Məhkəmə qərarları › İş №2(105)-1562/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1562/2021

07.06.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1562/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X8 Quliyev və Elman Gülbaba oğlu Rəhimovdan ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X12, Cavabdehlər: Cavabdeh4, Cavabdeh5 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 qarşı müqavilələrin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X11 ilə Cavabdeh1 Cavabdeh2, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha torpaq sahə dair X6 adına Çıxarışın verilməsininin Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X11 ilə Cavabdeh1,Cavabdeh2, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, Cavabdeh4, Cavabdeh5 Ağahüseyn oğlu arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha torpaq sahə dair X6 adına Çıxarışın verilməsinin Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli qərarı ilə ünvan 1i ərazisində yerləşən 1.33 ha torpaq sahəsi JN-868 kod 30319018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmişdir. Cavabdeh1 və digərləri ilə atası X11 arasında 20 sentyabr 2004-cü il tarixində imzalanmış yazılı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi atasına satılmışdır. Həmin müqavilə şahidlərin iştirakı ilə imzalanmışdır. Qeyd olunan müqaviləyə görə satıcılar öz iradələrinə əsasən onlara məxsus olan torpaq sahəsini alıcıya təhvil vermiş alıcı isə bunun müqabilində 1.700.000 min köhnə Azərbaycan manatı satıcılara vermişdir. Həmçinin, torpaq sahəsinə dair dövlət aktı müqavilə imzalanarkən 2 şahidin iştirakı ilə alıcıya təhvil verilmişdir. Müqavilə imzalandıqdan sonra torpaq sahəsi Q.S.Nəcəfovun istifadəsinə və sahibliyinə keçmiş 2014-cü ildə isə o, rəhmətə gedikdən sonra həmin torpaq sahəsi onun vərəsələrinin istifadəsində olmuşdur. Torpağa dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra dəfələrlə müraciətlərinə baxmayaraq cavabdehlər həmin alqı-satqı müqaviləsini notariat qaydada təsdiq etməkdən boyun qaçırmışlar. Satıcılar hər dəfə bir bəhanə gətirərək eləcədə, bir araya yığışa bilmədiklərini əsas gətirərək notariata getməkdən imtina etmişlər. Ataları Q.S.Nəcəfov 2014-cü ildə rəhmətə getdikdən sonra onlara məlum olmuşdur ki, bu iş üzrə Cavabdeh1 onlara məxsus torpaq sahəsinə dair torpaq aktının nüsxəsini alınması üçün həmin sənədin itirilməsi barədə «Şəfəq» qazetinin 16.12.2017-ci il tarixli nömrəsində elan yerləşdirmiş və həmin torpaq sahəsinə qanunsuz sahiblənmək istəmişdir. Belə olan halda onlar rəsmi olaraq Quba rayon polis şöbəsinə şikayət verərək, Daşınmaz əmlakın dövlət reyestr xidmətinin 5 saylı ərazi idarəsinə bu barədə xəbərdarlıq etmişlər. Sonradan satıcılar yəni Cavabdeh1 digərləri Quba Rayon Məhkəməsinə müraciət edərək qardaşı X10 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması və mülkiyyətçilərin sahibliyinə qaytarılması barədə iddia qaldırmışlar. Belə olan halda o, alqı-satqı müqaviləsi əsasında torpağın mülkiyyətçisi olan Q.S.Nəcəfovun vərəsəsi olaraq Azərbaycan Respublika Konstitusiyası ilə qorunan mülkiyyət hüququmun təmin olunması ilə bu iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Bundan öncə də Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və digərlərinə qarşı torpağa dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia qaldırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Cavabdehlərlə müqavilə imzalayarkən qüvvədə olmuş və 24 iyun 2005-ci il 949-İİQD saylı Qanunla 01 noyabr 2005-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təstiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ioə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Lakin məhkəmə tərəfindən qanunun bu tələbinə riayət edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə cavabdehlərin ekspertizaya imza nümunələrini məhkəməyə təqdim etməkdən imtina etməsinə düzgün qiymət verməmişdir. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi F.Q.Nəcəfov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh4 və K.A.Nurəhmədli apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, tərəflər arasında alqı-satqı müqaviləsinin qanunla müəyyən olunmasının qaydada olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, 17.08.2014-cü il tarixdə vəfat etmiş Q.S.Nəcəfov vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Quba rayon torpaq şöbəsi tərəfindən 28.02.2001-ci il tarixdə Q.S.Nəcəfova verilmiş seriya nömrəsi JN-856, KOD 30319018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsindən ibarət olmuşdur. İşdə olan “ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Q.S.Nəcəfov 17.08.2014-cü il tarixdə ünvan 1ində anadan olmuşdur. İşə əlavə olan Quba rayonu, İ Nügədi Bələdiyyəsinin 14.10.2019-cu il tarixli arayışından görünür ki, ünvan 1i ərazisində olan Cavabdeh1 və ailə üzvlərinin adına olan 1,33 ha və X2 adına olan 0,19 ha pay torpaqları 2004-cü ildən etibarən ünvan 1 sakini Q.S.Nəcəfov tərəfindən 2014-cü ildən etibarən hal-hazıra kimi oğlu X14 tərəfindən əkilib becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5966/2019 saylı, 26.08.2019-cu il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1133/2019 saylı iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbindən imtinasının təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İşdə olan 20.09.2004-cü il tarixli müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, K.Cavabdeh1, Cavabdeh4, Cavabdeh4 və Q.S.Nəcəfov tərəfindən İ Nügədi kənd sakinləri X14, X4 və X3 şahidlikləri ilə tərtib edilmiş müqaviləyə əsasən, Ağahüsenyovlar ailəsinə - Ağahüseyn, Mehriban, Kamilə, Pənah, Pərvizə 10/X-2001- ci il tarixdə Dövlət Yerqurlayihə İnstitutu tərəfindən verilmiş JN-868 saylı, kod 30319018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus olan ünvan 1ində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1,33 ha torpaq sahəsini bir miloyn yeddi yüz min manata Q.S.Nəcəfova satmışlar. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, A.A.Ağahüsenyov, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 Quba rayon AİK-nın 23.03.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan Cavabdeh5 Ağahüseyn oğluna məxsus “hərbi bilet”in surətindən görünür ki, Cavabdeh4 08.01.2004-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və 02.07.2005-ci il tarixədə Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş “Sənəd rekvizitlərin tədqiq” ekspertizasının 5/408 saylı, 06.08.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 20.09.2004-cü il tarixli müqavilədə montaj əlamətləri müəyyən edilməmişdir. Bu tələb üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Məhkəmə kollegiyası İddiaçı qanunun tələblərinin birinci instansiya məhkəməsinin tərəfindən nəzərə almamasının düzgün hesab olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbul edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin müqavilə tərtib edilən zaman Cavabdeh4 həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, digər cavabdeh K.Cavabdeh1nın həmin müqavilədə imzası qeyd edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır hazırkı iş üzrə isə iddiaçının, faktiki mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin Həmin Məcəllənin 147-ci maddəsinə əsasən, təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Belə ki, iş üzrə İddiaçı mərhum atası Q.S.Nəcəfov ilə Cavabdeh1 arasında 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin 20.09.2004-cü il tarixdə bağlanmasına baxmayaraq iddiaçının atası Q.S.Nəcəfov sağlığında həmin müqaviləni notariat qaydasıda rəsmiləşdirməmiş, alqı-satqı müqaviləsi əsasında istifadələrində olan ünvan 1ində yerləşən 1.33 ha torpaq sahənə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda iddiaçının atası sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki, iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 26 oktyabr 2020-ci il tarixli 2(027)-677/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar