Məhkəmə qərarları › İş №2(105)-156/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-156/2025

21.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-156/2025 21.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz regional təhsil idarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(029)-806/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Qusar rayonu Atluxan kənd tam orta məktəbin direktoru X4 ilə X3 arasında bağlanmış əmək müqaviləsinə əsasən X3 xx.xx.2012-ci il tarixdən Qusar rayonu Atluxan kənd tam orta məktəbində ibtidai sinif və ləzgi dili müəllimi vəzifəsinə təyin edilmişdir.

2. Daha sonra elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə işçinin ləzgi dili, xx.xx.2023-cü il tarixli elektron qaydada bağlanmış müqavilədə işçinin sinif müəllimi, xx.xx.2023-cü il tarixli elektron qaydada bağlanmış müqavilədə işçinin sinif müəllimi, xx.xx.2024-cü il tarixli elektron qaydada bağlanmış müqavilədə işçinin sinif müəllimi vəzifəsinə təyin edildiyi göstərilmişdir.

3. xx.xx.2024-cü il tarixli 51 saylı Məktəbəqədər və Ümumi Təhsil üzrə X11-Xaçmaz Regional Təhsil İdarəsindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma “Dövlət ümumi təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdehn ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir.

4. BB-İİ 035679 saylı diplomun surətindən görünür ki, X2 ibtidai sinif və ləzgi dili müəllimliyi üzrə diplom verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Atluxan kənd tam orta məktəbinin onun işdən azad edilməyi barədə 27 iyun 2024-cü il tarixli 51 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə onun Qusar rayonu Atluxan kənd tam orta məktəbinin ləzgi dili müəllimi vəzifəsi üzrə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, orta ixtisas təhsilli olmaqla ona ibtidai sinif müəllimi və əlavə olaraq ləzgi dili müəllimi ixtisası verilmişdir. Qeyd etdiyi ixtisasları əldə etdikdən sonra xx.xx.2006-ci il tarixdə Qusar rayonu İmamqulukənd kənd məktəbinə ləzgi dili müəllimi təyin edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə Qusar rayonu İmamqulukənd kənd orta məktəbindən azad edilərək Atluxan kənd tam orta məktəbinə ləzgi dili müəllimi təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə isə həmin məktəbdə ləzgi dili və sinif müəllimi təyin edilmişdir. Daha sonra, Qusar rayonu Atluxan kənd tam orta məktəbi ilə onun arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqavilə xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Həmin əmək müqaviləsinə əsasən onun vəzifəsi ləzgi dili müəllimi olmuşdur. 2022-2023 tədris ilində məktəbin sinif müəllimi xəstələndiyindən onu əvəzçiliklə müvəqqəti olaraq sinif müəllimi təyin etmişdir və ona 9 saat azərbaycan dilinin tədrisini həvalə etmişlər. Lakin, bununla bağlı aralarında hər hansı müqavilə bağlanmamışdır. Həmin ildə orta məktəb müəllimlərinin sertifikasiya imtahanı təyin olunmuş və onu həmin imtahana göndərmişlər. Həmin vaxt o, buna etiraz edərək sinif müəllimi deyil, ləzgi dili müəllimi olduğunu bildirsə də, ona narahat olmamağını, özünü imtahanda yoxlamağını və onun ləzgi dili müəllimi kimi işləməkdə davam edəcəyini bildirib məcburən imtahana göndərmişlər. Halbuki, qeyd etdiyi kimi onun vəzifəsi ləzgi dili müəllimi olmuş və ləzgi dili müəllimlərinin işə qəbul imtahanı, sertifikasiya imtahanı və kurrikulum nəzərdə tutulmamışdır. 2022-ci ildə keçirilən sertifıkasiya imtahanından keçməmişdir. 2024-cü ilin fevral ayının 5-də onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik olunmuş və onunla yeni əmək müqaviləsi bağlanmışdır. Lakin, həmin əmək müqaviləsindən onun xəbəri olmamış və müqaviləni o imzalamamışdır. Həmin müqaviləyə nəzər saldıqda müəyyən olunur ki, o, sinif müəllimi təyin olunmuşdur. Halbuki, o, sinif müəllimi olmamış və ona yalnız 9 saat azərbaycan dili verilmişdir. Bundan sonra 2024-cü ilin iyun ayında məktəb tərəfindən təkrar sertifikasiyaya göndərilmiş və təkrarən imtahandan keçməmiş, buna görə də, Qusar rayonu Atluxan kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 51 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Xitam verilmənin əsası kimi də məhz imtahandan keçməməyi qeyd olunmuş və o, sinif müəllimi kimi işdən azad olunmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Qusar rayonu Atluxan kənd tam orta məktəbinin ləzgi dili müəllimi olduğu halda, heç bir əsas olmadan sinif müəllimi kimi sertifikasiyaya göndərilmiş. Halbuki, onun vəzifəsi məcburi sertikikasiyanın predmeti olmamışdır. Hətta, o, həmin vaxt sinif müəllimi olsaydı belə, 3 il müddətində məcburi sertifikasiyaya göndərilə bilməzdi. Çünki, onunla əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Ona görə də həmin sertifikasiyanın nəticələrinin onun ləzgi dili müəllimi kimi əmək funksiyalarına hər hansı təsiri mövcud olmamışdır. Bundan başqa, onun 2024-cü ilin iyun ayında təkrar sertifikasiya adı ilə imtahana göndərilməyi də yuxarıda qeyd etdiyi Qanunun və Qaydanın tələblərinə zidd olmuşdur. Çünki onunla sinif müəllimi kimi əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmışdır və həmin müqavilədən də onun xəbəri yoxdur. Həmin müqavilə elektron sistemə daxil edilsə də, o, həmin müqaviləni imzalamamışdır. Eyni zamanda həmin müqavilədən sonra da 3 il müddət keçmədən o, hər hansı sertifikasiya imtahanına göndərilə bilməzdi. Beləliklə, hesab edir ki, Qusar rayonu Atluxan kənd tam orta məktəbi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin orta məktəbin onun işdən azad edilməyi barədə 27 iyun 2024-cü il tarixli 51 saylı əmri ləğv edilməli, o, tutduğu ləzgi dili müəllimi vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. O, mübahisənin məhkəmədən əvvəl mediasiya prosesində həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir, lakin Qusar rayonu Atluxan kənd tam orta məktəbi ilə aralarında hər hansı razılıq əldə olunmamış və bununla bağlı mediator tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir.

7. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı onun arvadıdır. İddiaçı məktəbi bitirəndən sonra 18 il məktəbdə müəllim işləyib. 2022-ci ildə məktəbdə işləyən müəllimin səhhəti ilə əlaqədar müəllim işdən azad edildiyinə görə iddiaçıya ibtidai sinif müəllimi kimi 9 saat tədrisi həvalə edilib. Sonra həmin əvəzetməyə görə iddiaçını sertifikasiya imtahanına göndərilib, iddiaçı sualları cavablandıra bilmədiyindən birinci sertifikasiyadan kəsilib. İkinci dəfə ona verilən vakansiyanı müəllimlər arasında bölüşdürüb yenə 9 saat tədrisi həvalə edilib. İkinci dəfə sertifikasiyaya göndərilib, müəyyən bal toplamadığına görə ikinci sertifikasiyadan da kəsilib. İddiaçının xəbəri olmadan əmək müqaviləsində müəyyən dəyişikliklər olunub, sertifikasiyaya ibtidai sinif müəllimi kimi gedib, amma sistemdə ləzgi dili müəllimi göstərilib. İddiaçı ibtidai sinif və ləzgi dili müəllimliyi üzrə diplom verilmişdir. İddiaçının əmək müqaviləsində ləzgi dili müəllimi göstərilib, ona yalnız 9 saat azərbaycan dili verib, ancaq iddiaçı sinif müəllimi kimi işdən azad olunub. İddiaçı əmək müqaviləsində ibtidai sinif müəllimi kimi yazılıb. O da həmin məktəbdə ibtidai sinif müəllimi işləyir, sertifikasiyadan keçmişdir. İddiaçı ləzgi dili müəllimidir, ancaq sertifikasiyadan sinif müəllimi işlədiyinə görə keçib. İddiaçının müqaviləsində ləzgi dili yazılıb. İddiaçı ibtidai sinif müəllim kimi sertifikasiyadan keçib. Məktəbin direktoruna iddiaçının sertifikasiyaya göndərilməsi ilə bağlı öz narazılıqlarını bildirmişlər, narazılıq şifahi formada etmişlər, yazılı formada bildirməmişdirlər.

8. Məhkəmə iclasında cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbin direktoru Nümayəndə2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı 2012-ci ildə ixtisası üzrə məktəbdə ibtidai sinif və ləzgi dili müəllimi təyin olunub. İddiaçı 2023-cü ildə sertifikasiyadan keçə bilməmişdir. Sonra ikinci dəfə yenə iddiaçı sertifikasiyadan keçə bilməmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində və sertifikasiya qaydalarına görə əmək müqaviləsinə xitam verilib. İddiaçı sertifikasiyadan ibtidai sinif müəllimi kimi keçib. İddiaçının diplomunda ibtidai sinif müəllimi yazıldığına görə sertifikasiyaya göndərilib. İddiaçı 2012-ci ildə ibtidai sinif müəllimi və ləzgi dili müəllimi kimi işə qəbul olunub.

9. Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(029)-806/2024 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Qusar rayonu Atluxan kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləmişdir. Təsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertfikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertfikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyindən Qusar rayonu Atluxan kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 51 saylı əmri ilə, İddiaçı təkrar sertfikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Məhkəmə, iddiaçının iddia ərizəsində göstərdiklərini özünümüdafiə hesab edir. Belə ki, işdə olan BB-İİ 035679 saylı diplomun surətindən görünür ki, X2 ibtidai sinif və ləzgi dili müəllimliyi üzrə diplomu mövcuddur. İddiaçı yuxarıda sadalan qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar sertfikatlaşdırmadan keçmədiyi üçün iddia tələbi əsassızdır və İddiaçı cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbinə qarşı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 11, 67-2, 70, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2, 5.3 və 5.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-cü hissəsinə əsasən ilk dəfə işə qəbul olunanlar üç il müddətində sertifikatlaşdırmaya cəlb edilmirlər. Qusar Rayon Məhkəməsi xx.xx.2024 tarixli, 2(029)-806/2024 saylı qətnaməsini qəbul edərkən Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. Həmin qətnamə qəbul edilərkən Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması aşağıdakılarla ifadə olunur: onun cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbi ilə bağladığı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi üzrə onun vəzifəsi ləzgi dili müəllimidir, sinif müəllimi deyildir və ləzgi dili müəllimi üçün qanunla sertifkasiya imtahanı nəzərdə tutulmamışdır, cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbi tərəfndən o, ləzgi dili müəllimi olduğu halda, heç bir əsas olmadan sinif müəllimi kimi sertifikasiyaya göndərilmişir, həmçinin o, cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbi ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlamış, müqaviləyə əsasən də vəzifəsi ləzgi dili müəllimidir. Həmin əmək müqaviləsinin surəti apellyasiya şikayətinə əlavə edilmişdir. Cavabdeh Atluxan kənd tam orta məktəbinin rəhbərliyi onunla olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsini ondan gizlin, razılığı və imzası olmadan 05 fevral 2024-cü il tarixdə dəyişdirərək həmin tarixdən onu sinif müəllimi təyin etmişdir. Amma o, bundan xəbərsiz olmuş və ləzgi dilini tədris etməkdə davam etmişdir. Hesab etsək ki, həmin müqavilə üzrə vəzifəsi sinif müəllimidir, həmin müqavilənin bağlanmasından 3 il vaxt 05 fevral 2027-ci il tarixdə keçir. Belə olan halda cavabdeh Qanunla müəyyənləşdirilmiş 3 illik müddəti gözlədikdən sonra onu sertifkasiyaya göndərməli idi. Qusar Rayon Məhkəməsi cavabdehin yol verdiyi həmin qanun pozğunluqlarını nəzərə alaraq onu işə bərpa etməli olduğu halda, əsassız olaraq iddianı rədd etmiş, bununla da Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmununa verilən tələblərdən biri də budur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda digər məlumatlarla bərabər əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı göstərilməldir. Lakin yuxarıda qeyd etdiyi kimi, onun işdən azad edilməsi haqqında cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 51 saylı əmrində onun əmək müqaviləsi üzrə vəzifəsi “ləzgi dili müəllimi” vəzifəsi barəsində ümmiyyətlə qeyd yoxdur. Belə olan halda o, özünün əsas iş yeri “ləzgi dili müəllimi” işinə bərpa edilməlidir. Göründüyü kimi, cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbi onu işdən çıxararkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini də pozmuşdur. Qusar Rayon Məhkəməsi isə öz növbəsində cavabdeh Qusar rayonu Atluxan kənd tam orta məktəbi tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulduğu həmin əmrin məzmunundan açıq görünməsinə baxmayaraq həmin qanunsuz əmri ləğv etməmişdir. Bununla da Qusar Rayon Məhkəməsi Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3.3-cü maddəsinə əsasən ilk dəfə işə qəbul olunanlar 3 (üç) il müddətində sertifikatlaşdırmaya cəlb edilmirlər. Qusar Rayon Məhkəməsi yuxarıda qeyd etdiyi halları nəzərə almadan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36- 2.3.3-cü maddəsinin tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz regional təhsil idarəsi apellyasiya şikayətinə verdiyi etirazında qeyd etmişdir ki, Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinin direktorunun xx.xx.2024-cü il tarixli 51 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssissələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi əsas götürülərək təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən ibtidai sinif müəllimi İddiaçı keçməmiş hesab edildiyi üçün sonuncunun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulmuşdur. Bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin (Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması) 3-cü hissəsinin ( 3. ilk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər) tələbləri pozulmamışdır. İddiaçı Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinə xx.xx.2012-ci il tarixdə ibtidai sinif və ləzgi dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulmuşdur. Bununla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmamışdır. Əsas iş yeri ibtidai sinif müəllimi olan İddiaçı təkrar sertifikatlaşdırmada uğur qazanmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ləzgi dili müəllimi vəzifəsi əlavə iş yeri hesab edilir və ləzgi dili fənnindən MİQ və sertifikatlaşdırma keçirilməmişdir. İddiaçının diplomunda da açıq-aydın görünür ki, X3 Azərbaycan Dövlət Pedaqoji Kollecini 25 iyun 2006-cı ildə ibtidai təhsil ixtisası üzrə tam kurs bitirmişdir. Dövlət ixtisas komissiyasının 25 iyun 2006-cı il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi, əlavə ləzgi dili müəllimi ixtisası verilmişdir. Buradan bu qənaətə gəlmək olur ki, müəllim kimi fəaliyyət göstərmək üçün MİQ imtahanlarından ləzgi dili fənni üzrə imtahan olmadığından əsas iş yeri kimi işə qəbul edilə bilməz. İddiaçı ixtisasına müvafiq olaraq MİQ imtahanında yalnız ibtidai sinif müəllimi üzrə iştirak edə bilər. İddiaçı iddia ərizəsində qeyd edir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qəbul edilərkən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3.3-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla bağlı bildirilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.3.3-cü maddəsinin tələbləri pozulmamışdır. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində sertifikatlaşdırmadan keçmirlər. Lakin İddiaçı Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinə xx.xx.2012-ci il tarixdə ibtidai sinif və ləzgi dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 3.9-cu bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin hüquq və vəzifələridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssissələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralığının yoxlanılması prosedurunu tənzimləyir. Bu Qaydanın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar, və 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Bu Qayda ilə müəyyən olunmuş təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən ibtidai sinif müəllimi İddiaçı sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün bu Qaydanın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilmişdir. Onu da qeyd edir ki, Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinin mübahisələndirilən əmrinin verilməsi üçün əsas qüvvədə olan və iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq (əsl cavabdehə qarşı iddia irəli sürülməklə və ya inzibati qaydada şikayət ünvanlamaqla) mübahisələndirilməmiş “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə əmridir. Qaydanın 3.22-ci bəndinə əsasən sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Göründüyü kimi təkrar sertifikatlaşdırmadan keçməyənlər sertifikatlaşdırmanın nəticələrini qaydada göstərilən xüsusi prosedura əməl etməklə mübahisələndirməli, hüquqları pozulmuşdursa pozuntunun aradan qaldırılmasına qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməklə nail olmalıdırlar. Nə qədər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya da şamil olunan təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə əmri qüvvədədir və iddiaçı tərəfindən qaydada müəyyən edilmiş tələblərə uyğun olaraq mübahisələndirilməyib, həmin əmr əsasında verilmiş məktəbin mübahisələndirilən əmrinin ləğv edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan uğur qazana bilməmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz regional təhsil idarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 35. Əmək hüququ I.Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

19. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

20. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

21. Maddə 11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; (...)

22. Maddə 42. Əmək müqaviləsinin tərəfləri

1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.(...)

23. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması

1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.

3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

24. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

25. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının

5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçının digər tələbləri, mübahisələndirilən-xx.xx.2024-cü il tarixli 51 saylı əmrin əsassızlığına dair hüquqi nəticələrlə bağlıdır.

35. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. Belə ki, xx.xx.2012-ci il tarixdə Qusar rayonu Atluxan kənd tam orta məktəbinə ləzgi dili və sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Daha sonra, Qusar rayonu Atluxan kənd tam orta məktəbi ilə onun arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış, həmin müqavilə xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Həmin əmək müqaviləsinə əsasən onun vəzifəsi ləzgi dili müəllimi olmuşdur. Belə ki, o, Qusar rayonu Atluxan kənd tam orta məktəbinin ləzgi dili müəllimi olduğu halda, heç bir əsas olmadan sinif müəllimi kimi sertifikasiyaya göndərilmişdir. Halbuki, onun vəzifəsi məcburi sertikikasiyanın predmeti olmamışdır. Hətta, o, həmin vaxt sinif müəllimi olsaydı belə, 3 il müddətində məcburi sertifikasiyaya göndərilə bilməzdi. Çünki, onunla əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

37. Belə ki, İddiaçı Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinə xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən ibtidai sinif və ləzgi dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə işçinin ləzgi dili, xx.xx.2023-cü il tarixli elektron qaydada bağlanmış müqavilədə işçinin sinif müəllimi, xx.xx.2023-cü il tarixli elektron qaydada bağlanmış müqavilədə işçinin sinif müəllimi, xx.xx.2024-cü il tarixli elektron qaydada bağlanmış müqavilədə işçinin sinif müəllimi vəzifəsinə təyin edildiyi göstərilmişdir.

38. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsi 2012-ci bağlanılan zaman orada ibtidai sinif müəllimi və əlavə olaraq ləzgi dili qeyd olunmuşdur. 2012-ci ldən 2022-ci ilə kimi əmək müqaviləsində heç bir dəyişiklik olmamışdır. 2022-ci ildə təhsil idarəsi dəyişilmişdir və idarənin adı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba-Xaçmaz regional təhsil idarəsi olmuşdur və ilk dəyişiklik buna görə olmuşdur. Bundan sonra isə iddiaçının əmək haqqında müəyyən artım olmuş və əmək haqqı 374 manatdan 687 manata qalxmışdır və bu səbəbdən əmək müqaviləsində 2023-cü ildə dəyişiklik olmuşdur və elektron sistemdə avtomatik olaraq köhnə müqavilənin üstündın xətt çəkilməklə dəyişiklik qeyd olunmuşdur. Bundan sonra isə üçüncü dəfə dəyişiklik altıgünlük iş həftəsinin dəyişdilməsi ilə bağlı olmuşdur.

39. Məhkəmə iclasında iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli müqavilədə olan imzanın əvvəlcədən çəkildiyini, dəyişikliyin isə sonradan edildiyini və bundan iddiaçının xəbərinin olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı ilə 2012-ci ildə ləzgi dilinin tədrisi ilə bağlı müddətsiz əmək müqaviləsi bağlanmışdır. 2012-ci ildə bağlanılan əmək müqaviləsini qəbul edir, digər müqavilələri isə qəbul etmir və müqavilələrdən iddiaçının xəbəri olmamışdır. İddiaçı yalnız 2012-ci il tarixli müddətsiz qaydada bağlanmış müqaviləni imza etmişdir və ləzgi dilindən dərs keçmişdir. 2022-ci ildə müqavilədə dəyişiklik edilib və xstələnmiş müəllimənin əvəzinə doqquz saat dərs keçmiş, lakin sinif rəhbəri olmamışdır. 2012-ci ildən 2022-ci ilə kimi sinif müəllimi kimi qeyd olunduğu halda hansı əsasla ləzgi dilini tədris etməli idi, deməli iddiaçı ləzgi dili müəllimi olduğu üçün ləzgi dilini tədris etmişdir.

40. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Pedaqoji fəaliyyətlə məşğul olmağa dair xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydaların 4.2-ci bəndində qeyd olunur ki, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin nəticələrinə əsasən aparılır. Müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı hər il müsabiqədən əvvəl Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir. Ləzgi dili fənni üzrə isə MİQ imtahanı keçirilmir, xarici dillərdən yalnız rus, ingilis, alman və fransız dili üzrə imtahan keçirilir. Şəxs müəllim olmaq üçün ilk öncə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən keçməlidir.

41. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 33.3.9-cu maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə cavabdeh qismində qoyulmuş məktəbdə ləzgi dili müəllimi vəzifəsi əsas vəzifəyə əlavə vəzifə kimi təyin edilir və ləzgi dili fənnindən müəllimlərin işə qəbulu və sertifikatlaşdırma keçirilmir. İddiaçının diplomunun surətindən görünür ki, o, Azərbaycan Dövlət Pedaqoji Kollecində xx.xx.2006cı ildə ibtidai təhsil ixtisası üzrə tam kurs bitirmişdir. Dövlət ixtisas komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi, əlavə ləzgi dili müəllimi ixtisası verilmişdir. İddiaçı müəllimlərin işə qəbulu imtahanında da ixtisasına uyğun olaraq sinif müəllimi kimi iştirak etmişdir.

43. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

44. Həmin qərarın 5.3-cü maddəsinə əsasən ki, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

45. Həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

46. Göründüyü kimi qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, İddiaçı Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinə xx.xx.2012-ci il tarixdən ibtidai sinif və ləzgi dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Bu hal ona sertifikatlaşdırma imtahanında iştirak etməyə əsas vermişdir. İddiaçı təkrar imtahandan keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşdur.

48. İddiaçı tərəfin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36- 2.3.3-cü maddəsinin tələblərinin pozulması haqqında dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin maddəyə görə ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində sertifikatlaşdırmadan keçmirlər. Lakin işdən görünür ki, İddiaçı Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinə xx.xx.2012-ci il tarixdə ibtidai sinif və ləzgi dili müəllimi vəzifəsinə işə qəbul edilmişdir. İstinad olunan Qanunun 36-2.1-ci maddəsinə əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.

49. İddiaçı tərəf 2012-ci ildə bağlanılan əmək müqaviləsindən (həmin müqaviləyə əsasən vəzifəsi ibtidai sinif və ləzgi dili müəllimidir) başqa digər müqavilələri qəbul etmədiyini göstərsə də, göründüyü kimi o, sertifikatlaşdırmada iştirakının onun vəzifəsi olduğunu bilmiş və keçirilmiş imtahanlarda sinif müəllimi kimi iki dəfə iştirak etmiş, lakin müvafiq keçid balını toplaya bilmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi mübahisələndirilən xx.xx.2024-cü il tarixli, 51 saylı əmrə əsasən ləğv edilmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə xx.xx.2024-cü il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının göstərdiyi dəlil həmin əmrin ləğv edilməsi üçün əsas deyil.

51. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(029)-806/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar