Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1560/2021 10.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili H.X.Həsənovun verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadı ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)-273/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili H.X.Həsənov şikayət verib, Quba Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş, onun mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsinin boşaldılması, Quba rayonu, İ Nügədi kəndində 0,17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı, 26,8 kv.metr yaşayış sahəsi, 9,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın qismən etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)-273/2018 saylı qətnaməsi ilə iddia təmin edilib, Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli, **********32-10301 reyestr nömrəli, qeydiyyat tarixi 21.02.2007 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın 0,17 ha torpaq sahəsinə dair hissəsi əsassız olduğundan ləğv ediməsi, Cavabdeh zəbt etdiyi, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsindən çıxarılması və torpaq sahəsi boşaldılması qərara alınmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili H.X.Həsənov apelyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Cavabdehin nümayəndəsi və vəkili H.X.Həsənov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 29 yanvar 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunvericiliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)- 273/2018 saylı qətnaməsindən 22 yanvar 2021-ci il tarixdə apelyasiya şikayəti vermiş, lakin məhkəmənin 29 yanvar 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış, bunun əsası kimi qətnamənin surətinin S.S.Mahnudova tərəfindən 10 aprel 2018-ci ildə qəbzə imza etməklə alması göstərilmişdir. Qətnamənin məzmunundan görünür ki, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh bildirir ki, qətnamənin mövcudluğundan icra məmurları vasitəsi ilə məlumatı olmuşdur. Göründüyü kimi, Quba Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qərardadının faktiki əsasları yoxdur və məhkəmə qərdad qəbul edərkən qəbzə kimin imza etməsini müzakirə etməmişdir. Mülki işin arxivə verilməsinə qədər işin kimin icraatında olması, arxivə təhvil verilərkən qəbzin işin içərisində olub-olmaması, qəbzin məhkəmənin hansı işçisi tərəfindən alınması yoxlanılmamışdır. Qətnamənin surətinin vəkilə göndərilməsində də süründürməçiliyə yol verilmiş, yalnız məhkəmə sədrinə onlayn qaydada süründürməçiliyə son qoyulması tələbi barədə məktub yazıldıqdan sonra qətnamənin surətini almaq mümkün olmuşdur. Bütün bunlar ona dəlalət edir ki, qətnamənin qəbul edilməsində qanunsuzluğa yol verildiyi kimi, qətnamədən apelyasiya şikayətinə verilməsinə də süni əngəllər törədilir. Qətnamədən apelyasiya şikayəti verilməsi müddəti buraxılmadığı üçün prossesual müddətin bərpası barədə ərizə verilməsinə zərurət olmamışdır. Qətnamə vəkil sorğusu əsasında 21 yanvar 2021-ci ildə poçt vasitəsi ilə alınmış, yəni qətnamədən apelyasiya şikayəti vermək müddəti keçməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadının ləğv edililərək apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili H.X.Həsənov şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytararkən Quba Rayon Məhkəməsinin 01 fevral 2018ci il tarixli, 2(027)-273/2018 saylı qətnaməsinin surətinin Cavabdeh tərəfindən 10 aprel 2018ci il tarixdə rəsmi qaydada qəbul etdiyinə və qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində apelyasiya şikayəti verilmədiyinə istinad etmişdir. Cavabdehin nümayəndəsi və vəkili H.X.Həsənov 15 dekabr 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edib, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)- 273/2018 saylı qətnaməsinin surətinin hüquqlarını müdafiə etdiyi Cavabdeh verilmədiyinə istinad edərək rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Bu halın müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materialının 97-ci vərəqəsində olan qəbzdən görünür ki, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)-273/2018 saylı qətnaməsinin surəti Cavabdeh 10 aprel 2021ci il tarixdə imza edilməklə rəsmi qaydada təqdim edilmişdir. Sözügedən qətnamənin surətinin rəsmi qaydada cavabdehə təqdim edilməsi halı cavabdehin nümayəndəsi və vəkili H.X.Həsənov tərəfindən inkar edilmiş, belə olan halda məhkəmə kollegiyası təəfindən iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş materialının 97-ci vərəqəsində olan poçt göndərişinin xəbərnaməsində olan imzanın Cavabdeh məxsus olub-olmaması halı bu sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilməsi halı dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2021-ci il tarixli, 4/615 saylı rəyi ilə müəyyən olunmuşdur ki, mülki işi 97-ci vərəqində Cavabdeh adından olan 10 aprel 2018-ci il tarixli Poçt göndərişinin verilməsi haqqında qəbzdə “İmza:” qrafasında imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)-273/2018 saylı qətnaməsinin surəti birinci instansiya məhkəməsi tərəfindən cavabdehə rəsmi qaydada verilməməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddət buraxılmamış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə 26.04.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdeh M.Q.Məmmədovun verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin verilməsi müddətini bərpa etməkdən imtina etdikdə işdə olan sənədlərə və prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 12 mart 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)-273/2018 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməli və icraata qəbul edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 12 mart 2021-ci il tarixli, 2(027)-273/2018 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(027)-273/2018 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin və icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1560/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1560/2021
10.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver