəsaitini, ümumiyyətlə, ödəməmişdir. Bununla bağlı müəyyən sübutlar da mövcuddur. İddia ərizəsində qeyd olunan avtomobil isə 2019-cu ilin avqust ayında ona verilmişdir. Onu da qeyd edir ki, həmin avtomobil iddiaçının mülkiyyətində olmamışdır. Sözügedən avtomobil başqa şəxsin mülkiyyətində olmuş və onun həyat yoldaşı avtomobilin mülkiyyətçisinə avtomobilin dəyərini ödəməklə almış, sonradan başqa şəxsə satılmışdır. Lakin iddiaçının qeyd etdiyinin əksinə həmin avtomobilin dəyəri tərəflərindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə toklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi ilkin müqavilədə göstərilən müddət çoxdan bitmişdir. İddiaçı tərəfindən isə heç bir təklif göndərilməmişdir. Bu səbəblə də ilkin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. İlkin müqavilənin bağlanmasında bu günə qədər 6 ilə yaxın vaxt keçmişdir. Bu səbəblə də iddia tələbini tamamilə əsassız hesab edirlər. Həmçinin iddiaçının öz ərizəsində göstərmiş olduğu məbləğin şişirtmə olduğunu hesab edirlər. Beləliklə hesab edirlər ki, qanunvericilikdə nəzərdə tutulmuş müddəalara əsasən iddia tələbi əsassız olduğundan iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmalıdır. Odur ki, göstərilənlərə əsasən o, iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iş üzrə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 ifadəsində bildirdi ki, İddiaçı ilə bir məktəbdə oxumuş və sonrakı illərdə də aralarındakı münasibətlər davam etmişdir. “Mazda Pikap” markalı avtomobil əvvəllər iddiaçının mülkiyyətində olsa da sonradan onun adına qeydiyyata alınmışdır. Onunla İddiaçı bir-birlərinə etibarları vardır, bu səbəbdən iddiaçının maşınını öz adına keçirərkən pul almamışdır. O, sözügedən maşını digər cavabdeh olan Cavabdeh2 vermişdir və təxmin edir ki, maşın hazırda Cavabdeh2 adına olmalıdır. Onda olan məlumata əsasən İddiaçı torpaq sahəsinin əvəzinə Cavabdeh2 həmin avtomobili vermişdir. İş materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh1 (onun əvəzinə nümayəndəsi Cavabdeh2) ilə İddiaçı arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli, 3M-62 reyestr nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 (Birinci tərəf-satıcı) Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 05 №-li torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh1 icarəsində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 178.5 kv.m torpaq sahəsindən 82 kv.m hissəsini bu günə razılaşdıqları məbləğə, yəni 13000 manata İddiaçı (alıcıya) satmağı öhdəsinə götürmüş, qalan 96.5 kv.m ha torpaq sahəsinin Cavabdeh1 icarəsində qalması ilə bağlı razılığa gəlinmişdir. Həmçinin müqavilədə müqavilənin predmeti olan daşınmaz əmlaka sahiblik və istifadə hüququnun onun barəsində müqavilənin bağlandığı gündən əmələ gəldiyi, əsas müqavilənin bağlanmasının xx.xx.2019-cu il tarixədək başa çatdırılmalı olduğu, əgər tərəflərdən hər hansı biri üzrə götürdüyü öhdəliyi yerinə yetirməzsə, müqavilənin bağlanması və rəsmiləşdirilməsi üçün çəkilmiş xərclərin və dəymiş zərəri qarşı tərəfə tam olaraq ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. Bundan əlavə İddiaçı (alıcı) daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 13000 manatdan 7000 manatı hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq «MUGANBANK» АSС Sumqayıt 8 saylı filialı vasitəsi ilə Cavabdeh1 (satıcıya) tam olaraq ödəmiş və yerdə qalan 6000 manatı 4 ay müddətində Cavabdeh1 (satıcıya) ödəməyi öhdəsinə götürmüş, Cavabdeh1 (satıcı) isə AR DƏDRX-nin ərazi idarəsində torpaq sahəsini özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri, Çıxarış və Forma-1 arayışı aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 tərəfindən əlyazma ilə yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 müqavilə üzrə ona verilməli olan 6000 manat məbləğində pulu İddiaçı almış, həmin faktı öz imzası ilə təsdiq etməklə yanaşı bu fakt şahid qismində iştirak etmiş X2 tərəfindən qəbzə imza edilməklə təsdiq edilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 (onun əvəzinə nümayəndəsi olan digər Cavabdeh2) arasında 22 yanvar 2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 05 №-li torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh1 icarəsində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 178.5 kv.m torpaq sahəsindən 82 kv.m hissəsinin İddiaçı 13000 manata satılması barədə razılığa gəlmiş, alıcı İddiaçı daşınmaz əmlakın razılaşdırılmış satış qiyməti olan 13000 manatdan 7000 manatı tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq «MUGANBANK» АSС Sumqayıt 8 saylı filialı vasitəsi ilə satıcı Cavabdeh1 tam olaraq ödəmiş və yerdə qalan 6000 manatı 4 ay müddətində satıcı Cavabdeh1 ödəməyi öhdəsinə götürmüş, satıcı Cavabdeh1 isə AR DƏDRX-nin ərazi idarəsində torpaq sahəsini özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri, Çıxarış və Forma-1 arayışı aldıqdan sonra müqavilənin rəsmiləşdirilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh1 (onun əvəzinə nümayəndəsi olan digər Cavabdeh2) arasında bağlanmış sözügedən müqavilə xarakter etibarı ilə ilkin alqı-satqı müqaviləsi olmuş və sözügedən müqavilədə Cavabdeh1 icarəsində olan torpaq sahəsini AR DƏDRX-nin ərazi idarəsində özəlləşdirildikdən, hüquqmüəyyənedici sənədləri, Çıxarış və Forma-1 arayışı aldıqdan sonra müqavilənin rəsmiləşdiriləcəyi qeyd edilmişdir. Buradan aydın olur ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sərəncam hüququnun sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiq edilməsi nəzərdə tutulmuş, Cavabdeh1 isə üzərində sərəncam hüququna malik olmadığı torpaq sahəsi ilə bağlı gələcək əmlak barəsində müqavilə bağlamışdır ki, həmin əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinə əsasən etibarsız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci maddəsinə əsasən tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrıayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Beləliklə işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 391-ci, 449.1-ci, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin alqı-satqı müqaviləsi ilə bağlı tərəflər arasında yaranmış münasibətlər əhəmiyyətsiz əqd olduğundan cavabdehlərin əsassız varlanmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ilkin müqavilə üzrə alınmış 7000 manatı cavabdehlər iddiaçının pul vəsaitini qanunsuz saxladığına görə həmin məbləğdən faizlər alınaraq iddiaçıya verilməli, sonradan sadə yazılı formada yazılmış qəbz ilə alınmış 6000 manat isə qısa müddət ərzində olduğundan məhkəmə həmin məbləğdən faizlərin tutulmasını mümkün hesab etməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İşin faktiki hallarından görünür ki, ilkin alqı-satqı müqaviləsi 22 yanvar 2019-cu il tarixdə bağlanmış, həmin tarixdə cavabdehlərə 7000 manat məbləğində pul verilmiş və beləliklə, cavabdehlər 5 il müddətində özgəsinin pul vəsaitini qanunsuz olaraq saxlamışdırlar. Ona görə də məhkəmə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən hesab edir ki, illik 350 manat olmaqla 5 ilə 1750 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddia tələbinin əsaslılığını sübut etməli olduğu halda bunu tam sübut edə bilməmiş, 16000 manat dəyərində olan “Mazda Pikap” markalı avtomobilin verilməsi və 13000 manatdan əlavə digər pulların verilməsi ilə bağlı hər hansı mötəbər hala istinad etməmiş və sübutlar təqdim etməmişdir. Halbuki sübut etmə vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərində olmuşdur. Digər tərəfdən tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsiz olduğundan mübahisə predmeti olan əmlakın hansı məbləğdə qiymətləndirilməsi iş üçün əhəmiyyət kəsb etmədiyindən məhkəmə həmin xüsusatı sübut kimi qəbul etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 14750 manat tutularaq İddiaçı ödənilməlidir (7000 manat + 6000 manat + 1750 manat = 14750 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə MPM-in 119.2-ci maddəsinə əsaslanaraq hesab edir ki,iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 43 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə yaranan öhdəliyin icra edilməməsinə görə 14750 manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 43 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-881/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-881/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver